Məşhur fransız yazıçının terror kabusu İTAƏTKARLIQ

Məşhur fransız yazıçının terror kabusu <span style="color:red;">İTAƏTKARLIQ
22 yanvar 2015
# 13:31

Məşhur fransız yazıçısı Mişel Uelbekin Almaniyanın Köln şəhərinin müsəlman kvartalı – Myülhaymedə oxucularla görüşü olub. O, oxuculara mübahisəli “İtaətkarlıq” romanından parçalar oxuyub.

Xatırladaq ki, M. Uelbekin Fransada qızğın mübahisələr doğuran “İtaətkarlıq” romanı terrorçuların “Charlie Hebdo” jurnalının əməkdaşlarını qətlə yetirdiyi gün çapdan çıxmışdı.

Antiutopiya janrında yazılan kitabda müəllif 2022-ci ildə ölkədə keçirilən prezident seçkilərində müsəlman namizədin prezident seçilməsindən danışır.

Əhvalata görə, müsəlman namizəd millətçilərin lideri Marin le Penə qalib gəlir. Hakimiyyət başına keçən müsəlman prezident əvvəlcə Fransanı, sonra başqa Avropa ölkələrini islamlaşdırmağa başlayır.

Kölndəki görüşün təşkilatçısı “Litcologne” ədəbi festivalı təhlükəsizlik tədbirini gücləndiriblər. Çünki romandan qəzəblənən müsəlman təşkilatları Uelbeki dini ictimaiyyəti təhqir etməkdə və irqçiliyi qızışdırmaqda günahlandırır. Onların fikrincə, romanın adı təxribatdır. Çünki islam kəlməsi ərəbcədə “itaət” anlamını verir. Bu səbəbdən yazıçının Fransada oxucularla görüşü təxirə salınmışdı.

Uelbek Kölndə romanının qiraətindən əvvəl bəyanatla çıxış edib. Deyib ki, onun son kitabı islamofob xarakter daşımır, amma hər kəsin belə kitab yazmağa haqqı var: “Nəsə eləyib qəhrəman olmağa ehtiyac yoxdur. Bəzən inadkar olmaq da kifayətdir”.

Onun fikrincə, bu gün Fransa dərin siyasi böhran yaşayır: “Son 40 ildə sağ radikal “Xalq cəbhəsi”nin güclənməsinin qarşısı alınmayıb. Fransada sağ baxış hökmranlıq edir, amma ölkəyə solçu prezident Fransua Olland rəhbərlik edir”.

“Bu kitab “Xalq cəbhəsi” partiyasının əlinə səbəblər verə bilərmi” sualına yazıçı belə cavab verib: “Hələ heç kəs kitabı oxuyub fikrini dəyişməyib”.

# 945 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #