Unutmur qadınlar, ölüncə xatırlayırlar - Sevinc Elsevərdən yeni şeirlər

Sevinc Elsevər

Sevinc Elsevər

23 yanvar 2023
# 15:10

Kulis.az Sevinc Elsevərin yeni şeirlərini təqdim edir.

Sevgilər gözəlləşsin

küləkdə mehribanlaşır ağaclar
baş-başa verib
bir-birinə həmişəkindən artıq yaxınlaşırlar
bax, bu zərif, nazik ağac
çiyninə qoymuş başını
özündən daha güclü, daha hündür ağacın...
o ağac da gödəkçəsini soyunub
çiyninə atmış elə bil
bürüb-bükmüş üşüyən ağacı
budaqlarıyla
aşağıda skamyada oturan
oğlanın qızı qucaqladığı kimi...

qış gözəl gəlsin
insanları
ağacları
itləri, pişikləri doğmalaşdırsın
çətirlərini
papaqlarını
əlcəklərini
ocaqlarını
bölüşsün adamlar bir-birləriylə
isti şallarını başlarından açıb
nəvələrinin boynuna dolasın mehriban nənələr
sevgilər daha da gözəlləşsin beləcə...



Qar
qar yağdı
qardan heykəllər qoydular
xəyallarındakı xeyirxah adamlara
uşaqlar sevgiylə...


Qaraçı uşağın nəğməsi
oyuncaq tütəyində
ağzına gələni çalır
qarlı havada
musiqi məktəbinin yolunun üstündə
səkidə oturub pul yığan uşaq
mısmırığını sallayaraq gedir
bir uşaq da anasının yanında məktəbə
çiynində də tar

küçəboyu yayılıb
halalca öz nəğməsidir
don vuran əlləriylə çaldığı
Alim Qasımovun muğamları qədər yanğılı
amma adamlar
“qaraçı uşağıdır” deyib
biganə ötürlər yanından...

***
şəhər mərkəzində qurulan yolkanın
ətrafında tutqun üzlü
ciddi adamlar qaynaşırdı
yolkanın da özünün kefini açan lazımdı
çocuqluğumda gördüyüm yolkaların
şənliyi yoxuydu onda
“Şən yolka” nəğməsi üçün darıxırdı bu yolka...

Qız qalasında
pəncərəmin altından
maşınlar şütüyüb keçir
dinləyib maşınların şütüməsini
xəyalıma gətirirəm
dənizin səsini...

dalğaların qoynunda bir gəmidəymiş tək
qulaq kəsilirəm dənizin səsinə
yuxuya gedənə kimi
evim ləpələrin
ətəklərini yuduğu Qız qalası
mən
bu şəhərin
bu qalada unudulmuş
ən qədim sakini...


Ölən güllər
hər qadının əlində
ən azı bir gül ölür...
bəs deyincə sevə bilmədiyi
öldürdüyü gülləri
unutmur qadınlar
ölüncə xatırlayırlar
harda o güldən görsələr
deyirlər yana-yana:
“bu güldən məndə də vardı
baxa bilmədim, qurudu...”
sonra həmin güllə xatirələrini danışırlar
uzun-uzadı
doğma bir adamdan söz açan kimi
kişi öz atından
döyüş yoldaşından
danışan kimi...


***
ayağını ağzına aparıb gəmirir
dadlı olduğunun özü də fərqindədir
böyüklərin oynatmaqdan doymadığı
duz kimi yaladığı körpə...


***
yay bitdi
gül köks ötürdü
uçub gedən kəpənəyin dalınca
külək onun ləçəklərini
kəpənəyin ardınca uçurtdu...

***
pəncərəmə dadandırdığım quşlardan
qapımı tanıtdırdığım pişiklərdən
sevgi ummadığım kimi
gözləntim yoxdur adamlardan
ən doğmalardan da
anamdan da


***
hər gün yolumun üstündə dayanan qarının
dodaqları tərpəndi yüngülcə
hələ əlim cibimə getməmiş
ovcuna pul basmamış
əzbərlədiyi duanı dedi
hamıya necə
mənə də eləcə
qayıdanbaş qadın yerindəydi hələ də
soyuqda və küləkdə
yanından keçdiyimdə
bayaq dediyi duanı təkrar elədi
sivişib yanından ötsəm də
əllərimi ciblərimdən çıxarmadan bu dəfə

“qadının duasını haqq elədimmi
yoxsa bir dualıq borclu qaldım bu qadına?”- düşünüb
narahat oldum ürəyimdə...
bu yaşlı qadın pulla alqış satır
necə ki başqa bir yaşıdı tində oturub balıq satır
bir başqası göyərti
başqa biri də bir qucaq nərgiz...


Həyat meydanı
futbol meydanında
topu var gücüylə qovan
həm də topa çatmaq üçün
dəridən-qabıqdan çıxan futbolçu kimi
yaşayırıq həyat meydanında da
uduzmayaq deyə
süpürləşirik həyatla da...
dörd əllə də sarıla bilməliyik həyata
fit çala-çala
üzü küləyə, yağışa, qara doğru getməyi də
bacarmalıyıq
məqsədsiz
arzusuz
heç bir şey gözləmədən
qürurlu durmalıyıq həyatın qarşısında...


Böyümək
danlanırdıq
döyülürdük
böyümək istəyirdik
səhv eləməkdən
bir fincanı salıb sındırmaqdan
anamızın gülünün budağını qırmaqdan
müəllimimizə səhv cavab verməkdən
səs salıb atamızı yuxudan oyatmaqdan qorxub
böyümək istəyirdik
böyüklərin qəzəbindən qorxub
böyümək istəyirdik
əlimizdən dad edirdi böyüklər
böyüməyimizi
canlarını bizdən qurtarmağı arzu edirdilər
böyümək istəyirdik
azadlıq arzusuyla...

böyüdük böyüməsinə
qırx yaşa çathaçatda anladım ki,
arzusunda olduğumuz böyümək
bu deyilmiş əslində
böyüməmişik
əynimizin
ayaqlarımızın ölçüləri artmış
dişlərimizin sayı çoxalmış
qulaqlarımız yekəlmiş ildən-ilə bir az da
dərdlərimiz böyümüş ən çox
dərdlərimiz...

bəlkə uzaq şəhərlərə səfərə çıxmış
evlərimizdən çox uzağa getmiş
bəlkə ana olmuş, ata olmuşuq bir çoxumuz
ancaq arzusunda olduğumuz böyümək
xəyallarda qalmış hələ də...


# 2942 dəfə oxunub

Müəllifin son yazıları

# # #