Dağlar Yusif: "Mədəniyyət və İncəsənət Universitetində qeyri-peşəkarlıq diplomlaşdırılır" - Müsahibə

Dağlar Yusif:  "Mədəniyyət və İncəsənət Universitetində qeyri-peşəkarlıq diplomlaşdırılır" - Müsahibə
14 fevral 2024
# 09:00

Kulis.az Ülvi Bahadırın teatrşünas Dağlar Yusiflə müsahibəsini təqdim edir.

- Söhbətimizə lap başdan - sənin teatrşünaslığa gəlməyindən başlayaq. Bizdə teatrşünaslığa maraq azdır. Səndə bu maraq necə yarandı?

- Səhv etmirəmsə, Axmatovanın sözüdür. Deyir, siz bilsəniz ki, hansı zir-zibildən poeziya yaranır...
Ümumən, sənətçilərin sənətə gəlməyi də zir-zibildən başlanır. Mədəniyyət özü də arzunun transformasiyasıdır. Uşaqlıqdan arzum olub ki, görünüm, duyulum, eşidilim. Bu arzu da hansısa kompleksdən doğur, bəlkə, dərinə getsəm, taparam səbəbini. Məktəbdə artıq bu arzu var idi; nəsə demək, inamlı olmaq arzusu. Ona görə məktəbdə - İsmayıllı rayonunun Buynuz kəndində başladım yavaş-yavaş işlər görməyə. Əvvəl aktyor olmaq istədim, bəzi fikirlər məni yayındırdı. Sonra filoloq olmaq arzusu ilə imtahandan keçdim, seçimdə dördüncü teatrşünaslığı yazdım və ora düşdüm. Demək, niyyətin hara, mənzilin ora. Sonra yavaş-yavaş bu arzu mənə naliyyətlər gətirməyə başladı.

- Yəni öz istəyinlə. Heç kim sənə diktə etməyib?

- Bəli. Mən Azərbaycan kinolarını əzbər bilirəm. Azərbaycanda hansı tamaşalar qoyulub və sair və ilaxır. Görünür, hər şeyi həddən artıq arzulayırsansa, Allah da səni məqsədinə çatdırır.

- Bu işin içindəsənsə, teatrla maraqlanırsansa, əvvəl-axır Dağlar Yusif adıyla rastlaşırsan. Digər teatrşünaslardan fərqin odur ki, sən daha çox tanınırsan.

- Məni başqalarından fərqləndirən cəhətim dünyanı dəyişə biləcəyimə inanmağımdır. Bəzən mənə elə gəlir ki, dünyanı qaldırıb yerə çırpa bilərəm. Buna görə də başqalarından fərqlənirəm. Qəribə oturuş, qəribə yanaşma. Tamaşa zamanı birdən-birə durub çıxıb getmə. Qəribə reaksiyalar, başqalarının deyə bilmədiyini demək. Ümümən, sizə deyim ki, mühit o qədər kasaddı ki, fərqlənmək o qədər də problem deyil. İnsanların 90%-ində inam itib. Mən olmaq arzusu, bütün kainatda, bəşəriyyətdə mən olmaq, onun bir zərrəciyi olmaq arzusu itib. Maşınım var, evim var, gedib-gəlirəm, vəssəlam. Və ikinci bir məsələ, mən bəzən tələbələrə də deyirəm, o şeyləri öyrənin, bilin ki, heç kəsin ağlına gəlməyib. Əlbəttə, sizin oxuduğunuz mənbələrin teatra yolu var. Jül Delözun əsərlərini oxumaqla insan nə qazana bilər? Amma qandığım bəs edir ki, mən başqalarından fərqlənim. Məsələn, kvant fizikası. Mənim bir iddiam var, kvant teatrı adlı bir şey yazım. Mənə deyirlər, neynirsən, amma mən deyirəm ki, mənə lazımdır. Bu, fərqlilikdir. Mən adi bir status, məqalə yazanda hər kəlmənin üzərində düşünürəm. Fuad Poladov haqqında yazdığım məqalə bir portretdir. O əsər 9 aya ərsəyə gəlib. Oxuyurdum, dəyişirdim ki, bu nə bəsitlikdi. Axırda çap elədim. Məndə heç kimə bənzəməmək iddiası var. Bu arzu həyata keçəndə nə qədər alınır, bilmirəm, amma onu bilirəm ki, o, fərqləndirə bilir insanı. Üçüncü məsələ də Allahın verdiyi istedaddır. Çalışırsan, çabalıyırsan, sonda görürsən ki, hər kəs qədərini yaşayır. Teatrdakı aktyor da, hava da, su da, od da öz taleyini yaşayır. Özəllik, fərqlilik kimi görünən bu cəhətlər də əslində, bir sınaqdır. Həm də Allahın bir lütfüdür. Allah bizi eyni yox, fərqli-fərqli yaradıb.

- Sizin bir reportajınızı oxudum. Mehriban Zəkiyə deyirsiniz ki, hazırda bizim teatrlarımızı dünya miqyasına çıxaracaq müəllimlərimiz yoxdu.

- Heç bir fikri aksioma çevirmək olmur da. Sən on fikir deyərsən, biri o birini inkar eləyər. Hamısı teatr haqqında olar, amma bir-birini təkzib edər. Biz teatr problematikası haqqında danışanda zaman-məkan anlayışını unutmamalıyıq. Məsələn, deyirik ki, Azərbaycan hərbisi bərbad gündədir. Ancaq bunu harda desən, yoldan keçən uşaq da razılaşmayacaq. Hamı deyəcək ki, onda təhsilimizə diqqət yetirməliyik. İstər qəbul edək, istər etməyək, hər şey təhsildən başlanır.

- Universitetlərdə müəllimlərin olmamasının səbəbi də budur?

- Təəssüf ki, bütün təhsil ocaqları kimi Mədəniyyət və İncəcənət Unversitetində də qeyri-peşəkarlıq sertifikatlaşdırılır, diplomlaşdırılır. O vaxt bir yazı yazmışdım ki, qeyri-peşəkarlıq instusionallaşdırılır. Uzun illərdir müəllimlər nə yaxşı aktyordur, nə də yaxşı rejissor.

- Məsələn?

- Konkret 90% deyim, əl çək. Onların çoxunun peşəkar aktyor, rejissor olması sual doğurur. 90% deməyək də, 80% deyək, bir az insaflı olsun. Tək aktyorluqda deyil, teatrşünaslığın özündə də var. XX əsrin bütün konsepsiyaları mətnlə bağlıdır. Məsələn, Sössürün kitabından sonra strukturalizm deyilən bir anlayış yarandı. Ondan sonra postmodernizm yaranıb. Hələ də teatrşünaslıqda oxuyan tələbəyə müəllifin ideyası ilə bağlı 6 ay Nəcəf bəy Vəzirov keçirlər. Bir tələbə tap ki, strukturalizmin nə olduğunu bilsin. Niyə bilməlidir? Çünki teatrşünas, tənqidçi mətnlə işləməlidi. Bunlarsa mətnə yanaşmanı sərgiləyən elmdir. Hermenevtika bir mühazirə yox, altı ay keçirilməlidir. Haydeggerə gəlməliyik, onun mətnə yanaşması başqadı. Sonra ontologiya öyrədilməlidi. Bunlar varlığın mətn kimi konsepsiyasını izah edən anlayışlardır. Sənin bir nəfər tələbən bilmir ki, Sössür linqvistika dərslərində nədən danışıb.

- Ümumiyyətlə, onlar özləri bunu bilirlər?

- Onların içində kimlərsə varmı ki, saatlarla bu mövzuda danışsın? Sən deyirsən, deyir ki, səviyyə budur. Mən bilirəm, o uşaq hardan gəlib tetrşünaslığa. Aktyorlar elə bilməsin ki, biz bunu başa düşmürük. Amma kimsə deyirsə, yox, elə deyil, hər şey əladı. Onda onlar mənə son 10 ildə 10 yaxşı rejissor, 10 yaxşı aktyor və 10 yaxşı teatrşünas göstərsinlər. Bunun bir göstəricisi olmalıdır, yoxsa yox? Yoxsa biz hər şeyi fəzaya atırıq? Elə bir vəziyyət yaradıblar ki, sübutu olmasın. Deyirlər, sənə görə pisdir, mənə görə yaxşıdır. Yaxşıdırsa, bunun bir nəticəsi olmalıdır da. O yerdə ki, hamı əsirdir, mütləq hamı orda azadlıqdan danışır. Kölə təfəkkürlü insanlar mütləq azadlıqdan danışırlar. Azadlıq odur ki, sən istədiyin hər şeyi edirsən və etdiyin hər iş yaxşıdır. Sənin bildiyin hər şey düzdür, sənin elədiyin hər iş gözəldir. Özünütənqid inkişafın birinci maddəsidir. Nəyə görə Azərbaycanda tənqidi fikir inkişaf eləyə bilmir? Tənqidi fikir artıq bəlli bir səviyyədən sonra formalaşır.

- Bir verlişdə aparıcı sizdən soruşur ki, siz niyə teatr tamaşaları barədə yazmırsınız? Siz də cavab verirsiniz ki, yazıya gələn tamaşa yoxdur. Yazıya gələn tamaşa necə olmalıdır?

- Bəzən biz bəzi suallardan qaçmaq üçün müəyyən fikirlər deyirik. Qəbul eləmək olar o cavabı. O gün orda verdiyim cavabı mən bu gün qəbul eləmirəm. Birinci cavab budur ki, bir parça çörəyimin kəsilməyindən qorxuram. İkincisi, tamaşa quran mənim dostumdur. Üçüncüsü, tamaşa yoxdur. Dördüncüsü, yaza bilmirəm. Hansını deyirsiniz, verək. Amma nəticə bütün cavabları verir. Necə yəni dişə gəlmir? Bütün tamaşalar sənin dişinə gəlməlidir və tənqid onun üçündür ki, sən onu dişə gətirəsən. Sən də dişə gətirə bilmirsən. Otuz ildi fəaliyyət göstərirsən. Kim səndən bu vaxta qədər nələr öyrənib? Özündən başqa kimə verə bildin o bilgini? Hər şey ideyadan yaranır. İdeya yoxdursa, deməli, heç nə yoxdur. Teatrşünaslıq ideya istehsal edən mexanizmdir.

- Sizcə, peşəkar hər vəziyyətdə yaza bilər?

- Məndə belə bir fikir formalaşıb ki, yəqin, yazmağı bacarmalıdır. Deyirdilər, yazmaq bacarığı mütləq olmalıdır. Məndə yazmaq bacarığı yoxdur. Mən ildə-ayda bir məqalə yazıram. Bilirəm ki, o Azərbaycanda üç məqalədən biri ola bilər. Teatrşünas düzünü deməlidi? Tənqid etməlidi? Onda gəlin, düzünü danışaq. Danışa bilirsən düzünü, hazırsan mənimlə dialoqa? -Yox-yox. Onda nə istəyirsən? Sən istəyirsən, mən tərifləyim, eləməyəndə deyirsən ki, teatrşünas yoxdu. Boşu-boşuna kimlərisə tərifləmək özü-özünü məhv eləməkdir. Bu Allahın sənə verdiyi əmanətə xəyanət etməkdir. Kimsə bir yararsız tamaşa qurub, ona de ki, Robert Vilson sənin yanında heç nədir, ona inanacaq. Bir dəfə düşünməz ki, Dağlar mənim tamaşama niyə gəlmir? Dağlar gəlmirsə, ya məni sevmir, ya da qərəzlidi. Heç vaxt düşünmür ki, bəlkə, mən yaxşı qurmuram, bəlkə, bu insan ömrünü mənə sərf eləmək istəmir. Bu adam xəstədi də demək. Mən əgər düşünürəmsə, mənim yazımı oxumayanlar axmaqdı, qanmazdı, deməli, mən xəstəyəm. Mən düşünmürəm ki, bəlkə, bunu yaxşı yazım. Bunların 50%-i xəstədi, mən də istəmirəm, bu insanlarla ünsiyyətdə olum. Mənim əqidəm başqadır. Pafosdan uzaq insanam. Məsələn, sən su verdin mənə, bu mənim susuzlugumu yatırdı, mənə bir rahatlıq verdi. Torpaq heç nə bitirmirsə, o torpağı neyniyirsən?

- “Mənim tamaşamdı” dediyin tamaşalar olub?

- Məsələn, Azdramada Əlif Cahangirin "Bir, iki, bizimki" tamaşası mənim ən sevdiyim işdi. Pantomima teatrında səhnələşdirilən “Şinel” tamaşası. O tamaşa mənim tamaşamdı. ”YUĞ” teatrında Mikayıl Mikayılovun bir tamaşası var - “Kloun”. Ona görə ki, orada Natəvan Qeybani oynayır. Çünki bu işlər mənim teatrla olan arzumla üst-üstə düşür. Azdramada Ərşad Ələkbərov gözəl işlər görür.

- Sosial şəbəkə hesabında, çıxışlarında dəfələrlə şəxsinə olan basqılardan danışmısan. Səncə, bu basqıların səbəbi nədir?

- Çünki mən mən olmaq istəyirəm. Sən mənə demə ki, filankəs belə deyib, sən də deməlisən. İcazə ver, düşünüm. Niyə sizi öldürür bu hiss, niyə? Niyə Dağlar ADMİU-da yoxdu, dərs demir? Vurmaq istəyirdiniz. İndi AzTV-də vurmaq istəyirsiniz.

Deyirəm, mənim dəyərli ustadım, siz öz fikrinizi dediniz, mən də öz fikrimi demək istəyirəm. Mənim fikrim sizinkindən elmi cəhətdən aşağı ola bilər, amma o da maraqlı olacaq. Kimsə qəbul etmir ki, ondan yaşca kiçik olan öz fikrini deyə bilər. Deyirlər, o kim idi axı, yetimin biri idi.

Əsarətdə olmuşuq həmişə. Nəsillər arasında konflikt yaradırlar. Gənclər qocalara qarşı olsun, qocalar gənclərə. Sənə gənclər də qulaq asacaq, qocalar da, sən yuxarıdasan axı. Belə mane olurlar inkişafa. Qocalar deyir ki, biz getməsək, siz gələ bilməzsiniz. Cavanlar da deyir ki, bunlar niyə ölmür? Niyə ölməlidi axı? Məsələn, İlham Rəhimli. Axı o niyə getməlidi ki? Kimsə İlham Rəhimliyə də sual versin, Dağlar niyə olmamalıdı axı, ay İlham müəllim? Mən sovet təfəkkürünün yox olmasına tərəfdaram. Bu düşüncə bizə mane olur. Onun verdiyi çox gözəl şeylər var. Söhbət əxlaqdan, mənəviyyatdan gedir. Belə yanaşmalar aradan qalxmalıdır. Bilmirəm, biz xoşbəxt olacağıq ya yox, amma aradan qalxmalıdır. Özümüz olmalıyıq. Bədbəxt olacağıqsa da olaq, deməli, biz bədbəxtliyə layiqik. Amma biz biləcəyik ki, koloniya deyilik.

- Azərpaşa Nemətov haqqında deyirdilər ki, teatrı pis günə qoyub. Bəziləri isə fərqli düşünürdü. Siz də onların içində idiniz. Ancaq etiraf edək ki, əks tərəf daha çox idi.

- Bir var, bir işə kənardan qiymət verirsən, bir də var, işin içinə girirsən. Fikirləşdim, yəni bu insanın bir damarı yoxdur? O damarı tapdım, o damara basdım, gedib orada işlədim. Oranın qalxmasında böyük xidmətim oldu. Danan danır, danmayan danmır. Bəziləri deyirlər ki, getdin yaltaqlandın ona. Xahiş edirəm, baxsınlar sosial şəbəkə hesabıma, mənim Azərpaşa Nemətov haqqında bir tərifimi göstərsinlər, deyəcəm, mən yaltağam. Adam var ki, teatra təzə rejissor gələn kimi onun haqqında iki vərəqlik yazı yazır. Özü də ləyaqətdən danışır. Bu adam qırx ildir fəaliyyət göstərir, yazaydın da vaxtında. Nə oldu, sənin teatrına baş rejissor gələn kimi yazdın? Amma mən Azərpaşa boyda nəhəngin əlinin altında bir cümlə də yazmadım. Müharibə haqqında olan tamaşasında da dedim ki, mənim müharibə haqqında təsəvvürlərimlə üst-üstə gəlmir. Onun haqqında kitab çıxdı, mənə dedi ki, Dağlar, mənə gənclərin də fikirləri lazımdır. Siz mənim haqqımda heç nə yazmayacaqsınız. Dedim, xeyr. Ancaq gərək yazardım. O da getmədi dərinə, sığışdırmadı özünə. Demədi ki, öldürürlər məni, sən də bir şey yaz da mənim haqqımda. Çünki mən ona sübut elədim ki, mən şəxsiyyətəm. Mən hesab eləyirəm ki, burada olmalıyam, incəsənətə xidmət eləməliyəm. Mən beş il ərzində “siz” deyə müraciət elədim ona. Qaldı ki, Azərpaşanın pis və ya yaxşı olmasına, mən bir şey öyrəndim ki, onun teatr fəaliyyəti bugünkü vəziyyəti əks etdirən fəaliyyət idi. Deyirlər ki, o gələn kimi filankəsləri teatrdan uzaqlaşdırdı. Mehriban Ələkbərzadə də vəzifəyə gələn kimi kimlərisə işdən uzaqlaşdırdı. İndi niyə demirsiniz ki, Mehriban Ələkbərzadə gəncləri teatrdan uzaqlaşdırdı? Deyin də. Onda mən sizinlə birləşib Azərpaşa ilə mübarizə aparmalıydım? Niyə?
“Müəllim, mən seriala getməliyəm.” “Get.”. “Filmə getməliyəm.”. “Get.”. “Mən işləmək istəmirəm.”. “İşləmə.”. “Mən işləmək istəyirəm.”. “İşlə.”. “Bizə niyə təqaüd vermirlər?”. “Teatrın büdcəsindən hərəsinə 300 manat təqaüd.”.
Azərpaşa belə kişi idi. O adamlar onu vurdu ki, ondan dayanmadan yararlanmışdılar. Məsələn, İntiqam Soltan. Ömür boyu ən çox teatrda, festivallarda onun tamaşaları olub. Deyir ki, ittifaq fəaliyyət göstərmir. Sən demə də heç olmasa... Burada ittifaqdan çox sənin tədbirlərin olub. Düz danış da, səmimi ol. Nə istəyirsən axı? Mən bu kütləyə qoşulum? Mən sizin hamınızı tanıyıram və bilirəm ki, Azərpaşa sizin hamınızdan yaxşı kişi idi.

- Yəni bu adamların hamısı haqsızdır?

- Yox. Hamısı haqsız deyil. Amma onların sözünə görə onlara qoşulmacaqdım ki. Bir insan mənimlə dalaşmağa başlamasa, mən birinci başlamıram. Heç vaxt qarışmamışam. Sadəcə, mən işimlə məşğul olmuşam. Bu adamı da dövlət qoyub bura. Və sənə deyir ki, bunla işlə, nə deyəcəksən? Bu adam ömür boyu deyib ki, Dağlar, hansı işləri görmək istəyirsən? Demişəm ki, bunları. Deyib, get elə.

- Hamıya eləmirdi?

- Yox. Məsələn, Könül Cəfərovayla Elçin Cəfərovu ilk dəfə o xaricə - teatr fesvallarına göndərmişdi. Onların teatrşünas kimi formalaşmasına yardım etmişdi. Məsələn, Elçin müəllim bunu həmişə deyir. Pantomim teatrı ittifaqın festivalından çıxıb. Azərpaşa müəllim də ittifaqdakı rəhbərlərdən biri olub. İndi deyəcəklər ki, onda Azərpaşa yox idi. Necə yox idi? Faktiki olaraq Həsənağa Turabovun xas adamlarından biri idi və böyük təsir qüvvəsinə malik idi. Elə mənim özüm nə qədər gəncin üzə çıxmasına kömək eləmişəm: Emil Əsgərov, Ziya Ağa, Abdulla Elşadlı, Nurlan Süleymanlı, Asiman Ağa Rövşən. Elələri var, deyər, o kim idi ki? Məsələn, mən hər şeyi Aydın Talıbzadəyə borcluyam. Mənim bir ideologiyam var. Yaşlıların gəncləri əzib məhv elədiyi bir vaxtda mən gənclərə dəstək olmuşam.

- Ən çox kimin Azərpaşa müəllimə qarşı çıxması sənə təsir eləyib?

- Ona qarşı çıxmaq üçün insanların çoxlu səbəbləri var idi, Kobud idi. İndi guya Mehriban Ələkbərzadəyə qarşı çıxanlar olmayacaq? Guya Hüseynağa Atakişiyevi məhv eləmədilər? Kabinetini yandırmadılar? Həsənağa Turabova neylədilər? Tofiq Kazımova neylədilər? Ədil İskəndərovu neylədilər? Gedib araşdırsınlar da. Hamısı pis idi bunlar? Hamısını siz məhv elədiniz. Bunlardan heç biri yaxşı olmadı?

- Ən çox kimlərdən inciyirdi? Tənqidlərə münasibəti necə idi?

- Ən çox məndən, Əlif Cahangirdən. Tənqidlərə münasibəti çox pis idi. Sənətçiləri 70 yaşdan sonra ikona çevirirlər. Biz artıq onu ikona çevirmişdik. Əslində, o, artıq orda olmamalı idi. Bu da bir formada tənzimlənməli idi. Məsələn, deyirlər, kim olacaq Anardan sonra? Niyə yoxdu axı? Qismət var, Aqşin Yenisey var. Respulikada başqa yazıçı yoxdu? Bu ölkə, bu xalq daha istedadlı adam yetşdirmir? Kimsizlik, alternativsizlik söhbətləri mövzunu bu yerə gətirir. Teatr kiçik ev, kiçik ailədi. Mən niyə bu axına qoşulmadım? Burda mövzu maliyyə davaları idi. Kiməsə pul ayırırsan, olursan yaxşı adam, vermirsən, olursan pis adam. Fuad Poladov məsələsi fərqli idi. Azərpaşa müəllimin ona gücü çatmazdı. Dostluq münasibətləri var idi. İki dost idilər, araları dəydi. Aralarını vurdu oradakı üçüncü, dördüncü şəxslər və iki dost bir-birindən küsdü.

- Kimlər idi onlar?

- Onlar məndən yaşca çox böyük insanlardı.Ümumən, kim getməli idi? Teatrın rəhbəri getməyəcəkdi ki. Aktyor getdi. Mən bu gün harada işləyirəmsə, incisəm, mən çıxıb getməliyəm, ittifaq, nazirlik getməyəcək ki. Onların arasında çox gözəl münasibət var idi. Məryəm Əlizadə deyirdi ki, Azərpaşa Nemətov Fuad Poladovu görəndə gənc oğlan sevgilisini görəndə əsdiyi kimi əsirdi həyəcandan. Çox böyük sevgi vardı arada. Sadəcə, araların vurdular. Təbii ki, Fuad müəllim böyük şəxsiyyət idi. Özünə hörmət eləyən adam idi. “Burada olanlar mənim istədiyim kimi deyil” - dedi və getdi.

- Hikmət Rəhimovun bir müsahibəsi var. Orda deyir ki, Fuad Poladov mənə dedi ki, səni çıxarsalar, mən də gedəcəm.

- O başqa söhbətdi. Mən elə insanam ki, bir adam mənim üçün dəyərlidirsə, o istəsə, mən ona görə həmin yerdə qalaram. Amma bu insanlar, həqiqətən, Fuad müəllimi sevirdilərsə, nəyə görə aralarını vurdular? Azərpaşa Nemətovun yerində basqası olsaydı, onun xətrinə belə dəysəydi, o yenə gedəcəkdi. Bu, Fuad müəllimin birinci gedişi deyildi. Bu gün də teatrdan gedənlər var da, niyə bu barədə hansısa məqalə çıxmır? O, öz ərizəsi ilə getmişdi.

- Onda niyə var idi, indi niyə yoxdu?

- Deməli, o vaxt buna stimul verən insanlar var idi.

- Səncə, Mehriban xanımın Azərpaşa müəllim qədər çəkisi yoxdur?

- Mövzu çəki məsələsi deyil. İndi buna yəqin ki, səbəb yoxdur. Bu dəqiqə Azdramanın aktyorlarının 60%-i getsə, heç deməyəcəklər ki, bunlar hara gedirlər. Ona görə deyirəm ki, bu adamların apardığı mübarizənin 90%-nin teatr sənəti ilə əlaqəsi yox idi. Mənimsə öz idealogiyam var idi. Öz işimlə məşğul oldum. Mənim nə işimə qalıb, kim qaldı, kim getdi. Rəhbərlikdi onları təyin edən. Çıxardanda da çıxıb gedirlər. Kobud olsa da, ulduza hürməyin mənası yoxdur.

- Mehriban xanımın gəlişi hansı yeniliklərə səbəb oldu?

- Əlbəttə, yeniliklər olacaq. Sadəcə, bizdə rejissorlar elə hesab edir ki, bədii rəhbər dəyişəndə onlar daha yaxşı tamaşalar qoyacaqlar. Əslində, teatra gələn bədii rəhbər öz məktəbini yaratmağa gəlir. O, tamaşa quran şəxs deyil. Bizdə bu yoxdu. Azərpaşa Nemətov da məktəbini yaratmadı. Ümumiyyətlə, Hüseynağa Atakişiyevdən sonra məktəb olmadı. Mehriban Ələkbərzadə yaxşı tamaşalar qura bilər, amma mən onda məktəb yaradacaq potensialı görmürəm.

- Nələr olmalıdır məktəb yaratmaq üçün?

- Birinci baza, ikinci istək, üçüncü fədakarlıq olmalıdı. Onlar isə düşünürlər ki, yaxşı tamaşalar qurum, biletlər satılsın, vəssalam.

Liderlik, novatorluq, teatrda yenilik etmək gücü və etdiklərinə inandıra bilmək bacarığı olmalıdır. Onun üçün də sən ata, ana olmağı bacarmalısan. Həm sevməyi, həm nifrət etməyi, həm manipulyasiya etməyi bacarmalısan. Mən inanmıram ki, Mehriban Ələkbərzadədə bu ideya, bu səbir olsun. Onun bir neçə işi ola bilər; teatrı qaldırmaq, disiplin... Bu da təqdirəlayiq işdir, amma inanmıram ki, orada məktəb yaratsın.

- Demişdin ki, mən əsgərlikdən qayıdanda gördüm ki, anam 10 il qocalıb.

- Mən elə bilirdim o öləcək, ancaq Allah ona güc verdi, yaşadı.
Müharibədə hiss etdim ki, tənqid elədiyim insanlara görə canımı belə verməyə hazıram. Ona görə də mən bu gün rahatam. Bir dəfə Şuşada Mehriban Ələkbərzadə mənə dedi ki, biz sizlə düşmənik də, hə? Dedim ki, Şuşa qalasının önündə iki azərbaycanlı düşmən ola bilməz. Biz düşmən deyilik. Siz düşmən görməmisiniz. Biz vətəni çiçəkləndirməklə məşğuluq. Sevirik bu vətəni. Bu gün bizim teatrımız bu gündədirsə, istirahət eləməyə haqqımız yoxdu. Ən böyük müharibə mənəviyyat müharibəsidir. Mənim savaşım orada da, burada da haqq savaşıdır və mən heç kimdən qorxmuram.

# 8462 dəfə oxunub

Müəllifin son yazıları

# # #