Hicab təhsilə necə təsir edir?

Hicab təhsilə necə təsir edir?
1 mart 2024
# 12:00

Kulis.az Rəvan Cavidin "Hicabın altındakı başları görmək" adlı yeni yazısını təqdim edir.

Sosial şəbəkələrdə əvvəlcə məktəbli qızların bir-birinə qarşı vəhşiliyi gündəm oldu. Körpə qızın saçlarını kəsdilər, alnına söyüş yazıb bununla fəxr etdilər və videoya çəkdilər. Həmin videonu da dərrakəsiz halda paylaşdılar. Bunu edənlər də körpə uşaqlar idi. Qurban məktəbli, “qurbanı kəsən” məktəbli.

Sonra məktəblərimizin birində müəllimin məktəblilərə etika dərsi verməyi “sosial çarx” adı ilə paylaşıldı və bu da gündəm oldu. Bəziləri belə bir sosial çarxa ehtiyac olmadığını, bəziləri də bütün çatışmazlıqların məhz bu cür videoların olmaması ilə bağlı olduğunu qeyd etdilər.

Sonra Aqşin Yeniseyin Murad Arifin verilişində hicablı müəllimlər haqqında dediyi fikirlər gündəm yaratdı. Yazıçımız müəllimlərin dini geyimdə məktəbə gəlməsini, bu halda uşaqların qarşısına çıxmasını qınadı. Əlbəttə, onun bu fikirləri birmənalı qarşılanmadı və yazıçının özünü də düz-əməlli arqument gətirmədən qınadılar.

Hər üç məsələdə birinci günahkar təhsil səviyyəmiz, ikinci günahkar isə aydınlama şoku keçirməyən sosial mühitimizdir. Qurban isə Azərbaycan milli kimliyinin gələcəyidir.

Bir-birindən nəyinsə qisasını alan məktəblilərin davranışı tez-tez yazıçıların, köşə yazarlarının dilə gətirdiyi bir problemin proyeksiyasıdır. Kriminal aləmə təşviq edən filmlər, musiqilər və bu kimi şəxslərin populyarlaşdırılması.

Bir cəmiyyətin yeniyetmələri özünü hansısa oğruya, cinayətkara, qumarbaza tay tutursa, beş nəfər alim adı bilmirsə, iki cümləni yan-yana qoyub danışa bilmirsə, bunun birinci günahkarı təhsil və onu tədris edənlərin yeni dövrlə ayaqlaşa bilməməsidir.

Kif basmış sarı kağızların arasında eşələnən müəllimlər ağır-ağır nəfəs alıb-verdikcə bu uşaqlar “Tik-tok”da yarım dəqiqəyə oğru aləminin də, türmənin də havasını alır. Ciyərdən üzüyuxarı vuran adrenalin də deyir ki, dur makasin geyin çıx çölə, başla ona-buna söz atmağa. Dünyanın hər yerində belə mədəniyyətsiz, səviyyəsiz gənclər var. Amma bizim işimiz özümüzü qurtarmaqdı deyə hər gün havaya güllə atanlar kimi belə yazılar yazırıq. Onlar da başqa bir parkda lotu filankəsin, oğru bəhmənkəsin həyat və yaradıcılığını öyrənirlər.

Bir cəmiyyət, bir toplum niyə cinayətkar yetişdirməyə bu qədər maraqlıdır?

“Yaxşı oğlan” olmaq istəyən bu körpə balaların beynini yuyan mahnıların müəllifləri niyə gələcəyi görə bilmir?

Məhz bu cür mahnılara, eyni mövzuda yazılmış kitablara, çəkilən filmlərə görə senzuranın nə qədər gərəkli olduğunu fikirləşirəm.

Sənətin azadlığı əgər bizim övladlarımızın gələcəyini həbsxanaya salırsa, buna niyə də mane olunmasın?

Sovet təhsil mühitindən ayağını çəkə bilməyən müəllimlərin yeni dövrlə ayaqlaşa bilməsi onların “Siqaret sağlamlığa ziyandır” janrında çəkdiyi videolar ilə həll olunmur, təəssüf ki. Texnologiya mühitinə inteqrasiya nə saçını hörməklə, nə müəllim gələndə ona yol verməklə, nə də telefonu kitaba dəyişməklə mümkün deyil. Bizim müəllimlər problemləri bu qədər dayazda axtarır deyə, əsl məsələnin fərqinə varmırlar. Təfəkkür, düşüncə tərzimiz. Şagirdləri təkcə azərbaycanlı olaraq böyütməklə dünyəvi bir şəxsiyyətə çevirmək arasında fərq var axı.

İçində məktəb-müəllim-şagird üçlüyünün yer aldığı növbəti gündəm Aqşin Yeniseyin səsləndirdiyi fikirlər oldu. Dəyərli Yeniseyin fikrincə, hicab geyinib məktəbə gedən müəllim şagirdlərə dini təbliğ edir və bu da cahilliyin böyüməsinə, şüuraltı inkişafına yol açır. Elə həmin verilişdə Aqşin Yenisey Edvard Səidin “Orientalizm” kitabından misallar çəkərək Şərqin barbar zehniyyətindən və onun bu gün də hökm sürən ağır nəticələrindən danışır. Verilişin sonunda da həmin kitabı azərbaycanlı gənclərin mütləq oxumasını tövsiyə edir. Bu tövsiyəyə iki əlli qatılıram. Hətta çox istərdim ki, Səidin Şərqlə bağlı bütün kitabları dilimizə tərcümə edilsin.

Lakin Aqşin Yeniseyin səhvi oradadır ki, birini deyəndə o birini demir. Edvard Səid Şərqi böyük bir barbarlıq cəmiyyətlərinin cəmi kimi görsə də, həm də mədəniyyətin və əxlaq sisteminin də Şərqdə yarandığını vurğulayır. “Şərqçilik” kitabında həm özündən, həm də bir çox Qərb mütəfəkkirlərindən yola çıxaraq Şərqin, xüsusən Orta və Yaxın Şərqin öncə barbarlıqla, sonra qosqocaman bir mədəniyyətlə dünyaya ayaq açmasını təsbitlərlə göstərir.

Əslində, tanımayanlar üçün qeyd edim ki, Edvard Səid, məsələn, fransız araşdırmaçı Luiz Massiqnon qədər Şərqə obyektiv yanaşa bilmir. Səid Qüdsdə doğulub. Atası Osmanlı ordusunun tərkibində Birinci Dünya müharibəsinə qatılmaq istəmədiyi üçün Amerikaya qaçır. Lakin Səid ailəsinin qədərindən müharibə yan keçmir. İndi də Amerika ordusunun sıralarına qatılmaq məcburiyyətində qalır. Səid ailəsi ikili vətəndaşlıq ala bilir. Bu, Edvard Səidin həyatında böyük avantaj idi. O həm də Qüdsdə Britaniya kollecində, Qahirədə isə yenə ingilis dilli kollecdə təhsil almışdı. Kolumbiya Universitetinin müəllimi idi. 70-ci illərdə aldığı yaradıcı məzuniyyətdən də böyük rezonans doğuran həmin kitabı – “Orientalizm”i (Şərqçilik) yazıb qayıtmışdı. Bu kitabla o başqa bir termini də yaratmışdı: Postkolonial cəmiyyətlər. Qərbin şərq torpaqlarındakı imperialist “davranışlarının” bu cəmiyyətləri necə dəyişməsini və İslam coğrafiyasının “özünü müdafiə” sisteminə necə keçməsini yazmışdı.

Edvard Səid özünü mühacir hesab edirdi və yazdığı kitabların hamısında bunun ağrısını dilə gətirdi. Bu ağrı onu bir az da Şərq haqqında “cığal” düşünməyə vadar edirdi. Çünki barbar cəmiyyətlər sadəcə Şərqin yaratdığı toplumlar deyildi, elə Qərbin özü də dünya mədəniyyətinə dəhşətli bararlıq nümunələri sərgiləmişdi. Fransa, Almaniya və İngiltərənin bu coğrafiyada elədiyi barbarlıqları İslam dünyası Avropada eləməmişdi. Həm də dünya müharibələrinə ötəri baxış bəs edir ki, hansı cəmiyyətlərin daha barbar olduğunu aydın görək. Mədəniyyət isə, əlbəttə, elə Edvard Səidin də vurğuladığı kimi Şərqdən ayaq açmışdı. Mədəniyyətin, yazının, dilin tarixi Orta və Yaxın Şərqdir.

Gələk hicab məsələsinə. İnkişafını təqdir etdiyimiz Avropa məktəblərində, universitetlərində hicablı tələbələr təhsil alır. Labaratoriyalarda hicablı qızlar işləyir. Məşhur kitabxanaların rəfləri arasında hicablı qızlar gəzişir. Dünyanın hər yerində hicablı və akademik göstəriciləri ilə digərlərini arxada qoyan minlərlə hicablı tələbə var. İslamafobiyanın ən tünd olduğu Fransa universitetlərində belə hicablı tələbələr üçün qadağalar, əngəllər yoxdur.

Müəllimlərə gəldikdə isə misalları elə Türkiyədən çəkmək kifayətdir. Təhsil aldığım universitetdə, elə mənim fakültəmdə kifayət qədər savadlı və kifayət qədər ixtisasını yüksək səviyyədə tədris edən hicablı müəllimlərim var. Onlar iki saatlıq dərsdə bircə dəfə İslam və onun məzhəbləri və ya təriqətləri haqqında danışmır. Dərsini deyir, çıxıb gedir. Yetişdirdiyi tələbələr də onun geyindiyi hicaba baxıb İslama gəlmir, ya da əksinə, hicablı müəllimə görə İslama nifrət etmir.

Hicab artıq, sadəcə, dini bir geyim deyil. Dünyanın hər yerində hicabdan həm də geyim aksesuarı kimi istifadə edənlər var. Bu geyimin altında hansı ideologiyanın, dini təməllərin olması təbliği olmadıqca heç bir mənfi situasiya yaratmır.

Dini təbliğ edən geyim forması hicab deyil, çadradır. Kişilərin geyindiyi orta əsrlərdən qalma sal şalvarlardı. Bəli, bu cür geyimdə məktəbdə şagirdlərin qarşısına hansı müəllimin çıxmasını mən də qınayıram. Amma dini kimliyindən dolayı hicab taxan müəllimi savadına, dünya görüşünə, mədəniyyətinə görə yox, məhz hicab taxdığına görə mühakimə etmək düzgün deyil. Əslində, bu gün bizə təhsili, tədrisi öyrətməyə çalışan Qərbə elmi, mədəniyyəti elə İslam alimləri öyrədib. Bu misal nə qədər şablon olsa da, indi yerində işlənir, məncə. Cəbri, həndəsəni, astronomiyanı, fəlsəfəni, ədəbiyyatı Avropaya Şərqdən apardılar.

İslamda və ya Şərqdə olan çatışmazlıqların hamısı birmənalı olaraq bütün Qərb ölkələrində olub. Onların inkişafı o vaxt sürətləndi ki, artıq dini mövzulardan, dini ehkamlardan yaxalarını çəkdilər. İslam nə qədər kütləvi bir ideologiya propaqandası olsa da, həm də şəxsi ibadətin təzahürüdür axı. İlin-günün bu vaxtında birinin hicabını müzakirə etmək həmin adamın şəxsi həyatına müdaxilə etməkdi elə. Hicabın altındakı başları görmək əvəzinə parçadan biçilmiş geyim aksesuarına ilişib qalmağın özü də təhsili, tədris səviyyəsini geriyə atmaqdı.

Dinin propaqandanın ziyanı haqqında danışmaqla hicablı bir müəllimi mühakimə etmək arasında fərq var. Bu fərqi görmək lazımdı. Azərbaycanda dini propaqanda ayətullahlara tapınanların etdikləridir. Təxminən, iki il əvvəl elə bu mövzuda “Kulis”də yazdığım yazıdan bir hissə:

“İslamı Azərbaycanda milli din şəklinə salmaqdansa, İranın təbəəliyini qəbul edib onunla yol yoldaşı olan din xadimlərimiz ölkəsinin gələcəyi üçün nə qədər ciddi problem yaratdığının fərqində deyil. Ya da onlara, hər axşam kürsüyə çıxıb moizə oxuyanlara bu daha çox sərf edir. Bilmirəm. Amma ümid edirəm, yaşlı-başlı kişiləri asan aldatmayıblar. Heç olmasa milli xəyanətləri qarşılığında onlara cənnət və hurilər vəd ediblər.

“Nardaran hadisələri”ndə İran üçün öz ordusuna qarşı döyüşə biləcək nə qədər adamı gördük. Həmin hadisələr dövründə həbs olunan dindarların yerinə moizə deyib İran eşqi ilə adamların beynini yuyan, Bakının mərkəzində “terrorçu” yetişdirən axundlar gəldi.
İran üçün şəriətə öz ölkəsinin mənafeyini satan adamlar sabah eyni rejmin bu ölkədə də bərqərar olması üçün canlarını verər.
Siyasi səhnədə Qərb qaradonluları ilə İran qaraçadralıları arasında gedən iqtidar davasında azərbaycanlı gənclərin qoyun sürüsündən betər vəziyyətə düşməsini heç kim istəməz və istəməməlidir...”

Dini propaqandadan danışırıqsa, bu adamlardan danışıb, onlarla mədəni mübarizə aparmağımıza daha çox ehtiyac var, nəinki hicab taxan müəllimlərlə.

Azərbaycanda təhsil səviyyəsi ürəkaçan deyil, min bir dərdi var təhsilimizin. Bu dərdlərin də min bir dərmanı olsa da, aidiyyatı qurumlar əlini daşın altına qoymaq istəmir. Lakin bir şeydən əminəm ki, həmin dərdlərdən biri hicab taxan müəllimlər, həmin dərmanlardan biri də o hicabı həmin müəllimin başından açmaq deyil.

# 3528 dəfə oxunub

Müəllifin son yazıları

# # #