Duyğusal pornoqrafiya

 Duyğusal pornoqrafiya
13 noyabr 2012
# 08:00

Azərbaycanda Facebook istifadəçilərinin profilləri kədər orgiyasıdır. Burda ən çox mövzusu tənhalıq, uğursuz sevgi, həsrət, nostalji olan statuslar, şeirlər, duyğusal yazılar paylaşılır. Ailəli, subay, gənc, yaşlı fərq etməz, həmin paylaşmalara entuziazmla, sezilən aclıqla şərhlər yazır, müzakirələr aparırlar. Xüsusən də yazarların statuslarından minor hisslər, həsrət, tənhalıq yağışı yağır. İnsanlar sevgi aclığını (bəzən seksual aclıq kimi də oxumaq olar), təkliklərini lirik statuslarla doyurur, qüssələrini yumağa cəhd edirlər.

İztirablı statuslar toplumda, xüsusən də qadın-kişi münasibətlərində sevgisizlik və ya sevgi təminatsızlığı faktorunu aşkara çıxarır. Və sevgisizliyin sublimativ ifadəsi yazılara, statuslara, şərhlərə hopur.

Facebook profili fərdlərin şəxsi ərazisidir, hamının hisslərini, düşündüyünü bölüşmək ehtiyacı, haqqı var. Mən belə hansısa misra, fikir xoşuma gələndə paylaşıram.

İndiki halda söhbət istifadəçilərin sosial şəbəkədə ölçü tanımayan ağrı, iztirab kimi məhrəm yaşantılarını sürəkli bölüşməsindən gedir. Asanlıqla unudulub gedən həmin statuslarda böyük hisslər aşırı lokallaşdırılır, dəyərdən salınır, adamı kədərdən də, sevgidən də iyrəndirir, bütün bunlar başqa istifadəçilərin əhvalına müdaxilə edir.

Deyək ki, Facebookda kiminsə 1500-2000 nəfər “dostu” var. Zira, bunun formal dostluq olduğunu hamımız bilirik. Gerçəkdə onlardan olsa-olsa maksimum yüzünü tanıyırıq. Məhrəm duyğuları, ruhunu hər insan qarşısında trivialca lüt-üryan etmək xoş görünmür. Çılpaqlaşmış tənhalıq, ruh və məhrəmliyi qəlbdən geniş məkana sanki satışa çıxarmaq, mərhəmət ummaq pornoqrafik effekt verir. Niyə, dost siyahınızda olan adamlar təhtəlşüurunuzdan, komplekslərinizdən axan hər cür zir-zibili oxumalıdır? Kimsə mütləq “oxuma” deyəcək. Amma Facebookun ümumi səhifəsinə nəzər salanda istər-istəməz o statuslar ani də olsa gözə tuş gəlir.

Normal halda ağrımızı bir neçə ən yaxın dostumuzla bölüşürük. Görüşməyə vaxt yoxdusa, bunun üçün çat, “inboks”, mobil telefon var.

Yazar dostlarımız dünyasını dəyişəndə, Facebook yas məclisinə çevirilir. Kimsənin hazır olmadığı gözlənilməz itkilərdən mən də sarsılıram. Hərçənd, Facebooka baxanda bir az başqa təsəvvür yaranır. Məsələn, təsəvvür yaranır ki, kimlər üçünsə itkilər fərdi kədərini çölə atmaq, eqosunu önə çəkmək fürsətidir. Onların yozumundakı ağrı, sarsıntı nəsə başqa şəkil alır - maddiləşir, irinli ifrazata çevrilir.

Facebookda, xüsusən də söz adamlarının kədəri, ölümü urvatdan salmasına - dünyayla vidalaşanın ruhuna sayğısızlığına, nümayişkaranə “kədərli” mesajlarına və ya özlərinin tənha, kədərli obrazını yaratmaq cəhdlərinə heç bir halda tolerant deyiləm.

Bəzən elə vəziyyət olur ki, tanımadığın adamla ağrını bölüşmək istəyirsən. Fəqət, bu növ istək intensivləşirsə, yaxud, adam günün 24 saatını Facebookda kədər produktivliyini maksimuma çatdırırsa, demək, ciddi problemləri var, rasionallığını itirib, hisslərində azıb, vəziyyətdən çıxış yolunu məntiqlə yox, emosiyalarla tapmağa ümid edir. O, psixi durumunu düzənə salmaq üçün Facebookda veyillənmək, digər istifadəçiləri də qara enerjisi ilə yükləmək əvəzinə, mütəxəssisə müraciət etməlidir. Hərçənd, müşahidələrimə görə, Facebookda belə davamlı paylaşmalar bu enerji vampirlərinin vərdişinə, həyat tərzinə çevrilib. Mənə hərdən elə gəlir ki, onlar Facebookda yatıb dururlar, bu virtual aləmdə sevişirlər, orqazma çatırlar, yeyib-içirlər, tualetə gedirlər.

Yazar dost-tanışlara ağrılarını, kədərlərini (əlbəttə ki, o, dərin və əsaslıdırsa) banal statuslara, ucuz söz yığnağına yox, konseptual, sanballı, ifadə forması orijinal olan əsərlərə çevirmələrini arzulayıram. Necə ki, İsabel Allendenin kədəri “Ruhlar evi” romanına, Tıkverin ağrısı “Üç”, Trierin depressiyası “Antixrist” filminə çevrildi.

# 5269 dəfə oxunub

Müəllifin son yazıları

# # #