Məhkəməsiz - Alpay Azərin yeni hekayəsi

Məhkəməsiz - Alpay Azərin yeni hekayəsi
9 yanvar 2024
# 09:00

Kulis.az Alpay Azərin "Məhkəməsiz" adlı hekayəsini təqdim edir.

Telefonda özünü Əlyazmalar arxivinin şöbə müdiri kimi təqdim edən Zahir müəllim Vahidə dedi ki, 1919-cu ildə ərəb dilindən Azərbaycan dilinə tərcümə olunmuş hicazlı səyyah İbrahim Əbu Əli ən-Nəsrin “Şamaxı səfəri” kitabının beş il əvvəl latın qrafikasıyla çıxan nəşrinin redaktəsinə ehtiyac var. Məlum oldu ki, 19-cu əsrin sonu Hicazdan Şamaxıya gəlmiş həmin səyyahın xatirələri müasir Azərbaycan dilinə uyğunlaşdırılan variantda nəşr olunsa da, kitabda ciddi üslub, leksik problemlər var. Zahir müəllimin “Sizi məsləhət gördülər. Öhdəsindən gələ bilərsiz?” sualına uzun müddət sifarişsiz (diplom işi, magistr dissertasiyası), yəni pulsuz qalan AMEA-nın Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Vahid “Kim məni sizə məsləhət görüb?” sualını vermədən cavab verdi: “Günü sabah sizin yanınıza gələcəm”.

Vahid kitabın ərəb və bizim dilə tərcümənin ərəb, latın əlifbalarıyla çıxan versiyalarını qabağına qoyub başladı oxumağa. Artıq yeddinci səhifədə əmin oldu ki, tərcümənin redaktəsi bərbaddır. Kitabda “kəlam”, “kəlmə”, bəzi yerlərdə “cihad” “cahid”, “Ömər”, “Əmir” kimi yazılmışdı, bir sözlə, redaktorun ərəb dili, əlifbası haqqında elementar anlayışı olmadığından, əsər doluydu bu cür biabırçı səhvlərlə. Üstəlik, bir dənə də olsun, elmi, publisistik şərh yox idi. Anladı ki, mətni müasir dilə “uyğunlaşdıran” Şahin Qazıyevin heç İslam dini haqqında da təsəvvürü yoxdur. Vahid indiyə qədər nə kitab, nə də qəzet və jurnalda bu adamın adına rast gəlmişdi. Quqlda adını, soyadını axtarışa verdi, Əlyazmalar arxivinin kiçik elmi işçisiydi, üç kitab müəllifi, beşininsə redaktoruydu.

Xülasə, Vahid kitabı aparıb Zahirə verib dedi: “Bu, mənə ancaq mane olur, özüm ərəb əlifbasıyla olan variantı yenidən işləyəcəm”. – “Allah işini avand eləsin”...

İbrahim Əbu Əli ən-Nəsr Hicazda (indiki Səudiyyə Ərəbistanı) çoxlu xurma bağları olan Əhməd adlı varlı tacirin kiçik oğluydu. Uşaqlıqdan coğrafiyaya marağı olan İbrahim on altı yaşa çatanda, atasına səyyah olmaq istədiyini dedi. “Nə vaxtsa bunu eşidəcəyimi bilirdim, – uzun saqqalını sığallayan atası dilləndi. – Amma bu qədər xurma bağlarımız var, onların içində sənin də payın var”.

Ailə daxilində məsləhətləşib son qərara gəldilər: xurma bağları dörd qardaş arasında bərabər şəkildə bölünür, evin ən kiçiyi İbrahimin payına düşən bağdan gələcək gəlirin dörddə üçü onun özünə, qalanı isə bağa nəzarət edəcək, külfəti böyük olan ortancıl qardaşına çatır, bu şərt İbrahim Bağdadda oxuyub vətənə qayıdanacan qüvvədə qalır.

Üç il Bağdad universitetində coğrafiya, astronomiya, şəriətdən dərs alan İbrahimin ən sevimli işlərindən biri müsəlman səyyahların tərtib etdiyi xəritələri öyrənmək idi. Artıq təhsilinin ikinci ilində Hicazın, İraqın, Şamın xəritələrini çəkmişdi.

Atası arada ya özü Bağdada gəlirdi, ya da bu şəhərə səfər edən tacirlərlə oğluna pul göndərirdi. Nəhayət, öz vətəninə qayıdan İbrahim bir gün xəritədə barmağıyla gəzişərkən, Şamaxı üzərində dayandı, illər öncə ərəb tarixçiləri əl-İstəxrinin, Yaqut əl-Həməvinin əsərlərindən oxuduğu “gözəl”, “evləri daşdan tikilmiş”, “axar suları, bağları, gəzməli yerləri olan şəhər” sözlərini xatırladı. Barmağını Şamaxının üzərində saxladı, sanki hansısa qüvvənin təsiriylə “İnşaAllah səfərim bura olacaq,” – dedi.

İbrahim Şamaxının tanınmış bəylərindən olan Mehdinin imarətindəydi. Səhərlər evdən çıxan hicazlı səyyah lələk qələmini, mürəkkəbini xurcununa qoyub başlayırdı şəhəri gəzməyə. Oranın təbiətini, tarixini öyrənməkçün Mehdi bəyin hədiyyə etdiyi atı minib bütün günü Şamaxını, ətraf kəndləri gəzirdi. Onu həm də İslamın burada necə yayılması maraqlandırırdı deyə, din alimləriylə görüşüb qeydlərini edirdi.

Gəlişinin altıncı günü Mehdi bəyin bağında gəzən qonaq kəlağayılı badamgözlü qızı görəndə, içi titrədi, qeyri-iradi ağzından “ya habibi” (ey sevgilim), qız onun yanından keçəndə isə “Məsmukə?” (Adın nədir?) sözləri çıxdı. Qız gülümsəyib yaşmaqlandı, qonağa diqqətlə baxdı, birdən nəyisə səhv edirmiş kimi addımlarını yeyinlədib ondan uzaqlaşdı. İbrahim Mehdi bəylə Bağdadda kərküklü türkmən dostunun köməkliyilə öyrəndiyi türk dilində danışsa da, qızı görəndə özündən asılı olmayaraq, öz doğma dilində ona ürəyini açmışdı.

Həmin gecə səhərə qədər qonağın gözünə yuxu getmədi, qəti qərara gəldi, vətəninə qayıdan kimi elçilərini Şamaxıya göndərəcək. Səhərə qədər ayıq qalan İbrahimi bir şey düşündürürdü: qızın atasıyla necə danışmaq, nədən başlamaq. Elə bilirdi, atası bir müsəlman kimi, üstəlik, hər ikisi sünni olduğuçün qızını ona verməyə razı olacaq. Ertəsi gün yenə qızla həyətdə rastlaşanda, İbrahim gördü ki, onun sifətindəki dünənki xəfif təbəssümdən əsər-əlamət yoxdur. “Adını bilmədiyim bu gözəlin təbəssümü də, ciddi siması da yaralı qəlbimçün məlhəmiydi. Amma kaş o, mənə nəsə deyəydi, lap acılayaydı məni, amma səsini eşidəydim,” – İbrahim səyahətnaməsində yazırdı.

Xülasə, İbrahim Mehdi bəyə onun qızına vurulmasını, vətəninə qayıdandan sonra elçi göndərməyə hazır olduğunu, lazım olan mehri verə biləcəyini deyir. Bu etirafı gözləməyən Mehdi bəy qaşlarını çatıb bir qədər fikrə gedir, sonra deyir ki, qızı qardaşı oğlu Əbdürrəhmana uşaqlıqdan deyiklidir, iki aydan sonra toyları olacaq, qardaşıyla əhdi poza bilməz. Dilxor olan ərəb səyyahı səhər tezdən Şamaxını tərk edir. Səyahətnamədə bunları yazırdı: “Görürsüz, yuxarıdakı cümlələr bulanıq düşüb. Ora mənim nakam məhəbbətimin göz yaşları düşüb. Mən sübh namazını qılandan sonra Mehdi bəylə, onun zövcəsi Sənəmlə sağollaşmadan, axşam yazdığım kağızı xalçanın üstünə qoyub bəyin mənə hədiyyə etdiyi atı minərək Şamaxını dərin bir kədər içində tərk etdim. Kağızda bunları yazmışdım. “Bismillahir-rəhmanir-rəhim. Allah Sübhana və Təalanın salamı olsun sənə, ey Mehdi ibn Osman. Göstərdiyin iltifata görə Allah səndən razı olsun və etdiyin yaxşılıq Qiyamət günü əməl dəftərinə yazılsın. Mən sizin evi və gözəl Şamaxını fərəh dolu qəlblə tərk edirəm. Allahın kölgəsi daima sizin diyarın üstündə olsun. Sizdə qaldığım günlərin haqqını halal edin. Vassalamu aleykum”. Öz ölkəsinə qayıdan İbrahim evdəkilərin məsləhətiylə əmisiqızı Əminəylə evlənir, bu izdivacdan üç oğlu, üç qızı dünyaya gəlir.

Vahid üç ayın içində kitabı necə deyərlər, fundamental şəkildə redaktə etdi, dok faylı Zahirin imeylinə göndərdi. Ertəsi gün Zahir faylı aldığını, bir aya redaktəylə bağlı komissiyanın rəyini göndərəcəyini yazdı.

Bir ay yarım sonra heç bir xəbər almayan Vahid onun vatsapına yazdı: “Salam aleykum Zahir bəy, necəsiniz? Komissiya redaktəmi bəyəndi?” – “Salam, bəyəndilər. İnşallah bir aya-filan kitab çıxacaq. Yeri gəlmişkən gəlib arxivdən pulunuzu götürə bilərsiz”. “Sevindim. Təşəkkür edirəm” Vahid yazıb öz-özünə “Bunu xəbər elə də” mızıldandı və ertəsi gün arxivə gedib beş yüz manatı götürən gündən səbirsizliklə kitabın nəşrini gözləməyə başladı.
Sonuncu söhbətdən bir ay on gün sonra yenə ona vatsapa “Salam Zahir bəy. Necəsiz? Kitabla bağlı nə yenilik var? Ümid edirəm sizi bezdirmirəm, amma düzü, narahatam. Bu arada keçmiş Ramazan bayramınız mübarək” yazdı. Bunları Zahir oxusa da, cavab yazmadı “Bahəm yazmağın cəhənnəm, canın çıxsın əsas suala cavab yaz də,” – Vahid deyindi.

Xəbərsizliyin növbəti ayında birbaşa nömrəsinə zəng etdi, Zahir səbirsizliklə “Əleykə salam, yaxşıyam” deyəndən sonra, Vahidin kefini-halını soruşmadan mətləbə keçdi: “Ay cavan oğlan, kitab çap eləməyə pul yoxdu, ona görə cavab yazmırdım. Axı niyə belə səbirsizsən?” – “Zahir bəy, əksinə çox səbirliyəm. Mən hər gün yazmıram ki, sizi narahat edəm. İkincisi, mən ekstrasens deyiləm, ürəyinizi oxuyub biləm, kitabın çapına pul yoxdu. Yazsaydız pul yoxdu, sizi əsla narahat etməzdim”. – “Nə isə, büdcədə pul olanda, xəbər eliyərik, istəsəz, gəlib lap kitabın təqdimatında iştirak edərsiz”.

İki ay sonra Zahirdən səs çıxmayanda, Vahid B planını işə saldı. Məktəb vaxtlarından dostluq etdiyi biznesmen dostunun yanına gedib məsələni təfsilatıyla danışıb sonda istəyini dedi: “Bu kitabın nəşrinə sponsorluq edə bilərsən? Heç olmasa iki yüz nüsxə çıxsın. Mən bilən, on doqquzuncu əsrdə nəinki Şamaxıya, ümumiyyətlə Azərbaycanın heç bir bölgəsinə bundan başqa ərəb səyyahı gəlməyib. Yəni kitab çıxsa, tez satılacaq, pulunu da bölərik”. Dostu mixəkli çaydan bir qurtum alıb dedi: “Yox, mənim o pula ehtiyacım yoxdu. Düzü, inanmıram, belə kitabı alalar. Camaat indi ancaq Çingiz Abdullayevi oxuyur, bir də Elxan Elatlını. Problem deyil, pul ayıraram. Yaxşı, sənin sonra Zahirlə problemin olmaz ki?” – “Yox, nə problem? Mənə hələ çox sağ ol desin ki, bu işdə qabağa düşürəm. İkincisi, bu adam özü mənə zəng edib redaktor olmağımı təklif edib, üzv olduğu komissiya redaktəmə müsbət rəy verib. Görərsən, hələ kitab çıxandan sonra mənə zəng edib təşəkkür edəcək”.

Bir ayın içində kitab Vahidin yazdığı səhifə yarımlıq ön sözlə, istədiyi dizaynla, keyfiyyətli kağızda üç yüz nüsxəylə nəşr olundu. Kitabı mağazalara, kitabxanalara verəndən sonra, nəşr haqqında press reliz yazıb saytlara göndərdi. İki-üç çox oxunan saytda xəbər çıxdı, nəhayət, ayların gərginliyindən qurtulan Vahid rahat oldu.

Kitabın nəşrindən üç ay sonra, toyundan iki ay əvvəl qapının arasına salınmış zərfi götürüb üstündə öz adını, soyadını, “Nərimanov rayonu məhkəməsi” sözlərini görəndə, Vahidi soyuq tər basdı. Tez zərfi açıb iki yerə bükülmüş kağızı çıxartdı: filan tarixdə Şahin Qazıyevin Mülki Məcəllənin “Şərəfin ləyaqətin və işgüzar nüfuzun müdafiəsi pozulması” maddələriylə sizə qarşı qaldırdığı iddia əsasında Nərimanov rayon məhkəməsinin hazırlıq iclasında iştirak etməniz xahiş olunur. “Bu kimdi?” Qəfil xatırladı, kitabın ilk nəşrini biabırçı şəkildə redaktə edən adam idi. Evlənməyə hazırlaşan otuz iki yaşlı Vahid ilk dəfəydi məhkəməylə üzləşirdi.

Ertəsi gündən başladı Şahin Qazıyev haqqında məlumat toplamağa. Öncə arxivin şöbə müdiri Zahirə zəng edib məsələni danışdı. Bu adamın arxivin “Orta əsrlər şöbəsində” işlədiyini deyən Zahir dərhal danlaq tona keçdi: “Kitabı nəşr etdirməzdən əvvəl mütləq mənimlə məsləhətləşməliydin. İkincisi, Şahin mərdimazar, təhlükəli adamdı, peşəsi adamları məhkəməyə verib pul qopartmaqdı”. Vahidin “Neynəmək olar?” sualına “Vallah, ona sözüm keçməyəcək, yaxşısı budu özüylə görüş söhbət elə” cavabı aldı. Vahid bunu “Özüylə görüş, danış, hörmətini elə” kimi anladı, “Onun redaktəsindən mən ümumiyyətlə istifadə etməmişəm, doludu biabırçı səhvlərlə” desə də, Zahirin reaksiyası belə oldu: “Başa düşürəm, yenə deyirəm, ona sözüm keçmir. Təsəvvür elə, bu adam ərəb dilini bilməyə-bilməyə məqalə yazıb, sübut etməyə çalışır ki, imam Əlinin yazdığı kitabın adı Nəchul Bəlağə yox, Nəchul Bəladır, yəni imam Əli əslində, bəlanın mənbəyindən bəhs edirmiş, bəlağətin, yaxşı danışığın yox”. – “Ay Zahir müəllim, vallah siz məni infarkt edəssiz. Bəs sizin müdriyyət bu savadda adama necə dözür? Adı beş kitabda redaktor kimi gedib e”. – “Hə, bax, o suala mən cavab verə bilməyəcəm. Bilirsən ki, mən idarənin yox, şöbənin müdiriyəm. Oldu, işim çoxdu, xudahafiz”. Dud-dud-dud.

Vahid, Şahin Qazıyevi tanıyan bir-iki nəfərlə telefonla danışıb eyni şeyi eşitdi: işverəndi, mərdimazardı, ondan hələ indiyə qədər xeyir görən olmayıb, yazdığı əsərlərin əksəriyyəti ondan-bundan çırpışdırmadı, redaktə etdiyi əsərlər səhvlərlə doludur. Onlar da sonda “Özüylə görüş, gör nə istəyir” deyib “hörmətini elə” məsələsinə işarə vurdular.

Axırı, Vahid Zahirdən nömrəsini aldığı mərdimazara zəng etdi, özünü təqdim edib onunla görüşmək istədiyini dilə gətirdi. “Yox, nə görüşmək? – Şahin istehzayla dedi. – Hər şey göz qabağındadı”. Vahid bu adamın üzünü görməyə-görməyə “Söhbəti uzatmağın mənası yoxdu” mənasını verən saxta sakit səs tonundan anladı ki, onu yola gətirmək müşkül olacaq.

Yenə cəhd etdi: bəs kitab dilimizə daha uyğun şəkildə çıxıb, buna sevinmək lazımdır, gələcəkdə təkrar nəşr olar, ikinci redaktor kimi sizin də adınız gedər, iddia ərizənizi geri götürün, görüşək bir razılığa gələk. Xeyri olmadı, Şahin Qazıyevin dediyi son sözlər bu oldu: “Mən niyə ikinci redaktor olmalıyam? Allah şahiddi, o kitaba görə nə qədər əziyyət çəkmişəm. Qanun qanundur, əzizim. Qanunun aliliyinə hamımız riayət etməliyik. Bəlkə buna şübhəniz var?” Vahid telefonun qırmızı düyməsini basıb öz-özünə dedi: “Bu, lap alçağın yekəsiymiş ki. Hələ durub utanmaz-utanmaz mənə əzizim deyir. Kitabı normal hala gətirən mən, bu, ikinci redaktor olmağa razı olmur”.

O söhbətdən sonrakı günlər Vahid küçədə, evdə, iş otağında, yanında adam olmayanda, o baş, bu başa gedə-gedə xəyalən Şahinlə dialoqa girirdi, əsəbdən qurtulmaqçün onu doyunca söyəndən sonra bir az rahat olurdu, sonra yenə telefon söhbəti, qarşıdakı məhkəmə iclası yadına düşürdü, hirs dolurdu içinə.

Kafedə biznesmen dostunun ona verdiyi ilk sual bu oldu: “Bu Şahin nə qədər təzminat istiyir?” – “O sualı elə görüşəndə özünə verəcəkdim. Fikrimdə varıydı, görüşəndə, cibinə yüzdən, yüz əllidən basaram, məsələ həll olunar. Məni necə əsəbləşdirdisə...” – “Nömrəsini ver, mən axşam danışaram”. Qısa tərəddüddən sonra Vahid Şahinin nömrəsini dostuna verib dedi: “Amma bir xahişim var. Söz ver ki, mənim toy məsələmi bura qatmayassan. İstəmirəm...” – “Aydındı”.

İki gün sonra dostu Vahidə zəng edib “Axmağın yekəsiymiş” dedi. Məlum oldu ki, Şahin birinci dəfə onun zənginə cavab versə də, sonrakı zəng və vatsap mesajlarına reaksiya verməyib, axırda onu bloka atıb. “Bilmirsən haralıdı?” – dostu soruşdu. “Onu niyə soruşursan?” – “Haralı olduğunu bilsəm, tanış-qohum vasitəsilə bilmək olardı, bunun qarnının ağrısı nədi”. – “A kişi, bilmirəm haralıdı. İkincisi, belələri yerli, qohum hərləmir, bunlarçün qardaş, qohum puldu”.

Məhkəmənin ilk iclasında Şahinin iddiaçı kimi ondan beş min manat təzminat istədiyi bilinəndə, Vahidin rəngi qaraldı, o qənaətə gəldi ki, bütün bunlar Zahirlə Şahinin qurğusudur, hər ikisi öncədən bilirmiş, Vahid kitabı nəşr etdirəcək, hakimlə əvvəlcədən bu məsələni danışıbmışlar, sonda isə pulu öz aralarında üç yerə böləcəklər. “Yaxşı, bunlar bilir ki, mən akademiyada işliyirəm, maaşa baxan adamam. Hansı ağılla, hansı üzlə məndən pul umurlar?” fikirləşəndə bilmədi, bu işdə Zahirin əli var, ya yox. Hakim cavabdeh şəxsin dörd min beş yüz manatında cərimə ödəməli olduğu haqda qətnaməni oxumazdan əvvəl Vahid heç cürə sübut edə bilmədi ki, kitabın fundamental redaktəsini o edib, üstəlik, Şahinin işlədiyi arxivin ekspertləri buna rəy verib. Rəqəmi eşidəndə, Vahidin reaksiyası bu oldu: “Beş yüz manat azaltmaqla guya mənə yaxşılıq elədiz, möhtərəm hakim? Bu adam Öməri Amir, kəlamı kəlmə kimi yazır. Bu adamın hərəkə haqqında elementar təsəvvürü yoxdu, sizsə bunun xeyrinə qərar çıxardırsız”. – “Necə yəni hərəkət haqqında...” – “Hərəkə, ərəb dilində sait hərflərə hərəkə deyilir. Ehh, mən niyə bunları sizə deyirəm? Onsuz da artıq qərarı çıxartmısız”.

Dostunun məsləhətiylə Vahid apelyasiya məhkəməsinə şikayət etdi, apelyasiya təzminatı dörd min beş yüzdən üç min beş yüz manata saldı. Bu dəfə Vahid hakimə üzünü tutub dedi: “Möhtərəm hakim, başa düşün, mənim heç illik maaşım bu qədər eləmir. Siz necə belə qərar verə bilirsiz?” – “Vətəndaş, mən sizin xahişiniz, istəyiniz əsasında yox, qanun əsasında qətnamə çıxardıram. Əgər biz hakimlər özümüzün, ya cavabdeh şəxsin xahişi, ya istəyilə qərar çıxarsaydıq, onda qanunlara ehtiyac olmazdı ki. Bir də, siz o pulu hissə-hissə də ödəyə bilərsiz”. Hakimin bu sözlərindən sonra Vahidin nitqi qurudu, nəsə deməyin lüzumsuz olduğunu anladı. Az qaldı, elə məhkəmə zalında baxışlarını ondan yayındıran Şahinə yaxınlaşıb ağzı-burnuna iki-üç yumruq ilişdirsin.

Dərdini bircə dostuyla bölüşürdü, anasının “Bu gün-sabah toyundu. Üzün niyə gülmür, a bala?” sualına candərdi “Yox, arada gülürəm, siz görmürsüz” cavab verirdi. Ata-anası öz aralarında “Toy qabağı həyəcanlanır” qənaətinə gəlmişdi.

Məhkəməyə on, toya on dörd gün qalmış dostuyla çayxanada görüşdü. “Sabah saat dörddə bu adresdə olarsan, – dostu balaca yazılı kağızı Vahidin qabağına qoydu. – Adı Salmandı, məsələdən xəbəri var. Amma sən ona həci deyərsən, hamı o cür deyir. Həccdə olub, namaz qılandı, amma... Nə isə, görüşəndə özün hər şeyi başa düşəssən”.

Vahid arıq, balacaboy həcinin hər iki qolunda, sağ şəhadət barmağında döymə yazılar, əsas da sağ barmağında səkkiz bucaqlı ulduz döyməsini (qanuni oğru) görəndə, hər şey ona aydın oldu. Söhbət vaxtı həci kəhrəbadan hazırlanmış işıqda bərq vuran təsbehini çevirə-çevirə Həcc, Məşhəd, Kərbəla ziyarətlərində olduğunu, Vahidin “İslam yolu” qəzetində çıxan məqalələrini oxuyub bəyəndiyini deyəndən sonra əsas məsələyə keçdi: “Apelyasiya nə qədər pul kəsib?” – “Üç min beş yüz manat” – “Nə? Mən dedim yəğin söhbət on mindən gedir, – həci xırılıtılı qalın səsiylə güldü. “Həci, üç min beş yüz yox e, beş yüz belə mənimçün çox böyük puldu. Rayon məhkəməsi dörd min beş yüz cərimə yazmışdı, apelyasiya guya humanistlik edib min azaltdı. Hakimə deyirəm akademiyada işliyirəm, heç illik maaşım...” – “Həmən kitab mənə çatıb. Bax, məllim, marağludu, görən, o ərəb niyə beyin qızını qaçırtmayıb?” Həcinin qəfil onun sözünü kəsib kitab mövzusuna keçməsi Vahidi təəccübləndirsə də, suala sakit tonda cavab verdi: “Ərəblərdə qız qaçırmaq adəti yoxdu”. – “Bəs beyin qızı sonra kimə ərə gedib?” – həci gözlərini qıydı. “Yəqin ki, öz əmisioğluna”. – “Hə də, o vaxt qızın ağzı nə idi, atasına qarşı çıxsın. Üstəlik, orda yazılır ki, onlar deyikliymiş. İndi gəl mən sənə bir şey deyim. Mehdi beyin həmən qızı mənim ulu nənəm olub, adı da Münəvvər”. Vahid qeyri-ixtiyari yerindən qalxdı. “Otur, otur. Hə, həyatda belənçik şeylər olur, qərdeşim, – həci təsbehini şaqqıldadaraq söhbətinə davam etdi. ¬– Ulu nənəm əmisioğlunu istəmirmiş, İbrahim isə çox gözəl, yaraşıqlı oğlanıymış.

Düzdü, o yeri əsərdə yoxdu, yəni adamın özünü tərifləməsi bir az düz çıxmır deyə, İbrahim bunnarı yazmayıb, amma dildən dilə gəlib çıxıb bizə. Nə başıvı ağrıdım, o ərəb Şamaxıdan gedəndən bir neçə gün sonra ulu nənəm gecə minir ata, qaçır qonşu kəndə, onu istəyən oğlanın evinə, adı Səlman olur oğlanın, elə ona da ərə gedir. Heç ona da ulu nənəmin meyli olmuyub, sadəcə öz əmisioğluna o qədər nifrət eliyirmiş ki, ondansa Səlmanı üstün tutubmuş. Mənim nəslim, elə adım da bax ordan gəlir. Çox mərd adam olub Səlman, kənddə böyük hörməti olub, mənim kimi razborkalar aparırmış. Daha doğrusu, mən onun yolunu davam eliyirəm. – güldü. – Mehdi Səlmanın atasıyla düşməniymiş, sonralar deyirmiş, bilseydim belə olucey, Səlmandansa qızı ərəbə verərdim. Ömrünün axırına qədər qızıyla barışmıyıb ki, sən mənə nankor övlad oldun, nəslimizin adını batırdun... Məllim, sən yəğin o biri dünyaya inanırsan da?” – “Əlbəttə”. – “Deyirəm, görən, bərzəx aləmində həmən o ərəb ulu nənəmi görə bilib?” – həcinin sifətinə qəribə bir təbəssüm qondu. Vahid söhbətin sehrinə necə düşmüşdüsə, nəyə görə gəldiyini unutmuşdu. “Vallah, çətin sualdı. Hədisdə də var axı, Allah bizə bərzəx haqda çox az məlumat verib”. – “Onu bilirəm, amma yenə marağlıdı. Hərdən fikirləşirəm, Mehdi düz eləmiyib qızı ərəbə vermiyib. Əsərdə yazır axı, qız o ərəbi görəndə gülür, demək nənəm ona vurulubmuş. Amma o da var ki, nənəm Səlmana ərə getməsəydi, bu dünyada mən olmuyeceydim,” – deyib həci güldü, dəmir seyfə tərəf getdi.

Vahid “Yox, nə danışırsız” desə də, zərfi götürdü. “Allah xeyir vərsün, toyun münasibətiynən indidən təbrik eliyirəm səni,” – həci dedi. Vahid söhbəti yenə məhkəmə cəriməsinin üstünə gətirəndə, həci bircə cümlə dedi: “Narahat olma”. Vahid istədi “Necə etmək olar ki, bu mərdimazar şikayətini geri götürsün?” sualını versin, həci dilləndi: “Təzə kitabun olsa, göndər oxuyum” dedi. Vahid evə çatan kimi zərfi açdı: beş yüz manat idi. Qərara gəldi, bunun üstünə toydan yığılacaq puldan beş yüz qoyub, beş yüz manat mərdimazara, beş yüz də hakimə verib məsələni həll etsin.

Artıq toya dörd gün qalırdı, çox narahatıydı Vahid, heç istəmirdi, bu günlərdə, ya toydan sonra apelyasiya məhkəməsindən “Siz filan tarixə qədər təzminatla bağlı ödəniş etməsəniz, məbləğin üstünə filan qədər də gələcək” tipli bildiriş alsın. “Bu həci çox əliaçıq adamdı, Allah ömrünü uzun eləsin. Amma pul verməkdənsə, ulu nənəsinin romantikasından danışmaqdansa, kaş real kömək edəydi. “Narahat olma” deməklə iş düzəlmir axı”. Dostu zəng edib soruşdu: “Getdin həcinin yanına? – “Getdim, dedi narahat olma”, utandı desin ki, hacının “Narahat olma” cavabı onu qane etmədi.

Toydan bir həftə sonra atası təzə ailəyə baş çəkdi, ordan-burdan söhbət etdilər, atası qəfil “A bala, Şahin Qazıyev kimdi?” soruşanda, Vahid diksinən kimi oldu. “Nədi ki?” – atasının sualına sualla cavab verdi. “İki yüz manat pul salıb toyuna. Ananla ha fikirləşdik, bilmədik kimdi. Bir də konvertin içinə kağız qoymuşdu,” – deyib atası kağızı köynəyinin cibindən çıxardıb oğluna uzatdı. “Vahid müəllim, Allah ailənizi xoşbəxt eləsin. Heyif özüm iştirak edə bilmədim. O məsələyə görə narahat olmayın, şikayətimi geri götürdüm. Kitabı təkrar oxudum, maşallah əla redaktə etmisiz. Etiraz etmirsizsə, təkrar nəşrdə ikinci redaktor olaram”. Bunlar yazılmışdı kağızda.

4 aprel – 11 dekabr 2023
Bakı – Altıağac – Bakı

# 1982 dəfə oxunub

Oxşar xəbərlər

Çiyələk - Günün lətifəsi

Çiyələk - Günün lətifəsi

09:00 12 iyul 2024
"Bəxtiyar Vahabzadənin şeirləri ədəbiyyatdan uzaqdır" - Emil Rasimoğlu

"Bəxtiyar Vahabzadənin şeirləri ədəbiyyatdan uzaqdır" - Emil Rasimoğlu

21:00 11 iyul 2024
Füzuli və Mikelancelonun bir-birinə ehtiramı - Eşq, yoxsa Eros?!

Füzuli və Mikelancelonun bir-birinə ehtiramı - Eşq, yoxsa Eros?!

12:00 10 iyul 2024
Yazıq Əhməd, yazıq Əhməd... - Nadir Yalçının yeni şeirləri

Yazıq Əhməd, yazıq Əhməd... - Nadir Yalçının yeni şeirləri

12:00 9 iyul 2024
Ulucay buna nail olmağa çalışıbsa, təəssüflə deməliyəm ki... - Xəyyam Rəfili

Ulucay buna nail olmağa çalışıbsa, təəssüflə deməliyəm ki... - Xəyyam Rəfili

09:00 9 iyul 2024
Doğulduğu gün ölənlər - İnsan nə vaxt qocalır?

Doğulduğu gün ölənlər - İnsan nə vaxt qocalır?

12:00 30 iyun 2024
# # #