Mirşahinin Aqşin müsahibəsi: Jurnalist tövbəkar keşiş obrazında

Mirşahinin Aqşin müsahibəsi: Jurnalist tövbəkar keşiş obrazında
17 iyun 2014
# 13:40

Sevda SULTANOVA

Dünya kinosuna “On iki qəzəbli kişi” kimi unikal film bəxş etmiş amerikalı rejissor Sidney Lumetin “Teleşəbəkə” adlı maraqlı bir ekran əsəri var.

1976-cı ildə ekranlaşdırılan film televiziyaya kəskin, amansız satiradır.

Süjeti qısaca danışım: Qocaman aparıcı Billin proqramının reytinqi aşağı düşür. Rəhbərlik onu qovmaq istəyir. Qovulmamaq üçün Bill efirdə min bir oyundan çıxır, isterik hərəkətlər eləyir. Amma az sonra proqramın reytinqi yenə aşağı düşür. Televiziyanın prodüserlərindən biri, şöhrətpərəst Dayana proqramın reytinqini qaldırmaq üçün terroristlərlə əlbir olaraq aparıcını canlı efirdə öldürtdürür.

Rejissor mənəvi dəyərləri aşmaq hesabına, nə olursa-olsun reytinq qazanan televiziyanın məkrli, çirkin mahiyyətini göstərir. Hətta “Teleşəbəkə” Lumetin günümüzə öncəgörməsidir.

ANS-in “Hesabat” verilişində Mirşahinin Aqşinlə müsahibəsini dinləyəndə istər-istəməz həmin filmi və onun personajlarını xatırladım.

Əvvəla ondan başlayım ki, insanı yataqda, ağır durumda efirdə milyonlara, özü də çox iri planlarla göstərmək etik qaydaları kobudca pozmaqdır.

Ümumiyyətlə, müsahibə, onun əsas vurğusu, intonasiyası, aparıcının təkəbbürlü, istehzalı manerası, üz ifadəsi sinizmin zirvəsi idi.

Mirşahin müsahibə zamanı jurnalistdən çox sanki ölüm ayağında olan insanı tövbəyə məcbur edən inkvizasiya dövrünün cəllad-keşişinə bənzəyirdi.

Hətta daha sərt desəm, müəyyən anlamda Əzrayılın yerdə missiyasını yerinə yetirən kölgəsi təəssüratını yaradırdı.

Mirşahin müsahibəyə belə girişlə başlayır: “Allaha inanmaq lazımdır, inanmayanda yaşamaq da, ölmək də çətin olur... Aqşinin ölümdən qorxduğunu və necə qorxduğunu öz gözlərimlə gördüm”.

İttiham-istehza girişi ilə aparıcı öz məqsədini əvvəlcədən bəlli edir: O, xəstəyə qəddarcasına hər an ölümü xatırladır. Başqa cür desək, ölüm müsahibəsinin ana xəttidir. O, Aqşinin zəifliyindən, kövrəlməyindən zövq alır, hər sualı ölümə bağlayır. Xəstə adamla ölüm üzərində dini-fəlsəfi gəzişmələrə cəhd edir.

Bu azmış kimi Sabirdən tutmuş Əli Kərimə qədər hamının xəstəliyini sadalayır və “Mən səndə hər şairin ölümünü bir az axtardım və tapdım” deyir.

“Birinci dəfə diaqnozu sənə deyəndə - qaraciyərin serrozu məsələsi ilə bağlı sən başa düşdünmü ki, nə dərəcədə ciddidir xəstəliyin” sualındakı istehzası ilə o, aparıcılıq statusundan çıxaraq, gənci ittiham edən ağsaqqal statusuna daxil olur.

Və bu statusunda onun Nəsimini inancına görə dar ağacına sürükləyən din xadimlərindən heç biri fərqi yoxdur.

Aparıcı növbəti sualını verir: “Ölümün bir addmlığında nə fikirlərşirdin ölüm haqda”?

Aqşin cavab verəndə kövrəlir və o ankı vəziyyətinə Mirşahinin münasibəti, sualı hansı məqsədlə verdiyini aydın edir:

“Maraqlıdir ki, bu suala cavab verəndə Vaqif Səmədoğlu nə kövrəldi, nə həyəcanlandı”.

Daha sonra aparıcı Aqşini o dünyaya inanamaqda suçladı, danladı və əlavə etdi ki, Vaqif ölümdən soyuqqanlı, müdrik danışır. Çünki axirətə, ruhun mütləqliyinə inanır və bəlkə sən də ona görə kövrəlirsən ki, artiq bu dunyada hər şeyin bitdiyini güman edrsən.

Vaqif Səmədoğlu etalon deyil.

İkincisi, Aqşini onunla müqayisə etmək məntiqsizlikdir.

Onların arasında böyük yaş fərqi var, bilmək olmazdı, V. Səmədoğlu onun yaşında bu duruma düşsəydi, olanlara necə reaksiya verərdi.

Bir də ki, insanın ölümdən qorxması onun ən təbii hisslərindən, ən doğal haqlarından biridir. Ona qalsa V.Səmədoğludan böyük şair olan Lorka da ölümdən qorxub. Amma bu, onun yazdıqlarının bədii dəyərini azaltmır. Nazım Hikmət isə yazır: “Nə ölümdən qorxmaq ayıb; Nə də düşünmək ölümü”

Mirşahinin müsahibələri adətən qladiator döyüşünə bənzəyir. O, sualları, intonasiyası ilə müsahiblərini əzmək, həmişə qalib olmaq istəyir. Amma bu müsahibədə qalib ağır vəziyyətində belə öz əqidəsindən dönməyən Aqşindir.

Allaha inanıb inanmaq isə hər insanın, xüsusən də o, yetkin insandırsa, onun şəxsi, məhrəm məsələsədir. Və buna kimsənin müdaxilə eləməyə haqqı yoxdur.

# 5462 dəfə oxunub

Müəllifin son yazıları

# # #