Bir dostumuz olsaydı, satardıq – İlqar Fəhminin yeni şeirləri

İlqar Fəhmi, şair

İlqar Fəhmi, şair

30 yanvar 2023
# 17:00

Kulis.az İlqar Fəhminin yeni şeirlərini təqdim edir.


Gecə ekspressiyalarından...

Mənim şeirlərim soyuq,
Bir az da yorğun olsa da,
Sənin səsin yağış səsi,
Sənin sözün şeir kimi...

Mənim şeirlərim ağır,
Bir az da bədbin olsa da,
Sənin hekayə saçların,
Sənin üzün şeir kimi...

Mənim şeirlərim sönük,
Bir az dumanlı olsa da,
Sənin zərif baxışların,
Sənin gözün şeir kimi...

Mənim şeirlərim bir az
Həyata küskün olsa da,
Sənin həyatda varlığın,
Sənin... özün şeir kimi...


Gecə ekspressiyalarından...

Bir səddimiz olsaydı, aşardıq,
Bir göz yaşı olsaydı, silərdik.
Bir ömrümüz olsaydı, yaşardıq,
Bir qəbrimiz olsaydı, ölərdik..


Bir bağımız olsa, sevinərdik,
Bir meynəmiz olsaydı, əkərdik..
Bir sevgimiz olsaydı, sevərdik,
Bir dərdimiz olsaydı, çəkərdik.

Bir nurumuz olsaydı, saçardıq
Bir kölgəmiz olsaydı, yatardıq.
Bir sirrimiz olsaydı, açardıq,
Bir dostumuz olsaydı, satardıq.


Ömrün dolaşıq yolları haqda,
Bir şeirimiz olsaydı, yazardıq...
Zülmətdə də yol azmadıq heç vaxt,
Ehhh, ağlımız olsaydı, azardıq.
...lap çoxdan azardıq.


***
Nə gözəl duyğudu, hərdən
Sənə baxmaq... və düşünmək.
Gecə narın yağış olmaq,
Sənə yağmaq... və düşünmək.
Dənizində qayıq olmaq,
Sənə dalmaq... və düşünmək.
Əriyib nəmli gözündə
Sənin olmaq... və düşünmək.
Yenə qan rəngli şərabtək
Səni içmək... və düşünmək,
Bu qədər varlıq içində
Səni seçmək... və düşünmək...
Səni sevmək... və darıxmaq.

Payız yağışına

Sən sevmədiyin nəmli baxışlardı yağışlar,
Çöhrəndə qalan incə naxışlardı yağışlar...
Hərdən əl açıb, damcıları ovcuna yığsan,
Tənbəlliyini bəlkə bağışlardı yağışlar.
Sən sevmədin, onlar elə sevdi səni, sanki
Ruhun ilə çoxdankı tanışlardı yağışlar.
Qəlbində buludlar dolaşır, bəlkə onunçün
Sən qüssələnən andaca başlardı yağışlar...

Göydə buludun göz yaşıdır, amma ki yerdə
Gül qönçələriyçün oyanışlardı yağışlar,
Bülbül gözü ilə baxan olsa görəcək ki,
Gül üstə yatan xırda balışlardı yağışlar.
Könlümdə bahar yağmuru vardı, fəqət indi
Sapsarı payız, şaxtalı qışlardı yağışlar.
Göz yaşı içində süzülüb göylərə axdın,
Səndən qalan ancaq bu yağışlardı, yağışlar...
Səndən qalan ancaq bu yağışlardı, yağışlar...

Nostalji...

Tutulsa göz, nə fərqi? İşıqdı, zülmət olsun,
İçimdə öldü sevgi... Məkanı cənnət olsun...
Ürəkdə incidir çox, yaman verir əziyyət,
Gedib qıraqda ölsün, nişanı cənnət olsun.
Yönəldin eşqə sarı, güman yəqinə döndü,
Kimin yəqini yoxsa, gümanı cənnət olsun.
Bir ev tikim səmada, divarları günahdan,
Bu yan, cəhənnəm, olmur, o yanı cənnət olsun...
Niqabı açma üzdən, görünməsin səfası,
Həqiqi aşiq üçün nihani cənnət olsun.
Yol alsan Haqqa doğru, dayanma bircə an da,
Hədəflərin içində asanı cənnət olsun.
Yetəydi kuyi-yarə, xeyir tapaydı Fəhmi.
Heç olmasa, azından ziyanı cənnət olsun.

Qürub ekspressiyası...

Gəl mənə bir sevgi yaşat, sonra get
Halıma bir təntənə qat, sonra get...
Sahilimə təkcə qürub vaxtı gəl,
Al günəşin qanına bat, sonra get...
Zəlzələ ol, ta ki yatan ruhumu
Silkələ, royadan oyat, sonra get...
Qəlbdə ölməkdə ikən son ümid
Ömrünü bir azca uzat, sonra get...
Kəsmə bıçaqtək sinəmi, ağrıdır,
İynə kimi ruhuma bat, sonra get...
Gündə məzarımda gəlib, ağlama,
Üstünə bir dəstə gül at, sonra get...
SÖZ kimi düşdünsə əgər beynimə
Gözlə, şeir həddinə çat, sonra get...
Səbr elə, qoy bitsin həyat, sonra get...

Bürkülü yay
ekspressiyalarından...

Uçurumdan qopan anda, əlini tutmasa kimsə,
Gözünü zillə səmaya, bacarırsansa, gülümsə...
Ən ağır məngənə içrə nicatın yalnız ölümsə,
İnanırsansa, dua et, bacarırsansa, gülümsə.
Sənin ən qorxulu həftən,
mənim ən qanlı günümsə,
Gözümə bax, dişini sıx, bacarırsansa gülümsə.
Batıran ruhuna iynə bu acı zəhr dilimsə,
Zəhərə azca şəkər qat, bacarırsansa gülümsə.
Bu günəşdən yorulan yay mənim ən son fəsilimsə,
Payız haqqında danışma, bacarırsansa gülümsə...
Elə səssizcə gülümsə...


Hal şeirlərindən...

Darıxmağın gözəldi - baxır kiminçün...
Ürəkdə şimşəyin var - çaxır kiminçün?
Səfeh bir eşq ucundan - batıb gedirsən,
O inci göz yaşın da - axır kiminçün?
Səbirli ol, ayıbdı, - görüb deyərlər,
Qəzəblənib dişin gör - sıxır kiminçün?
Günəş də aşiq olmuş - yəqin ki, bir vaxt,
Görən batır kiminçün? - Çıxır kiminçün?
Səmada bir mələk var - yaman nigaran..
Görən gözündə yaşla - baxır kiminçün?

Halsız şeirlərdən...

Mən bir zaman əllərdə gümüş bir qələm oldum,
Sən keçmiş həyatında qəşəng bir şeir idin,
Mən sirli səmalarda buludlar kimi azad,
Sən sərsəri sevdalar əlində əsir idin...

Mən bir zaman atəşlərə düşmən külək oldum,
Sən keçmiş həyatında da şıltaq yağış idin...
Mən dərdi duman zənn elədim, azmağa qorxdum,
Sən qarə buludlarla o vaxtdan tanış idin...
Mən bir zaman hər qəlbə nicat verməli tövbə,
Sən keçmiş həyatında şirin bir GÜNAH idin,
Mən Adəmin ağlındakı o qorxulu xülya,
Sən ORDA da Həvvanın əlində silah idin.
...çox incə, zərif bir silah idin.


Gecə ekspressiyalarından

Sənin həmişə BİR sualın oldu
Mənim cavablarım çoox,
Sənin ölən ümidlərin çox idi,
Mənim kitablarım çoox...

Vərəqlərin içində gizli qaldım,
Yavaş-yavaş saraldım,
Sənin üzündə görünürsə ruhun,
Mənim niqablarım çoox...

Sənə ümid, işiq verən adamlar
Az olsa da, şükür, var,
Mənim fərəh, sevinc duyan halım yox,
Mənim əzablarım çoox...

Yolun behiştədir, çönüb dayanma,
Mənim halıma yanma,
Hesab günü sənin yolun açıqdı,
Mənim hesablarım çoox...

Zamanə tərsinə çönərsə Fəhmi,
Mənə gələrsə rəhmi,
Savab ilə günah yerin dəyişsə,
Mənim savablarım çoox.
Günaha bənzəyən savablarım çoox...


***
Əriyən qar kimi yollarda axarsansa, gələrsən,
Bizə sarı bir ümid ilə baxarsansa, gələrsən.

Mənim üçün nə darıxmaq?
Məni mən görməyirəm heç,
Öz əlindən özün hərdən karıxarsansa, gələrsən.

Ehtiyac yoxdu mənimtək yağışa yanmasan odda,
Özün öz qəlbini atəşdə yaxarsansa, gələrsən.

Kimisə zorla tutub saxlamadım, sən də özün bil,
Sıxılarsansa, gedərsən... Darıxarsansa, gələrsən...

Ağıl insanı soyuq çərçivədə eylədi məhbus,
Hərdən o çərçivədən sən də çıxarsansa, gələrsən...

Fəhminin sözlərini qiyməti çox inci kimi sən,
Hamıdan gizlədib, ovcunda sıxarsansa, gələrsən...


***
Hərdən başını söykə mənim çiynimə, ağla,
Göz yumma, geyindir yagışı əynimə, ağla...

Sənsiz yaşanan isti-soyuq ömrümə yas tut,
Sənlə yorulan dil, çürüyən beynimə ağla...

Batmış ümidi sən açılan sübhə bağışla,
Dildən süzülən "bilmirəm"ə, "neynim"ə ağla...

Bir qəhqəhə görcək sıxılan qaşıma gül, gül,
Göz yaşı görərkən açılan eynimə ağla...

Buz bağlamasın isti baxışlar yenə, Fəhmi,
Gördün soyuyur, qoy başını çiynimə, ağla...

# 6369 dəfə oxunub

Oxşar xəbərlər

Sağ əlim sənin başına – Yeni şeirlər

Sağ əlim sənin başına – Yeni şeirlər

14:00 28 fevral 2023
Yuxularıma gələndə də saçlarını topla - Güneydən şeirlər

Yuxularıma gələndə də saçlarını topla - Güneydən şeirlər

17:00 27 fevral 2023
Sevgi vardır ki, dodaqlarda açar güllərini

Sevgi vardır ki, dodaqlarda açar güllərini

12:05 14 fevral 2023
Kimə inanıram aldadır məni - Loğmandan yeni şeirlər

Kimə inanıram aldadır məni - Loğmandan yeni şeirlər

17:00 13 fevral 2023
Kişiləri Allah özü qorusun... - Nəriman Həsənzadənin şeirləri

Kişiləri Allah özü qorusun... - Nəriman Həsənzadənin şeirləri

17:00 9 fevral 2023
Dağın Məhəmmədə tərəf gəldiyini bilmirdim - Yeni şeirlər

Dağın Məhəmmədə tərəf gəldiyini bilmirdim - Yeni şeirlər

16:00 29 yanvar 2023
# # #