Alman gəncləri də Röya fanatıdı

Alman gəncləri də Röya fanatıdı
13 iyul 2011
# 10:51
Keçən həftə həmkarım Zahir Əzəmətin Facebook-da bir qeydi diqqətimi çəkdi. Söhbət kütləvi mədəniyyətlə yüksək sənətin müqayisəsindən gedirdi: “Bethovenin sənət, Üzeyir Mehdizadənin antisənət olduğunu kim təyin edir? İntellektuallar! Onların seçimində narsizm var. Özlərini fərqli, seçilmiş göstərmək istəyirlər. Elə həmin intellektuallar birinin uzunömürlülüyünü, digərinin tez unudulmasını təmin edirlər. Axı kitablar, media və tarix onların qələmi ilə yazılır. Sadə insanların nə tarixə təsir imkanları, nə də təsir etməyə maraqları var”.

Qeydlərdə mübahisəli, eyni zamanda razılaşdığım məqamlar var.

Çoxdan gəldiyim qənaət isə budur ki, hər bir insan ona rahatlıq gətirəcək, doğma olan musiqini dinləməli, romanı oxumalı, filmi izləməlidir.

Bütün insanlardan? məsələn, Cüzeppe Verdinin musiqisini dinləməyi, Anri Matissin rəsmlərini seyr etməyi, Antonioninin filmlərini izləməyi, Kobo Abenin romanlarını oxumağı gözləmək, arzulamaq... paranoyadır, absurddur.

İllərdir ki, insanların kütləvi mədəniyyətə meylli olması dünyanın hər yerində intellektuallar tərəfindən müzakirə olunur, narazılıqla qarşılanır. Fəqət, barışmaqdan başqa çarə yoxdur. Insanların seçim zövqünə tolerant olmaq, sayğı duymaq demokratiyanın əlamətlərindən biridir.

Belə vəziyyətdə vacib olan başqadır: fərqli zövq sahiblərinin bir-birinin azadlığını tapdamaması.

Deyək ki, avtobusda gedərkən, sürücünün üstünlük verdiyi aşıq havalarını, meyxananı və ya pop musiqini sərnişinlərə dinlətdirmək məcburiyyəti yol verilməzdir, insan haqlarının pozulmasıdır, yumşaq desək, tərbiyəsizlikdir. Eyni şeyi klassik musiqiyə də aid etmək olar.

Bəzilərində yanlış təsəvvür var ki, avropalılar Şərqə nisbətən daha zövqlüdür. Reallıq isə başqadır.

Bir çox alman gənci klassik musiqi həvəskarı deyil. Onlar diskotekalarda ortabab rok musiqisini dinləməyə üstünlük verirlər. Ümumiyyətlə, bu gün ortabab musiqi Avropa gəncinin tutqusuna çevrilib. Onlar saatlarla eyni, monoton musiqini dinləməkdən yorulmurlar.

Indi həmin avropalı gənclə deyək ki, Röyanın fanatı olan gəncin arasında ciddi fərq yoxdur.

Avropa oxucuları maqazin xəbərlərini daha həvəslə oxuyur. Onlara Cim Carmuş yox, Anjelina Coli maraqlıdır.

Kütləvi mədəniyyətə maraq səbəbindən art-house filmləri çəkən rejissorlara prodüserlər böyük maliyyə ayırmaq istəmirlər.

Dünyanın ən varlı rejissorları da kütləvi mədəniyyətə hesablanan filmlər çəkən Ceyms Kameronlardır.

Bir dəfə Lars fon Trierin “Antixrist” filmi ilə bağlı alman qəzetlərindən birində oxucu şərhlərini oxuyurdum. Alman oxucularından biri şərhində Trieri zorakı film çəkdiyinə görə ittiham etmişdi və yazmışdı ki, bizim uşaqlar niyə belə filmlərlə böyüməlidir?

Indi həmin adama necə anladasan ki, “Antixrist” uşaqlar üçün nəzərdə tutulmayıb. Üstəlik, Trier pul qazanmaq üçün hansısa düşük dəhşət filmi çəkən rejissor da deyil, onun filmlərinin ciddi əsası, mesajları var.

Belə insanlara zövq aşılamaq, üstəlik, nəyisə sübut etmək çətin və anlamsızdır. Bu heç lazım da deyil. Onları mühit də dəyişmək gücündə deyil.

Daha bir məsələ var. Təsəvvür edin ki, dünya ancaq klassik musiqi dinləyir... o halda biz yəqin ki, rəngsizlik içində boğulardıq.

Avstriya rejissoru Mixael Hanekenin məşhur «Pianoçu qadın» filmini xatırlayaq.

Rejissor Avstriya cəmiyyətində nöqsan saydığı bir detala eyham vurur: klassik musiqiyə olan sevginin xəstəhal düşgünlüyə çevrilməsinə, onun cəmiyyəti az qala total əsarətində saxlamasına. Avstriya intellektualları klassik musiqiyə mübtəlalığı burjua cəmiyyətindəki rəqabətə bənzədirlər.

Rejissor Avstriyanın bu tutqusundan xilas ola bilmədiyini göstərib. Klassik musiqi onlar üçün bir sənət növü anlamından çıxaraq, daha geniş miqyas alır: insanın dəyər ölçüsünə çevrilir, onun cəmiyyətdəki yerinə, nüfuzuna həlledici təsir edir. Hamı sanki bir-birilə yaxşı musiqiçi olmaq və ya klassik musiqi barədə bilgiləri ilə rəqabət aparır.

Hanekenin narahatlğı əsassız deyil. Klassik musiqiyə mübtəlalıq Avstriyanı zamanında fəlakətə aparmışdı. XIX əsrdə yalnız klassik musiqini və dahi bəstəkarları dəyərləndirən Avstriya dövləti texniki ixtiraları, sənayeni, elmi diqqətdən kənar qoydu və nəticədə 1866-cı ildə müharibədə Prussiyaya məğlub oldu.

Bu halda əsas məsələ balansi saxlamaqdır. Balans itəndə fəlakət baş verir.

Müasir dünyada balansı tənzimləməli olan amillərdən biri televiziyadır. Bütün dünyada televiziya əsasən kütləvi mədəniyyətə xidmət edir. Təsadüfi deyil ki, rus rejissoru Andrey Konçalovski televiziyanı idol istehsal edən zavod adlandırırdı.

Hər halda televiziyalar kütləyə hesablanan proqramlarla bərabər ciddi ictimai, siyasi, sosial, tairixi, mədəni verilişlər istehsalının da çoxaldılmasına çalışırlar. Kütləvi mədəniyyətn basqısının qarşısını almaq üçün ölkə mədəniyyətinə məsul olan şəxslər ciddi sənətə dəstək verir. Amma deyiənlərin cəmiyyətimizə, xüsusən də televiziya məkanına aidiyyatı yoxdur. Çünki Azərbaycan teleməkanı cüzi istisnalarla yalnız və yalnız kütləvi mədəniyyətin çiçəklənməsinə, kök atmasına, xərçəng xəstəliyi kimi yayılmasına xidmət edir.

Bir çox məsələlərin müzakirəsinə mütləq müğənnilər dəvət edilir. Azərbaycanda ictimai rəy, ziyali rəyi, ekspert rəyi deyiləndə yalnız müğənnilərin fikiri nəzərdə tutulur. Və günlərin birində görsəm ki, bizim teleməkan dünyadakı iqtisadi böhran, qloballaşma, Rusiya-Gürcüstan münasibətləri və s. bağlı da ancaq müğənnilərin düşüncəsinə (daha doğrusu düşüncəsizliyi) önəm verir, təəccüblənmərəm.
# 1922 dəfə oxunub

Müəllifin son yazıları

# # #