Yaşatdığını yaşamadan ölmürsən

Yaşatdığını yaşamadan ölmürsən
4 oktyabr 2023
# 12:32

Kulis.az Ülvi Bahadırın "Bumeranq" yazısını təqdim edir.

Nəhayət ki, uzun müddətdir gözlədiyimizi gördük. Qondarma "Dağlıq Qarabağ Respublikası"nın başçısı Araik Harutyunyan tutuldu.

Qukasyan, Saakyan və İşxanyan həbs edildi.

Hər dəfə biri tutulanda deyirlər ki, filankəs qaldı, bəhmənkəs qaldı.

“Bəs Xankəndi?” söhbətindəki kimi.

Bütün belə fikirlər çürüdülə-çürüdülə gedir.

Ancaq yenə də dediklərindən dönmürlər.

Tələb tələb üstündəndir.

Elə bil yeyib-içməyə gəliblər, “bəs lülə, bəs tikə, bəs plov” deyibən narazılıq eləyirlər.

Nəysə, onlara çox yer ayırmayaq, yoxsa özlərini çox ciddi qəbul eləyərlər.

Bu xəbərlər öz torpaqlarından yalınayaq qaçanlar, övladları, anaları gözlərinin qabağında öldürülənlər üçün nə dərəcədə təsəlli olacaq, bilmirəm, ancaq dövlətimiz, millətimiz üçün olduqca ümdə hadisədir.

Etiraf eləyək ki, ermənilər özlərini məzlum, yazıq, müti, bizi cəllad göstərməkdə mahirdirlər. Bunu çox əla bacarırlar.

Bəzən belə şeylər eşidirəm: "ermənilər bir-birlərini tuturlar, hər yerdə müdafiə eləyirlər, bizik bir-birimizin quyusunu qazan, ayağından çəkən".

Ən dəhşətlisi isə ermənilərin bu hərəkətini yaxşı bir hərəkət kimi sırıyırlar bizə.

Nə olursa-olsun, sənin millətindirsə, müdafiə eləməlisən.

Təcavüzkar, qaniçən, alçaq, sərəfsiz, fərq etməz, sənin millətindir, vəssalam.

Əzizilərim, bu, olduqca aşağı səviyyəli bir hərəkətdir. Heç bir böyük xalq belə şeylərə görə fəxr eləməz. Eləmir də!

Bu o deməkdir ki, ermənilər xalq yox, icmadır.

İcmada hamı bir fikir ətrafında toplaşır və nə olursa-olsun, o fikri və tərəfdarlarını müdafiə eləyirlər.

Məsələn, bir nəfər pedofil ola bilər, “Böyük Ermənistan”ı dəstəkləyirsə, müdafiə olunmalıdır.

Elə bilirsiniz, əsəbdən yazmışam?

Yox! Qətiyyən!

Belə nümunələr çoxdur.

Hətta belə hərəkətlərin belə müdafiəçiləri var: köpəyuşağları oğraşlarını da müdafiə eləyirlər.

Xalq olmaq həm də rəngarənglikdir.

Sənin ölkəndə xeyirxah varsa, xəsis də var, yaxşı adamlar varsa, pis adamlar da var.

Söyüş söyəni də, dustağı da, narkomanı da.

Fərarisi də, vətən uğrunda canından keçəni də.

Xalq heç vaxt yekrəng ola bilməz.

Sizə deyim ki, biz həm də yuxarıda yazdığım o müdafiəçilərlə xalqıq.

Fərqli fikirlərin, düşüncələrin, baxışların vəhdətindən yaranır xalq.

Qoy onlar bizə düşmən olsunlar, gülsünlər, ayamalar yapışdırsınlar, ancaq yenə də başqa xalqların nümayəndələrindən bizə bir köynək yaxındırlar və mütləq bir gün bizi başa düşəcəklər.

Ermənilər isə uçurumun üstündə saray tikmişdilər.

O saray dağıldı.

Artıq heç nə əvvəlki kimi olmayacaq. Onlar da bunu bilirlər. Hətta bizdən də yaxşı.

Həyat bumeranqdır. Yaşatdığını yaşamadan ölmürsən.

Düzdür, biz onlara onların bizə davrandığı kimi davranmadıq.

Davranmarıq.

Niyəsini də yazdım. Onlar icmadır və icmanın maraqları uğrunda hər şey eləyərlər.

Biz isə xalqıq. Əsrlərin təcrübəsi, ağrı-acısı, görüb-götürmüşlüyü var.

Biz bu müharibə ilə ermənilərlə aramızdakı fərqi göstərdik dünyaya.

İndi deyə bilərsiniz ki, dünya guya bilmirdi?

Əlbəttə ki, bilirdi. Səndən, məndən yaxşı bilirdi.

Ancaq gərək bildiklərinə belə inandırasan onları.

Ermənilər onları pis öyrədiblər.

Olmayan şeylərə belə ustalıqla inandırıblar.

Olmayana inananları reallığa qaytarmaq çətindir, amma mümkündür.

Dəfələrlə deyilib ki, Qarabağda yaşayan ermənilər vətəndaşlıq alaraq bu ölkədə, üçrəngli bayrağımızın altında yaşa bilərlər.

Ancaq yenə müxtəlif yollarla bizi qaniçən kimi göstərmək istəyirlər.

Açığı, mən də çox qorxurdum. Qorxurdum ki, proses uzandıqca onlara oxşayarıq.

Ancaq nə proses uzandı, nə də onlara oxşadıq.

Zamanla bütün daşlar yerinə oturacaq. Bu savaş, bu qələbə bizi daha da birləşdirəcək.

Həmişə olduğu kimi bundan sonra da bütün çətin günlərdən əl-ələ çıxacağıq.

Xocalı ilə bağlı videonu görəndə qeyri-ixtiyari gözlərimdən yaş gəldi.

Uzun müddətdir belə hisslər yaşamırdım.

Xocalı bizim şahdamarımızdır.

Bizi öldürməyən, bizi gücləndirəcək.

“Pis günün ömrü az olar” deyiblər.

Bizim pis günlərimiz çox oldu. Lap çox.

Ancaq hər qaranlıq gecənin bir aydınlıq səhəri var.


# 3880 dəfə oxunub

Müəllifin son yazıları

# # #