"Dəli Kür"ün "Mələyi": "Cavan idim, sataşırdılar..." - Müsahibə

Zemfira Sadıqova, aktrisa

Zemfira Sadıqova, aktrisa

13 sentyabr 2023
# 09:00

Kulis.az Əməkdar artist Zemfira Sadıqova ilə müsahibəni təqdim edir.

– Əslən güneyli olduğunuzu bilmirdim...

– Əslim Ərdəbildəndir. Atam Ərdəbildə anadan olub. Anam bakılıdır. Ziyalı ailədə doğulmuşam. Atam jurnalist, publisist, tərcüməçi idi. Böyük vəzifələrdə işləyib. Anam Pedaqoji İnstitutu bitirib, ancaq atam onu işləməyə qoymayıb. Azərbaycan ailəsində belədir də, qadın gərək evdə otursun. Bacım Elmira Zamanova Moskvada fəlsəfə oxuyub. Fəlsəfə elmləri doktorudur. Onun kitabı Amerikada fondlarından birində saxlanılır. Azərbaycanda da işləyib. Rəhmətə gedib.

– Teatra uşaqlıqdan marağınız olub. Məktəb vaxtlarından səhnəyə çıxmısınız.

– Bəli. 7-8-ci siniflərdə şeirlərlə, monoloqlarla çıxışlar eləmişəm. Dram dərnəyinə gedirdim. Azneftin yanında idi. Məsələn, orada “Göz həkimi” tamaşasında İvanovun həyat yoldaşını oynamışdım. Çox böyük uğur qazandı o tamaşa. Marağım hədsiz idi. Uşaqlıqdan aktrisa olmaq istəyirdim, ancaq evdən icazə vermədilər. Hətta məktəbi qurtarandan sonra VQİK-ə (Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu-red) getmək istəyirdim. Qoymadılar. Çünki mən uşaqlıqdan nadinc olmuşam. Ona görə də ürək eləmədilər. Dedim ki, madam ki, ora qoymursunuz, burada da heç bir yerdə oxumuram. Ancaq məktəbdə pis oxumurdum. İqtisadiyyat fakültəsinə qəbul olundum. Azərbaycan dilində tədris olmadığına görə, rus dilində oxudum. Birinci semestri oxudum, ikinci semestrdə gördüm ki, yox, alınmır. Nəhayət, istədiyimə nail olmalı, arzularımın arxasınca getməliyəm. Rektor Rahib Hüseynovun yanına getdim. Danışdım. Sorğu-sual elədi. Ədil İsgəndərov, Rza Təhmasib, Müxlis Cənizadə və başqa sənətkarların qarşısında imtahan verdim. Diksiyam, aktrisalığım, xarici görünüşüm, hər şey yerli-yerində idi. Mənə dedilər ki, səhnəmiz sənin kimi aktrisalar üçün “ağlayır”. Sən mütləq bizim səhnəmizə gəlməlisən. Ancaq institutu qurtarandan sonra səhnəyə getmədim. Ancaq filmlərə çəkildim. 1965-ci ildən indiyə qədər. Axırıncı dəfə 2019-cu ildə “Qış nağılı” filminə çəkildim. Çox gözəl olmalı idi. Əvvəli yaxşı idi. Sonra çevirdilər şouya.

– İlk rol təklifi necə gəldi?

– İlk dəfə “İnsan məskən salır” filminə çəkilmişəm. Tibb bacısını oynayırdım. Hökümə xanımla tərəf müqabili idim. Ancaq oradakı rolumdan, məncə, çox az hissəni saxlayıblar. Sonra Şəfiqə Məmmədova məni yolda gördü, çox təriflədi. Biz paralel oxumuşuq. O muzkomediya fakültəsində oxuyurdu, mən kino-dram. Dedi ki, çox gözəl oynamısan, gözəl görünürdün. İkinci filmim isə Şamil Mahmudbəyovun “Torpaq, dəniz, od, səma” filmidir. Hüseyn Seyidzadə dəvət etmişdi. Mən onu tanımırdım. Sonradan tanış olduq


– Yusif Vəliyevlə necə tanış oldunuz?

– Çox cavan idim. İnstitutu təzə bitirmişdim. Artıq evlənmişdim, ayrılmışdım, oğlum var idi. Həyat belə gətirdi ki, biz teatrda tanış olduq və evləndik.

– Yusif müəllim həmişə zəhmli obrazlar yaradıb. Evdə, ailədə necə idi?

– Evdə hamı kimi adi insan olub. Nə oynayıbsa, ekranda oynayıb. Həyat isə davam edir. Bütün insanlara xas olan xüsusiyyətlərin hamısı onda var idi. Qısqanırdı da, qışqırırdı da, mehriban da danışırdı. Hamımız kimi. Bir də yaxşı lətifə danışmağı var idi.

– Biz, məsələn, elə bilirik ki, “Nəsimi”dəki Teymurləngin özüdür. Səsi, duruşu...

– Əlbəttə, ekrandan elə görünür, amma həyatda hamımız kimi insan idi.
Lenin obrazını Gənc Tamaşaçılar Teatrında həm Azərbaycan, həm də rus dilində oynamışdı. Rus dilində oynamağa hazırlaşanda plastinkadan Leninin səsinə qulaq asıb onun səs tembrində danışırdı. Elə bilərdin, səhnədəki Lenindir.

– Onun yoxluğunu necə yendiniz?

– 15 il eyni ömrü bölüşmüşük. İndi gördüyünüz - qızını göstərir - Yusifin qızı Bahardır. Görünüşü də, xasiyyəti də atasına oxşayır.
İki uşaqla tək qaldım. O rəhmətə gedəndə cavan idim, heç 40 yaşım yox idi. Çox böyük çətinliklərlə üzləşdim. Xatirələr, xatirələr... Vaxt ötdükcə sənə ancaq xatirələr qalır.

– “Dəli Kür” filminə kim dəvət etmişdi?

– Bir gün trolleybusla gedirdim. Rejissor Hüseyn Seyidzadə də trolleybusda idi. Çox diqqətlə mənə baxırdı. Ümumiyyətlə, mənə elə baxanda xoşum gəlmir. Adam narahat olur axı. Üzümü çevirdim. Tanımırdım onu. Düşəndən sonra soruşdu ki, siz Yusif Vəliyevin yoldaşısınız? Ondan sonra başladı mənlə danışmağa. Dedi ki, mən belə bir film çəkirəm, istəyirəm ki, orada baş rolda oynayasınız. “Dəli Kür” çox məşhur idi. Hamı oxumuşdu. Eşidən kimi razılaşdım. Ancaq dedim ki, bir şərtim var, mənə foto-sınaq etməyin. Kino-sınaq edin. Xarici görünüşüm də, aktrisalığım da orada bilinəcək, baxarsız. Etdilər. Orada tək Ələddin Abbasov yox, Ədil İskəndərov və başqaları da var idi. Sonra bədii şura yekdilliklə məni Mələk obrazına təsdiq etdi.

– Evdə, ailədə necə qarşılandı?

– Atam publisist idi. Şeir də yazırdı. Bəyəndi. Dedi, çox gözəl, çox təbii oynamısan. Bu mənim üçün çox böyük şərəf idi. Yusif də aktyor idi. Bilirdi bu işləri. Məni Azərbaycan tamaşaçısına sevdirən bu obraz olub. Bəzən adımı demirlər, “Mələk” çağırırlar.

– Filmdən bəzi səhnələr çıxarılıb.

– Bilirsiz, rəhmətlik Səməndər demişkən, kino çox qəliz sahədir. Film çəkilir, amma onun hamısı ekranda görünmür.

– Senzura ilə bağlı idi?

– Yox, şəxsi məsələlər də var idi. Əslində, filmdə yaxamın cırılmağı o dövrün şərtlərinə uyğun deyildi. Tamaşaçılar üçün də gözlənilməz idi. Ancaq indi elə biabırçılıqlar göstərirlər ki, televizoru söndürürsən, heç baxmaq istəmirsən.

– Teatrda işləyənlər aylarla məşqlər eləyir, bir növ özlərini formada saxlayır. Ancaq kinoda bir qədər fərqlidir, yəni rol gələndən-gələnə hazırlıqlar, məşqlər olur.

– Mən teatrda işləməmişəm, ancaq teatrı çox sevirəm. Teatrda belədir ki, sən hər gün bir obrazı oynayırsan. Getdikcə obraz püxtələşir. Hər dəfə bir detal artırırsan. Ancaq kino başqadır. Yaxşı da oynasan, pis də oynasan, ekranda qalır. Onu düzəltmək mümkün deyil

– Hər aktrisanın obraza hazırlaşmaq üçün öz metodu var. Siz necə hazırlaşırsınız?

– Ssenarini verirlər, oxuyuram. Obrazı beynimdə yaradıram. Qrim, kostyum da kömək eləyir. Cəfər Axundzadədən başqa heç bir rejissor mənə necə oynayacağımı deməyib. Hamısını özüm rejissorun müdaxiləsi olmadan eləmişəm. Cəfər Axundzadə isə sözün vurğusuna belə müdaxilə eləyən rejissordur. Ümumiyyətlə, rejissor müəllimdir, aktyor tələbə. Çünki filmi rejissor çəkir. Sən onun istədiyini verməlisən.

– O dövrdə film çıxan kimi aktyorlar, aktrisalar bütün ölkədə məşhurlaşırdılar. “Dəli Kür”dən sonra reaksiya necə oldu?

– Tək ölkədə yox, bütün SSRİ-də. Yoldan keçəndə arxamca “Dəli Kür” mahnısını oxuyurdular. Cavan idim, sataşırdılar. Tanıyırdılar. Görünüşüm də yaddaqalan idi.

– Kino mühiti də var idi. Tamaşaçılar kino ilə iç-içə idilər.

– O dövrdə də elə filmlər var idi ki, çəkilmişdi, amma ekrana çıxmamışdı. Məsələn, “Köpək” filmi. Mən ona baxanda dəhşətə gəldim. Necə gözəl filmdir. İllərlə “polkada” qaldı, göstərmədilər. Amma baxan kimi Məmməd Səfanı zəng eləyib təbrik elədim. Tək o yox, orada hamı gözəl oynamışdı. Bizim aktyor potensialımız çox güclüdür. Niyə? Çünki ənənə var, məktəb var. Stanislavski məktəbinin yetirməsidirlər.

– Seriallardan dəvət gəlirmi? Məşhur aktyorların çoxu seriallara çəkilir.

– Çox dəvət eləyiblər. Heç birində çəkilməmişəm. Ona görə yox ki, pula ehtiyacım yoxdur. Hər şeyi pula satmaq olmaz. Özünə hörmət edən sənətkar, elə şeylərdə oynamaz. Mətni əzbərləyib gedirsən, rejissor sənə başqa bir mətn verib deyir ki, sən onu yaddan çıxart, bunu əzbərlə. Axı aktyor daxilən buna hazırlaşıb. Aktyoru belə sındırmaq olmaz. Bəlkə də, kimsə bacarır, mən bacarmaram.

– Heç improvizə etmisiniz?

– Yox. Ssenaridə necədirsə, ona hazırlaşıb gedirəm.

– Müəllimlərinizi necə xatırlayırınız?

– Ədil İskəndərov, Ələmdar Quluzadə, Rza Sarabski kimi nəhənglərdən dərs almışam. Onların ruhu qarşısında baş əyirəm. Sözün əsl mənasında müəllim idilər. Hamısı da məni çox istəyirdi.

- Müsahibələrinizin birində qeyd edirisiniz ki, “Dəli Kür” filmindən sonra kinostudiyada problem yaranıb.

- Onda problemlər yarandı ki, Yusif Vəliyev rəhmətə getdi. Mənim də 40 yaşım vardı. Həmişə də yaşımdan cavan görünmüşəm.

– İndi də çox gözəlsiniz.

– İndi də mənə heç kim 84 yaş vermir. Kinoya aid olmayan bəhalər uydurdular. Məni kinostudiyadan çıxartmaq istəyirdilər. Ona görə də sıxma-boğmaya salmışdılar. Hansı rejissor sınaq çəkilişi göstərirdi, Cəmil Əlibəyov deyirdi ki, yox-yox o çəkilə bilməz, onda o potensial yoxdur. Həsən Seyidbəyliyə də elə dedi, Gülbəniz Əzimzadəyə də.

– Həsən bəyə icazə vermədi ki, sizi çəksin?

– Həsən Seyidbəyli “Xoşbəxtlik qayğıları” filminə məni dəvət etdi. Biz bir ay məşq elədik. Saat 2-də bədii şura olmalı idi. Mən də çox narahat idim. Saat 11-də kinostudiyaya gəldim. İkinci rejissor Elmira Əliyeva dedi ki, sən niyə rahatsan? Arxayın ol, sən çəkiləcəksən. Səndən yaxşısı yoxdur. Mənimlə bərabər üç aktrisa var idi. Onları yox, məni istəyirdilər. Saat 2-də Cəmil Əlibəyov dedi ki, onun potensialı yoxdur.
Əziyyət çəkib məşqlərə gəlirdim, çəkilirdim, axırda deyirdi ki, yox.

– Etiraz etmisinizmi bu vəziyyətə?

– Vəfa Quluzadənin yanına getdim. Şikayət elədim. Dedim, mən bu qədər filmdə çəkilmişəm, hamısı da uğur qazanıb. İndi deyirlər ki, potensialın yoxdur. Kinostudiyadan çıxartmaq istəyirlər. Mənim başqa sənətim yoxdur. Ondan sonra yəqin ki, onun qulağını burmuşdular, səsini kəsmişdi. Yuxarının dediklərini eləmədiyimə görə Cəmil Əlibəyova tapşırıq verilmişdi, o da əmri yerinə yetirirdi.

Cəmil Əlibəyov- 95- Ruhunuz şad olsun — Qarabağ artıq azaddır!

Cəmil Əlibəyov

– Ondan sonra necə oldu? Etirazların nəticəsi oldumu?

– Ondan sonra Gülbəniz Əzimzadənin “Qətl günü” filmində çəkildim. Böyük obraz deyildi, amma yaddaqalan idi. Artıq Cəmil getmişdi. Sonra “Bağ mövsümü” filmi... Ümumiyyətlə, o ərəfədə bir neçə filmdən təklif gəldi

– “Bağ mövsümü” filmində sanki itdən başqa heç nə yoxdur. Hər epizod yarımçıqdır.

– Bəli. Çox böyük biabırçılıq idi...

– Sənət mühitindən kimlərlə münasibətiniz var?

– Xalidə Quliyeva, Gülzar Qurbanova, Elxan Cəfərov, Sona Mikayılova. Belə deyək, sözü ilə əməli düz olan adamlarla.

– Çəkildiyinizə görə peşman olduğunuz film var?

“Sonuncu dayanacaq”. O film heç alınmadı.

– Bəs ən bəyəndiyiniz filminiz hansıdır?

– “Dmitrov küçəsi 86”.

– O dövrdə aktyorlarımız digər SSRİ ölkələrinin filmlərində də oynayırdı. Sizə belə bir təklif gəlibmi?

– Gürcüstanda “Don Kixot” filmində kiçik bir rolum vardı. Onlar ancaq özlərini çəkirdilər. Moskvada çox çəkilmişəm. “Ondan yaxşı qardaş yox idi” filmində oynamışam. Bilmirəm, baxmısınız ya yox.

– Bəli. Maqsud İbrahimbəyovun eyniadlı povesti əsasında oğlu Murad İbrahimbəyov çəkib.

– Sonra “Ulduzlar sönmür”də çəkilmişəm. Əjdər İbrahimov çağırmışdı.

– Filmoqrafiyanızdə bir film gördüm – “Noktürn”. Ancaq heç yerdə tapmadım.

“Noktürn” əvvəl idi, indi adı “Gecə söhbəti”dir. Oqtay Mirqasimov çəkib. Doğuşdan sonra ananın simasını göstərir... Qarayev o filmə baxanda elə bilmişdi ki, gizli kamera ilə çəkilib. Qarayev Mirqasimovun dayısı idi. Deyib ki, belə bir gözəl qadın filmdə çəkilməyə necə razılıq verib. Oqtay ona deyəndə ki, gizli kamera deyil, o qadın da aktrisadır, mat qalmışdı.

– Bir məsələ mənə həmişə maraqlı olub. Məsələn, keçən əsrdə çəkilən gürcü filmlərinə baxıram. Orada bizim aktyorlar demək olar ki, yoxdur. Eləcə də digər postsovet ölkələrində. Ancaq bizim kinolarımızda əcbəni aktrisalar bəzən hətta əsas obrazları canlandırıb.

– Məşhur aktyorların arxasında gizlənmək üçün dəvət eləyirdilər. Bizim aktyorlarımız onlardan geri qalmırdı. Məsələn, “Tütək səsi” filmində moldovan oğlanı çəkmişdilər. Bəyəm o rolu oynayacaq aktyor yox idi bizdə? Bəzən əcnəbi aktyor da layiq olur. Məsələn, “İstintaq” filmində Kalyaqin necə möhtəşəm oynayır...

– Məsələn, gürcülər “Mimino”nu çəkdilər və bütün dünyada tanıtdılar, ancaq bizim belə məşhurlaşan filmimiz olmadı.

– Biz bir-birimizə kömək eləyən millət deyilik. Əksinə, qabağa gedənin ayağından çəkməyə çalışırıq. Bu bizim bədbəxtliyimizdir. Məsələn, bu qədər filmə çəkilmişəm, ancaq heç yerdə mənim şəkillərim yoxdur. Heç Yusifin də şəkilləri yoxdur. Bir dəfə səhv eləmirəmsə, Nərimanov metrosu tərəfdə böyük bir şəkil var idi. “Dəli Kür”də paltar yuduğum səhnə. Vəssalam!

– Sənətdə özünüzə kimi nümunə götürmüsünüz?

– Hökümə Qurbanovanı. Onu çox sevirdim.

– Onun kinoda az rolu var. Səs tonu teatra daha uyğun idi.

– O vaxtın teatrına, bəli. Amma indi o cür danışan yoxdur.

– Elə bir obrazınız var ki, ondan çıxmaq sizin üçün çətin olub?

– “Dimitrov küçəsi 86” filmindəki obraz və “Dantenin yubileyi”ndə Anaxanım. Orada Zərnigarla çəkilmişik. Səhnədə oynadım, rejissor da bəyəndi, ancaq sonra dedi ki, birini də “zapas” üçün çəkək. Ancaq əvvəlki kimi oynaya bilmədim. Obrazdan çıxmışdım. Artıq içimdə Anaxanım yox idi. Gərək bir saat sakitləşəydim, hazırlaşıb təzədən çəkiləydim. Çünki mən həyatda Anaxanım deyiləm. Bu elə-belə rol deyildi. O, gülüşü, hərəkəti ilə qadını sancır. Çox böyük ləzzətlə oynamışdım o obrazı. Ancaq ikinci dəfədə alınmadı.

– Aktyor insan sərrafıdır?

– Bəli. Mən insanların üzünə baxan kimi bilirəm ki, o, necə biridir. Ona görə də obrazları canlandırmağım da rahat olur. Məsələn, ssenarini oxuduqca beynimdə obrazımın xarici və daxili portretini cızıram.

– İndi səsi ilə tanınan aktyorlarımız çox azdır. Əvvəllər aktyorlarımızı həm də səsindən tanıyırdıq...

– Mənim dublyajlarım çoxdur. Bir film vardı. Rafiq Əzimov çəkilirdi. O filmdəki bayatıları səsləndirmək üçün çox adamı çağırmışdılar. Ancaq heç kimdə alınmamışdı, filmin nəğməsini duya bilməmişdilər. Rejissor səsimə məəttəl qalmışdı.

– İndi dublyaj aktyorlarının qazancı azdır. O vaxt necə olub?

– Əslində, həmişə az olub. Bizdə belədir də. Əvvəlcə başlayır “şapka”dan. Filan qədər “şapka” gedir haralarasa. Sonra o biri, bu biri, axırda da aktyora cüzi məbləğ qalır. Mən yeddi il radioda diktor işləmişəm. Ailəmə görə bir neçə filmdən imtina eləmişəm.

– Bayaq “Dəli Kür”dən danışarkən dediniz ki, o əsər hər yerdə idi, əl-əl gəzirdi. Başqa hansı əsərləri sevərək oxumusunuz?

– Daha çox xarici ədəbiyyatı. Mark Tveni, Balzakı, Dikkenzi çox sevirəm.

– Elə bir əsər varmı ki, oxuyub demisiniz ki, bu əsərin filmi çəkilsə idi, filan obrazı oynayardım.

– Çox olub. İnstitutun diplom tamaşasında “Almaz” əsərindəki Fatmanisə obrazını oynamışdım. Heç kim məni o obrazda təsəvvür eləmirdi. Ancaq mən elə gözəl oynamışdım... Mehdi Məmmədov soruşub, Fatmanisəni oynayan kimdir? Öyrənəndən sonra ki, mən oynamışam, bir qonaqlıqda haqqımda elə gözəl sözlər demişdi, o sözlər mənim ömrümün axırına kimi bəs idi. Özümə inamım daha da artmışdı.

– Kinomuzun gələcəyini necə görürsünüz?

– Bizdə kino ölüb, dirildən də yoxdur. Təzə nazir təyin olunub, görək nə olur.

– Çəkilişlərdə istənməyən hadisələr baş verir. Aktyorların ayağı burxulur, zədələnirlər və s. Çəkiliş vaxtı başınıza belə hadisələr gəlibmi?

– “Dəli Kür”də atdan yıxılmışam. Yaxşı ki, at yerindən tərpənmədi. O filmdə mənim xeyli şəkillərim, səhnələrim var idi. Hamısı kəsilib, silinib.

# 14387 dəfə oxunub

Müəllifin son yazıları

# # #