Quşyeyən hörümçək – Xuan Xose Arreolanın hekayəsi

Quşyeyən hörümçək –  Xuan Xose Arreolanın hekayəsi
18 sentyabr 2022
# 10:00

Xuan Xose Arreola Meksika ədəbiyyatına intellektual fantastika janrını gətirən müəllif kimi klassik statusu qazanıb. Əsasən hekayə topluları ilə tanınan yazıçının yeganə romanı “Yarmarka” adlanır. O, “Xuan Rulfo Mükafatı” daxil olmaqla, bir sıra mükafatlara layiq görülüb. Rejissor Xayme Deskayar yazıçının “Quşyeyən hörümçək” hekayəsindən təsirlənərək qısa film çəkib. Film festivallarda çoxsaylı mükafatlara layiq görülüb. Kulis.az bu məşhur hekayəni təqdim edir.

Quşyeyən hörümçək evdə istədiyi kimi gəzir, canımı alan qorxu isə səngimək bilmir.

Beatrislə birlikdə yarmarkadakı kirli çadıra girdiyimiz gün anladım ki, bu iyrənc həşərat taleyin mənim üçün hazırladığı ən pis sınaq ola bilər. Aydın bir baxışda qəfildən parlayan həqarət və mərhəmətdən belə pis…

Bir neçə gün sonra hörümçəyi almaq üçün qayıtdığımı görən kələkbaz satıcı təəccüblənmişdi. O, mənə həşəratın bəzi xüsusiyyətləri, qəribə qidalanma vərdişləri barədə bir-iki şey danışdı. Artıq ruhumun dözə biləcəyi ən böyük təhlükə və qorxu əllərimdəki taxta yeşiyin içindəydi. Titrəyərək, tərəddüd edərək addımladığımı xatırlayıram. Ev yolunda hörümçəyin yüngül və sıx çəkisini hiss edə bilir, yeşiyin ağırlığını onun ağırlığından rahatlıqla ayırırdım. Sanki ikisinin çəkisi ayrıydı: yeşik saf taxtaydı, o isə məni ayağıma bağlanmış yük kimi aşağı çəkən iyrənc, zəhərli heyvan idi. Yeşiyin içindəki kiçik cəhənnəmin köməyi ilə digərini, nəhəng insan cəhənnəmini sonlandırmağı düşünürdüm.

Hörümçəyi mənzilimə buraxdığım, xərçəng kimi tələsə-tələsə qaçıb mebelin altında gizlənməyini izlədiyim gecə mənim üçün təsvirolunmaz bir həyatın başlanğıcı oldu. Ondan bəri hər anım gözəgörünməz varlığı ilə bütün evi dolduran quşyeyənin addım səsləri ilə keçir.

Hər gecə titrəyərək ölümcül dişləyi gözləyirəm. Çox vaxt donmuş, gərgin və keyimiş vəziyyətdə oyanıram, çünki yuxuda olarkən daima dərimi qıdıqlayan ayaqlarını, bədəninin ağırlığını və sərt qarnının toxunuşunu hiss edirəm. Amma hər dəfə səhər açılır. Mən hələ də sağam, ruhum özünü boşuna hazırlayır.

Bəzi günlər mənə elə gəlir ki, quşyeyən yoxa çıxıb, itib, ya da ölüb. Lakin bunu dəqiqləşdirmək üçün heç nə etmirəm. Hamamdan çıxanda və ya yatağa girmək üçün soyunanda onunla qarşı-qarşıya gəlmək şansını saxlayıram. Bəzən də gecənin sakitliyi onun addımlarının əks-sədasını mənə çatdırır. Bu səsin hiss edilməyəcək qədər zəif olduğunu bilsəm də, ona qulaq verməyi öyrənmişdim.

Çox vaxt onun üçün qoyduğum yemə toxunmadığını görürəm. Yem yoxa çıxsa belə, onu quşyeyən hörümçəyin, yoxsa başqa bir günahsız qonağın yediyini hardan bilə bilərdim? Arada düşünürəm ki, bəlkə də fırıldaqçılıq qurbanı olmuşam. Özümü saxta quşyeyən hörümçəyin insafına buraxmışam. Bəlkə də o kələkbaz məni aldadıb, adi, təhlükəsiz və iyrənc böcəyi od qiymətinə sırıyıb.

Əslində bunun heç bir əhəmiyyəti yox idi, gecikən ölümün bütün məsuliyyətini hörümçəyin boynuna qoymuşdum. Yuxusuzluğun ən çox əzab verdiyi saatlarda, mən ehtimallar içində itib batanda, heç cür sakitləşə bilməyəndə hörümçək ziyarətimə gəlir. Karıxıb vurnuxa-vurnuxa otağı gəzir, divarlara dırmaşmaq üçün yöndəmsiz cəhdlər edir. Dayanır, başını qaldırır və kiçik qollarını hərəkət etdirir. Sanki həyəcanla görünməz yoldaşını qoxlayır.

Həmin an öz tənhalığımdan sarsılmış, kiçik bədheybət tərəfindən küncə qısılmış halda bir vaxtlar Beatrisi və onun əlçatmaz yaxınlığını xəyal etdiyimi xatırlayıram.

İspancadan tərcümə: İlahə Əkbər

Sim-sim.az

# 3302 dəfə oxunub

Oxşar xəbərlər

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

13:20 4 noyabr 2025
Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər