Pensiyaların artmağını istəməyən 91 yaşlı qoca, limonları pulsuz paylayan qadın, müxbirimizi kilsədən qovan keşiş - Reportaj

Vüqar Babazadə, Rəhimov İdris

Vüqar Babazadə, Rəhimov İdris

16 fevral 2022
# 09:00

Kulis.az Vüqar Babazadənin “28 May” ərazisindən yazdığı reportajı təqdim edir.

– Qardaşoğlu, bir dənə siqaret ver də?

Yaşı 40-ı ötmüş bir kişi anidən qabağıma çıxır. Əlimi cibimə atıb siqaret qutusunu çıxarıram.

– Birini də ver, qulaqdibi.

– Götür.

“28”-ə ayaq basan kimi belə bir absurd hadisə yaşayıram. Kişinin məndə siqaret olduğuna dair bilgisi məni çaşdırır və ovsunlayır. Birtəhər özümü ələ alıb, yoluma davam edirəm.

“28 May”ın hər qarışına bələdəm, hər bir yerini əlimin içindən də yaxşı tanıyıram. Tələbəlik dövrümü başdan sona “28”in “padval Playstation”larında, balaca çayxanalarında, qələbəliklərində, tünlüklərində, özəl kurslarında, kafelərində keçirmişəm. 4 ilim burda it-bat olub. Həyatın “ən gözəl” hesab edilən illəri burada, bir göz qırpımında, hay-küylə, basabasla yoxa çıxıb.

Bu kədərli düşüncələrdən məni taksi sürücüləri ayıldıb real dünyaya dartırlar.

– Qaqaş, Lökbatana gedirsən? Otur, bir nəfər də götürüb, çıxırıq.

Başımı “Yox, getmirəm. Çox sağ olun” formasında tərpədib, yoluma davam edirəm. Yenidən bayaqkı ovqatıma qayıtmaq istəsəm də, alınmır.

AZİ-nin yanından keçəndə, sözün hər iki mənasında bir ağsaqqal məni öz tərəzisinə dəvət edir. Bu kişini tez-tez burda da, ara-sıra da sosial mediada görürəm. Yanına gedib, əvvəlcə tərəzinin üstünə çıxıram. Maraqlanan oxucular üçün qeyd edim ki, 73 kiloyam. Özümü ölçəndən sonra sözə başlayıram. Deyirəm ki, mən jurnalistəm. Olar, sizinlə bir az söhbət edək? Eşitmir. Bir daha təkrarlayıram. Yenə eşitmir. Çarəsiz qalıb, jurnalist vəsiqəmi göstərirəm. Əlinə alıb, o tərəf-bu tərəfinə baxır. Qışqıra-qışqıra deyirəm ki, “mən jurnalistəm, jurnalist!”. Bütün “28” bir anlıq çönüb mənə baxır. Üzlərində “iki gözümüz aydın jurnalistsən” ifadəsini sezə bilirəm.

– Bəs məndən nə istəyirsən?

– Bir az söhbət etmək istəyirəm, ay baba. Necəsən, adın nədir? Necə gedir işlərin?

– Edək də. Yaxşıyam.

– Neçə ildir bu işlə məşğulsan?

– Çoxdan, 10-15 il olar.

– Bəs əvvəllər nə işləmisən?

– 7 il parovoz, elektrovoz. Gecə-gündüz İmişli, Ucar, Dərbənd yollarında işləmişəm. 5 il dərzi işləmişəm, İçərişəhərdə. 4 il Krımda fotoqraf olmuşam, futbolçu olmuşam, ən axırda Ayna Sultanova heykəlinin yanında zavodda, “filtrovşik”. 46 il stajım var. Avara adam olmamışam. Həmişə ürəyim Allahla olub. Mənim üçün bir şey vacibdir. Bax cühuddu, ermənidir, türkdür, nə millət olur, olsun mənə fərqi yoxdur, təki əqidəsi düz olan insanlarla dolsun bu dünya. Özünü istəyən kimi başqalarını da istəsin. Bu dünyada sevgidən gözəl heç nə yoxdur. Elə adamlara mənim canım qurban.

– Neçə yaşın var, baba?

– 91, gələn il 92 olacaq.

– İnşallah, olar. Adın nəydi, ay baba?

– İdris. Rəhimov İdris Qüdrət oğlu. 91 yaşım olmağıma baxma, 30 dənə “jim” vururam. – fikrə gedir - Bakıda çox millətlər yaşayır. Hamı gərək bir-birinə hörmət etsin. Elə olmasa, həmişə müharibə olacaq. Əslim İranlıdır, amma Azərbaycanı çox istəyirəm, tək Azərbaycanı yox, bütün dünyanı çox istəyirəm.

– Harada yaşayırsan, ay baba?

– Səməd Vurğun bağının yanında, dəmir yolu evlərində. Beşinci mərtəbədə. Bütün gün evdə, balkonda otururam.

– Tək yaşayırsan?

– Bəli, tək yaşayıram. Qohum-əqrəbalarım var. Amma heç kimə yük olmaq istəmirəm. Heç kimi narahat etməyə ixtiyarım yoxdur. Özüm evdə yemək bişirib, yeyirəm. Bu böyük qələbədir mənim üçün. Başqa heç nəyə ehtiyacım yoxdur.

– Tərəzi ilə dolana bilirsən?

– Şükür, çörək pulum çıxır. Üstəlik, pensiya da alıram. Mən arzu edirəm ki, azərbaycanlıların pensiyası artmasın. Pensiya artanda, hər şey bahalaşır. Belə yaxşıdır.

– Sağ ol, İdris baba.

– Sən də sağ ol, bala. Tərəzinin pulunu vermirsən bəs?

– Tamam yadımdan çıxıb, vallah, üzrlü say, – deyib 1 manat çıxarıb uzadıram və yoluma davam edirəm.

İdris baba yaxşı eşitmədiyi üçün çox yüksəkdən danışırdı, üstəlik rabitəsiz, ordan-burdan söhbət edirdi deyə tamam yoruluram. Yavaş-yavaş “Mall”a tərəf gedirəm.

Ümumiyyətlə, azərbaycanlılar yavaş yeriyən adama yaxşı baxmırlar. Onlar mütləq harasa tələsirlər. Əgər harasa tələsirsənsə, deməli, işin var. Avara deyilsən. Ona görə də, yavaş-yavaş, gəzə-gəzə, fransızlar demiş, “jogging” edərək yeriyən insanlar, bizim millət üçün, avara, boş, sərgərdan, tüfeyli adamdır.

Tünlüyün bir qırağında oturub, limon satan bir xala da mənim yavaş-yavaş gəzdiyimi və fikirli olduğumu görüb, əliylə yanına çağırır:

– Bala, al bu 2 manatı, get mənə 2 dənə “Poz-Qazan” al gətir.

Ey fani həyat, bu da mı gələcəkdi başıma? “Poz-Qazan” köşkünə yaxınlaşıb, lotereyaları alıram və gətirib, xalaya verirəm. Kartları alıb deyir:

– Görək sənin əlin necədir?

– Seyidəm, xala. Əlim yaxşıdı, hələ deyirlər ki, səbrim də yaxşıdır. İki dəfə dalbadal asqırsam, vəssalam. Hamı öz muradına çatır.

Xala “Poz-Qazan”ları silib, diqqətlə nəyisə axtarır. Az sonra kor-peşman sifətimə baxaraq:

– Heç nə çıxmadı – deyir.

– Canın sağ olsun. Onda mənə limon ver. Lənkəranlısan?

– Yoo, Qarabağlıyam.

– Limon neçəyədi?

– 5-i 1 manat, oğlum.

– 60 qəpiyim var, verərsən 5 dənə?

– Hə, niyə vermirəm. Mən pulsuz da limon paylamışam.

– Nə gözəl. Bibi, bir şey deyim. Mən jurnalistəm, olar, şəklini çəkim, bir az söhbətləşək?

– Yox, yox, çıx get daha burdan.

Bir anlıq pərt olub, ordan da yavaş-yavaş uzaqlaşıram. Elə bil bu boyda “28”də gedəcək bir yerim yoxdur.

Yavaş-yavaş “Mall”ın böyründən üzü-yuxarı qalxıb Tesla parkına çıxıram. Mənə həmişə maraqlı gəlib ki, nə üçün Bakıda, 28-də, “Nənəmin təndiri” ilə üzbəüz Teslanın heykəli ucaldılıb? Niyə məhz Nikola Tesla? Şübhəsiz, onun da bəşər tarixində əvəzsiz rolu olub, lakin nə üçün Eynşteyn, Nyuton, Fernan Magellan yox da, Nikola Tesla? Üstəlik, Tesla da gözümə çox kədərli dəyir. Öz kreslosunda oturub, dərin düşüncələr içində qərq olaraq, “Nənəmin təndirinə” baxır.

Uzaqdan gözümə kilsənin yekə qızılı xaçı dəyir. Yadıma düşür ki, o kilsəyə bir dəfə hansısa sevgilimlə getmişdik. Dəqiq yadımda deyil, qızın ya özü rus idi, ya da nənəsi. Dartıb aparmışdı məni kilsəyə, şam yandırmışdıq. Nə qədər elədim qızın adı yadıma düşmədi. Maraqlanan oxucular üçün qeyd edim ki, bircə bir az kök olmağı yadımda qalıb. Bir də hansısa müğənnini çox istəyirdi. Başqa heç nə.

Köhnə dəftərləri aça-aça kilsəyə üz tuturam. Qapının ağzında xeyli adam var. Maskamı taxıb, mənimlə bir yerdə girən adamları izləyirəm. Onlar nə edirlərsə, mən də onu edirəm. Əvvəlcə kilsənin yanından şam alırıq, sonra içəri girib, növbəyə düzülərək, müxtəlif şəkillərin qabağında qalırıq. Onlar, yəqin ki, dua edirlər. Mən kilsənin içində gəzməyə başlayıram. Bura çox mistik, qəribə və sakit bir yerdir. Oturacaqlardan birinə əyləşib, ətrafdakı “babuşka”ları izləyirəm. Burda hamı çox yavaş hərəkət edir. Başıma “danq” edir ki, xristianlıq haqqında heç nə bilmirəm, gərək gedib bu haqda xeyli şey oxuyum.

Kilsəni məscidlə müqayisə etsəm, məscid mənə daha səmimi gəldi. Məsciddə ayaqqabılarını çıxarırsan, əyilirsən, diz çökürsən, ehsanlarda yemək yeyirsən, dəstəmaz alırsan və s. Məsciddə adam özünü həqiqətən kiminsə evində hiss edir. Amma kilsə bir az daha rəsmi, daha kədərli bir yer kimi gəldi mənə. Kilsəyə sanki dərddən, əzablardan arınmaq, qorunmaq üçün gəlirlər.

Əvvəlcə burda işləyən adam axtarıb, şəkil çəkmək üçün icazə almaq istəyirəm. Nə qədər eləsəm də heç kim qarşıma çıxmır. Amma türk qardaşlarımız demiş, məscid böylemi? Mollası var, xuddamı var, qadınlar tərəf ayrı, kişilər tərəf ayrı və sair, və ilaxır. Çarəsiz qalıb, bir az gizlincə, bir az da qorxa-qorxa şəkil çəkirəm. Çünki dəqiq əmin deyiləm, ola bilsin ki, insanlar dua etdikləri, müqəddəs bildikləri yerin şəklinin çəkilməyini hörmətsizlik hesab edərlər. Hər halda, hər kəsi başa düşmək lazımdır.

Çölə çıxıb bir az gəzirəm. Adamlar çöldəki bir bulaqdan su doldurub aparırlar. Bir-iki nəfər isə balaca darvazadan keçib harasa gedir. Özümü saxlaya bilməyib, mən də darvazadan içəri girirəm. Bura kilsənin arxa tərəfidir. Bir az gəzişmək istəyirəm ki, bir rus əllərini ölçə-ölçə yanıma gəlib rusca nəsə deyir. Heç nə başa düşmürəm, amma bilirəm ki, nəsə səhv etmişəm. Ona rusca başa düşmədiyimi deyirəm. Keşiş:

– Burda sən nə edirsən? – deyir.

– Gəzirəm.

– Bura bəyəm bulvar zaddı? Bura girmək olmaz!

Tez ordan uzaqlaşıram. Niyəsə Allah da bu gün məni öz evinə buraxmaq istəmir. Şair demiş,

Günəş şüalarını yaymır üstümə,
Uşaqlarımın nəfəsi eşidilmir
Öpmək də olmur onları.

Mənim evim yoxdur.

# 1975 dəfə oxunub

Müəllifin son yazıları

# # #