Jurnalistlər nə oxuyur? - SORĞU

Jurnalistlər nə oxuyur? - SORĞU
24 oktyabr 2013
# 08:00

Kulis.az jurnalistlər arasında “Hazırda nə oxuyursunuz?” sualı ilə sorğu keçirib.

Məşhur telejurnalist Mirşahin Ağayev: “Dostoyevskinin Alçaldılmış və təhqir edilmiş insanlar” əsərini oxuyuram”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu: “Den Braunun “Cəhənnəm” əsərini oxuyuram”.

Tanınmış köşə yazarı Zamin Hacı: “Hazırda Salman Rüşdünün "Cozef Anton" adlı memuarını oxuyuram”.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid: “Yeni oxumağa başladığım bir kitab var - Alber Kamyu “Vəba””.

Tanınmış telejurnalist Anar Yusifoğlu: “Qabriel Qarsia Markesin "Sənin qar üzərindəki izinlə" və Frederik Beqbederin “Məhəbbət üç il yaşayır” kitablarını oxuyuram”.

“525-ci” qəzetin baş redaktoru Rəşad Məcid: “Paralel olaraq 3-4 kitab oxuyuram. Stolun üstündə oxuyub bitirdiyim fransız filosofu Jolinin “Böyük adamların təbiəti” kitabı var. Fəlsəfi kitabdır. Kitabda böyük, istedadlı adamların yetişməsi, bunun üçün lazım olan ailə və sair səbəblər barədə maraqlı fikirlər var. Eyni zamanda, çox qəribə də olsa “Səfillər”i oxuyuram. Birdən-birə bilmirəm bu ehtiyac haradan yarandı. Azərbaycan ədəbiyyatından son oxuduğum Fərid Hüseynin zindanla bağlı xatirələrindən bəhs edən kitab olub. Düzdür, maraqla oxusam da, mənə elə gəldi ki, Fərid bunu daha yaxşı, daha maraqlı yaza bilərdi. Sözün açığı, kitab bir qədər primitiv təsir bağışladı”.

Məşhur telejurnalist Elçin Əlibəyli: “Sözün doğrusu sırf öz elmi işimlə bağlı olduğu üçün elmi kitabların üzərində daha çox işləyirəm. Bir neçə məqaləni yazmaq üçün, amma təbii ki, bədii ədəbiyyatı da unutmuruq. Arada bir nə isə oxumağa çalışırıq və mənə elə gəlir ki, bu gün çox gündəmdə olan bir neçə əsər var ki, hamı oxuyur, hamı belə deyək bu və ya digər şəkildə haqqında danışır. Amma bəzən unutduğumuz, bəzən gözümüzdən qaçan bəzi kitablar var ki, onları tutaq ki, oxumamışıq və yaxud da yadımızdan çıxıb. Bu dəqiqə bax elə Tixonovun-ən çox sevdiyim yazıçılardan biridir-əsərini yenidən oxuyuram. O əsərə yenidən baxıram, çünki bəzi məqamlar var görünür, mən oxuyanda yaddan çıxartmışdım, amma yenə deyirəm son dövrlər Azərbaycan dilində çap olunan bəzi kitabları mən də görürəm, amma belə deyək onlardan çox az bəhrələnirəm, çünki əsasən elektron kitabları oxumaq daha rahat olur”.

“Xalq Cəbhəsi” qəzeinin baş redaktoru Elçin Mirzəbəyli: “Hazırda heç bir kitab oxumuram. Amma təkrar oxumağa başladığım və bir neçə gündür ki, vərəqləməyə vaxt tapmadığım kitab Volterin "Fəlsəfi povestlər" kitabıdır. Kitabda müəllifin "Mikromeqas", "Kandid, yaxud optimizm", "Qraf Çesterfeldin qulaqları" və başqa povestləri yer alıb. Kitabı ilk dəfə 1989-cu ildə oxumuşam. Təsadüfən yenidən qayıtmalı oldum. Təxminən bir ay öncə Volterin Fransa inqilabı haqqında tənqidi fikirlərini yenidən oxumaq istədim. Bu barədə yazmaq istəyirdim. Belə, bu səbəbdən də yenidən qayıtdım "Fəlsəfi povestlər"ə”.

“525-ci qəzet”in redaktoru Yusif Rzayev: “Bir dostum bu günlərdə Bulqakovun 5 cildliyini bağışladı mənə, sağ olsun. Demək olar ki, bütün əsərləri, hətta məktubları da var bu beşcildlikdə. Düzü, Bulqakovun təkcə "Master və Marqarita" əsərini oxumuşdum. İndi əlimdə olan yarımçıq kitabların hamısını bir kənara qoyub bu beşcildliyi başlamışam oxumağa”.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli: “Mən indi Qəşəm Nəcəfzadənin şeirlərini oxuyuram. Qəşəm müəllim əsl mənim adamımdı. Ruhu ruhuma yaxın, qəlbi qəlbimə yaxın. Həyatdan gələn, bulaq suyu kimi dupduru, səp-sərin misraları yorğun düşüncələrimə ovqat gətirir. Mənim üçün elə bir dünya yaranıb ki, onun kandarından içəri hələlik heç bir müəllifi buraxmaq istəmirəm”.

APA TV-nin aparıcısı Ramal Hüseynov: “Hazırda Sinan Yağmurun “Eşqin gözyaşları” kitabını oxuyuram”.

Tanınmış jurnalist Natiq Ədilov: “Leninin seçilmiş əsərlərini, Əli Şəriətinin “Dinə qarşı din” əsərini, Murtaza Mütəhhərinin “Kamil insan”, Nazim Hikmətin həyat yoldaşının xatirələrini və bir də yol hərəkəti haqda qaydaları oxuyuram”.

Pia.az saytının baş redaktoru Azər Qaramanlı: “Hazırda Rolan Jakkarın "İmenam Usamı Ben Ladena. Sekretnoe dosye na terorista" kitabını oxuyuram. Ondan əvvəl isə Duqlas Ridin "Spor o Sione" kitabını oxumuşam”.

Tanınmış jurnalist Xədicə İsmayıl: “Neil McGregorun “100 əşyada dünya tarixi” kitabını oxuyuram. Kitabda Britaniya muzeyində saxlanan 100 əşyanın köməyi ilə bəşəriyyət tarixini öyrənirlər. Düşünürəm ki, bu kitab tərcümə olunub məktəblərdə tarix dərsliyi əvəzinə tədris olunmalıdır”.

Lent.az saytının redaktoru Səbuhi Məmmədli: “Dmitri Volkoqonovun Stalinin siyasi portretini yaratdığı “Zəfər və Faciə” kitabını oxuyuram”.

“Space” telekanalının redaktoru Nüşabə Hüseynli: “Sonuncu oxuduğum kitabı bu günlərdə tamamlamışam. Bu, Qan Turalının “Mustafa” romanıdır. Növbəti kitab yəqin ki, Lobsanq Rampanın “Tretiy qlaz” əsərinin elektron versiyası olacaq. Amma hazırda jurnalistika fakültəsinin tələbələri üçün dərslik üzərində işlədiyimdən daha çox ixtisasla bağlı nəşrlərdə maraqlıyam”.

Tanınmış jurnalist Xalid Kazımlı: “Son olaraq Andre Moruanın "Yad qadına məktub" adlı esselər kitabını oxumuşam. Olduqca gözəl yazılardır. Hesab edirəm ki, faydalı əsərdir. İnsan qəlbinin dərinliklərinə enir. Ondan əvvəl Stalinə aid tarixi bir kitab oxumuşam. Demək olar ki, yarısı bildiyim şeylər idi. Amma o biri yarısından xəbərsiz idim. Arada Çingiz Abdullayevin "Balkan sindromu" romanını oxudum. Aqata Kristi üslubunda yazıb, texnikası-filanı yaxşıdır, amma serblərin Yuqoslaviyanın dağılması zamanı törətdikləri genosidə haqq qazandırmasını, Bosniyada on minlərlə qadının zorlanmasının üstündən keçməsini bəyənmədim”.

APA-ın redaktoru Cavid İsmayıl: “Hazırda Əbülfəz Elçibəyin qardaşı Murad Məmmədovun "Qardaşım Elçibəy haqqında xatirələrim" və Ronda Börnün "Sirr" kitablarını oxuyuram”.

“Bizim yol” qəzetinin əməkdaşı Natiq Cavadlı: “Verner Mazerin "Adolf Hitler" əsərini bitirmək üzrəyəm və Nitsşenin "Antixrist"inə keçid alıram. Təəssüf ki, vaxt az, ömür isə qısadır. Bir sıra kitabları oxumaq eşqiylə alışıb yanıram”.

# 2693 dəfə oxunub

Oxşar xəbərlər

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

12:00 3 may 2024
Mir Cəfər Bağırov kim idi? - Elçin

Mir Cəfər Bağırov kim idi? - Elçin

17:00 2 may 2024
Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

15:00 30 aprel 2024
Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

09:00 30 aprel 2024
Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

14:30 29 aprel 2024
Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

12:00 29 aprel 2024
# # #