Onun ölüsünün üstünə gedən kafirdir! - Molla Sabiri niyə içirtmək istəyirdi?

Onun ölüsünün üstünə gedən kafirdir! - Molla Sabiri niyə içirtmək istəyirdi?
4 fevral 2025
# 09:00


Kulis.az Mirzə Ələkbər Sabirin qardaşı oğlu Zeynalabdin Tahirzadənin əmisi haqqında yazdığı xatirələri üslubuna toxunmadan ixtisarla təqdim edir.

Mən Sabirin böyük qardaşı Mehdiqulunun oğluyam. Əmimin bütün şüurlu həyatı, demək olar ki, mənim gözümün qabağında keçmişdir.

Əmim vəfat edərkən mənim 28 yaşım var idi. Çox təəssüf ki, vaxtında bir şey yazıb saxlamamışam. Sonralar da bu fikirdə olmamışam.

İndi mənim 78 yaşım vardır. Odur ki, keçmişdə olan əhvalatların çoxunu unutmuşam. Ancaq əmimlə əlaqədar olan bəzi hadisələr yadıma gəlir ki, onların bir neçəsini Sabirin oxucularına danışmaq istəyirəm.

Mollanın kələyinin üstü açıldı


1900-cü ildə ailəmizin güzəranı ağırlaşdı. Atam və əmim (Sabir) köçüb Məşhədə getməyi qərara aldılar. Onlar var-yoxlarını satıb qəndə və şama verdilər (Xorasanda olan şamaxılı tacirbaşı Hacı Məcid oraya qənd və şam gətirməyi məsləhət görmüşdü). Biz bütün ailə ilə birlikdə köçüb Xorasana getdik. Məşhəddə qardaşlar kiçik bir dükan açıb güzəran keçirirdilər.

Orada İmam Rzanın ziyarətgahına çox yaxın olan “hörmətli” bir axund var idi. Təəssüf ki, onun adını unutmuşam. O, ziyarətgahı idarə edənlərdən biri idi və hamı onu müqəddəs bir şəxs kimi tanıyırdı. Vaxtı ilə Qafqazda olduğu üçün bizlərə yaxınlıq edərdi.

Bir gün həmin axund əmimi evinə dəvət edir. Onlar birlikdə nahar edirlər. Nahardan sonra axund əmimə deyir ki, qafqazlılar şərabsız dillərinə yemək vurmazlar. Bu adəti mən də onlardan öyrənmişəm. Sonra axund əmimi öz zirzəmisinə aparıb, bir neçə küp göstərib deyir:

- Bax, bunlar öz əllərimlə düzəltdiyim üzüm suyudur. Meylin varsa, içək.

Bütün ömrü boyu dilinə şərab vurmayan əmim ona belə cavab verir:

- Nahardan sonra şərab içməzlər. Sağlıq olsa, gələn dəfə nahar edəndə içərik.

Elə haman günü gecə əmim fars və Azərbaycan dillərində bir vərəq kağız yazıb, şəhərin mərkəzində divara yapışdırır.

Həmin kağızların məzmunu, təxminən, belə idi: ay camaat, sizin müqəddəs hesab etdiyiniz filan axund şərabxordur. Əgər inanmırsınızsa, gedin, onun zirzəmisini yoxlayın.

Naməlum şəxs tərəfindən yazılıb divara yapışdırılmış bu kağızları oxuyan şəhər adamları bir-birinə dəydi. Onlar tənbəllik etməyib axundun zirzəmisini yoxladılar. Yazılan doğru çıxdı. Beləliklə, axundun işinin üstü açıldı və onu ulağa mindirib şəhərdə küçəbəküçə gəzdirərək rüsvay etdilər.

Deyəsən, axundun yaxın adamları əmimdən şübhələnmişdi. Çünki onların bəziləri əmimin axundun evinə nahara getdiyini bilirdi. Axund eşşəyə mindirilib rüsvay edilən gün bizim şamaxılılar məsləhət gördülər ki, əmim şəhərdən çıxsın, müəyyən müddət yaxın kəndlərin birində gizlənsin.

Biz Məşhəddə, təxminən, iki ilə yaxın qaldıq. Orada güzəranımız o qədər də yaxşı keçmədi.

1902-ci ildə köçüb, təkrar doğma Şamaxıya qayıtdıq.

Şamaxıda əmim və atam yenə də köhnə peşələrinə - sabun bişirib satmaqla güzəran keçirməyə başladılar.

Mirzə Cəlilin məktubu


Əmim 1911-ci ilin yazında müalicə üçün Tiflisə, sonra isə Bakıya getmişdi. Müalicə yaxşı nəticə vermədiyi üçün vəziyyəti ağır bir halda Şamaxıya qayıdıb gəlmişdi. Şamaxıda keçirdiyi son günlərdə mən həmişə onun çarpayısının yanında olardım. O, üzü küçəyə baxan eyvanda yatırdı. Vəziyyəti nə qədər ağır olsa da, təmkinini itirmir, heç vaxt ev adamlarını, yaxın dostlarını narahat etmək istəmirdi.

Bir gün şəhərin hörmətli tacirlərindən Hacı Əbdürrəhim Səmədov əmimin yanına gəldi, ona üç yüz manat pul və bir ağzıbağlı paket verdi. Əmim paketi açıb məktubu oxudu. Məktub “Molla Nəsrəddin” jurnalının redaktoru Mirzə Cəlildən idi. Məktubun məzmunu olduğu kimi yadımda deyil. Məktubda, təxminən, bu sözlər yazılmışdı: Sabir, adamın yaxın bir dostu xəstə olanda onu yoluxmağa gedir, özü də əliboş getmir, gücü çatan bir töhfə də aparır. Təəssüf ki, Şamaxıya gəlib, səni şəxsən yoluxmağa imkanım yoxdur. Bu üç yüz manatı bir töhfə kimi məndən qəbul et.


Əmimin dəfni


Əmimin tərcümeyi-halı, xüsusən, ölümü və dəfni haqqında mən bir çox müəlliflərin yazılarını oxumuşam.

Bu yazılarda bəzən əmimin dəfni düzgün təsvir edilmir. Bəzi müəlliflər yazılar ki, guya Şamaxı camaatı Sabiri ehtiramla dəfn etməmişdir.

Əlbəttə, Şamaxıda əmimin düşmənləri az deyildi. Dindarlar, xüsusən, ruhanilər onu sevmir, onu təkfir edirdilər. Lakin əmimin dostları da çox idi.

Onlar - yəni, maarif və mədəniyyətin dostları heç vaxt əmimi köhnəpərəstlərin ayağına vermirdilər. Odur ki, köhnəpərəstlər əmimi açıqdan-açığa təkfir etməyə cəsarət etmirdilər.

Əmimin dəfni bugünkü kimi yadımdadır.

Yay idi. Başqa yerlərdə olan ziyalılar da Şamaxıda idilər.
Əmimin ölüm xəbəri onun bütün dostlarını – oxumuşları sarsıtmışdı.
Onlar böyük yas və kədər içərisində idilər.
Qapımıza böyük bir izdiham toplanmışdı.

Əmimin ölümü münasibətilə o gün bütün məktəblər bağlanmışdı. Əmim böyük ehtiramla dəfn edildi.

Əlbəttə, o zaman küncdə-bucaqda deyinən də olmuşdu.

Məsələn, sonra biz eşitdik ki, əmim ölən günü Hacı Şeyx Həbib deyibmiş ki, “kim Sabirin ölüsünün üstünə getsə, kafirdir.”

Ancaq o, bu sözü aşkarda deyil, gizlində demişdi.

Əmim öləndən sonra daha mən Şamaxıda qala bilmədim, köçüb Qalağayına – indiki Sabirabada gəldim və indi də orada yaşayıram.

1961

# 3979 dəfə oxunub

Oxşar xəbərlər

"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

12:00 28 mart 2026
Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

12:00 27 mart 2026
"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

13:00 26 mart 2026
Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

10:10 26 mart 2026
Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

15:00 25 mart 2026
Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

10:00 25 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər