Xose Orteqa-i-Qassetə görə ağıllı və axmaq arasındakı əsas fərq

Xose Orteqa-i-Qassetə görə ağıllı və axmaq  arasındakı əsas fərq
18 oktyabr 2025
# 15:00

18 oktyabr görkəmli ispan filosof Xose Orteqa-i-Qassetin anım günüdür.

Kulis.az bu münasibətlə Aslı İdil Kaynarın "Xose Orteqa-i-Qasset: Zəkanın həqiqi mənası və ölçüsü" yazısını təqdim edir.

“Zəka özünü hər şeydən əvvəl incəsənət və elmdə deyil, həyatın intuisiyasında göstərir.”

Ceyn Hirşfild “Xeyirxahlıq” adlı təsirli şeirində bir ağacın sağ qalmaq üçün işığa yönələn “kor zəkasından” heyranlıqla bəhs edir.

Bu, insanların öz zəkalarını müəyyənləşdirmək və ölçmək üçün istifadə etdiyi metodlardan köklü şəkildə fərqlənir. Burada bir növ məntiqdənkənar, həyata yönəlmiş bir instinkt, bir intuisiyadan söz gedir.

Qərb zəka modeli məntiqi-riyazi düşüncəyə aludə olduğundan, bir mənada bu da “kor zəka”dır: Çünki həyatı sadəcə sağ qalmaq olaraq deyil, yaşamağa dəyər edən şeylər baxımından dəyərləndirməkdə acizdir – çılpaq və birbaşa marağın qarşısını alan kor nöqtələrlə doludur.

Böyük ispan filosofu Xose Orteqa-i-Qasset (1883–1955) “Məhəbbət haqqında: Tək bir mövzunun təyinatları” adlı əsərinin sonunda bu məsələyə toxunur və sevgi və bizi biz edən şeylər barədə bizə miras qalmış, dəyişməz sayılan fikirlərə qarşı çıxır.

Orteqa, əslən ağıllı insanların “son dərəcə az” olduğundan şikayətlənir və Qərbin yüksək mədəniyyətində zəkanın yalnız sözə və riyaziyyata endirilməsini – bir növ intellektual züppəliyi tənqid edir.

Simon de Bovuarun zəkanı “özünə və dünyaya diqqətlə yanaşan bir varlıq olmaq” kimi şərh etməsi ilə səsləşən şəkildə Orteqa belə deyir:

“Zəka ilə mən düşüncənin hadisələrə müəyyən bir dəqiqlik və kəskinliklə reaksiya verməsini, bir turpun davamlı olaraq yarpaqlarına baxılaraq dəyərləndirilməməsini, bozun qəhvəyi ilə qarışdırılmamasını və hər şeydən önəmlisi, insanın qarşısındakı obyektləri, təkrar olunan sözlərin təsiri altına düşmədən, olduğu kimi görə bilməsini nəzərdə tuturam”.

Xose Orteqa-i-Qasset, Şervud Andersonun “insanların əksəriyyətinin həyatı boyunca şüursuz şəkildə yaşadığı” fikrinə razılaşır və bu insanları bədənini tamamilə yarpaqlar bürümüş turplara bənzədir:

“İnsana adətən, ətrafında baş verənlərdən xəbərdar olsunlar deyə, onları oyatmaq mümkün olmayan, xarici təsirə tamamilə bağlı yuxuda gəzən insanlar arasında yaşadığı təəssüratı hakim olur”.

Ətrafımız və içində yaşadığımız mədəniyyətin bizə düşündüyümüzdən daha çox təsir etdiyini və vərdişlərimizin taleyimizi formalaşdırmaqda mühüm rol oynadığını bildirən Orteqa yazır:

"Böyük ehtimalla, insanlıq daim yuxuda gəzən vəziyyətdə yaşayıb; bu halda düşüncələr şüurlu deyil; verilən reaksiyalar avtomatlaşıb və ətraf mühit tərəfindən fərdin üzərinə yüklənmişdir".

Zəka adlandırdığımız anlayış, içində olduğu zamanın və məkanın kölgəsində qalanların görə bilmədiyi ideologiyalar atmosferi ilə sərxoş olmağın nəticəsidir.

Zəkanın mədəni olaraq inşa edildiyini başa düşmək üçün vaxtilə elmin zirvəsi sayılan eygenika (irqi təmizləmə ideyası) və frenologiyaya (kəllə forması ilə insan xarakteri arasında əlaqə axtaran saxta elm) baxmaq kifayətdir.

Xose Orteqa-i-Qasset Siddharta Mukherjinin İQ-nun qaranlıq mədəni tarixi və zəkanı ölçməyin niyə mümkün olmadığına dair möhtəşəm tədqiqatından yarım əsr əvvəl bu “biologiya ilə mədəniyyət arasındakı təhlükəli sürüşmələr”lə üzləşməyin vacibliyini belə ifadə etmişdi:

“Elm və ədəbiyyatın ortaya qoyduğu çox sayda əsərin yuxuda gəzən hipnoz halında – yəni, heç də ağıllı olmayan varlıqlar tərəfindən yaradıldığı inkar edilə bilməz. Elm və ədəbiyyat bu halıyla iti zəkanın nəticəsi sayıla bilməz; amma şübhəsiz ki, zəkanı oyadan, ağlı hərəkətə gətirən bir oyanış vəziyyətini təşviq edir. Ağıllı insanla axmaq arasında əsas fərq – ağıllı insanın öz axmaqlığına qarşı daim ayıq qalması, bu axmaqlıq ortaya çıxan kimi onu tanıması və aradan qaldırmağa çalışmasıdır. Axmaq isə öz axmaqlıqlarına qeyd-şərtsiz təslim olur”.

Xose Orteqa-i-Qasset davam edir: “Hansısa bir dövrdə və ya xalqda zəkanın, intellektual olmanın sərhədləri çərçivəsində həbs olunmasını ciddi bir bədbəxtlik hesab edirəm.

Zəka özünü hər şeydən əvvəl incəsənətdə və ya elmdə deyil, həyatın intuisiyasında – duyumsal dərkində göstərir. İntellektuallar tam mənasıyla yaşayan insanlar deyillər; onların intuisiyası zəifdir, çox az hərəkət edirlər, (məhəbbət), (əmək), həzz və ehtiras haqqında çox az bilikləri var. Onlar abstrakt bir varoluşun təmsilçiləridirlər və ağlın iti dişlərinə nadir hallarda orijinal, canlı bir “ət” təqdim edirlər”.

# 342 dəfə oxunub

Oxşar xəbərlər

"Tez işlə, Luka..." - Fırça ilə sürətlə işləyən barokko rəssamı

"Tez işlə, Luka..." - Fırça ilə sürətlə işləyən barokko rəssamı

12:30 18 oktyabr 2025
“Faşizm qadın və kişi arasındakı münasibətdə başlayır…” - İngeborq Baxman

“Faşizm qadın və kişi arasındakı münasibətdə başlayır…” - İngeborq Baxman

18:10 17 oktyabr 2025
"Yazıçı aradan çəkilərsə... " - Mixail Baxtinin forma və ideologiyaya baxışı necə idi?

"Yazıçı aradan çəkilərsə... " - Mixail Baxtinin forma və ideologiyaya baxışı necə idi?

15:20 17 oktyabr 2025
"Fortepianonun şairi" adlandırılan bəstəkar - Şopen  Jorj Sanddan niyə ayrılmışdı?

"Fortepianonun şairi" adlandırılan bəstəkar - Şopen Jorj Sanddan niyə ayrılmışdı?

15:10 17 oktyabr 2025
Dəliliyin və seksuallığın tarixindən kitablar  yazan homoseksual filosof - Mişel Fuko kim idi?

Dəliliyin və seksuallığın tarixindən kitablar yazan homoseksual filosof - Mişel Fuko kim idi?

14:30 15 oktyabr 2025
"Bu savaşda hər yazıçı öz atasını “öldürür” - Harold Blumun ən böyük dərsi nə idi?

"Bu savaşda hər yazıçı öz atasını “öldürür” - Harold Blumun ən böyük dərsi nə idi?

17:00 14 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər