Qadınlarla kölə kimi davranan dahi

Qadınlarla kölə kimi davranan dahi
8 fevral 2020
# 09:00

Kulis.az “Həyatı film olanlar” layihəsində Pablo Pikasso haqda çəkilmiş “Pikasso ilə həyatı yaşamaq” filmini təqdim edir.

İspan və fransız rəssamı, heykəltəraşı Pablo Pikasso (1881-1973) kubizm cərəyanının yaradıcılarından biridir. O, eyni zamanda sürrealizm, postimpressionizm üslubunda da işləyib. 20 mindən çox əsər işləyən Pikasso XX əsr təsviri sənətinə inkişafına böyük təsir göstərib.

Pikasso haqda müxtəlif sənədli və bədii filmlər çəkilib. Triller janrının ustalarından biri, fransız rejissoru Anri Jorj Kluzo 1955-ci ildə “Pikassonun sirri” adlı sənədli filmi lentə alır. Film rəssamın yaradıcılıq prosesini təsvir edir. İsveç rejissoru Yosta Ekmanın 1978-ci ildə çəkdiyi “Pikassonun macərası” sürreal filmi isə rəssamın uşaqlıq illərindən başlayaraq son günlərini əhatələyir. 2018-ci ildə isə National Geographic telekanalının istehsalı olan “Dahi” serialı yayımlanır. Baş rolu Antonio Banderas oynayır.

Gallery

Layihəmizdə isə amerikalı rejissor Ceyms Ayvorinin 1996-cı ildə ekranlara çıxan “Pikasso ilə həyatı yaşamaq” filmindən danışacağıq. Film Arianna Stassinopulos Haffinqtonun “Pikasso: Yaradan və dağıdan” kitabının əsasında ekranlaşdırılıb. Pikasso rolunu Entoni Hopkins ifa edir və rejissor əsasən rəssamın həyatında olan qadınlarla münasibətinə fokuslanıb. Onun yaradıcılığı isə özəl əhvalatlarda sadəcə fondur. Və Fransuaza Jilo (Nataşa Makelhon) ilə münasibəti süjetdə geniş yer alıb. Film Pikassonun gənc rəssam Fransuaza ilə kafedə tanışlığından başlayır. Zəngin atası (Bob Pek) qızını hüquqşünas görmək istədiyindən onun rəssamlığı seçməsinə qarşı çıxır. Fransuza isə inadkarlıq edir, nəticədə atası onu evdən qovur və nənəsi ( Coan Plaurayt) nəvəsini himayəsinə alır. Sonradan isə onun Pikasso ilə birgə həyatı başlayır.

Gallery

Filmdə fraqmental olaraq Pikassonun sevgililəri və arvadlarından danışılır. Bununla da rejissor arvadbazlığı ilə məşhur olan rəssamı daha yaxından və başqa tərəfdən tanıtmağa çalışır. Biz onu qadın manipulyatoru kimi tanıyırıq. O, qadınları cəzb edir, əsarətində saxlayır, onlara ev heyvanı kimi baxır və qadınlar da öz xoşu ilə onun köləsinə çevrilirlər. Həyatında qadın olsa belə, Pikasso kənarda da münasibətlər qurur, içki məclislərindən qalmır. Bir epizodda onu qısqanan Fransuazaya təpinir ki, o, kimlə istəsə sevişə, gəzə bilər və onun buna qarışmağa haqqı yoxdur. Fransuazanın əsas vəzifəsi isə onun qayğısına qalmaqdır. Rejissor göstərir ki, Pikassonun məsuliyyətsiz, azad davranışı onun həyatında olan qadınların psixi vəziyyətinə pis təsir göstərir. Hətta filmdə onun birinci arvadı, milliyyətcə rus olan Olqa Xoxlova (Ceyn Lapoteyr) Pikassonu, Fransuazanı təqib və təhqir eləyir. Pikasso bir müddət rus teatrı ilə əməkdaşlıq eləmişdi və balerina Olqa Xoxlova ilə burada tanış olmuşdu. Bu nikahdan onların Paulo (Dominik Uest) adlı oğlu doğulur. Fraqmentlərdə Pikassonun Olqanın snobluğundan, yuxarı təbəqəni nümayəndələri olan rusların qatıldığı ziyafətlərdən yorulması göstərilir. Ondan olan oğlunu isə Pikasso o qədər də sevmir, sonralar isə oğlu onun şəxsi sürücüsü işləyir.

Gallery

Mariya Terezadan (Süzanna Harker) isə onun bir qızı vardı. Rəssama hər gün məktublar yazan Mariya Tereza keçmişlə yaşayan, əsəbləri zəif olan biri kimi təsvir olunub.

Maraqlı epizodlardan digəri Pikassonun yeni sevgilisi, fotoqraf Dora (Culiana Mur) ilə Mariya Terezanın rəssamın emalatxanasında qısqanclıqdan əlbəyaxa olmasıdır. Pikasso isə onları laqeydliklə izləyib sonra məşhur “Gernika” əsərini çəkməyinə davam edir. Pikasso Doranı tərk edəndən sonra, qadın psixoz həddinə çatır. O, əsəbdən bıçaqla əllərini kəsir. Qadınlar Pikassodan ayrılsalar belə onun əsarətindən qopa bilmirlər.

Pikassonun manipulyator olduğunu göstərən daha bir epizod filmdə yer alıb. O, ateist olsa da, Fransuazaya kilsədə and içdirir ki, ondan başqa kimi isə sevməsin və onu heç vaxt tərk etməsin.

Gallery

Nəhayət o, sonuncu qadını Jaklinlə (Jaklin həm də, Olqadan sonra onun nikahlı ikinci arvadıdır) 1954-cü ildə tanış olur və Pikasso ömrünün sonunadək onunla yaşayır. Jaklinlə Pikassonun macərasından xəbər tutan Fransuaza iki uşağını da götürərək atasının evinə qayıdır.

Pikasso qadınlarına bahalı hədiyyələr versə də, digər qadınlardan doğulmuş uşaqlarına qayğıkeş ata olsa da, ümumən xəsis idi. O, Fransuazaya xərclik vermirdi və qadın rəsmləri çəkib satmaqla qazanırdı.

“Pikasso ilə həyatı yaşamaq” filminin xüsusi bir özəlliyi yoxdur. Bu, Pikassonun həyatı barədə bədii dillə informasiya verən ekran işidir. Dediyim kimi burada Pikassonun yaradıcılığı sadəcə fondur və əsasən onun həyatına daxil olan qadınların rəssamın yaradıcılığına təsiri filmdə əksini tapıb. Misalçün, Mariya Tereza Valterin sadə gözəlliyi onu valeh etmişdi və Pikasso bu dönəmdə həssas əsərlər çəkirdi: “Yuxu”, “Çılpaq qadın, yaşıl yarpaqlar və büst” və s. Olqa ilə birlikdəliyi zamanı onun portretlərini işləyir.

İkinci Dünya Müharibəsi ərəfəsində Pikassonu Avropanı bürüməkdə olan faşizm narahat edirdi. O, əsərlərində buna birbaşa vurğu etməsə də, tablolarında həyəcan, kədərli ovqatı vardı. Bu səbəbdən onun qaramat əhvalı 1936-cı ildə tanış olduğu Dora Maarın portretlərində də əks olunurdu. “Ağlayan qadın”, “Dora Maarın portreti” bu qəbildəndir.

Gallery

Fransuaza ilə yaşayanda isə o, ailə tabloları çəkir. 1953-cü ildə onlar ayrılır. Pikasso qadının onu tərk etməsi ilə barışa bilmir, mənəvi böhran yaşayır. Və bu illərdə o, ironik manera ilə özünün qocalığını təsvir edir.

Sonuncu sevgilisi və arvadı Jaklin Rokla olduğu müddətdə onun çoxlu portretini çəkir. Portretlərdə Jaklinin üzü təhrif olunur. Sonrakı işlərdə isə qadının üzü, bədəni detallarda daha real şəkildə həllini tapır.

Filmdə rejissorun vurğuladığı əsas məsələlərdən biri Pikassonu olduğu kimi göstərməkdir. Yəni Pikasso xarakter, təbiət etibarilə həm kövrək, həm həssas, həm qəddar, həm çılğın idi. Tanrı sadəcə onu belə yaratmışdı.

# 6127 dəfə oxunub

Müəllifin son yazıları

# # #