Nəzir pulu ilə “Prado” alan ailə, xəstəlikdən sağalan oğlan, hamının dəfn olunmaq istədiyi qəbiristanlıq - Reportaj

“Bobogil” türbəsi

“Bobogil” türbəsi

30 mart 2022
# 09:00

Kulis.az Vüqar Babazadənin Lerikdə yerləşən 6 əsrlik tarixi olan “Bobogil” türbəsindən yazdığı reportajı təqdim edir.

Bobogil. Lerikin mərkəzindən, təxminən, yarım saatlıq məsafədə yerləşən qədim türbə. Aşağısında Lənkərançayın şırıltısı. Ətrafında həmişəyaşıl şümşad meşəsi. Tarix qoxuyan minilliklər. Əsrlərdir insanların mədəd umduqları yer. İmam nəvələrinin uyuduğu müqəddəs torpaqlar. Lerikin simvolu.

Reportajın girişini nəqli cümlələrlə poetikləşdirmək ehtiyacı nədən yarandı bilmirəm. Amma mənim Bobogillə elə də içli-çöllü bir əlaqəm olmayıb. Lerikdə yaşadığım müddətdə bura vur-tut 10 dəfə gəlmişəm, ya yox.

Yadımdadır ki, bir dəfə universitetə girdiyim il burda qurban kəsmişdik. Bir dəfə də sinif yoldaşlarımla Lerikdən Bobogilə kimi ayaqyalın, piyada yerimişdik. Düzü, bunu nə üçün etdiyimi həyatımın müxtəlif dövrlərində özümdən soruşsam da, cavab tapa bilməmişəm. Uşaqlıqdır da. O dövrlərdə hərə bir cür bədbəxt olur. Bundan savayı isə ya dost-tanışla, ya da qohumlarla bir neçə dəfə gəldiyim olub.

Gəlin, əvvəlcə, türbənin tarixi və onun yerli sakinlər tərəfindən necə qorunmağı haqqında bir-iki kəlmə kəsək.

Bobogil 15-16-cı əsrlərə məxsus bir ocaqdır. Lerikin Bobogil kəndinin ərazisində yerləşir. Yəqin ki, türbəyə görə kəndin də adını Bobogil qoyublar. Bu türbədə İranın Gilan vilayətindən gəlmiş, VII imam olan Museyi-Kazımın nəvəsi Nizaməddin Əmir Şahsevər Kəskəri Gilani dəfn olunub. Hətta Bobogil toponiminin də adı Gilanlı Baba deməkdir. (Bobo-gil)

Əvvəllər bu kəndin adı Dəmirçilər olub. Deyilənə görə, kənddə dəmirdən müxtəlif silahlar hazırlandığı üçün adını belə qoyublar. Daha sonra isə Nizaməddin baba bu kəndə köç edir, burda qəhrəmanlıqla döyüşən sərkərdə, dövrünün kamil bilicisi, imam nəvəsi olan müqəddəs adam və İslamı təbliğ edən bir insan kimi tanınır. Haqqın rəhmətinə qovuşduqdan sonra, imam nəvəsini bu torpaqlarda dəfn edirlər. Bundan sonra yavaş-yavaş insanlar onun qəbrini ziyarət edir və zamanla bu qəbir pirə çevrilir. Təbii ki, bunlar tamamilə səhih deyil. Amma ağızdan-ağıza, dildən-dilə keçən məlumatlar bu cürdür.

Hazırda isə dövlət tərəfindən qorunur.

Türbəyə isə Bobogil kəndində yaşayan insanlar nəzarət edirlər. Hər ev bir gün könüllü şəkildə türbəyə gəlir və buranı təmizləyir, səliqə-sahman işlərinə nəzarət edir, gələn adamları qarşılayırlar. Bunun qarşılığında isə həmin gün qoyulan bütün nəzirləri götürürlər. Sistem bu cür işləyir.

Türbə yolun kənarında olduğu üçün əksərən adam çox olur. Amma əsas tünlük isə Aşura günü görülür. Şayiələr dolaşır ki, Aşura günü bəxtinə növbətçilik düşmüş ailə minlərlə manat pul götürə bilir. Deyəsən, bir dəfə bəxtinə Aşura günü növbətçilik düşmüş ailə özünə “Prado” markalı maşın almışdı. Camaatın nəzirdən götürdüyü puldan danışmaq, əlbəttə ki, bizə yaraşmaz. Amma, hər halda, söz düşdü dedim.

İçəri girərkən məni yaşlı bir kişi qarşılayır və jurnalist olduğumu deyəndən sonra danışır:

- Bala, burda bir ilan gizlənib. Həmin ilan murdar insanları bura girməyə qoymur. Onu sən, ya mən görə bilmərik. Çünki biz təmiz adamlarıq. Kim ki bu türbəyə girməyə layiq deyil, həmin ilan onların gözünə görünür və onları qorxudub uzaqlaşdırır.

- Təmiz adam nəyə deyirsən, baba?

- Qüsulun olmalıdır, haram yeməməlisən, orucun, namazın yerində olmalıdır. Pak olmalısan, yəni, mənim balam.

- Bura adamlar, əsasən, nə üçün gəlirlər? – deyib, bir müddət verdiyim sualın mənasızlığı haqqında düşünürəm. Adam pirə, ocağa nə üçün gələr? Amma kişi təntimir və qəddini dikəldib cavab verir:

- Hər şey üçün. Bura insanların ümid yeridir. Mən dəfələrlə olub, öz gözlərimlə görmüşəm – gözlərini göstərir – burda nə möcüzələr olub.

- Nə möcüzələr olub, məsələn?

- Bir cavan oğlan gətirmişdilər bura. Çoxdanın söhbətidir. Oğlanın əlləri pis gündə idi. İnfeksiya düşmüşdü ya nə idisə, əllərinin üstündə yekə şişlər var idi. Şişlərin içində də irin. Əl qoymağa yer yox idi ha. Adam baxanda tükləri biz-biz olurdu.

- Aha...

- Həmin oğlanı gətirdilər bura. Burda nəzir verdi, dua elədilər, qurban kəsdilər. Üstündən bir müddət keçdi, eşitdik ki, oğlan sağalıb. Maşallah, əlləri də düzəlib, şişlər çəkilib. Allahın möcüzəsidir də. Hansı həkimin yanına aparmışdılar, əlacını tapa bilməmişdi. Gəldi, bax, bizim bu Bobogil onun imdadına yetişdi.

- Bəs başqa nələr var burda?

- Bu şümşadları görürsən? – əli ilə arxamızdakı sıx və qalın şümşad meşəsini göstərir – bunlar elə ən böyük möcüzə deyil? Həmişə yaşıl olur, ay kişi. İlin bütün fəsillərində yam-yaşıl qalır. Şümşad özü də ancaq bu seyidin ayağı dəyən yerlərdə çıxıb. Mən dəfələrlə yoxlamışam. Götürüb öz həyətimizdə, nə bilim, başqa-başqa yerlərdə əkmişəm, tutmayıb. Quruyub. Bu ağacları burdan başqa yerdə görə bilməzsən. Allahın işidir də, ay bala.

- Ay baba, burda indi növbətçi sənsən?

- Mənəm, həm də buranın mollasıyam.

- Nə qədər nəzir götürürsüz gündəlik burdan?

- Allah nə versə.

- Təxmini bir məbləğ yoxdur?

- Yox, yoxdur. Nə oldu, oldu. Mən burda pul üçün dayanmamışam. Bura gələndə ruhum dincəlir. Bu təbiətin, ağacların gözəlliyi elə nəyə desən dəyər.

- Başda düşdüm. Bəs burda qəbirlərin şəkillərini çəkə bilərik?

Zəruri qeyd: Türbə meşənin içində yerləşir. Meşənin içində də kəndin qəbiristanlığı var. Bobogil kəndinin ölülərini burda dəfn edirlər. Həmçinin ağır seyidlərin də çoxəsrlik dağılmış, sökülmüş, sadəcə baş daşı qalan qəbirləri də burada yerləşir.

- Bilmirəm ki.

- Necə yəni bilmirəm?

- Bilmirəm də. Mən nə bilim qəbirlərin şəklini çəkməyə icazə var, ya yoxdu?

- Bəs necə edək?

- Sənə, yəqin ki, o köhnə, mamır basmış qəbirlər lazımdır da. Onsuz, onların üstündə nə ad qalıb, nə şəkil olub, nə də bir rəqəm. Onları çək. Amma kəndin ölülərini çəkməzsən.

- Yaxşı.

Şümşad meşəsinə girib, uzun müddət qəbirlərə baxıram. Bu cümləni işlədəcəyim ağlıma gəlməzdi, amma bura çox gözəl qəbiristanlıqdır. Adam bu qəbiristanlığa baxıb, yıxılıb ölmək istəyir. Qəşəngcə isti qəbir, aşağıda Lənkəran çayın panorama mənzərəsi, şümşad ağaclarının qoynunda öl ki öləsən.

Köhnə, tarix qoxan qəbirlərin şəkillərini çəkib yenidən türbənin həyətinə qayıdanda, birdən Lerikdən bir dostumu görürəm.

- Sən burda neynirsən? – məni görüb soruşur.

- Reportaj hazırlamağa gəlmişəm. Bəs sən neynirsən burda?

- Magistraturaya hazırlaşıram...

- Başa düşmədim? Burda hazırlaşırsan magistraturaya?

- Yox, gəlmişəm Allaha yalvarmağa. Magistra girmək istəyirəm. Yoxsa əsgər aparacaqlar.

- Onda get oxu da.

- Bizim bir qonşumuz var, magistr da oxuyur. O deyir ki, heç nə oxumamışdım, amma Bobogildə nəyi var dua eləmişdim. Axırda imtahanda gördüm ən asan şeylər. İndi mən də gəlmişəm kömək istəməyə.

- Allah köməyin olsun.

- Sənin də.

Dostumdan ayrılıb, onu öz taleyi ilə baş-başa buraxıram. Gəzə-gəzə türbənin ağzına, yolun kənarına çıxıram. Qar da xeyli yağıb. Ceyms Coys bu qarı görsəydi, yəqin, deyərdi ki, “qar Lerikin hər yerinə yağıb”.

Yolun qarşısında Bakıdan gələn maşınlar bulaqdan su doldurur, yorğun sərnişinlər beş dəqiqəliyinə maşından düşüb gərnəşir, siqaret yandırırlar. Nəzir qutusuna yaxınlaşıb, cibimdəki 20 qəpiyi dəmir qutudan içəri atarkən, ürəyimdə milyonçu olmaq arzusu tuturam. Qəribə bir paradoksa düşürəm. İndi mən belə bir müqəddəs yerdən öz mənasız arzularım üçünmü istifadə etdim? Şərt kəsdim ki, ay Allah, bu nəziri atıram, amma bunu mənə artıqlaması ilə qaytar? Məgər bu ocaq Allahla sövdələşmək üçündürmü?

Bu fikirlərlə məni gözləyən köhnə “06”-ya əyləşirəm. Sürücü soruşur:

- Bura niyə gəlmişdin ki?

- Reportaj hazırlayacam.

- Reportaj nədi?

- Reportaj da, yəni, necə başa salım sənə. Xəbər. Kanal üçün xəbər. – başa düşəcəyi tərzdə deyirəm.

- Həə, bildim, hansı kanaldı?

- Təzə açılıb.

- Əşşi, gündə biri açılır, onsuz.

- Həə...

- Bu il də qar yağdı, heyvanlara yem çətin tapılacaq. Presin birini 4.50-dən almışam keçən il. Görək bu il nə qədər olacaq...

- Bir heyvan il ərzində neçə dənə pres yeyir?

- “Palojnası” 80-dir. Amma mən 100 verirəm ki, kökəlsinlər.

- Həə...

- Sən hansı kanaldanam dedin?..

# 5114 dəfə oxunub

Müəllifin son yazıları

# # #