Köstəbəklərə hücum! - Mir Çingizin yeni hekayəsi

Mir Çingiz

Mir Çingiz

24 sentyabr 2022
# 10:00

Kulis.az Mir Çingizin “Köstəbəklərə hücum!” adlı distopik hekayəsini təqdim edir.

Mən nəslimizin ən yad nümayəndəsiyəm. Min illərdən bəri yer altına məhkum edilmiş insanlarla birgə yaşayıram. Həyat tərzimizin necə dəhşətli və bir o qədər də əcaib olması barədə bəzi ürək sözlərimi hekayələşdirməyə çalışıram. Oxucu hekayəmi oxumazdan əvvəl bilməlidir ki, normal biri deyiləm və bütün yazdıqlarım anormallığımdan qaynaqlanır. Əgər o özünü məlum həqiqətə inandırsa, aramızda heç bir anlaşılmazlıq baş verməyəcək. Əvvəlcədən xəbərdarlıq edirəm: Anormallığım bəraətimdir.

***

Bu hissəyə yazmağa daha fərli giriş tapa bilmədim... Biri var idi, biri yox idi, biri də mənim kimi – nə o yanlıq idi, nə də bu yanlıq. Yaşadığım məmləkət əcaib adətlərin cəmindən formalaşıb. Yox, kimsə soruşmasın ki, məmləkətimin əcaib cəhətləri hansılardır. Onsuz da, hekayəni bitirər-bitirməz bizim tərəflərdə qeyri-əcaib zatın olmadığı aşkara çıxacaq.

Ki, məsələn, qaldığımız evlər torpağın altında yerləşir. Damları ağac köklərindən hazırlayırıq. Döşəmələr yonulmuş köstəbək sümüyündəndir. Təxminən yüz kilometrlik yeraltı fəza yaratmışıq. Şükür aya ki, dik yeriməyi unutmamışıq. Kafkanın qəhrəmanlarından da betərik. Hə, düzdür, günəşə həsrət qalmamışıq, yuxarıları işğal etməyiblər, ümumiyyətlə, torpağın altında məskunlaşmaqdan ötrü tək səbəbimiz də yoxdur. Di gəl, dədə-babadan belə görmüşük deyə hamılıqla adət-ənənələri qoruyub saxlamağa çalışırıq. Platonun mağarası bizim yeraltı məmləkətdən daha fərlidir. Əməlli-başlı qaranlıq dünyanın adamlarıyıq. Hətta gecə ulduzları seyr etmək də gözlərimizi qamaşdırır. Həşərat və bitkilərlə qidalanırıq. Hərdən köstəbək əti yeyirik. Amma sizə deyim ki, zülmət həyatımıza rəğmən əməkdaşlıqları, hərbi əməliyyatları, iqtisadiyyatı, al-veri unutmamışıq. Elə biri ətini yediyimiz köstəbəklərlə bağlanmış müqaviləmiz. İllik bölgü əsasında razılaşma imzalamışıq. Biz onları yeyirik, onlar da bizdən sığınacaq alır. Hər ölü köstəbək diri köstəbəyin gələcək evidir. O səbəbdən tez-tez qırırlar bir-birini. Bəzən görürsən, heç ov etməyə də ehtiyac qalmır. Özləri aralarında beş-on ətli-budlusunu seçib göndərir. Üstündə də köstəbəkcə yazılır ki, “nuş olsun”. Vəssalam.

Fövqəladə təhlükəli anlardan savayı heç vaxt birləşməmişik. Fövqəladə dediyim də ki, seldir, daşqındır, zəlzələdir, yəni belə təbiət hadisələri olmasa, köstəbəklərlə aramız nə bir köynək yaxın olur, nə bir köynək uzaq. Soruşsanız ki, bəs dədə-babalarınız o vaxt niyə əngin səmaları, hündür dağları, tər-təmiz havanı qoyub yeraltı dünyanın soxulcanlı həyatını seçib? Cavab verə bilərəm. Yetərincə tutarlı səbəbimiz var. Ola bilər, yuxarıda bizi təhlükə gözləmir, başımızı torpaqdan çıxarsaq, dəyib-dolaşan olmayacaq. Amma gerçək təhlükə bizik. Özümüzük. Ulu babamız Zülmət kişi deyərdi ki, insanın xisləti dağıdıcıdır. O sevgini də, qorxunu da, nifrəti də dağıdıcı günəş enerjisindən yaradıb. Təzyiqlə gələn çayı qollara ayırmaq kimidir bu.

Əcdadlarımız yeraltı dünyaya köçməyə qərar verəndə, hələ 21-ci əsrdə yaşayırdıq. Dünyamız günü-gündən daha dəhşətli yerə çevrilirdi. Adamlar öldürməkdən zövq alır, öz fikirlərinə sofistik don geyindirir, hansısa qəddar filosofların insan təbiəti haqda yazdığı vəhşi fikirləri örnək alıb ideologiyalar yaradırdılar. Nəhayət durum elə həddə çatdı ki, dünya xalqları seçim etmək məcburiyyətində qaldı: Ya özünü günəşdən məhrum edib torpağın içində islah olunmalı, ya da dünyanı məhv etməli. Beləcə, Ulu Babamız və tərəfdaşları yeraltını seçdi.

Çoxları Mars deyilən planetə köç etməyin xəyalıyla onları ələ saldı. Bəziləri birləşib üçüncü cahan müharibəsinə başladı, bir qismsə baş verənlər fonunda aclıqdan yavaş-yavaş gəbərdi. Geriyə təkcə biz qaldıq. Biz, yəni 1911 nəfər nəfsindən imtina edənlər... Deyim ki, torpağa öyrəşmək heç də asan olmadı. Hər gün qızardılmış toyuq, dana qarnından steyk, göy qutabı, üçbacı dolması yeyən adamlar üçün yeraltı qidalarına öyrəşmək işgəncəydi.

Etiraf edirəm, həmin üsyankarlardan biri mənim babam olub. Yeraltı daxmalarımıza təzəcə öyrəşdiyimiz ərəfədə dikbaşlıq edib atasına çımxırmışdı ki, mən soxulcan yeməyəcəm! Get onu çinlilərə yedirt. Atası da sağ olsun, yağlı-duzlu bir şillə çəkmişdi üzünə. Demişdi, biz bura sənin yaşamağın üçün köçməmişik, amalımız xalqı qorumaqdır. Sən lap acından ölsən də, nəsə itirmərik. Cəhənnəm ol buradan! Babam da təslim olandan sonra hər şey qaydasına düşmüşdü. Fikir vermişəm, soxulcanın baş tərəfini saymasaq, dadı pis deyil, haradasa soyutma toyuğa oxşatmaq olar. Ölməməkçün əlacımız nədir? Yesək də budur, yeməsək də. Ya bismillah!

Ancaq bəşərin bütün elastik cəhətlərinə rəğmən etiraz duyğusu da var axı. Məsələn, bir gün hiss etdim ki, nəsə düz getmir. Deməli, biz zamanla günəşsiz yaşamağın yolunu tapdığımızı düşünürdük. Sutkanın bir saatı günəş vannası qəbul edib təkrar qayıdırdıq zülmətimizə. Yatmağa yerimiz, yaşamağa yurdumuz, yeyib içməyə ətimiz vardı.

Amma yadıma gəlir, hələ köstəbəklər məmləkətinə hücum etməzdən əvvəl, bir qızdan yaman xoşum gəlirdi. Ölürdüm ondan ötrü. Ta ki, yeraltında bir-iki ay qalanadək. Sonra elə bil nəsə öləzidi içimdə. Yəqin, gün işığıymış. Və anlamağa başladım. Bioloji həyatı seçmək mənəviyyatı öldürür. Ona “günəşim” deyərdim... Ta “zülmətim” deyəsi deyiləm ki, düzdür? Özü də təkcə mən yox, əksər kişilər aşiq olduğu qadınlardan soyumuşdu.

“Torpağın üzü soyuq olur” deyirlər. Ancaq içi lap buz kimidir. Həm yeganə problem soyuqluq deyildi ki... Sifətimizdəki cizgilər də itirdi. Rəngimiz də qaralırdı. Min illər ərzində, bəlkə, bəbəklərimizdəki fosfor da artıb gecələr işıq saçırdı. Zülməti daha aydın görürdük indi. Və bir gün torpaqla elə doğmalaşdıq ki, min illərdən bəri burada məskunlaşan köstəbəklərə müharibə elan etdik. Torpaq kök atdığımız yer olmuşdu daha. Təkcə öldüyümüz yox, həm də yaşadığımız evə dönmüşdü bura. Köstəbəklərdən yeganə fərqimiz iki ayaqlı, dik yeriyən və düşünən insan olmağımızdı.

Ədalətli danışası olsaq, köstəbəklər də təkamül keçirmişdi. Bəziləri gün üzünə çıxmışdı, bəziləri insanlaşmış, bəziləri hətta danışmağı belə öyrənmişdi. Ortaq nöqtələrimizin sayı artdıqca qısqanclıq baş qaldırırdı içimizdə. Onlar deyirdi, siz köçərisiniz, biz deyirdik, əsas odur, güclüyük! Nəhayət həm güclü olanın qazanması, həm də ət yemək naminə hərbə əl atdıq. Ən böyük düşmənimiz aclıqdır. Naharımızla döyüşə hazırlaşırdıq. Hücum alətlərimiz ağac budaqları, daş və bıçaqlardır. Odlu silahlara toxunmaq Ulu babamızın lənətinə tuş gəlmək deməkdir.

Həm də köstəbəklərin nəyinə atəş açasan axı? Bir-iki nizəlik canları var. Düzdür, ilk hücumlarımız düşündüyümüz qədər uğurlu alınmadı. 11 döyüşçümüz əsir belə düşdü. Yəqin, uzun illər müharibə vərdişlərindən məhrum qalmağın nəticəsi idi ki, az qalsın, nizə tutmağı da unutmuşduq. Ancaq özümüzə tez gəldik. Beşinci həmlədə köstəbəklərin ovaxtkı rəhbərini əsir aldıq. Bədənini ağac köklərinə bağlayıb sinəsindən çıxardıq ürəyini. Çiy-çiy də yedik. Oddan imtina etmişdik axı. Beləcə, onlardan daha vəhşi varlığa çevrildiyimizə inanan köstəbəklər məğlub oldular.

Təslimat inanc məsələsidir. Artıq onların torpaqları da, canları da bizim idi. Bu, aylar, illərlə təsir altına salmağa çalışdığın qadının nəhayət qollarında inildəməsinə bənzəyir. Fəqət heç nə yaxşıya doğru dəyişmədi. Köstəbək ətini bəyənən yerlilər buna qane olmaq əvəzinə daha artığına göz dikdilər. Aramızda peyda olan bəzi xəyanətkarlar köstəbəklərə gizli məktublar yazıb yenidən gün üzünə çıxdılar. Ki, guya Mars koloniyasındakı adamların yer üzrə nümayəndələriylə əlaqə qurub planeti tərk edəcəklər.

Gözlənildiyi kimi heç nə alınmadı, köstəbəklər bizdən fərqli olaraq xəyanəti bağışlamır. Hamısını sümüklərinəcən yeyib sümürdülər. Qarışqalara belə pay saxlamadılar. Sonra nəcis halında ifraz etdilər. Biz isə hələ də o xainlərin qarışdığı torpağa yaxın durmuruq. Lənətgahımıza çevrilib. Övladlarımıza həmin tullantı məkanını göstərib öyüd-nəsihət veririk. İnanclarımız yaman dəyişib indi. Çoxları günəşə nifrət edir, inanır ki, insanı vəhşiləşdirən günəşdir və yəqin, əcdadlarımızın on min illər öncə günəşə itaət etməsinin səbəbi də həmin vəhşiliyin təzahürüymüş. Əsas odur ki, heç nə artıq əvvəlki kimi deyil. Müqəddəs aya sitayiş edirik. Savaşı uğurla bitirəndən sonra köstəbəklərlə də barışmışıq: Qız alıb, qız veririk. Kösdamlar gəlir dünyaya. Onlar bizdən daha sağlamdır, daha möhkəmdir. Onları yuxarıdakılarla savaşa hazırlayırıq...

Nə yalan deyim, düşündük, təkcə bu yolla aramızdakı düşmənlik buzunu əridib daha nəhəng rəqibləri məğlub edə bilərik. Zamanla Kösdamlar yurduna çevrilirik. Yeni irq yaradırıq. Fikrimizdə var ki, cəhdlərimiz istənilən nəticəni versə, başqa canlılarla da cütləşək. Dünyanın ən vəhşi varlıqları kimi yerüstü hakimiyyətindən imtina etməyin nə qədər düzgün qərar olub-olmadığını bilmirəm.

Ancaq bu mətni gün işığında yazıram. Çünki mən onlardan biri deyiləm. Əsla olmadım. Sadəcə elə olduğuma inandırdım özümü. Soruşsanız ki, bəs ulu babaların, bəs adət-ənənələrin, bəs xəyanət? Doğrudur. Ancaq başda demişdim axı nə o yanlığam, nə bu yanlıq. Artıq otuz beş yaşım var və planetdən doymuş biri kimi geriyə iki yolum qalır: Ya ətrafıma özüm kimi adamları toplayıb dördüncü dünya müharibəsini başlatmaq, ya da Marsa köçmək. Təbii, əgər öldürülməsəm...

Nə isə, hələlik bu qədər kifayətdir. Geri qayıdım. Günəş vannası üçün ayrılan bir saat çoxdan bitib. Yəqin, indi hər yerdə məni axtarırlar...



# 2350 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #