"Əsl ədəbiyyat nümunəsidir..." - Hekayə müzakirəsi

"Əsl ədəbiyyat nümunəsidir..." - Hekayə müzakirəsi
23 mart 2024
# 10:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Babək Məmmədlinin "Sevgi Şəhəri" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Şərif Ağayar:

"Düzü, heyrət elədim. Babəki yaxşı oxucu kimi tanıyıram, arada nələrsə yazdığını da görmüşdüm, lakin diqqətlə oxumaq fürsətim olmamışdı, onun belə bir mətn yazacağı heç ağlıma gəlməzdi. Sanki istedadlı bir gürcü yazıçının hekayəsini oxudum. Balaca bir mətndə gözlədiyimdən qat-qat artıq ustalıq göstərib. Başqa millətə mənsub iki nəfər yaşlı qadını, onların taleyini, ailəsini, yaşadıqları şəhəri, ətrafdakı təbiəti bu cür incəliklə hiss və təsvir etmək təzə başlayan hər yazara müyəssər olmaz. Görünür, müəllif ya çox yazıb gizləyib, ya da təkmilləşmə prosesi onun içində gizli gedib. Mən bu balaca mətnlə ciddi bir yazıçı tanıdım. Təbrik edirəm. Davam etsə, çox yaxşı mətnlər yazacaq".

İlham Əziz:

"Hekayələr bəzən bələdçi olur. Başqa xalqların mədəniyyətini, məişətini, duyğularını bizə elə ötürür ki, sanasan, orda olmusan, hər şeyə canlı şahidlik etmisən. Dünən sübhdən oxuduğum bu hekayə də o qəbildəndir. Qonşu Gürcü xalqının sadə adamlarından, onların yaşayışından xəbər verən hekayə ustalıqla yazılıb. Mətni oxuya-oxuya hiss edirsən ki, müəllif hadisəni hər tərəfdən dəhmərləyib ədəbiyyatın qara dəliyinə yığır. Bu yığılmanın nə vaxtsa böyük partlayışa səbəb olacağı gün kimi aydın olur. Mətni oxuduqca içimə azadlıq hiss dolur. Adama elə gəlir ki, Luizanın son nəfəsindən sonra ruhu asimana bülənd olub kəşkəşanlı Qafqazın yamaclarına hürriyət səpəcək. Sənətin son və ali məqsədi də bu olmalıdır. Struktur və üslub fərqlidi, mətn yaddı. Yad adamı tanımağın ehtirası kimi hekayə oxucunu ağuşuna alıb, Sofiyenin hisslərinə bürüyür. Bu məchul sevgi toranlığında adam xatirələrlə əlləşir, faniliyin əzablarını canında hiss edir.
Mətndə redaktə məsələləri var, ancaq bu əsərin özülünü tərpədə bilmir. Belə hekayələr, məncə, bütöv doğulur. Qafqaz xalqları kimi bu hekayə də Qərblə Şərqin arasında can çəkişir. Şərq nəsri kimi özünün içinə yuvarlanır, Qərb nəsri kimi gələcəyə rəml atır.
Müəllifdən oxuduğum ilk hekayədi. Ona canı-dildən təşəkkür edirəm".

Ehtiram İlham:


"Ümumiyyətlə, Babək Məmmədoğlu fitrətən istedadlı adamdı. Ustad oğlu olmasına rəğmən həmişə ocaqlarında atasının dostları olan böyük söz adamlarını görüb. Bir-birindən gözəl şairlərə qulluq göstərib. Əllərini dirəyinə alaraq saatlarla onlara qulaq asıb. Uşaqlığından çoxlu-çoxlu şeirləri yaddaşına həkk eləyib. Azərbaycanın xeyli ustad şairinin yazdığı gözəl poetik nümunələri, o cümlədən atası Məmməd İlqarın bütün şeirlərini əzbərdən bilir.
Görünür, buna görə də şeir yazmaqdan çəkinib həmişə. Adam şeiri, poeziyanı yaxşı biləndə istədiyini yaza bilməmək qorxusu heç vaxt tərk etmir onu.
Amma Babəkin istedadını, onun hər hansı hadisəyə, materiala özünəməxsus baxışını çoxdan hiss edən yaxınları, həmişə onu yazmağa, düşüncələrini qələmə almağa çağırıblar. Nə yaxşı ki, Babək sonda taleyi ilə barışıb, gözəl qələmini işə saldı və başqa yazılarla bir yerdə, əsl ədəbiyyat nümunəsi olan bir neçə parlaq hekayə yazdı.
Hər şeydən əvvəl Babəkin bu hekayəsindəki müşahidə qabiliyyəti diqqəti çəkir, onun ədəbi estetikası qələmə aldığı hadisələri mükəmməl dolğunluqla açmağa imkan verir. Oxucu özünü "Sevgi şəhəri"nin içində hiss edir, hər şeyi gözləriylə görür, hər ağrını içində çəkir. Hekayənin ruhunda klassik gürcü yazıçılarının, ələlxüsus da Nodar Dumbadzenin gürcü ruhunun ifadəsi olan dəst-xəttinin detalları da ehtiva olunur. Əsərin dilinə isə söz ola bilməz. Mükəmməl, axıcı, həm də xeyli poetikdir.
Bir sözlə, bu hekayəni ədəbiyyat aləminə aparan yolda Babəkin vizit kartı hesab etmək olar. Bizdən isə ona ərincəkliyin daşını atıb daha çox yazmaqla uğurlar qazanmasını arzulamaq qalır".

Alik:

"Babək bu hekayəni mənə çoxdan göndərmişdi. Təəssüf ki, bir az gec oxudum. Səhər tezdən idi. Oxuyub, həyəcanlandım. Belə bir yazıçını niyə tanımamışıq?! Mən Gürcüstanda, gürcülərin içində doğulduğum üçün bu hekayə mənə bir köynək daha yaxındır. Onların xarakterini, ab-havasını o qədər peşəkarcasına təsvir eləyib ki, oxuduqca elə bildim, hansısa məşhur gürcü yazıçısının hekayəsini oxuyuram. Bənzətmələr, dilin həlimliyi, keçidlər də öz yerində. Çox bəyəndim. Müəllifə uğurlar arzu edirəm".

Orxan Cuvarlı:

"Bir müəllifdən ilk dəfə nəsə oxumaq nabələd yerlərdə gəzməyə bənzəyir. Bitməyən həvəslə, şövqlə tanış olmayan küçələri dolanırsan. Bu hekayə müəllifdən oxuduğum ilk hekayə idi. Müəllifi tanımasam da, mətn tanışdır, doğmadır, mübhəm hisslərə sığal çəkir. Xeyli zövq aldım. Belə hekayələr az-az yazılır. Bu hekayədə gürcü hekayələrinə xas atmosfer var. Elə həmin ab-hava axıradək oxucunu tutub saxlayır. Gündəlik həyatımızda adidən adi, sadədə sadə yüzlərlə detal olur. Müəllif bu hekayədə də onlarla belə xırda detalı ilmə-ilmə toxuyub. Uğurlar arzu edirəm!"

# 1792 dəfə oxunub

Oxşar xəbərlər

"Anam qadın, bacım qadın, qızım qadın" – Şəhriyar  del Gerani

"Anam qadın, bacım qadın, qızım qadın" – Şəhriyar del Gerani

17:00 24 may 2024
Uzanmış çılpaq - Qətər şeyxinin 210 milyon dollara aldığı rəsm əsəri

Uzanmış çılpaq - Qətər şeyxinin 210 milyon dollara aldığı rəsm əsəri

15:00 24 may 2024
Arvadını xəyanət etməyə məcbur edən məşhur yazıçı - Onun ailəsi niyə siflisə yoluxmuşdu?

Arvadını xəyanət etməyə məcbur edən məşhur yazıçı - Onun ailəsi niyə siflisə yoluxmuşdu?

12:00 24 may 2024
O, imam Hüseyinlə birlikdə şəhid olmuş Hürrün qəbrini niyə açmışdı? - Şah Xətainin bayılması

O, imam Hüseyinlə birlikdə şəhid olmuş Hürrün qəbrini niyə açmışdı? - Şah Xətainin bayılması

09:00 24 may 2024
Bağırovun saxta pulla aldığı məşhur romanımız - O, qızıllarını niyə erməni qızına bağışlamışdı?

Bağırovun saxta pulla aldığı məşhur romanımız - O, qızıllarını niyə erməni qızına bağışlamışdı?

09:00 22 may 2024
Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib

Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib

17:00 20 may 2024
# # #