Kulis.az “Sözün Güneyi” layihəsindən Güney Azərbaycanın Culfa şəhərindən olan tanınmış şair Duman Ərdəmin şeirlərini təqdim edir.
Duman Ərdəm 1983-cü ildə doğulub. Dörd şeir toplusu İranda yayımlanıb və bəzi əsərləri fars dilinə çevrilib. İran mətbuatında bədii yazıları və məqalələri çap olmuşdur. İndilikdə mədəni-ictimai “BAN” dərgisinin yazar heyətini üzvüdür.
Adını sən qoy...
İlk dəfə bir quşcuğaz pırıldayar göy üzünə 
Bir tənhalıq diksinər oturduğu səsin kölgəsindən
Bir quşcuğaz pırıldayar göy üzünə 
Bir tənhalıq düşdü qanadından küçənin ortasına 
Hər kəsin edə bilmədiyi intiharları alar boynuna 
İlk dəfə bir quşcığaz pırıldayar göy üzünə 
Gözlərimdə uçduğu yoldan qayıdıram özümə
Günəş yoxdu orada,
Ay yoxdu orada
Günəş olmayacaq orada,
Ay olmayacaq
Sünbüllər gümüş rəngində 
İlk dəfə bir quşcuğaz pırıldayar göy üzünə 
Quş yuvaları oturub ağlayar çarəsiz-çarəsiz 
Orada bir qoca var sükutun eşidilməyən qayasında oturar 
Gah qadını ölür, gah özü, gah kölgəsi
Sükutun gümüş rəngində sünbüllərini danışar 
Danışar ki: Oğul, kimsə dindən dönüb şeirə inanmayacaq 
Ölümün dik durduğu yerdə -
İlk dəfə bir quşcuğaz pırıldayar göy üzünə 
Mən özümdən qayıdıram gözlərimə,
Mən gözlərimdən qayıdıram göy üzünə
Əllərimdə kəlmələrlə dolu boğçalar var
Siz adını şeir qoyursunuz
“Mim” üçün dörd fəsil
Mən doğulmamışdım o gecə ölümümdən sonraydı
Əllərin baharın göndərdiyi məktub
Əllərin gəldi,
Əllərin qış bütünlüyü ilə geri çəkildi 
Mən qaranlıq quyuydum anamın bətnində
Bir quşun ölümüydüm atamın fikrində
Əllərin gətirdi burasızlığa 
Zaman Tanrının ovcudur 
Mən yeriyirəmsə Allahın əlində
Zaman damla-damla alır azalır 
Azalıram mən
Yerdə qalan bu.
Öldürürsən.
Bütün buludlar bir gün töküləcək
Bütün ağaclar yarpaq işindən istefa verəcək
Əsirsən,
Xəzəllərini axşamın altına gömürsən
Qış əllərinin üstüdür geri dönür unutdurursan 
“Mim” üçün bir ovuc payız...
Buludlar süzür gedir 
Sular axır gedir
Biz bəs nədən hələ də durub baxırıq? 
Nəsiminin soyulmuş dərisi üstə 
Hələ də yeni şeir formaları yazılır
Şairlərin o dəridən geydiyi köynək 
Hər yaz daha kiçilir 
Nə olsun ki qalalar yıxılır
Sərkərdələr yıxılır 
Ancaq saçların şeirin son bayrağıdır, yellər əsdirir
Düşmüş cənazələrin üstünə
 Qucağından başqa vətən varımı? Göstər! 
İynəylə gor qazaram
Bütün məzarlarında hər gecə uzanıb ölərəm
Buludlar qayıtsın,
Sular qayıtsın 
Mən burada durmuşam!..  
***
Budaqlarımıza qonan qarğalar,
Oğurladılar yarpağımızın rəngini
Əiyilib qulağıma dedi bunu bir qoca söyüd
Gülüstan bağında hələ bir əbədi müsabiqə var 
Dedi, Təbrizin adamlarıyla qarğaların arasında 
Qədimliyin, birinciliyin yarışı
Birdə baxdı qoca söyüd 
Bir yarpaq daha dedi: 
Hamı erkən, aclığın növbəsində durur 
Bu qədim çörəkxanada
Hamı yubanır, hamı qocalır 
Hələ də arzuların xəmiri salınmayır... 
Əyilib dedi qoca söyüd, 
Bu bazarda alan yoxdur, 
Onunçün hamı gecə-gündüz satır 
Və eşq hamıdan qabaq qapısını bağlayır 
Gülüstan bağının ortasında
Hamı öz başına fırlanır 
Ağaclar, adamlar, qarğalar
Və yağan qar dənələri gəlib qonur
Gecədən qalma köhnə sükutuma
Mən öz sükutumu bağırıram
Öz içimdəki quyuya!
Mən düşüb boğuluram özümün qaranlığımda 
Və Təbriz sevgilisinə pul toplamaqçün özünü satır...
Yaşamaq uçun gecələr “Vadi rəhmət” məzarlığında yatır.
Uzaqlarda görünməz bir qadının görünməz gözlərindən 
Yağmayan qara bulud
Gəlir şeirimin üstünə ağlayır  
Və ayrılıq sevgini yerləşdirmək üçün,
Bu fəsil özünə kirayə bir daxma axtarır...  
***
İçinə gömdü öz məqtulunu qatil 
Yarası vardı bu şəhər boyu
Öz yarasına məlhəm qoydu onu
Yarasına duz səpdi məqtulunu qatil 
Məqtul, ölümün qatilə verdiyi qara xəbərdir  
Sazın tellərində tabut nəfəsi 
Səsin yatağına girmiş ahəngdir
Bu gecə bir kəlmə uduram balıq kimi
Bu gecə bir qız uşağı oluram içimdə 
Ölümə qələbə çalmaqdır qız uşağının baxışı
Yol gedirəm gecə-gündüz 
Oradan-oraya
Buradan-buraya 
Qatardan-qatara 
Adəmdən-Həvvaya...
Yol gedirəm öz içimdə 
Şeirdən-şeirə!
Şeir, intihar çiçəyinin tarixi məbədidir...
Öz önündə diz çökmək üçün  
Uça bilməyən bir quşun uça bilməməyidir
Yerdə qalan bir quş vardırsa 
Niyə şeir yazıram asimana? 
Bunun üçün məni öldürərkən gözlərinə göm 
Yasımı saxla hər yağış çağı
Sazını çal ey səsin sözü 
Sevgi sözünü unudan şeirlər
Hərflərin qaynanasıdır.  
Belinə saplanan xəncər,
Sükutun nəbzidir 
Hamının uzağında
Hamının o biri dünyasında 
Onun üçün bütün ölülərin cənazəsiyəm -
Dirilərin qəbristanlığı
Sazını çal ey səsin sözü
Ay işığına salam ver hər sabah
De ki, bu kölgənin sonu qaranlıqdır
De kim bu qaranlığı biçdi əynimə?
kim yalqızlıq dolusu bu çantanı verdi əlimə? 
De kim bu kölgələri tökdü ətəyimə?
Mən onu axtarıram onu axtarıram
Şeirlərimi tüpürəm üzünə  
***
Qalanın yan tərəfində Bidel kafesindəyik
Deyirik ki bu qala kordur kor!
Heç nəyi görmür 
Necə də sükut rəngində durnaları,
İşığın qusduğu pişik balalarını,
Öz qaranlığında quylayır, gömür... 
Deyirik ki, əlini tənhalığın belinə dolayan payız! 
Neçə il qabaq qış idi qocaldı,
Əsnəməkdən yarpaği töküldü 
Ağacların beli büküldü.
Deyirik ki, ağcaların yuxusuyla şairlərin ayıqlığı arasında 
Bir yalqızlıq fasilə var. 
Kağızla qələm arasındakı əbədi boşluq qədər...
Deyirik ki, avtobuslara doldurulmuş
Səs rəngində durna kölgələrinin 
Son məqsədi, son fəsli, son duracağı haradır?
Şayəd harda duşsələr payız elə oradır... 
Deyirik ki, baharda təksən tək,
Yayda cəmlənirsən quşla, qönçə ilə
Bir başqa bədənlə payızda əskilir!
Qışda bitirsən, unudulursan
Yağan qap-qara qarın hərarətində... 
Apağ göbələklər bitir çölün yuxusuna 
Qap-qara tulalar tutur payız paçasına 
Onunçün bir az iztirablıdır
Bir az qəmli, bir az qırmızıdır, bir az sarımtıl....
Deyirik ki, gör necə də qaş-qabaqlı bu cümələr!
Əyilib hörmət edir payız rəngli qalaya... 
Əbədi rüşvətidir masaaltı hörmətidir cümələrin qalaya!
Bütün bankomatlar pulsuzluq verir
Bir az aclıq bir az ayrılıq 
Bütün xiyabanlar bütün yollar gəlməmək feilinə çevrilir 
Gəlməməyi gözləmək
Bunu kim bilir?
Deyirik ki, uçan durnaların səsində məmləkətin xəritəsi var
Bəs şəhid olan şairlərin başmaqlarında nə var?
Cəhənnəm var şeir kitablarında
Cəsədlər var şeir kitablarında
Tarix boyu sətirlərdən, 
Sözlərin cəngindən
Asılmış şairlər var şeir kitablarında
Nə başları dəyir göy üzünə
Nə ayaqları vətənə... 
Əsən bir payız yeli yığıb şəhidləri cibinə aparır
Aparır külək 
Hardasa küçədə oynayan bir uşağın qucağına 
Kəndlərin qocalmış meydançasına bir şairin dəsmalı düşür  
***
Atlar kişnədi getdi, səsi qaldı 
Qılınclar yardı getdi, qanı qaldı
Nal səsi yaraq səsi yağdı göylərdən
Qan səsi yağdı göylərdən 
Sən yalqız buraxılırkən tarixin sidik küçəsində
Əzəldən saçlarının ümidsizliyini yolursan 
Susmuş iydə ağaclarında qovrulursan 
Anaların küsmüş məməsində yorulursan
Bu gecə lacivərd  ağlayırsan
Ey sevgili vətən,
Mən ki, gözlərin rəngində kostyum geyinəcəkdim
Buludlarını dolduracaqdım ciblərimin astarına
Limon yarpaqları rəngində kıravat taxacaqdım
Sənə qızıl gül gətirəcəkdim Ərkin qabağında 
Gəlsən də gözləyəcəkdim, gəlməsən də.
Görüşünə gələndə hər yer palçıq, sel, zəlzələ 
Maşın düşməz 
Sənədən ayrılanda bütün sarı taksilər siqnal çalır...  
Küçələr bomboş qaldı 
Qapılar qapalı
Pəncərələr anadangəlmə kor 
Ayağım yalın, qollarım bağlı
Gələmədim, 
Yaxınlıqdan uzaqlaşdıq 
Tələsməkdən yubandıq 
Ey sevgili vətən, 
Sənə bayram balıqlarının oynaşdığı bir gölməçənin röyasında 
Sənə Mişov dağının zirvəsi rəngində bir qədəh süzəcəkdim  
Eyvana çıxdım görəm yar gələ
Pəncərədən daş gəlir...  
Nal səsləri qaçır yuxularımda
Hər gəliş bir atlının qamçısı
Hər gediş bir tərk edilişidir, dəyir qəmli üzünə 
Hər ildırım bir hönkürtüdür sümüklərində... 
Divanlarının bürkülü yay gecələrində yatan şeirlər birdən diksinir 
Sənin üzünə dəyən şillə səslərindən 
Tut yarpaqları qorxu gölünə batmış
Ayın sallandığı eyvanlar kimiydin  
Bağçalara açılan eyvanlar kimi... 
Danışmaqdan lal oldular
Eşitməkdən kar oldun danışamadın... 
Ey yalqızlıqların antologiyası vətən
Sükutların albomu, sevgili şərqi...