Biz nə zaman qul olduq?

Səttar Temuçin

Səttar Temuçin

13 aprel 2023
# 11:20

Kulis.az Səttar Temuçinin “Dövrümüzdə Feodalizm” adlı yazısını təqdim edir.

Yazıya başıma gələn hadisə ilə başlayıb sonra deyingənliyimə davam edəcəm.

Buzovnanın lüks restoranlarının birində ofisiant işləyirdim. İlk olaraq onu deyim ki, ofisiantlıq əla işdir. Həm insanın yemək mədəniyyəti formalaşır, həm də xidmət haqqında yeni nəsə öyrənirsən, yeni insanlar tanıyırsan, müşahidə qabiliyyətin artır və yaradıcı insan üçün hər müştəri bir obraz olur.

Elə bu obrazların biri mənim bu işdən çıxmağıma səbəb oldu.

Restoranın terasındakı 3 gözəl və eleqant xanımın tərzlərindən Sezar salatı və Straqanov yeyəcəklərini təxmin edirdim. Straqanovda yanıldım, amma Sezar təxminimdə yanılmadım. Servisi açdım, yeməkləri gətirdim. Masadan qalxanda xanımın biri mənə yaxınlaşıb bu cümlələri dedi, "Qulluğa görə sağ ol, yaxşı qulluq etdin" və cibimə də bir diri "beşlik" saldı. O ifadədən sonra mən bu beş manatı dirhəm olaraq qəbul etdim. Açığı, heç bilmədim nə deyim. Şüuraltıma "qul", "qulluq" ifadəsi o qədər təsir etdi ki, dilim topuq vurdu. "Çox sağ olun" deyib, damağıma bir siqaret qoydum. "Qul" təfəkkürümü üfürürdüm.

Üzərindən bir-neçə gün keçdikdən sonra işdən ayrıldım. Düşündüm ki, bu sözün alternativləri varmı? "Xidmət" sözü, əslində, daha normal səslənir, amma açıb baxdım ki, izahlı lüğətimizdə "xidmət" sözünün leksik mənasına "müəyyən idarədə, iş yerində qulluq etmək" yazılıb. Yəni yenə də bu sözdən qaçmaq olmur. Sanki dirəşiblər ki, yox e, qulsan ki qul.

Yenə də "xidmət" sözü "qul" sözündən fərqli olaraq dolayı yolla eyni mənanı ifadə etdiyindən daha məqbul hesab oluna bilər. Mənə görə isə "əmək" sözü daha idealdır.

Məsələn, xanım mənə restoranda "Əməyə görə çox sağolun" desəydi, bəlkə də, qulağa yad gəlsə də, daha uyğun olardı.

Əmək sözünün mənası belə izah olunub: İnsanın əqli və cismani gərginlik tələb edən məqsədəuyğun və ictimai cəhətdən faydalı fəaliyyəti; zəhmət.

Ümumiyyətlə, bu sözü "arxaizm" kimi qəbul etməli olduğumuz dövrdə, artıq qul təfəkküründən uzaq olmalı olan gənclər (hansıki bu gənclər əsasən ali təhsilli olur) "dövlət qulluğuna" hazırlaşmağa başladılar. Diqqət edək: DÖVLƏT QULLUĞU…

Hansı ki, dərsliklərdə bizə dövlət, millət və xalq anlayışlarının fərqini izah etmişdilər. O qədər oxuyasan, imtahanlar verəsən və sonda sənə deyələr ki, sən bu dövlətin qulusan. Onu da xüsusi vurğulamaq istəyirəm ki, məsələ o işdə deyil, məsələ o işin adındadır. Onun insan şüuraltısına verdiyi təsirdədir.

Biz nə zaman bir-birimizin qulu olduq? Biz nə zaman qul olduq?

"Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır".

Bu ifadə Konstitusiyamızın ilk maddəsidir. Demək ki, xalqı dövlətdən də uca tutan bu ifadəyə mənsub xalq hər yerdə, hər idarədə ifadəyə diqqət etməlidir. Və ya niyə bizə adi məişət şəraitindən dövlət idarələrinə qədər qul təfəkkürünü aşılayırlar? Hansı ki, əslində, kimsə qohum-qonşu soruşduqda biz, “Dövlət işində çalışıram”deyə bilirik. “İş” sözünün mənası: fəaliyyət, çalışma, zəhmət, əmək.

Bəli, bu söz mənim çalışdığımı, əmək sərf etdiyimi ifadə edir və feodal qəlibə salmır. Ola bilsin, deyəcəksiniz ki, "dövlət qulluğunda işləyənlər də elə xalqa xidmət edirlər də". Doğrudur, amma mənim sözüm bu iş prosesinə deyil, işin adınadır. Ona görə də istəmirəm ki, bu sahədə işləyən oxucular məni yanlış anlasınlar. Məsələn, "Dövlət qulluğu haqqında qanun" əvəzinə "Dövlət işi haqqında qanun” ən yaxşı variant olardı. Ən azı, yəqin ki, hüquqdan danışırıqsa heç kimin kiməsə "qul" deməyə haqqı yoxdur.

21-ci əsrdə feodalizm ifadələrini heç olmasa dövlət səviyyəsində istifadə etməyək. Feodalizm dövrünün ifadələri, onların, əsasən də, idarələrdə istifadəsi, düşünürəm ki, qəbuledilməzdir. Qoy mənim bu yazım elə "deyingənlik" kimi qəbul edilsin. Belə qəbul ediləcəyini ehtimal etdiyimdən elə yazının başında özüm-özümə bu sözü istifadə edib qalxan qurdum. Demək ki, söz qalxan ola bilir, babalarımızın dediyinə görə qızıl da olur. O zaman sözü elə istifadə edək ki, nə söz dəyərini itirsin, nə insan.

# 3159 dəfə oxunub

Müəllifin son yazıları

# # #