Uçmuş oyun parkları, viranə evlər, kədərli hamilə qadınlar - Fotolar

Uçmuş oyun parkları, viranə evlər, kədərli hamilə qadınlar - Fotolar
15 mart 2022
# 15:00

Kulis.az Rəvan Cavidin “Müharibə olsa...” yazısını təqdim edir.

Bütün dəyərlər ideoloji prinsiplər çərçivəsində öz aliliyini itirib sözə çevrilir. Adi bir sözə. Arxasında yüzlərlə mübarizəni, müharibəni, qayğıları, sevgi və nifrəti gizlədən bircə kəlməyə.

Hərbi xidmətimin böyük bir zaman kəsiyi (sizin üçün qısa, məndən soruşsanız, həyatımın on beş ayı, dörd yüz əlli yeddi günü, sonsuz saatlar, ucsuz-bucaqsız saniyələr...) ön xətdə keçdi.

Orada – dörd tərəfim dağ, bütün bucaqlarım şaxtalı olan yerdə, balaca bir müşahidə məntəqəsinin içində (“dod”da) qarşıdakı düşməni, arxadakı keçmişi gözətləyən vaxtlarda bir qarış torpaq üçün ərinmədən, əyilmədən döyüşüb ölmək sadə bir xilas yolundan daha çox, mənə arxayın olub yataqxanada yatan əsgər yoldaşlarımın və evlərində rutin həyatlarını yaşayan balaca bir kəndin sakinlərinin məsuliyyəti idi.

Onlar üçün hər şey edə və saniyələr içində heçə çevrilə bilərdim.

Halbuki iyirmi yaşlarımın romantikasını yaşayanda düşünürdüm ki, dünya bir məkandı, onun mərkəzi də insandı, ətrafı da. Bayraqlar rəngli parçadı, himnlər hamının əzbərlədiyi mahnı, torpaq da üzərində adamların, heyvanların yeridiyi, içində tərəvəzlərin bitdiyi bioloji termin. Ol səbəbdən xalqlar qardaşdır, ölkələr arasındakı tikanlı hasarlar həsrət hörüyü.

Bu dəyərlərlə yaşayan biri üçün orada saatlarla dimdik dayanıb, üzərində otuz kiloqram yükü daşımaq nə deməkdi, bilirsiniz. Ağ ciyərlərinin üstündə, başında, çiynində, kürəyində dəmir. Ayağında öz hövsələsizliyin kimi dartıb apardığın batinkalar. Nəfəs almaq da yükdü, yerimək də yük.

Sonra adına bir az da ictimai təfəkkür dediyimiz sistem oyunları işə keçir.

Sənin ali dəyər bilib adi məntiqlə başa düşdüyün hər şey puç çıxır.

Rəngli əski parçalarının üstündə minlərlə evin qanı laxtalanır. Minlərlə qadının göz yaşına bulaşır. Sənin əzbərlədiyin o himn də tüklərini biz-biz saxlayır. Elə bilirsən, onu eşitmədən ölsən, dünyanın ən şərəfsiz adamı olacaqsan.

Sənə məntiqsiz görünən “dod”da gözləməklər də minlərlə adamın məsuliyyətidir. Bir yerdə üşüdüyün, bir yerdə isindiyin, bir yerdə yemək yeyib-su içdiyin, bir yerdə yatıb-durduğun əsgərlər gün gəlir səninlə bir yerdə də ölürlər. Zaman kəsri olur zaman fasiləsi, həm də əbədi.

Döyüşürsən, yaralanırsan, ölürsən. Oradan ­­– o balaca "dod"dan, o ilan kimi qıvrılan uzun səngərdən sağ çıxsan da, ölürsən. Sənin bütün dəyərlərin ölür və yenilər cücərməyə başlayır. Həm də yaralarının üzərindən. Kök atdıqca, daha dərinlərinə nüfuz elədikcə ağrıyırsan.

Amma döyüşlər səngərlərdə yox, parklarda, şoselərdə, binaların həyətində davam edərkən yenə hər şeyə nifrət edib müharibə sözünü ilk dəfə işlədən adamı tapıb yalvarmaq istəyirsən: Sus!

İndi mən yalvarıram: Susun!

Səngərdə ölən əsgərlərin səsi bəlkə də çox uzağa getmir, elə oradaca yarım saniyə sonra partlayan minanın gurultusu ilə çəkilir havaya. Orada ağlayan zabitlərin göz yaşını heç kim görmür bəlkə, çünki torpaq o gözlərə palçıq olub yapışır.

Amma parklarda ağlayan uşaqların səsini, qadınların hıçqırıqlarını, kişilərin göz yaşını hamı görür, hamı eşidir. Bir ailənin necə bədbəxt olmasını səngərdə hiss eləmək olmur, raket düşmüş binaların həyətində isə çox rahatlıqla duya bilirsən.

Bummm! Beş yaşlı bir qızcığaz havada tikə-para olur.

Bummm! İllərdi tikib bitirə bilmədiyi, indi bayram üçün bəzədiyi yarımçıq ev yoxa çıxır. Elə bil, orada heç vaxt heç nə olmayıb.

Bummm! Hamilə bir qadın körpəsi ilə bərabər ölür...

Və buna bütün dünya baxır.

Avtomat səslərini, tank gurultularını hamı eşidir, raketlərin havada buraxdığı nazik tüstü xətlərini, tikə-parça olmuş bədənləri hamı görür. Bəlkə, səngərdə ölənlər uzaqda, hərəsi bir ölkənin küncündə qaldığı üçün görünmür, amma bu adamlar günün günorta çağı, hamının televiziyadan baxdığı yerlərdə, bir vaxtlar getmək üçün can atdıqları şəhərlərdə ölürlər.

Həmin o ali dəyərləri siyasi prinsiplərə qurban edənlər də bunları görür.

Müharibə heç olmasın, yox, əgər bu mütləqdirsə, qoy balacalar ölməsin.

Onlar dağılan şəhərləri, oyun parklarını, uçmuş, viranə evləri görməli, yaşamalıdırlar. Onlar hələ doyunca yemək yeməyib, doyunca oynamayıb, yorulmayıb. Onlar hələ çox mahnı eşitməyib, oxumayıb. Onların əli hələ ipək kimi yumşaq, pambıq kimi bəyazdır axı.

Müharibə heç olmasın, yox, əgər bu mütləqdirsə, qoy silahlanıb kiminsə üstünə qaça bilməyəcək qocalar ölməsin.

Onlar bu həyatın bütün sifətləri ilə tanışdırlar. Elə müharibə sifəti ilə də. Onlar vaxtında çox lənət oxuyublar, çox dua ediblər, çox ağlayıb, bu cani dünya ilə çox barışıblar. İndi onların istədiyi tək şey rahatca, səssiz ölməkdir.

Müharibə səngərlərdə yox, şəhərlərdə olanda muzeylər dağılır, kitabxanalar yanıb kül olur, musiqi məktəblərindən dünyanın ən ağır simfoniyası – insan ağrıları səslənir.

Əgər hansısa dəyərlərin ölməyi və ya yenilənməyi üçün müharibə “vacibdirsə”, qoy olsun.

Əgər bəşəriyyətin ali radasında oturanlar hələ də uşaqların gülüş səslərinə, qocaların nurani təbəssümlərinə, gözəl şəhərlərə, böyük sənət əsərlərinə həsrət deyillərsə, onların qiymətini bilmirlərsə və son dəfə bu müharibələr onlara taleləri öyrədəcəksə, müharibə olsun.

Çünki biz beynimizin sağ və sol yarımkürəsi arasındakı müharibədə çoxdan məğlubuq.

# 4432 dəfə oxunub

Oxşar xəbərlər

Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

15:00 26 oktyabr 2026
"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

13:00 25 oktyabr 2026
Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

15:00 24 oktyabr 2026
Son çörək və son şərab - Məşhur rəssamın əsərindəki sirr

Son çörək və son şərab - Məşhur rəssamın əsərindəki sirr

18:40 21 oktyabr 2026
Dost, yoxsa düşmən? – Kurt Kobeyn "Necə varsansa, elə gəl" deyərkən kimə müraciət edirdi?

Dost, yoxsa düşmən? – Kurt Kobeyn "Necə varsansa, elə gəl" deyərkən kimə müraciət edirdi?

16:00 21 oktyabr 2026
"Sən ey xəyanətə, zülmə bir yuva..."  - Əmin Abid Gültəkin rəsmi Moskvanı niyə hədələmişdi?

"Sən ey xəyanətə, zülmə bir yuva..." - Əmin Abid Gültəkin rəsmi Moskvanı niyə hədələmişdi?

12:00 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər