Cibində 20 qəpik... Qarşında gözəl bir xanım... – Oruelin səfilləri

Cibində 20 qəpik... Qarşında gözəl bir xanım... – <span style="color:red;">Oruelin səfilləri
4 avqust 2015
# 10:28

Ayxan Ayvaz

Dünyanın istənilən yerində aclıqdan əziyyət çəkən insanlar var. Söhbət bir neçə saatlıq yemək yeməməkdən getmir: günlərcə, aylarca davam edən yoxsulluq onları iflic günə qoyur.

Aclıq insanı tənbəlləşdirir, iş qabiliyyətini azaldır. Bəzən əyləncəyə çevirir: bir tikə çörək tapmaqdan ötrü min hoqqadan çıxırsan.

Küçələr aclıqla mübarizə aparan insanlarla doludur. Diqqətlə baxsanız, öz toxluğunuzu bir kənara qoyub onları tapa bilərsiniz. Ac insanlar daha tez hədəfə tuş gəlirlər.

Corc Oruel “1984” və “Heyvanıstan”da totalitar cəmiyyətləri ifşa edirdisə, “Paris və Londonda qara qəpiksiz” romanında sırf real boyalarla aclıq yaşayan insanları təsvir edir. Onun əsəri ucsuz-bucaqsız, sınıq-sökük, dağınıq kafeni, yolları bərbad küçələri, darısqallıqdan bir-birinə sıxılıb yatan adamlarla dolu yataqxananı xatırladır. Sən romanın içinə düşürsən və qəhrəmanla birlikdə aclıq çəkirsən, üşüyürsən, işləməkdən qolların taqətdən düşür, yatmağa normal bir yer tapmaqdan ötrü dəridən-qabıqdan çıxırsan, məcbur olub yalan danışmağa başlayırsan. Corc Oruel yazır: “Elə ilk andaca yoxsulluq sizi dolaşıq yalanlar toruna salır. Bu yalanlarla belə vəziyyətdən çıxmaq çox çətin olur. Kirli paltarlarınızı camaşırxanaya göndərməməyə başlayırsınız və günlərin birində camaşırxanadakı qadın yolunuzu kəsib bunun səbəbini soruşur. Yalandan nəsə mızıldanırsınız, amma qadın, daha paltarlarınızı başqa camaşırxanaya göndərdiyinizi düşünür və sizə nifrət etməyə başlayır”.

Yəqin ki, çox adam qəfil yoxsulluğun qarmağına ilişib. Təsəvvür eləyin, 20 qəpiyiniz var və evə getməlisiniz. Birdən sinif yoldaşınız və yaxud qadın dostunuzla rastlaşırsınız. Şərhə ehtiyac yoxdur, mən bilən.

Corc Oruelin romanını oxuyanda heç yerdə işləmirdim, gündəlik xırda-xuruşla dolanırdım. Sanki əsərin məzmunu ilə oxşar bir həyat yaşayırdım: xeyli vaxt evdən çölə çıxmır, bütün günü kürt toyuq kimi bir yerə qapılır, kitab oxuyur, filmə baxır, çarpayıda uzanıb saatlarla tavana baxır, yatmağa çalışır, alınmayanda durub jim eləyir, mahnı qoyub öz-özümə oynayırdım və s. və i. Aclıq və yoxsulluq insana hər şey elətdirə bilir. Corc Orueldən bir yer yadımdadır: “Mədənizdə çörək və yağdan başqa heç nə yoxdur, sizssə çölə çıxıb dükanların vitrinlərinə tamaşa edirsiniz. Hər yer çeşid-çeşid yeməklə doludur və bütün bunlar sanki sizi təhqir edir”.

Metrodaydım, növbəti yoxsulluq günlərindən biri idi. Əlimdə Corc Oruelin həmin bu əsəri. Bir qız qapının ağzında mənə baxır, narahat oluram. Kitabdan yayınmaq istəmir, həm də qızın baxışlarının səbəbini öz-özümdə aydınlaşdırmağa çalışıram. Siz hələ ki, bizi burda qoyun. Bilirəm, axırının nəylə bitəcəyini səbirsizliklə gözləyirsiniz. İndi Corc Oruelin bu cümlələrini oxuyun, qayıdırıq metroya: “...İkinci ən böyük problem isə səfillərin qadınlarla münasibətdən məhrum olmalarıdır... Səfillərin qadınlardan uzaq düşməsinin əsas səbəbi aralarında çox az sayda qadının olmasıdır... Bunun da səbəbi, böyük ehtimalla, qadınların kişilərlə müqayisədə, iş həyatına daha az meylli olmasıdır. Həm də, hər hansı bir normal qadın, ən son çarə olaraq, vəziyyəti normal olan bir kişi ilə yaşamağa başlaya bilər. Buna görə də səfillər əbədi subaylığa məhkumdurlar”.

Metroda tünlük azaldı. Əlimə kiminsə əli toxundu. İndi fikir verdim ki, sarışın, saçları sinəsinə tökülən, güllü paltarlı gözəl bir qızdı bu.

- Bayaqdan bu romanın adını yazmaq istəyirəm.

Gülümsündü, kitabın adını dedim, haqqında məlumat verdim və qapılar açılan kimi qız çıxıb getdi.

Kitabı bitirəndən sonra bir sual məni hələ də narahat edir: insanın mədəsi deyil, hissləri də aclıq çəkirsə, həyat dözülməzdir. Ancaq Corc Oruelin kitabı mənə görə ümidsizlik yaratmır. Yazıçı deyir ki, bizdən də ac, bizdən də betər durumda olanlar var. Bir sözlə, aclıq insanın sonu deyil...

# 2786 dəfə oxunub

Oxşar xəbərlər

"Yazmaq mənim üçün dua etməyin bir formasıdır" - Frans Kafka haqqında maraqlı faktlar

"Yazmaq mənim üçün dua etməyin bir formasıdır" - Frans Kafka haqqında maraqlı faktlar

17:00 20 oktyabr 2025
Artür Rembo nə üçün Tanrı ilə bağlı şeirləri “şər” adlandırırdı?

Artür Rembo nə üçün Tanrı ilə bağlı şeirləri “şər” adlandırırdı?

15:50 20 oktyabr 2025
Şərq intibahı: Doğrular və Yalanlar  - Aydın Talıbzadədən yeni ARAŞDIRMA

Şərq intibahı: Doğrular və Yalanlar - Aydın Talıbzadədən yeni ARAŞDIRMA

12:00 19 oktyabr 2025
Xose Orteqa-i-Qassetə görə ağıllı və axmaq  arasındakı əsas fərq

Xose Orteqa-i-Qassetə görə ağıllı və axmaq arasındakı əsas fərq

15:00 18 oktyabr 2025
"Tez işlə, Luka..." - Fırça ilə sürətlə işləyən barokko rəssamı

"Tez işlə, Luka..." - Fırça ilə sürətlə işləyən barokko rəssamı

12:30 18 oktyabr 2025
“Faşizm qadın və kişi arasındakı münasibətdə başlayır…” - İngeborq Baxman

“Faşizm qadın və kişi arasındakı münasibətdə başlayır…” - İngeborq Baxman

18:10 17 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər