Üç-beş kitab oxuyanların zərəri

Şəhriyar Del Gerani, şair

Şəhriyar Del Gerani, şair

27 iyul 2022
# 12:40

Kulis.az Şəhriyar Del Geraninin “Adiliyin təntənəsinə dair...” yazısını təqdim edir.

Çox adama elə gəlir, həyat çox dərindir. Amma elə deyil. Həyat bəsitdir. Nə qədər bəsitdir? Düşüncə qabiliyyətin bəsitliyi hara qədər qavrayırsa, oraya qədər. Ümumiyyətlə, dünya və insan haqqında həddindən artıq yüksək fikirdə olmaq lazım deyil. Bir nəsnəni anlamaq üçün onu sadələşdirmək gərək. İlk baxışdan dərin görünən söhbətlər çox sadə bir mətləbə söykənir həmişə. Fəlsəfə də məhz bunun üçündür – sadələşdirmək üçün. Fəlsəfədə ilk baxışdan hər şey qarışıqdır, dərindən də dərindir. Bir az labirintə düşüb gedirsən, görürsən əslində dümdüz yolmuş, labirint filan yoxmuş. Digər tərəfdən, fəlsəfə həyatın primitivliyini ört-basdır etmək üçündür bir az da. Fəlsəfə demişkən, Sokratın bu məşhur fikrini yarımçıq deyirlər çox vaxt - Bircə onu bilirəm ki, heç nə bilmirəm. Niyə yarımçıq deyirlər? Çünki adamlara belə sərf edir. Əksəriyyətə sərf edir ki, heç kəs heç nə bilməsin onlar kimi. Sokratın fikrini yarımçıq təqdim edirlər deyə çox qəliz, dolaşıq görünür, bir qədər də söz oyunu kimi. Əslində isə Sokrat çox sadə bir mətləbdən bəhs edir. Deyir, ˝Bircə onu bilirəm ki, heç nə bilmirəm. Başqaları heç bunu da bilmir˝. Yəni burada da biliyə söykənir müəllif. Elə biz də ondan danışırıq. Biri var həqiqətən də heç nə bilməmək, tamamilə cahil qırığı, nadan parçası olmaq, biri də var oxuyub, araşdırıb bir mərtəbəyə gəlmək, özünü yetişdirib bir mərhələyə çatdırmaq və həmin mərtəbədə, həmin mərhələdə heçliyi, puçluğu idrak etmək. Bunlar tamamən ayrı-ayrı şeylərdir. “... başqaları heç bunları da bilmir˝ deməklə mətləbi dəqiq təyin edir. Yəni Sokratın bilməməyi ilə Sakitin bilməməyi eyni şeylər deyil.

Düzür, elə də baxanda, belə də baxanda dəyişən heç nə yox. Həyat dediyimiz bu hər nədirsə elə də baxanda primitivdir, bəsitdir, belə də baxanda. Əzəldən beləymiş, gec başa düşmüşük. Dünyada həmişə adiliyin təntənəsi olub. Nədən ki, dünya da, insan da bəsitdir. Ali olan yaradıcı qüvvə - Allahdır. Vəssalam. Qalanı təfərrüat. Baxırsan, hərə özündən bir alilik taxtı düzəldib, dırmaşıb oturub təpəsində. İnsan necə ali ola bilər ki? İnsan qədər aciz və möhtac varlıq niyə özü haqqında yüksək fikirdədir, başım çıxmır. İki gün yuyunmayanda iy verib iylənən, ac-susuz qalanda sürünən, yuxusuz qalanda başını itirən, tualetə yarım saat gecikəndə divara dırmaşan, bədən hərarəti bircə dərəcə oynayanda adekvatlığını itirən bir yaradılış özü haqqında niyə yüksək fikirdə olsun ki? Bu nəyin özünəgüvənidir? Əlbəttə, xırda-para ağılın, başqa heç nə. Ağıl da bir ağıl ola, yarandığı gündən bir-birinin qatilidir hamı. Dindirsən, ibtidai icma quruluşunu bəyənmirlər, meşədə yaşayan qəbilələrə lağ edirlər, amma özləri kostyum-qalstukda, diplomları qoltuqlarında dayanmadan müharibə edir, bələkdəki körpələri belə öldürürlər. Dəyişən nə var? Heç nə. Şair demiş, “həpsi rəngidir”. Ən vəhşi heyvanlar olan meşəyə girəndə bir silah götürürük, kifayət edir. Ən vəhşi heyvanlardan qorunmaq üçün bircə silah bəs edir. Amma insanlardan qorunmaq üçün dövlətlər hər il milyardlarla pullar xərcləyir, elm-texnologiya inkişaf etdirir, hərb sistemi qurur, ordular saxlayır. İnsanın insandan başqa düşməni yoxdur əlbəttə. İndi durub düşünsək, bu ağılda adamların sincablardan, yaxud kərtənkələlərdən üstünlüyü nədədir? Heç nədə. Amma özlərindən alilik uydurublar. Gülməlidir. Bütün bunları ona görə demirik ki, həyatı, insanları aşağılayaq. Qətiyyən. Bütün bunları ona görə xatırladırıq ki, həyat da, insanlar da aşağıdırlar, bəsitdirlər. Çox şükür, çağdaş dünyamızda texnologiya da bizə ucsuz-bucaqsız imkanlar yaradıb özümüzü biabır eləmək üçün. Əlimizdən gələni əsirgəmirik. İroniya deyil, səmimi sözlərimdi. Sevinirəm ki, adamlar mahiyyətlərini gizlədə bilmir artıq. Belə yaxşıdır.

Məxsusən yaradıcı adamlar, beş-üç kitab oxumuş insanlar aliliyə meylli olur. Zərərli iddiadır. Ərkim çatan dostlara dəfələrlə demişəm, bir qulağından alıb, o biri qulağından verirlər, düşürlər çöllərə. Bir də eşidirik birinin bağrı çatladı, biri gedib qurşandı nəyəsə, biri düşdü dəlixanaya, biri intihar, digəri özünə qəsd elədi. Tarazlıqlarını itirirlər, ruhani müvazinətlərini saxlaya bilmirlər. Çətindir. Xüsusilə həssas adamlar üçün dözülməz olur bu bəsitliklə, primitivliklə, adiliklə barışmaq. Demişəm, sənin mənəvi əzablarının kökündə özün və ümumən bəşəriyyət, dünya, həyat haqqında yüksək fikirdə olmağın dayanır. Etmə belə. Həmişə belə olub, hər yerdə belədir, belə də olacaq. Son 35 ildə dünyada nələr-nələr baş verib - sürgünlər, müharibələr, soyqırımlar, böyük imperiyaların çöküşü, neçə-neçə hərəkatlar, neçə-neçə dövlətlərin qurulması, amma heç biri 86-nın dünya çempionatında Maradonanın İngiltərəyə əllə vurduğu qol qədər müzakirə olunmayıb və yaddaşlarda qalmayıb. Hegel də indi yaşasaydı ən böyük arzusu Messiylə şəkil çəkdirmək olardı. Bir neçə il qabaq “Gangnam style”, nə bilim, “Baby shark” adlı bir neçə bayağı mahnılar çıxdı, müxtəlif platformalarda 15 milyardı keçib baxış sayları. Yer kürəsi əhalisi heç 8 milyard deyil. Ucundan tutub ucuzluğa getmək istəmirəm, sadəcə konturları qeyd edirəm ki, nəticəni özünüz çıxarasınız. O gün bir müsahibə çıxdı rastıma, dünya şöhrətli bir yumorist deyirdi ki, “Bizim adımız çıxıb, hamı bizi kloun kimi tanıyır. Amma siz açın sosial medianı, göz atın, görün həqiqi kloun kimdir?” Dəqiq təsbitdir. Dövr belə gəldi. Niyə belə oldu? Bu suala yüzlərlə cavab tapmaq mümkün. Amma ən dəqiq cavab budur – bilmirəm. Belə oldu. Gerçək bu ki, bu, belədir.

Sözüm ona, alilikdə heç nə yoxdur, nə varsa, adilikdədir. Fərəhli yaşamaq istəyirsənsə, adiliyin təntənəsini tapmalısan. Necə tapmalısan? Bilmirəm. Burada ümumi bir düstur yoxdur, hərənin öz resepti olmalıdır. Ən həssas və vacib məqamlardan biri də adiliklə bayağılığın, sadəliklə banallığın qarışdırılmasıdır. Bu məqamda çox incə rəftar gərək, hər an bayağılıq, banallıq uçurumuna yuvarlanmaq təhlükəsi var. Konkret misallar çəkib göstərə bilərəm, amma “zövqlər müxtəlifdir” deyib aləmi qarışdıracaqsınız deyə etmirəm. Əslində, zövqlər müxtəlif deyil. Zövq ya var, ya da yoxdur. Bu, ayrı bir yazının mövzusudur deyə davam etmirəm. Zövqlər barədə xüsusi yazımız olacaq.

Başa düşürəm, anlaşılmayan məqamlar çoxdur. Görünür bu intonasiyanı davam etdirmək lazımdır müxtəlif mövzularda. Bir yazıyla alınmayacaq. Bu yazını toxum kimi qəbul edək, düşsün şüurumuza, düşünək, inkişaf etdirək, görək necə olur.

Adiliyin təntənəsini dövrlə əlaqələndirdik. Təsadüfi deyil əlbəttə. Çağdaş dövrün, hətta gələcəyin insanları üçün nələrisə aydınlaşdırmaq istəyirik. Burada ən vacib məsələ tərbiyə məsələsidir, sən hansı tərbiyə sistemiylə formalaşmısan və hansı tərbiyə sistemində yaşayırsan. Çox önəmlidir bunu ayırd etmək. Hər bir ağıllı insan bunu özü üçün müəyyən etməlidir. Mən ötən əsrin adamıyam və indi deyəcəyim məsələ konkret olaraq ötən əsrin adamlarına aiddir. Biz hansı tərbiyə ilə böyüdük və hansı dövrə düşdük?

Şəhərdə yoxlama olur, polis bir şübhəlini saxlayır, sənədlərini istəyir. Vətəndaş təqdim edir. Polis bir şəxsiyyət vəsiqəsinə baxır, bir adama baxır, heç nə başa düşmür. Soruşur:

- Vətəndaş, adın nədir?

Vətəndaş deyir:

- Qa-qa-qa-qa-qaa-dir!

Polis soruşur:

- Kəkələyirsən?

Vətəndaş deyir:

- Yox, rəhmətlik atam kəkələyirdi.

İndi, anekdotçuluq kimi çıxmasın, kimsə də inciməsin, bizi düz öyrətmədi böyüklərimiz. Onların verdiyi tərbiyə, aşıladıqları əxlaq ötən əsrə aid imiş. Onlar necə görmüşdülərsə, necə sahiblənmişdilərsə, tutunduqları, inandıqları dəyərlərlə də bizi böyütdülər. Bir az oradan sosializm, bir az bu biri tərəfdən kommunizm, bir az da o biri tərəfdən İslam, kitab, dəftər, diplomlar, alilik, vəssalam, gül gülü çağırır bülbül bülbülü dünyasına xoş gəldiniz. Amma bir az qarşıda kapitalizm keçən ilin qışından ac qalmış anakonda kimi ağzını açıb gözləməkdədir. Sosializm səndən ağıl və istedadına, bacarıqlarına görə alır, onlara uyğun da qarşılıq verir. Kommunizm də səndən ağıl və istedadına, bacarıqlarına görə alır, amma ona uyğun deyil, ehtiyacın olduğu qədər qarşılıq verir. Kapitalizm isə səndən ağıl və istedadına, bacarıqlarına görə alır, di gəl, heç nə vermir. Gərək alınıb-satıldığını, əmtəə olduğunu etiraf edəsən. Başqa cür mümkün deyil, şübhəli adamsan. Kapitalizm amansızdır, sinifləşməni, təbəqələşməni elə kəskin qabardır, elə sonsuz uzaqlıqlar, elə soyuqluqlar yaradır ki, ilim-ilim itirsən, hənirti belə tapmırsan. “Qabaqlar belə deyildi...” cümləsiylə başlayan bütün gileylərin kökü buradadır. Kapitalizmdə alilik yoxdur, adilik var. Kapitalizmdə adiliyini başa düşməli, boynuna almalısan. Kapitalizm - bütün dəyərlər alınır və satılır. Hətta kreditlə, iş yerindən arayış da tələb olunmur, sadəcə şəxsiyyət vəsiqəsi. Şirniklənirsən, durub gedirsən dəyərlərini satmağa, baxırlar şəxsiyyət vəsiqənə, adını soruşurlar, dilin topuq vurur. Kəkələyən biri deyilsən, sadəcə böyüklərin belə qoyublar adını...

“Oxu.az”

# 1064 dəfə oxunub

Müəllifin son yazıları

# # #