"Qız uşaqlarını niyə abort etdirmək lazımdır?"

"Qız uşaqlarını niyə abort etdirmək lazımdır?"
27 oktyabr 2023
# 15:44

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Sizə bir yaxşı, bir də pis xəbərim var.

Yaxşı xəbərdən başlayıram:

“Azərbaycan Dünya ölkələri arasında “birinci” sıradadır”.

Pis xəbəri deyirəm:

Birinci verdiyim yaxşı xəbərdə “selektiv aborta görə” hissəsini yazmamışam.

Hə, Azərbaycan selektiv aborta görə Dünya ölkələri arasında birinci yerdədir.

“Selektiv abort” ifadəsini anlamayanlar üçün izah da edə bilərəm.

Yəni adamlar UZİ aparatında ana bətnində olan körpənin cinsiyyətini öyrənirlər və əgər uşaq qızdırsa, onu ana bətnindəcə qətlə yetirirlər.

Ümid edirəm ki, artıq izaha ehtiyac yoxdur.

İl olub 2023 və azərbaycanlılar qız uşağını abort etdirirlər.

Gedib o adamların yaxasından tutub bir-bir soruşmaq lazımdır: “NİYƏ?!”

Niyə belə edirsiniz?

Sizin qız uşaqları ilə nə probleminiz var?

Sizi narahat edən nədir?

Mənə çox maraqlıdır, o adamların bu suala verəcəyi cavab nə olacaq?

“Qız uşağı problemdi dəə”

“Qızı necə ərə verəcəm?”

“Cehizini necə alacam?”

“Kişi adamın oğlu olar!”

Bunu deyəcəklər də.

Nə deyəcəklər başqa?

“Mən istəyirəm nəslimin davamçısı olsun!”

Ay debil, sən kimsən axı nəslin də davam eləsin?!

Sultan Süleymansan sən, Malkolm X-sən, ya kimsən?!

Sənin özündən nə fayda gördü ki bu dünya, bu ölkə, qohum-əqrəban, qonum-qonşun ki, hələ nəslini davam etdirməyi də düşünürsən?

Nə sayırsan özünü?

Uşağı cinsiyyətinə görə abort etdirən “adam”ın elə nəsli kəsilsə yaxşıdır axı.

Üzr istəyirəm, yenə əsəbiləşdim.

Ümumiyyətlə, istəməzdim ki, belə iyrənc mövzuda nəsə yazmağa məcbur olum.

Məni yandıran odur ki, sonra biz (yəni azərbaycanlılar) sübut etməyə çalışırıq ki, dünyanın ən ali, ən möhtəşəm xalqıyıq. Özümüzü bu cür yalanlarla aldadırıq.

Nə alilik?

Hansı möhtəşəmlik?

Qız uşağını ana bətnində qətlə yetirən adamlar necə özlərini ali və möhtəşəm adlandıra bilirlər?

1400 il öncəki ərəblərin “Cahiliyyə” dövründən nə fərqi oldu cəmiyyətimizin?

Məncə, bu qədər bəsdir.

Daha özümüzü aldatmayaq.

Afrikada qabağına əncir yarpağı bağlayıb, əllərində ox, nizə ilə gəzən yamyam qəbilələr azca özlərinə əl gəzdirsələr, bizimlə eyni səviyyədədilər.

Ayıb olsun bizə!

Hamımıza!

Ayıb olsun ki, min il qabaq keçməli olduğumuz mərhələlər bizimçün hələ də aktualdır.

# 2365 dəfə oxunub

Müəllifin son yazıları

# # #