Heminqueylə Məhəmməd peyğəmbər eyni hekayədə

Heminqueylə Məhəmməd peyğəmbər eyni hekayədə
15 fevral 2017
# 11:38

Ülvi Babasoy

İnformasiya dövrün əsas universumudur. Mənəvi, etik və estetik kapital da, iqtisadi tərbiyə də var olmaq üçün təzə informasiya tələb edir. Lap köhnəyə də can vermək olar. Ən azı yeni formatda. Elm sirri aşkara çıxarır. Dünyanın sehri pozulur. Artıq vahid ideya və düşüncə əsas deyil. Rəngli, palimpsest məlumat özündən qatbaqat maraqlı və çoxsəsli fikir yaradır. Çağın təhsili və iqtisadiyyatı da polifonikdir. Şəxslər aparıcı qüvvə olmaq mövqeyini itirib... Sənətdə də elədir. Dünyada və yaşamda maraq oyatmaq üçün köhnə hekayə və romanlar yenidən transformasiya edilir. Özü də təzə yazılan mətndə həzm olunaraq. İncəsənətdə keçmiş-indi-gələcək bir-birinə qarışır. Yazı sənəti də retrospektiv ritual və məzmundadır. Hətta, tarixi hadisələr belə. Dini və mifoloji əhvalatlar da. Və Mirmehdi Ağaoğlunun “85-ci gün” hekayəsi buna yaxşı nümunədir. Hekayənin sənət dəyəri həm də onun süjet və məzmunundakı yeni təcrübəylə bağlıdır. Mətnlər və sənətlər arasında gəzişmələr ustacadır. Kollaj hekayədir “85-ci gün”.

Heminqueyin “Qoca və dəniz” romanı dekonstruksiya edilir. Çevrilmə hadisəsi baş verir. Kafkaist atmosfer yaranır. Ancaq başqa sənət eksperimenti aparılır. Qoca balıqçı Santyaqo və balaca Manolin hörümçəyə dönür “85-ci gün”də. Elə bu zaman sürüşüb düşürsən yeddinci əsrin Ərəb yarımadasına. Hekayənin zaman qrafiki çaparaq dəyişir. Keçmişdən gələcəyə yox, gələcəkdən keçmişə sarı. Diaxrondu. Məhəmməd peyğəmbər onu təqib edən düşmənlərindən qaçıb mağaraya sığınıb. Qoca hörümçək Santyaqo isə düz 84 gündür ki, şikarsızdı. Üstəlik, ovsuz keçən günlərdə gənc hörümçəklərin dil-ağzına düşüb. İntertekstuallıq ayrı qütblər arasında montaj yaradır. Şərq və Qərb. Fəlsəfə və din. Dinə görə ruzi yalnız tanrının əlindədir. Mirmehdi Ağaoğlu Quran və yaradana sayğıyla yanaşır. Həmin fikirləri sənət və ədəbiyyat miqyasında işləyir. Bu dəyərlər hekayədə əriyir. Estetik zövq və gözəllik duyumu ola bilir... Heminqueyin “Qoca və dəniz” romanı isə zamana rəğmən yaşamağın və mübarizə aparmağın kitabıdır. Qərb fəlsəfəsinə daha yaxındır. Hərəkətə sövq edir. Səy, çalışmaq və özünə güvən. Həyatın müxtəlif yaş dövrləri və köhnələn bədənin acığına əzmli olmaq əsas qayədir.

“85-ci gün” gözlənilməz süjet xətti ilə mətnlərarası əlaqə diaxronu yaradır. Şərqin dini inanc sistemi ilə qərbin sənəti, fəlsəfəsi metatekstual məna daşıyır. Hekayə islam peyğəmbərinin hörümçək əhvalatına yeni şərh və izah gətirir. Şərif Ağayarın “Kərpic kəsən kişinin dastanı” hekayəsindən sonra metatekstual mətn formatı nəsrimizdə özünü yenidən doğruldur. Bütün canlılar bir-birinə yardım etməlidir. Allah dünyada belə bir harmoniya yaradıb. Hər canlının ruzisi böyük ekosistemə, əsarəngiz biosistemə tabedir. Əgər dünyanın təbiiliyi itsə möhtəşəm ahəng pozula bilər. Necə ki, peyğəmbəri öldürmək istəyənlər, kin və nifrətlə yaşayanlar nizam və sahmana müdaxilə edirlər. Fəlsəfə isə deyir: bütün bunlar təbii haldır. Fövqəlbəşər nə isə axtarmağa gərək yoxdu. Və yaxud daha soyuq və iti suallar verir və rasional cavablar istəyir. Mirmehdi Şərq və Qərbi bir-birindən ayırmır. Çünki onu maraqlandıran real və irreal hadisə və yozumlardan çoxsəsli sənət yaratmaqdı. Vahid bir fikir və düşüncəyə xidmət etməyən hekayə. Axı təksəsli, alternativ mütaliəyə rəvac verməyən mətnlər ölüb.

Hər sənətkar bu və ya digər dərəcədə bir-birini tamamlayan ritualın, yazı arxetipinin davamıdır. “85-ci gün” tarix, din və ədəbiyyat arasında intertekstual ünsiyyət qurur. Tanrının kitabı Quranda irəli və geriyə sıçrayan əsatirlər kimi. Tanrı, Heminquey və Mirmehdi arasında virtual rabitə yaranır. Yazı əlaqəsi. Sadəcə bir yol qalır. “Oxumaq”. Yazıda var olan dəyərləri anlamaq, oxumaq və sənətin kəşf tarixinə daxil olmaq. Niyə? Nə üçün? Axı Quranda-tanrının kitabında dünyanın xariqəliyi, yaşam barədə qaydalar və başqa gözəlliklər... yazılıb. İnsan da həyatı bir az daha gözəl və anlamlı etmək üçün yazır. “85-ci gün” virtual sənət dünyasında köhnəyə can verən və eyni zamanda keçmiş hadisəylə, qədim mətnlə özünə daha geniş mənalar qazandıran və heyrətləndirən hekayədir. Mirmehdi Ağaoğlunun yetkin əsəridir. Dil səliqəli və tarımlı. Struktur fərqli. İdeya və estetika xəritəsi 7-ci əsrdən 21-ci yüz ilə qədər uzanır... Qalanı... qalanı isə oxucuya qalsın.

“Ədəbiyyat qəzeti”

# 1417 dəfə oxunub

Müəllifin son yazıları

# # #