Şairlər və timsahlar

Şairlər və timsahlar
22 sentyabr 2014
# 10:47

Son vaxtlar bir türlü yalan danışa bilmirəm. Əvvəllər danışardım. Bilmirəm niyə? Yəqin bir növ bekarçılıq əlamətidir bu yalan danışmaq. Maraqlıdır. İş-güc yox. Başını nə ilə qatasan? Əlbəttə yalanla. Fikir versəniz, görəcəksiz: daha çox bekar adamlar yalan danışırlar.


Həm də qabaqlar yaddaşım daha güclüydü, daha itiydi. Həmin yalanın ömrü qurtarıncaya qədər, ya da ki, hadisələr unudulunca dalında dağ kimi dayana bilirdim. İndiysə yadımdan çıxır. Paxırım tez açılır. Ona görə başını buraxmışam.


O biri tərəfdən də ciddi psixoloji əsasları var. Yəni, həyat eşqim çox idi o vaxtlar. O vaxtlar e. Qədim zamanlardan danışıram sizə. 52 min yalanla baş qatırdım qabaqlar. Ki, bəlkə hansındasa tutuzdurdum. İndi isə xeyli fərqliyəm. Belə pis çıxmasın, müdrikləşmişəm.


Ta mənim nə bu dünyadan, nə də o biri dünyadan, nə burdakı adamlardan, nə də ordakı adamlardan umacağım yoxdur. Birmənalı - yoxdur! Heç bir vaxt da olmayacaq. Qardaş, nəyimə gərəkdi? O qədər doymuşam ki. Kimyanı bilən oxucular indi nə dediyimi anlayacaqlar. Heç bilmirəm bunların kimyaya nə dərəcədə dəxli var. Diqqət edin zəhmət olmasa: O doymuş süxurlar olur e... Bildiniz də nəyi deyirəm? Torpaq sürüşməsinin əsas səbəblərindən danışıram. Bunları orta məktəb vaxtı oxumuşam. Maqmatik var, Metamorfik var, bir də deyəsən Sedimentar süxurlar (sonuncunun adı yadımdan çıxmışdı, google-də axtarış verib tapdım). Mənim dediklərim Metamorfiklərdi. Nə bilim, qumdaşı, gildaşı-filan... Dağlıq ərazilərdə yamacları yağış-qar suları yuyur. Qrunt suları da bir yandan. Bax, həmin vaxt bu acgöz süxurlar suyu nə təhər çəkirsə canına, bir giləsi də qalmır. Sonra da torpaq başlayır ağırlaşmağa, müvazinətini itirməyə. Bax beləcə, bir də gördün nə boyda torpaq sahəsi caart... sürüşüb getdi o tərəfə. Hə, mənim əzizlərim. Adamlar da belədi. Eynən doymamış süxurlar kimi. Bir də gördün hansısa idarə rəhbəri yep-yekə pulları mənimsədi. Pahoo, idarənin bir tərəfi lay sürüşüb getdi odeey... o yana.


Doymaqdan danışdım. Nə sizi qınayıram, nə də özümü. Sövq-təbii bir ucunu gətirib çıxartdıq maddiyyata (ayə, bu maddiyyat sözü nə köntöy söz imiş).


Niyə heç kəsi qınamıram? Ona görə ki, hər şeyin etalonu puldu. Əşşi, qadan alım, ta qeyrətdən o yanası yoxdu ki? Onu da pul-parayla ört basdır edirlər. Kasıbın arvadı qulaqcıqla mahnıya qulaq asanda deyirlər ayağı “sürüşkəndi”. Varlının arvadı bardan çıxır, deyirlər “kefqomdu də, burda nə var ki? Əylənir. Ona görə də bütün söhbətlərin bir ucu gəlib mütləq və mütləq pula bağlanır.


Əslində məsələnin mənəvi tərəfindən danışmaq istəyirdim. Nəsə alınmadı. Onu deyirəm axı. Son vaxtlar məni dərin-dərin qüssələrə qərq eyləyən bir problem də var: zövqünə az-çox inandığım yoldaşların bayağı, ucuz yaradıcılıq (yaratmayacılıq daha uyğundu bu yerdə, heyif ki, dilimizdə belə söz yoxdu) nümunələrini bəh-bəhlə camaata sırımaqlarını deyirəm. Ucdantutma tamada olub getmişik. Filankəsin ad günüdü bir tost. Bəhmənkəsin toyudu iki tost. Filankəsə xanım qəhrəmanlıq eləyib uşaq doğub beş tost. Əşşi, bəsdirin görək mən ölüm. Nadanlıq eləməyin. Ədəbi “maşennik” olmaqdan o yana cahillik yoxdu (buna bax, bizə dərs keçir deyəni “padxod” elədiyi qız blok eləsin).


Bir dəfə dostumuz Aqşinlə hansısa “padval kafe”də oturub dərdləşirdik. Şair Aqşini deyirəm, Yeniseyi. Dedim ki, ay qağa, bu şairlik də timsah ömrü kimi bir şeydi. Timsahlar ağır-ağır daşları udurlar ki, daha dərinlərə bata bilsinlər. Suyun axını onlara imkan vermir adi bədən ölçüsüylə dərinlərə gedib nəsə ovlasınlar. Şair də bəzən könüllü şəkildə hansısa dərdi udub həyatın dibinə enir. Ki, bir az eşələnib nəsə yarada bilsin. O da həmin dəqiqə mənimlə razılaşdı. Hətta ayağa qalxıb boynumu da qucaqladı. Və hətta hesabı da ödədi bu sözümə görə. Sonra da o qayıtdı ki, yazıçılıq da arı əməyidi. Arılar da bir kilo bal hazırlamaq üçün 2 milyon gülə qonmalı olurlar. Yazıçı da bir romanı yazmaqdan ötəri haralara baş vurmalıdı. Onun da dediyi mənim xoşuma gəldi. Gedib bir dənə 0.5 “Zalatoy Kalso” alıb gətirdim. Qoydum stolun üstünə. Amma, deyəsən onu içmədik. Əl-üzümüzü yuyub tərpəndik evə.


Sözü nəyə gətirirəm, əziz yoldaşlar! Sizin març-murçla təqdir elədiyiniz adamlar tüpürcəklərini udmurlar ki, boğularlar. O ki qaldı həyatın dibinə enmək. Bu yerdə Şərif Ağayarın bir sözü yadıma düşdü. Günlərin bir günü bir gənc şairə haqqında danışırdıq. Dedi ki, “Şəhriyar, əgər mən nəyəsə görə onu təqdir eləyirəmsə, bu vaxta qədər yeyib-içdiyim bütün nemətlər burnumdan gəlsin. Təkcə Allah şahiddir ki, bu yaşıma qədər həqiqi sözü heç vaxt heç nəyə qurban verməmişəm”. Özüm dinsiz adam olsam da Şərif elə səslə dedi ki, bunu, ətim ürpəndi. Siz də oxuyanda ola bilsin adi quru sözlər kimi görünsün. Amma, ey kaş bunları onun öz dilindən eşidəsiz.

Nə isə.

Can sağlığı...

# 1854 dəfə oxunub

Müəllifin son yazıları

# # #