"Çay və qəhvə: məğlubiyyətin sadə nişanları" - Müsəlmanlar niyə mədəniyyət yarada bilmədi?

"Çay və qəhvə: məğlubiyyətin sadə nişanları" - Müsəlmanlar niyə mədəniyyət yarada bilmədi?
10 oktyabr 2024
# 15:00

Kulis.az Rəvan Cavidin "Çay və qəhvə: məğlubiyyətin sadə nişanları" adlı yeni yazısını təqdim edir.

Dünya tarixinə diqqət kəsiləndə Şərq və Qərb arasındakı qəribə bir fərqi aşkara çıxarmaq mümkündür. Müharibələrin, münaqişələrin, xaosların necə və harada başlaması...

Antik dövrdə xalq kitabxanalarda həyatı və təbiəti çözməyə çalışan filosoflara qarşı döyüşürdü. Mədəniyyət tarixi başlayanda bu davalar hələ kitabxana və məktəblərdə davam edirdi. Qərb həmişə ideologiyanın müharibələrinə şahid olub. Əvvəlcə fəlsəfəyə, sonra kilsəyə qarşı çıxıblar. Bizans dövründə xristianlığın bir kral tərəfindən qəbul olunması ilə kilsə ideoloji mərkəzə çevirilib. Sonra kilsə elmə, inkişafa qarşı çıxıb. Və nəhayət Fransız inqilabından sonra kilsə ideologiyası, yəni din öz iqtidarını itirib.

Qərb ölkələrində vətəndaş müharibələrinin, kralı taxtdan endirmək davalarının eskizi fəlsəfi məktəblərdə, akademiyalarda hazırlanırdı. Şərqdə bunun əksi baş verdi. Şərqlilər küçədən saraya hücum edirdilər. Bəzən planlı, bəzən plansız. Planlı hücumlar isə orta əsrlərdə qəhvəxanalarda düşünülürdü.

Çayxana və qəhvəxanalar şərqlilər, xüsusilə orta şərqlilər üçün çox şey ifadə edirdi. Avropalı səyyahlar bu məkanlardakı söhbətləri, boşa xərclənən zamanı öz qeydlərində yazırdılar. Avropalılar üçün qəhvə osmanlılar qədər təqdirəlayiq içki deyildi.

Qəhvədən qabaq türklər tütünlə tanış oldular. Türk tarixçisi İbrahim Peçevi 1635-ci ildə tütün haqqında bunları yazmışdı:

“İnsanın ürəyini bulandıran dumanı və qoxusu olan tütünü 1600-1601-ci illərdə kafir ingilislər gətirdi və dedilər ki, guya tütün rütubətdən doğan bir çox xəstəlikləri sağaldacaq. Qısa vaxtda həzz düşkünləri tütünə aludə oldular. Bir müddət sonra isə həzz düşgünü olmayanlar da tütün çəkməyə başladılar. Bu aludəçiliyə qüdrətli və böyük üləmaların da çoxu tutulmuşdu...”

Qəhvə yayılmağa başlayana qədər bu coğrafiyada çay daha məşhur idi. İran, Azərbaycan və Qafqaz ərazisində çay monqol yürüşləri vaxtı tanındı. Lakin bir müddət sonra çay Avropaya ayaq açdı. Orta Şərq çayla ikinci dəfə on doqquzuncu əsrdə Rusiya sayəsində tanış oldu.

İyirminci əsrdə müsəlman ölkələrdə qəhvə istehsalı olmadığı üçün çay bitkisinin daha çox əkimi üçün qərarlar verildi. Fransız və ingilis tacirlər şimal-qərbi Afrika ölkələrini tez bir zamanda çaya öyrəşdirdilər. Çayın müxtəlif növləri yaranmağa başladı. 1700-cü ildən bəri, məsələn, Mərakeşin milli içkisi nanəli çaydır.

Daha sonra bazara qəhvə çıxdı. Efiopiyada becərilən qəhvə sürətli şəkildə yayılmağa başladı. On dördüncü, ya da on beşinci əsrdə Qəffədən Yəmənə gətirilən qəhvə adını da elə buradan almışdır.

Misirli bir yazar öz qeydlərində bunları yazırdı:

“Misirə Yəməndə adına “kahva” deyilən bir içki yayıldı. Sufi şeyxləri dua edərkən gecələr ayıq qalsınlar deyə ondan içirdilər...”

Məkkədə 1511-ci ildən qəhvə içilirdi. Çox güman ki, buradan ölkələrinə qayıdan zəvvarlar qəhvəni də oralarda məşhur etdi. Qərb dünyası çayı Hindistan və Çinə nəzərən daha keyfiyyətli, daha məhsuldar və daha ucuz tapdığına, becərdiyinə görə qəhvə Avropa bazarlarında özünə çox gec yer etdi.

Avropalılar qəhvə, qəhvə içənlər və qəhvəxanalar haqqında həmişə alçaldıcı danışırdılar. Onlara görə, ancaq boş-bekar insanlar qəhvəxanalara gedirdilər. Həmin yerlərdə edilən söhbətlər isə çox axmaqca söhbətlər idi. İstanbuldakı Venesiya elçisi Gianfrençesko Morosini 1585-ci ildə getdiyi bir qəhvəxanadan bunları yazırdı:

“Buradakı adamların hamısı pis geyinmiş və işi gücü olmayanlardır. İnsanlar həzz almaq üçün küçələrdə və dükanlarda qəhvə adlanan qara və acı mayeni içirlər...”


1610-cu ildə Türkiyəni gəzən ingilis Corc Sandis:

“Bütün günü qəhvəxanalarda otururlar və “koffa” deyilən isti, acı, qara içkini içib bəzən heç nə danışmırlar...”

Avropaya vətəni Yəmən olan qəhvə on yeddinci əsrdə gedib çıxdı. Bir müddət sonra isə Orta Şərq ölkələri Avropa bazarlarının bir nömrəli qəhvə ixracatçısı oldu. Avropada ilk qəhvəxana isə Vyanada – ikinci türk mühasirəsindən sonra açıldı. Bu haqq türklərin bütün gizli əməliyyatlarını Avstriya kəşfiyyatına ötürən erməni bir casusa mükafat olaraq verildi. Beləcə, Avropadakı ilk qəhvəxananın sahibi casus bir erməni oldu.

Qəhvə və çayxanaların İslam ölkələrində populyar olmasının bir səbəbi musəvilik və xristianlıqdan fərqli olaraq İslamda spirtli içkinin qadağan olunmasıdır. Klassik ədəbiyyatda mey və meyxanə sözlərinə tez-tez rast gəlsək də, həmişə müəllif bu kimi əməllərin gizliliyindən və ya kafirlər tərəfindən istifadə olunmasına eyham vurur.

Çayxanalar və qəhvəxanalar çoxaldıqca qeybət və xəyanət də çoxalmağa başladı. Belə ki, sui-qəsd planları bu məkanlarda qurulur, cinayət hadisələrinin çoxu buralarda baş verirdi. İctimai düşüncə bu dar məkandan çıxa bilmirdi. Ona görə də, xalq və ya kütlə iqtidara təsir etmək gücündə deyildi. Avropa əhalisi intibah dövrünü keçəndə müsəlman şərqi çayxanalarda bir-biri ilə boş, mənasız söhbətlər edib dalaşmaqla məşğul idilər. Mətbəələr buralara ayaq açandan sonra vəziyyət dəyişdi. Amma yenə yaxşıya doğru yox...

Çayxanalar və qəhvəxanaların masaları qəzetlərlə “bəzədildi”. Müsəlmanlar hər gün xəbərləri oxuyur və öz mühakimələrini yürüdürdülər. Heç kim araşdırmaq istəmirdi, xəbərin mənbəyinə baxmırdılar. Əlində bir topa qəzet fırlayan uşaq gördülərmi, tez qaçıb alırdılar. Xəbər mahiyyət etibari ilə çayxanaların içində qalırdı. Heç bir sosial-ictimai sifət qazanmırdı. Bu gün də eyni düşüncə tərzinə malik olan bu coğrafiya qəhvə və çayı bir bəla kimi ömürlük öz çiyinlərinə aldı.

Bütün günü siqaret çəkib çay içən insanlardan intibah gözləmək olmaz. Bu bəlaya biz müsəlmanları ingilis və fransız tacirlər düçar etmişdi. Yüz illər boyunca İslama xəlifəlik etmiş türklər mədəniyyət yarada bilmədi. Nə Osmanlı, nə Səfəvi, Nə Teymurilər, nə də onların xələfləri dünya mədəniyyətinə türk naxışı vura bilmədi. Ona görə də, ictimai düşüncənin çayxanalarda, mədəni təfəkkürün isə meyxanələrdə formalaşdığı bu toplumları istənilən əhvalata inandırmaq iki vur iki oldu.

# 2348 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #