Zərdüşt Əlizadə Hüsnü Mübarəklə xatirələrini danışır - MÜSAHİBƏ

Zərdüşt Əlizadə Hüsnü Mübarəklə xatirələrini danışır - MÜSAHİBƏ
12 aprel 2011
# 12:49
LAYİHƏ: DAHİLƏRLƏ GÖRÜŞƏNLƏR

Kulis.azın təqdim etdiyi lahiyədə dünyada tanınmış məşhur siyasətçilər, yazıçılarla şəxsən görüşən insanlardan müsahibələr alınır.

İlk qonağımız olan Zərdüşt Əlizadə Misirdə hərbi mütərcim işlədiyi zamanlarda o zaman Misir ordusunun generalı olan Hüsnü Mübarəklə görüşlərindən danışır

- Misirə aparan yol necə və haradan başladı?

- 1969-cü ildə şərqşünaslıq fakultəsini bitirdim, əlaçı tələbə olduğum üçün mənə Elmi Şura aspiranturaya girmək üçün xüsusi bir sənəd verdi. Həyatımın 20 ilini həmişə ailəmin kölgəsində, himayəsində yaşadığım üçün həyatı öyrənmək istədim. O zamanlar sovet-ərəb əməkdaşlığı çox genişlənirdi. Mənim də bitirdiyim ixtisas hərbi mütərcim idi. Bizim kursu bitirən 10 nəfər hamısı getdik. Moskvada imtahan verdim və orada mənə bildirdilər ki Misirə gedirsən. Misirdə məni Hava Hücumundan Müdafiə Qoşunlarına göndərdilər.

O zaman mənim dil hazırlığım kifayət qədər yaxşı deyildi. Açıq şəkildə bildirdim bunu. Həm dialekti, həm də hərb sənətini yaxşı bilmirdim. Məni 6 ay ezamiyyət tərcüməçisi etdilər, yəni ezamiyyətə gedən zabitlərin yanına verdilər və bunun sayəsində Misiri başdan-ayağa gəzdim. İsraillə cəbhə xəttindən tutmuş Süveyş kanalına qədər ərazidə olmuşam. Sudanla sərhəddə Əcaib dağında radar stansiyası qurmuşuq, bütün deltanı gəzmişəm.


Orada çox yüksək vəzifəli ərəb və sovet zabitləri ilə işləmişəm. İl yarımda çox yüksək səviyyədə HHMQ-nın qərargah rəisinin müşaviri ilə işləmişəm. O il yarımda 15 qərargah təlimlərində iştirak etmişəm. Tərcüməçilik işini çox sevirdim. 7000-dən çox müşavir var idi, 434 nəfər tərcüməçi var idi, ki onun 80-i ərəbşünas idi, onlardan ilk 10 ən yaxşısından 7-si Bakı şərqşünaslıq məktəbinin məzunları idi, mən də onların sırasında. Hava Qoşunlarında iki əsas tərçüməçi azərbaycanlılar idi: Adil Dadaşov və Ramiz Əsgərov. Və ən güclü tərcüməçi indi dünyasını dəyişən Zahid Hüseynov idi. Misir prezidenti Camal Abdel Nasserin ən sevimli tərcüməçisi idi.

- Mübarəklə tanışlığınız və münasibətləriniz hansı şəraitdə yarandı?

- Hüsnü Mübarək Hava Qoşunlarının qərargah rəisi idi. General-mayor idi. Biz ayrı-ayrı sahələrdə xidmət aparmışıq, amma o zaman Misir-İsrail müharibəsinə görə qoşun növləri mütləq bir-birləri ilə əməkdaşlıq etməyə məcbur idilər. Eyni raket zonasına Misir təyyarələri girməli idilər ki, İsrail təyyarələrinin qarşısını ala bilsinlər. Və bəzən elə olurdu ki bizim öz atəşimizlə öz təyyarəmiz vurulurdu. Bu zaman isə mərəkə qopurdu, Nasser tapşırırdı və birdən 5 ərəb generalı, 5 sovet generalı toplaşırdılar, böyük bir müşavirə keçirilirdi. HHMQ və HQ-nın yüksək rütbəli zabitləri də iştirak edirdilər bu müşavirədə.

Bu zaman isə mən bədbəxt olurdum tərcüməçi kimi. Hamı qışqırırdı, hamı siqaret çəkirdi, hamı əsəbi idi. Hamı günahı boynundan atmağa çalışırdı, mən isə bu ərəfədə sinxron tərcümə edirdim. Belə anlarda isə Hüsnü Mübarək gəlirdi öz komandası ilə, çünki onların komandanı Əli Bağdadi bu işlərə qarışmırdı. Tərcümədən sonra H.Mübarək heç vaxt unutmazdı, gələrdi məni qucaqlayardı, mənə “Əliciyəz” deyə xitab edib “çox sağ ol” deyərdi. “Əliciyəz” ona görə deyirdi ki, Misirə mən Əli kimi getmişdim.

Mən onun qoşunlarında olmamışam, amma dəfələrlə müşavirələrdə, təlimlərdə olmuşuq və hər zaman mənə mehriban münasibət bəsləyib. Gülərüz idi, vətənpərvər idi, cəsarətli idi. 42 yaşı var idi. Silahlı Qüvvələrin skort üzrə ( divara yumruqla vurulan top ) çempionu idi. Qaçmağı sevirdi, əsl idmançı idi.

- 32 il ölkəsini dəmir yumruqla idarə edən bir diktatorun həm sizinlə, həm də əmrindəki hərbçilərlə əlaqəsi necə idi? Ətrafındakı insanlarla münasibətlərində avtokratlığa meyl vardımı?

- Hamısı hədsiz onu sevirdilər. Bir dəfə bizi Asuana ezamiyyətə göndərdilər. Təlimdə onunla bir təyyarədə gedən zaman 1-ci pilotu kənarlaşdırdı, daha sonra 2-ci pilotu uzaqlaşdırdı, və mən dedi otur. Mənə öyrədirdi təyyarəni havada düz saxlamağı, hansı cihaza baxıb işləmək lazım olduğunu.

Mən ona yalvardım ki, bəs general həzrətləri istəmirəm, o deyirdi yox öyrədəcəm sənə, Asuanda qərargahda sən oturacaqsan deyirdi, nə isə mən cavan uşaq, haradasa yarım saat məzələndi mənimlə. Mən leytenant, o general. Xətrimi çox istəyirdi, mənim də ona münasibətim çox yaxşı idi. Açığı çox savadlı idi, müşavirələrdə məzmununa görə dəyərli fikirlər söyləyirdi hər zaman. Öz zabitlərinə qarşı münasibəti hədsiz nəzakətli idi.

Və hey eşidirdim ki H.Mübarəki tərifləyirdilər, yaxşı komandir deyib hər kəs razılıq edirdi ondan. 1970-ci ildə Nasser öldükdən sonra Ənvər Sadat hakimiyyətə gəldi. Sadat gəldikdən bir ay sonra mən öz komandirlərimizə dedim ki, bizi buradan qovacaqlar. Dediyim fikirlə əlbəttə razılaşmadılar, qınadılar məni. 1971-ci ilin sentyabrında mənim xidmət müddətim başa çatdıqdan sonra Misiri tərk etdim. Dediyim kimi 6 aydan sonra 7000 müşaviri qovdular. Sonradan Sadat kəskin ABŞ-a yaxınlaşma siyasətini yürütdü. Və sonradan mən eşitdim ki, mənim sevimli generalım H.Mübarək vitse-prezidentdir.

- Necə düşünürsünüz isimlərini iri hərflərlə Misir tarixinə yazdırmağı bacarmış Nasser və Sadatdan sonra H. Mübarək hakimiyyət olimpində əyləşməyə layiq idimi? Birdə 32 illik Mübarək xanədanın yıxılma səbəbləri nədən qaynaqlandı?

- Nasserin iki vitse-prezidenti var idi: Əli Səbri və Ənvər Sadat. Səbri çox müstəqil adam idi, həm də vətənpərvər idi. Sovet İttifaqını sevmirdi, amma Misiri sevirdi. Sadat isə daha çox ABŞ-ı sevirdi. Və böyük islahatlar aparıldı, xeyli adamlar zənginləşdi. Bir sözlə Misir Qərb dünyasına açıldı, amma Fələstin itirildi. Sadat öldürüləndə Mübarək onun yanında idi. Sadatın ölümündən sonra hakimiyyəti əlinə götürdü və 32 il ərzində Misir daxili məhsulu 4,5 dəfə artırdı. 2008-ci ildə maliyyə böhranı əsnasında 3-cü dünya ölkələri arasında ən uğurlu siyasəti Misir yürütdü.

Əlbəttə ki, onun fövqəladə hallar rejimini saxlaması, sonra seçkiləri saxtalaşdırması və istibdad rejimi heç kəsin xoşuna gəlmirdi. Amma mən inanıram ki, onu devirməkdə ordunun da rolu oldu. Yəni, onun özünün 30 il ərzində özünün yetişdirdiyi, amerikan silahı ilə silahlandırdığı, amerikalı müşavirlərin nəzarətinə verdiyi ordu onu hakimiyyətdən uzaqlaşdırmaqda müstəsna xidmət göstərdi.

Çünki bu ordu razı olmazdı ki, 1952-ci ildən bəri əlində saxladığı ölkənin ali vəzifəsi prezident vəzifəsi, Məhəmməd Nəcib, Nasser, Sadat, Mübarəkdən sonra keçsin mülki şəxsin, Camalın əlinə. Mübarəkin oğlu olsa belə. Onlar meydanı qorudular və faktiki vadar etdilər onu istefaya. İndi onun varidatına həbs qoyulub, oğlu istintaqa çağırılıb. Bir sözlə onu və ailəsini siyasi səhnədən uzaqlaşdırdılar.

- Sevimli generalınız Mübarəksiz Misirin sonrakı taleyini necə görürsünüz?

Mən əminəm ki, növbəti seçkilərdə hansısa bir hərbçi namizədliyini verəcək və o da seçiləcək. “Təhrir” meydanındaki izdihamın nəticəsi o idi ki bir general getsin, başqa bir general gəlsin.


Fərid Mirzəyev
# 1753 dəfə oxunub

Oxşar xəbərlər

Bu da bu cür həyatdır – Elçinin hekayəsi

Bu da bu cür həyatdır – Elçinin hekayəsi

09:05 13 may 2024
Qatarda - İsi Məlikzadənin hekayəsi

Qatarda - İsi Məlikzadənin hekayəsi

11:20 12 may 2024
Tənhalıq vay, ayrılıq vay, ölüm vay... – Musa Yaqub

Tənhalıq vay, ayrılıq vay, ölüm vay... – Musa Yaqub

17:00 10 may 2024
"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırov məşhur yazıçıya niyə hirslənmişdi?

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırov məşhur yazıçıya niyə hirslənmişdi?

12:00 10 may 2024
Dahi olmağın yolu - Peyğəmbər özündən niyə çıxmışdı?

Dahi olmağın yolu - Peyğəmbər özündən niyə çıxmışdı?

09:02 10 may 2024
"Mənim adımı qurultay nümayəndələri siyahısına salmadılar" - Əyalətdən dünyaya boylanan şair

"Mənim adımı qurultay nümayəndələri siyahısına salmadılar" - Əyalətdən dünyaya boylanan şair

17:00 8 may 2024
# # #