Darıxan adam haqqında bir neçə fraqment – Mahir N. Qarayev yazır…

Kamal Abdulla, Mahir N. Qarayev

Kamal Abdulla, Mahir N. Qarayev

16 mart 2023
# 17:00

Kulis.az Mahir N. Qarayevin “Darıxan adam haqqında bir neçə fraqment” adlı yazısını təqdim edir.

…Bir tərəfdə adam özü dayanır, bir tərəfdə ölüm, bir tərəfdə də kəhər at. Hər kəs dünyaya gələn kimi başlayır öz kəhər atına sarı qaçmağa, o yandan da ölüm başlayır kəhər ata sarı qaçmağa. Elə ki ölümdən qabaq çatıb atıldın kəhər atın belinə, çapıb-çapıb çoxlu özgə dünyalar görəcəksən. Yox, elə ki ölüm səndən qabaq çatıb atıldı kəhər atın belinə, qalacaqsan pay-piyada, öz balaca dünyanda dolaşa-dolaşa da axırda çərləyəcəksən...

Ramiz Rövşən

Qəzet-jurnalın sevilə-sevilə oxunduğu, kitabın əl-əl gəzdiyi və o qəzet-jurnalda, o kitabda şeirin, sözün, yazının çap olunması, imzanın görünməsi adamı az qala xoşbəxt elədiyi iyirminci əsrin yetmişinci-səksəninci illərində bu sözü ilk dəfə Kamal müəllimdən eşitdim: “bax, çap olunmaq istəyirdim, olundum, yazım çıxdı, amma nolsun, adam darıxır...”.

Bəli, bu həmin vaxtlar idi ki, biz çap olunmağın həsrətində ikən, kifayət qədər cavan olan Kamalı çap olunmaq artıq darıxdırırdı…

Bu həmin əyyamlar idi ki, şeytanın qıçını qırıb dörd şeirimi «Azərbaycan» jurnalında çap etdirmişdim və Kamal da öz tənqidi yazılarının birində mənim adımı gələcəyin ümidverici şairləri sırasında çəkib daha da ümidləndirmişdi və Aydın Məmmədov da məni dəhlizdə görəndə ərklə demişdi: yazdıqlarını talvara yığıb saxlama, get mənim adımdan ver Əkrəmə, Yusifə çap eləsinlər!

Amma ilin-günün belə bir vaxtında Kamalın dilindən eşitdiyim “darıxmaq” sözünü, vallah, unuda bilmirdim; o bir kəlmə söz beynimi oyuq-oyuq eləyirdi

Dəhliz də adi dəhliz deyildi – Akademiyanın məşhur Dilçilik İnstitutunun dəhlizi idi. O dəhlizin bir ucu adamı aparıb dünyada yeganə türkoloji nəşr olan «Sovetskaya türkologiya» jurnalının redaksiyasına çıxarırdı və mən Kamalı ilk dəfə məhz bu dəhlizdə gördüyümü xatırlayıram: cavan, ötkəm, eyni zamanda sayılan və seçilən Kamal!

Kamal haqqında «ötkəm» sözünü təsadüfən işlətmədim; bu ötkəmlik zahiri deyil, içəridən gələn bir ötkəmlikdir.

Mən o vaxtdan bu vaxtacan Kamalı bir dəfə də olsun qısılan-sıxılan görmədim – nə qapıların, nə adamların, nə də titulların qarşısında. Elə o vaxt hamımızın sevə-sevə “professor” dediyimiz (Kamalın işlədiyi Dilçilik İnstitutunun direktoru və elmi yazılarını çap etdirdiyi “Sovetskaya türkologiya” jurnalının baş redaktoru) Şirəliyevin kabinetinin qapısını da ən ürəklə açan üç adam vardısa, onun biri Kamal idi...

Yaxşı, bəs bu xoşbəxtlər xoşbəxtini (bu sözü də qəribçiliyə salmayın) darıxdıran nə idi görəsən?!

Xoşbəxtlər xoşbəxti necə olur axı?! Axı Kamal həqiqətən bütün kollektivin sevdiyi və həsəd apardığı, çox erkən yaşlarında nəinki namizədlik, hətta doktorluq dissertasiyasını böyük uğurla müdafiə edən, sözünün çəkisi olan, ədəbi və elmi diskussiyaların mərkəzində dayanan, adlı-sanlı ziyalılarla, yazıçılarla, elm adamlarıyla oturub-duran, hamıdan gözəl danışmağı bacaran, televiziyada maraqlı verilişlərə imza atan, nəşriyyatlarda, redaksiyalarda üzünə yaşıl işıq yandırılan, ürəkdə qısqanclıq doğuracaq qədər uğurlara imza atmış bir gənc idi.

Amma bu gənc darıxırdı, vallah-billah, darıxırdı və mən Kamala harda, hansı şəraitdə rast gəlirdimsə, üzündə-gözündə sezdiyim birinci şey onun darıxmağı olurdu: bu adam toyda da, iclasda da, dostlarla bir məclisdə də, qatarla gedəndə də, getdiyi yerə çatanda da darıxırdı…

Nə imiş onu darıxdıran?

Cavabın yarısını «Kədərli seçmələr» kitabına Ramiz Rövşənin yazdığı ön sözdə tapdım, yarısını da özüm fikirləşdim: onun sürəti böyükdür! Kamal getdiyi yolu həmişə tərəddüdsüz gedən, dediyi sözü həmişə qəti deyən, gördüyü işi həmişə yüksək peşəkarlıqla görən və mənzil başına həmişə hamıdan tez yetişən… intəhası yetişən kimi də mənzil başında tək-tənha oturmağa (və darıxmağa!) məhkum birisidir…

...Yazıçılar Birliyinin qurulta­yından çıxıb nahar etməyə gedirik: Vilayət Quliyev, Ramiz Rövşən, Rəşad Məcid və Kamal (yadımdadır ki, Vilayət müəllim Polşaya səfir təyin olunmuşdu, tezliklə yola düşəcəkdi). Ayrılanda Kamal mənə dedi ki, Ramiz Rövşənə bir yazı verdim, oxuyandan sonra, sən də al oxu (amma Ramiz Rövşəndən yazı almaq asanmı məsələdir?!)

Tezliklə o yazı çap olundu – bu, nəsrimizin ən maraqlı əsərlərindən olan “Yarımçıq əlyazma” romanı idi. Və mən onu Kamalın Ramiz Rövşənə verdiyi əlyazma şəklində deyil, kitab şəklində oxudum. İndi gec də olsa, Kamal müəllimə deyim ki, ürəyini buz kimi saxlasın, mən o vaxt o əsəri əlyazma şəklində oxusaydım da, heç bir “iradım, əlavəm, düzəlişim” olmayacaqdı: kaş əlyazmalar hamısı bu “yarımçıq” əlyazma qədər bitkin olaydı!

…Anar müəllimin yubiley gecəsində təsadüfən Kamalla bir masaya düşdük. Yadımdadır, təzəcə oxuyub bitirdiyim “Sehrbazlar dərəsi”nə görə ona təşəkkürümü bildirdim. Səs-küylü məclisdə “Necədir, bəyəndinmi?” – soruşdu. Dedim, çox yaxşıdır, hətta “Yarımçıq əlyazma”dan da yaxşıdır, sadəcə, mən sehrbazların bu gözəl dilini anlasam da, özüm o dildə danışa bilmirəm…

Dostoyevski öz qəhrəman­la­rından birinin dili ilə quşu gözündən vurub: “Gərək bu dünyada hər kəsin bir gediləsi yeri olsun…”

Çox sevdiyim “Sehrbazlar dərəsi”ni oxuyandan sonra Kamala görə həm də sevindim: Kamal öz gediləsi yerini, açılası qapısını tapıb. Ən çox da ona sevindim ki, indən belə bu balaca dünyada Kamalın pay-piyada dolaşıb çərləmək qorxusu yoxdur – o, darıxdığı bu dünyadan, dünyanın lazımsız iş-gücündən, qayğılarından qaçmaq üçün axtardığı kəhəri tapıb (və bu kəhərin belində çox rahat əyləşib)! Və Kamal bu darıxdırıcı dünyanın adamlarından, sifətlərindən keçərək o qapını açan kimi sehrli bir aləmə düşüb.

Elə bir aləm ki, orada anmağa da, unutmağa da həmişə doğma bir üz, ən azından, dadlı bir bəhanə tapmaq həmişə mümkündür…

…Amma bir kədərli “seçmə” də var ki, yaşın neçəliyindən asılı olmayaraq, bu aləmdə ömrün yalnız bircə fəsli olur: qış çağı!

Çöldə bəyaz qar yağır…
Rusiyanın ağ qarı…
Daha bundan bəyazı çətin yağa, biləsən.

Durub kimi anasan –
anmağa kimsə varmı?
Amma kimsə də yoxdu unutmağa, biləsən…

Ömrün qış çağına xoş gəldik, Kamal müəllim!

# 2148 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
#
#
# # #