Tısbağa şorbası – Sevinc Elsevərdən Yeni Hekayə

Tısbağa şorbası – <span style="color:red;">Sevinc Elsevərdən Yeni Hekayə
30 aprel 2019
# 15:38

Kulis.az Sevinc Elsevərin “Tısbağa şorbası” hekayəsini təqdim edir.

Müzəffər kolların-kosların arası ilə sürünə-sürünə fikirləşirdi: “Ana-bacısı eybəcər olan kişiləri başa düşmək olur. Onlar öz eybəcər analarına, bacılarına baxıb,gözəllə-çirkini ayırd edə bilmirlər, eybəcər qadınlarla evlənirlər. Bəs bu arvadı eybəcər olub, ana-bacısı ay parçası olan kişilərə nə deyəsən? Onların ya gözü kordur, ya da əməllicə tora düşüblər”.

Müzəffər kəndlərində böyük su kanalı tikən xarici şirkətin müdirinin sürücüsü idi. Cənab Brayn ingilis əsilli amerikan idi, hardansa tapdığı Tailand əsilli bir qadınla evlənmişdi. Müzəffərin nəzərində ingilis şefin arvadı qapqara, eybəcər görkəmli bir qadın idi. Müzəffər qara-qara düşünürdü ki, “necə olub ağappaq, mavigözlü Brayn bu qapqara, gecə qabağına çıxsa, qorxub qaçacağın qadınla bir araya gələ bilib? Qadın qohum-əqrəbası da deyil ki, deyəsən, anası bəyənib alıb. Həm də onlarda belə adətlər yoxdur. Orda kişilər arvadlarını özləri seçirlər. Bəlkə arvadının heç havaxt xəyanət etməyəcəyindən, yer üzündə heç bir kişinin bu görkəmdə qadına gözü düşməyəcəyindən arxayın olmaq üçün bu qadınla evlənib? Yox, cənab Brayn belə fikirdə olan adamlara da bənzəmir. Elə qısqanc adam olsa, qadına açıq geyinməyə də icazə verməz. Cənab Brayn bilmir ki, özünü ki çölə qoydu, kişilər itə də tamah salır?!”

Müzəffər gözünü təpədəki çəmənlikdən çəkmədən fikrində aranı dağa, dağı arana aparırdı.

Özü bibisi qızı ilə evlənmişdi. Həm də zorla, dava-qırğınla. Anası ona xalasının qızını almaq istəyirdi. Xalaqızı Müzəffərin ürəyindən deyildi. Müzəffər uşaqlıqdan o qızdan xoşlanmırdı. Ona görə öz aləmində onu bacı yerinə qoymuşdu. Bibisi qızı isə, nağııllardakı on dörd gecəlik ay kimi gözəl idi. Elə bibisi də yaman gözəl qadın idi Müzəffərin. Hərdən o, gizlicə bibisinin gözəlliyi ilə öyünürdü də. Nənəsinin danışdığına görə cavanlığında bibisinin elçiləri qapılarının dabanını çıxarıbmış. Daha beziblərmiş elçilərin qabağına çıxmaqdan. Qızın gözəlliyinin sorağı yeddi mahala yayılıbmış.

Müzəffər elə nənəsinin danışdığı bu əhvalatlardan sonra gözəllik aşiqi olmuşdu. Nənəsinin danışdığı nağıllardakı şah qızları, pərilər də çox gözəl idi. Gözəllik deyiləndə Müzəffər ən çox sifətin gözəlliyini nəzərdə tuturdu, gözəllik kəlməsinin onun üçün başqa bir anlamı yox idi, yaşadığı yerlərdə Müzəffər kimi adamlara “surətpərəst” deyirlər. Bəlkə də o, içi gözəl olanın çölünün də gözəl olduğuna inananlardan idi. O, nənəsinin danışdığı nağılları dinləyəndə ən çox şah qızlarının surətinin xəyalını qurardı. Özü də bu qızların hamısının niyə gözəl olduğu barədə baş sındırardı. Əvvəllər fikirləşirdi ki, ”şah qızları çoxlu bəzək-düzək eləyir, üstü daş-qaşlı, ləl-cəvahiratlı paltarlar geyindiyinə görə gözəl görünürlər.” Sonra öz-özünə dedi ki, “yox, elə olsa, hər yerindən duran gözəl olar. Özü də “gözəllik ondur, doqquzu dondur” kasıbların uydurduğu təsəllidi. Bu fikri gözəl donları, bəzək-düzəkləri olmayan kasıb qızlar uydurublar. Guya donları olsa, elə gözəl olacaqdılar. “Halbuki gözəl olana al da yaraşar, şal da!”- bu, daha doğrudur, əsl yerində deyilməli sözdür”.

Müzəffər özünü qoyurdu nağıllardakı şahların yerinə. Şah olsa, dünyanın ən gözəl qızını axtarıb tapıb, onunla evlənməzdimi? Elə şahlar da həmişə belə eləyiblər. Ən gözəl qızları seçib evləniblər. Ona görə şahların qızları da analarına çəkib, onlar kimi gözəl olub.

Müzəffər gözəl bibisinin gülüzlü qızıyla evlənmək üçün həm anası, həm bacıları, həm xalası, həm də xalası qızıyla mübarizə aparmış, axırda qələbə çalmışdı. Bu qələbə də Müzəffərin bu dünyada qazanmış olduğu ən böyük qələbəsi idi. Anası ər tərəfdən, baldızın qızını evinə gəlin gətirmək istəmirdi. Aman-zaman bircə oğlu vardı, gəlinlik postunu da öz qohumlarından birinə, bacısının qızına vermək istəyirdi. Dərd orası idi ki, anası atasının da beynini yemişdi, ona heç atası da qahmar durmurdu. Bəlkə də kişi öz əziz bacısı qızını əzazil əllərə vermək istəmirdi. Qızı öz arvadından qoruyurdu. Amma adamın başının üstündə Allah var, Müzəffər hələ bircə dəfə də bibisi qızının yamını verməmişdi, onu nə anasına, nə bacılarına əzdirməmişdi. Anası da kəsilə-kəsilə qalırdı, baldızından çəkdiklərini qızından çıxa bilmirdi. Heyif ala bilməməyi də arvadı için-için yandırırdı. Onda anası Müzəffəri doldururdu: “arvadın bir yerə gedəndə yaman çox bəzənir, əzilir-büzülür. Neyniyir o qədər bər-bəzəyi? Özünü kimə göstərir? Sən bilmirsən ki, əsgimiz iylidi, hərənin ağzından bir avaz gəlir bu kənddə?! Elə güdükdədirlər ki, ayağımız büdrəsin”.

Müzəffər bu sözləri nəinki eyninə almırdı, gözəllikdə şah qızlarından əskik olmayan, nənəsinin nağıllarından çıxıb gəlmiş arvadını ovcunda saxlayırdı. İndi cənab Braynın eybəcər arvadı ilə öz arvadını müqayisə edəndə, Müzəffər havalanırdı. Bu qədər eybəcər qadınla necə evlənmək olar? Görəsən, bu cənab Brayn ömründə bir dəfə də olsun nağıl dinləmişmi? Ona heç nənəsi gözəl qızlardan, pərilərdən nağıllar danışmayıb?

Müzəffər bəlkə də Tailand qızının eybəcərliyi barədə belə dərindən düşünməzdi, amma onun ucbatından hansı məcburiyyətlər qarşısında qaldığını xatırladıqca, hirsindən söyürdü də. “Yüz faiz ilan-qurbağa yeməkdən bu günə düşüb. Nolacaq? Adam nə qədər qurbağa yeyər? Axırı dönüb qurbağa olar da! Bunun doğduğu nə olacaq? Bizim arvadlar hamilə olanda gül kimi dovşanın ətini yeməyə qorxurlar”.

Müzəffərin ehtimalına görə, Tailand qızı da hamilə idi, ona görə tısbağa şorbası yeməkdə bu qədər israr eləmişdi. Ucqar bir əyalətdə, balaca bir müsəlman kəndində də tısbağadan kim şorba bişirirdi?

Cənab Brayn dərdini açıb Müzəffərə deyəndə, ondan kömək istəyəndə, Müzəffər əvvəlcə heç düşünmədən hırıldayaraq dedi: -“Tısbağadan bol bizim kənddə nə var ki? Tısbağa deyirsən, tutum gətirim”.

Uşaqlıqda arxın kənarlarında tısbağaları çox görmüşdü, o qədər daşlamışdı ki onları. Balaca çaylaq daşları ilə çanaqlarını daşa tuturdular, tısbağalar da canlarını götürüb qaçır, şappıltıyla suya düşürdülər. Ağlı getdi o tısbağalara. Amma sonra öyrəndi ki, Tailand qızının yemək istədiyi tısbağa üstü qurbağa zibili ilə dolu, camaatın kanalizasiyasını axıtdığı arxda yaşamır, təmiz çəmənliklərdə müdrik ağsaqqallar kimi ləng-ləng ömür sürür.

Tısbağanı gəzə-gəzə Müzəffər acı-acı onun halına yanırdı. Gör ha, azərbaycanlı tısbağa olaraq, bizim tısbağalar necə də xoşbəxtdi. Bizim millət tısbağa əti yemir. Düzdü, tülkülər, qarğalar, yırtıcı quşlar tısbağaları ovlayırlar. Amma ən qorxulu ovçular insanlardı. Bizim tamah elədiyimiz canlı bədbəxt olur bu yer üzündə. Nənəsinin danışdığı rəvayətfason bir əhvalatı xatırladı elə bu yerdə: “Bir gün qarğanın balası mollanın arvadının həyətdəki talvardan asdığı pendirdən bir parça oğurlayıb qaçır, anasına gətirir. Anası balasının tək ova getməyindən narahat olub, onu sorğu-suala tutur: - ay bala, bu boyda pendiri hardan tapıb gətirmisən? Bala qarğa mollanın evini göstərib deyir ki, ordan. Qarğa təşvişə düşür: Ay bala, molla xəbər tutmamış pendiri aparıb yerinə qoymaq lazımdı. Yoxsa molla qisas almaq üçün qarğanın ətini halal buyurar, onda qanımız gedər! Qoy oturmuşuq oturduğumuz yerdə!”...

Evdə uşaq demişdi, yoxsa televizordan eşitmişdi, tısbağaların sayı azaldığından, bir çox növü qırmızı kitaba düşdüyündən, tısbağa ovlamağın qanunsuz hərəkət olduğunu da bilirdi. Ona görə sürünə-sürünə tısbağa axtarırdı. Axırıncı dəfə bu cür əsgərlikdə olanda sürünmüşdü. Heç onda bu dərəcədə qorxmurdu, əli-ayağı əsmirdi bu qədər. Erməni tutmağı məşq eləmək, hətta ovlamaq -orda, cəbhə bölgəsində qanuni idi, amma tısbağa tutmaq qanunsuz iş idi. Bir işi qanunsuzluq qədər heç nə təhlükəli və həyəcanlı eləmirdi.

Qurbanıyla rastlaşan kimi Müzəffər möhkəm həyəcanlandı, onun ürəyi şiddətlə döyünməyə başladı. Bilmirdi tısbağa axtarmaqdan canı qurtardığına sevinsin, yoxsa bu yazıq tısbağaya kədərlənsin. Sən öz doğma çəmənliyində azad-xürrəm, heç nədən xəbərsiz, qayğısız yaşa! Yazın gəlişinə şadlan, cütləş, kim bilir yumurta qoy, bala gözlə! Amma hardansa azıb-tazıb gələn eybəcər bir Tailand qızı sənin ağ ətindən qara delikates istəsin?

Heç rəvadırmı? Belə qismət, belə tale, belə bəxt də olarmı? Müzəffərin tısbağaya ürəyi elə yandı, qəhərləndi də, boğazı bu qəhərdən acışdı da. Əvvəllər bu cür o, nənəsinin nağıllarında hamilə analarının ətini yeməyə yeriklədiyi uşaqlara yanmışdı. Hətta anası özündən balaca bacısına hamilə qalanda uşaq doğuluncaya qədər hər gecə qorxulu yuxular görmüşdü. Elə bilmişdi , bir gün öz anası da onun ətini yeməyə iştahlanacaq.

Müzəffərin özü-özünü sakitləşdirməkdən başqa çarəsi yox idi: “Bu tısbağa yazıqdı, bəs bizim yediyimiz qoyunlar, quzular, keçilər, toyuqlar, ördəklər yazıq deyil? Allah heyvanı yaradıb ki, insan yesin. Güclülər zəifləri yeyirlər. Şir ceyranı yeyir, canavar dovşanı, insan qoyunu, hətta tısbağanı. Əşi, bu tısbağa özü də soxulcanları yeyir. Onlar da canlıdı da! Soxulcanların canı qurtarar!” .

Bu fikirlərlə Müzəffər özünü ələ alaraq, dalınca çox da qaçmadan kəndinin, mahalının ən bədbəxt tısbağasını tutub, çiynindən asdığı çantaya qoydu. Yazıq, yetim tısbağa başını və ayaqlarını çanağının altına çəkərək, elə bildi ki, təhlükəsizlikdədi. Tısbağanın öz çanağına bu qədər etibar eləməsi Müzəffəri təsirləndirdi. “Bu çanaq səni qoruya bilməz, ay yetim! Sənsə, bu çanağa indi dünyada hər şeydən çox inanırsan!” –deyə pıçıldadı.

Müzəffər içində tısbağa olan çantanı maşının yük yerində qoyub, sükanın arxasına keçəndən sonra keçirdiyi bütün hissləri unutmuşdu. Maşının açıq pəncərəsindən vuran yaz yeli onun üz-gözünü oxşayır, dünyanın, təbiətin, yaşamağın gözəlliyi haqqında düşüncələr gətirirdi. O yandan da cənab Braynın tısbağanın əvəzinə vəd elədiyi diri əlli manatlığı da gözünün qabağına gətirib, sevinirdi. O əlli manatın əlli min dərdi olsa da, Müzəffərin kefi yerində idi, bacısı oğluna yazdırtdırdığı fləş kartı qoşmuşdu, Sibel Can mahnı oxuyurdu: “Bu devirde kimse sultan değil, hükümdar değil, bezirgan değil. Bu kadar güvenme hiç kendine, kimse şah değil, padişah değil” .

Müzəffər elə Sibel Canın da gözəlliyinə heyran idi.

Ertəsi gün Müzəffər cənab Braynın yaşadığı ikimərtəbəli kənd evinin həyətinə girəndə, həyətdəki talvarın altındakı kiçik teştin içində tısbağanın qalıqlarını gördü. Maraq üçün artıq yiyəsiz qalmış çanağı qaldırıb baxdı, tısbağanın qabırğaları onu kövrəltdi. Uzunömürlü heyvan olduğunu bilirdi, öz-özünə fikirləşdi ki, yaşayasaydı, kim bilir indən belə bir iyirmi, otuz il də yaşayacaqdı. Cavan dayısı rəhmətə gedəndə də, onu hər şeydən çox bu, kədərləndirmişdi. Dayısının hələ uzun illər yaşamaq ehtimalının olmağı!

Əlinin altında da təsadüfən bir qarışqa əziləndə, şappıltıyla vurub öldürdüyü milçəyin ölüsü kədərli görünəndə, özünü belə təsəlli edirdi: onsuz da burdan-bura iki-üç gün ömrü vardı. Ömrü qısa olan həşəratları öldürəndə vicdan hissi olmurdu. Onlara təbiət onsuz da haqsız davranmışdı, başqalarına otuz, qırx, yetmiş il ömür verdiyi halda, kəpənəyə üç günlük həyat vermişdi.

Bir cavan öləndə də adamlar bu fikirlərlə daha çox kədərlənirlər. Müzəffərin tutub gətirdiyi, Tailand qızının bişirib yediyi tısbağanın da qarşısında bığıburma bir igidin ömrü vardı. Müzəffər indi o illərə yanırdı.

# 4750 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #