Kulis.az Ruslan Mollayevin yeni şeirlərini təqdim edir.
Müqəddəs inəyin əti haramdır,
Dostun da.
***
İblisin şərindən uzaq: Bismilləh!
Tənhalıq.
 ***
Bəlkə də, hər gecə səhərə doğru 
Doğulur yeni Günəş xəbərimiz yox.
 
***
Məscid, 
"Quran" sinədə,
Gözlər açıq, zikr edir.
Yatmış göyərçinləri azan səsi oyatdı.
***
Hər şey təkdi dünyada
Allah da, Günəş də, Sən də
Ancaq Günəşə də ulduz deyirlər.
***
Əlini ver əlimə
Saat bizi göstərir.
 
***
And olsun əsr vaxtına, onu yalnız o böyük qüvvə bağışlaya bilərdi
Bir də o yola qayıdıb Yusifin köynəyini geyinməsə,
And olsun məğribə,
ipin rəngi bilinməz halda
onun əsl simasını görmək olmurdu.
Hər şey dəyişmişdi
zamanın oxu belə başqa halqada dövr edirdi 
bizi görənlər
hardan gəldiyimizi bilmirlər.
bu o qədər də vacib deyil 
vacib olan rəftardı
əxlaqdı
əməldir...
Sözün dəyəri Şərqin bayraq üzərindəki qan ləkəsi qədər dəyərli 
yazda açan çiçəklər qədər cazibədardı.
***
Alimlərin saatlarla laboratoriyada icad etmək istədiklərini
anında yazmaqdı şairlik
toxunmaqdı toxunuşsuz... 
 ***
Cəmin birləşməsində 
tək qüvvəyə inanmaq
Yerin torpaq qatını
dəlib 
göylərə qalxmaq
Alovdan büt düzəldib 
qaranlıqlara atmaq
Yaşamaqdır yaşamaq 
yaşamaqdır 
şairlik.
***
Qürbətdə  keçdiyimiz küçə bir şəkil kimi qalar xatirəmizdə,
Bizim sözümüz də kiminsə ağlında eləcə ilişib qalar.
 
***
Hər şeyin zayı çıxıb deyilirdi 30 il  əvvəl...
"Çıxıb" sözü bizi çaşdırır bəzən 
Çıxan çıxıbsa, 
yerdə salamatı qalır axı
sən demə,
məxfilər aşkarın sirri imiş...
qəfildən dəyişir sözün bədəni
yuxular göylərin örpəyidirsə, əllər güllərin bədənidir.
Su sevgidən yaranır.
Eşq gözəllikdən
bəhanələr yalanın anası
qalan naxələfliklər isə qohum-əqrəbadır
Darıxma...
Bir gün rahatlıqla qəbul edəcəksən, 
düşündürmək susmaqdan daha qiymətli.
tərsirlənmək seçim qədər önəmlidir.
Günəş hər şeyi həll edir
İcazə ver həmişə işıq olsun!
***
Bu gün heç darıxmayacam,
Bütün günahlarım mənimlədir.
 
 *** 
Göydən üç alma düşdü 
Hamısı sizin olsun.