Uşaqları yəhudi olsa da, yəhudiləri sevməyən şair – Onu teatrdan niyə qovmuşdular?

Uşaqları yəhudi olsa da, yəhudiləri sevməyən şair – Onu teatrdan niyə qovmuşdular?
3 oktyabr 2023
# 14:00

Bu gün böyük rus şairi Sergey Yesenin doğum günüdür.
Kulis.az bu münasibətləYesenin” adlı məqaləni təqdim edir.

Yeseninin Müasirləri onu təkcə Rusiyanın ən tanınan şairlərindən biri kimi deyil, adlı-sanlı qalmaqalçı kimi də tanıyırdılar. Onun çıxardığı oyunlar haqqında söz-söhbətlər yaradıcılığından öndə gedirdi.

Şair dəfələrlə antisemitizmdə ittiham olunmuşdu. Moskvada yaşadığı dövrdə Yesenin barəsində 13 dəfə cinayət işi açılmışdı. Xuliqanlığı və davaları ilə bağlı işlərini çıxsaq, digər cinayət işləri yəhudilər haqqındakı fikirləri ilə əlaqədar idi. Hətta “yəhudi məsələsi”nə görə Qanin, Oreşin və Klıçkov adlı üç dostu da yoldaşlıq məhkəməsinə verilmişdilər. Onlar pivəxanada jurnal nəşri haqqında söhbət edərkən bir nəfəri təhqir edərək ona “cuhudsifət” deyibmişlər.

Yesenin antisemit olduğunu inkar edirdi. O, Erlixə (Volf Erlix – Rus-sovet şairi) deyirmiş: “Niyə dilbir olub, “antisemit-antisemit” deyirdilər! Sən şahidsən! Mənim ki, uşaqlarım yəhudidir...!”

Yeseninin yəhudi ədavəti qəsdən təşkil edilirdi. Bəzən dalaşdığı adamın yəhudi olduğunu belə bilmirdi, bununla belə son nəticədə hadisəni antisemit hərəkət kimi qələmə verirdilər. Təxribatlar bir-birinin dalınca baş verirdi. Yesenin Trostkinin əleyhinə dəfələrlə tənqidi fikirlər səsləndirmişdi, hətta “Əclaflar ölkəsi” pyesində Çekistov adı ilə onun obrazını yaratmışdı. Yeseninə qarşı böhtan kampaniyası Trostki tərəfindən həyata keçirilirdi. Çünki o, Yeseninin getdikcə təhlükəyə çevrildiyini görürdü.

Yesenin və Pasternak

Yeseninin digər şairlərlə münasibətlərinə səthi yanaşmaq olmaz. Yesenin Pasternakın şeirlərini qəbul edə bilmirdi. Onun poeziyasını qəbul etməməyi açıq cəbhələşmə yaradırdı. Şairlər buna görə hətta dalaşmışdılar da. Bu haqda Katayevin (Valentin Katayev – sovet şair, yazıçı, dramaturq, kinossenarist) xatirələri də var. O, xatirələrində Yesenini şahzadə, Pasternakı isə mulat adlandırır.

“Şahzadə lap kəndçisayaq, təkəlli intelligent mulatın sinəsindən yapışmışdı. Onun qulağının dibinə birini ilişdirmək istəyirdi. O illərin məşhur ifadəsi ilə desək, həm ərəbə, həm də onun atına bənzəyən, üz-gözü qızarmış, düymələri qırılıb-dağılmış əzik-üzük pencəkli mulat da onun yanağına yumruq vurmaq istəyir, ancaq bacarmırdı.”

Yesenin və teatr

Yeseninin birinci arvadı Zinaida Rayx aktrisa idi. Yeseninin birinci arvadının ikinci əri də Meyerxold (Vsevolod Meyerxold – rus-sovet rejissoru, aktyoru) idi. Rus-sovet aktrisası, Yeseninin sevgilisi Avqusta Miklaşevskaya da aktirsa idi. Beləliklə, Yesenin bu və ya başqa şəkildə teatra bağlı idi. Ona görə də tez-tez yolu teatra düşürdü.

Yesenin Malıy Teatrdakı tamaşa zamanı səhnə arxasına keçir və qrim otaqlarından birində Vsevolod İvanovla (Rus-sovet yazıçı-dramaturqu) birlikdə çaxır içməyə başlayır. Qrim otağına gələn aktrisa onları çıxarmaq istəsə də, bacarmır, milis çağırmalı olur. Yesenin milisi görən kimi qaçır, ancaq onu yolda yaxalayırlar. Protokol tərtib olunandan sonra milis onu teatrdan çıxarır.

Yesenin və Mayakovski

Ən sərt münasibətlər bu iki istedadlı şairin arasında yaşanırdı. Ədəbi pyedestalı bölüşdürən bu iki şair həmişə polemikaya girirdilər. Ancaq ayıq olanda bir-birlərini dəyərləndirməyi bacarırdılar. Mayakovski dəfələrlə demişdi ki, imajinistlərin arasından tarixdə bircə Yesenin qalacaq. Yesenin isə LEFçilərin (“Levıy front iskusstva”-nın qısaldılmış forması) içindən Mayakovskini ayırır və onun siyasi aktivliyini qısqanırdı. Yesenin iddia edirdi ki, Mayakovski kimiləri ilə Rusiyanı bölmək istəmir. Mayakovski isə ona belə cavab verirdi: “Onu özünüzə götürün. Çörəklə yeyərsiz.” Şairlər şeirlə mübahisə etdikləri kimi həyatda da mübahisə edirdilər. Mayakovski Yeseninə deyirdi:

- Bu Oreşinləri, Klıçkovları atın getsin! Bunları palçıq kimi nə ayağınızda gəzdirirsiz?

- Mən palçıq, sizsə çuğun və dəmir gəzdirirsiz! Palçıqdan insan yaranıb, bəs çuğundan nə yaranıb?

- Çuğundan da heykəllər yaranıb!

Yesenin və milislər

Yesenin milisləri sevmirdi. Hətta onlardan qorxurdu. Bu barədə o, dəfələrlə elə həmən Qaninə etiraf eləmişdi. Bununla belə Yesenin Moskva milis idarələrinin daimi sakini idi. Moskvada olduğu zaman onu daim nəzarətdə saxlayırdılar. Onun getdiyi kafelərdə həmişə mülki geyimli milis əməkdaşı olurdu.

Hər dəfə araq içəndə mütləq kiminləsə dalaşırdı. Ancaq çox vaxt məsələ məhkəməyə qədər gedib çıxmırdı. Şairin şöhrəti və tanışlıqları ona kömək olurdu.

Yesenin Amerikada

Yesenin qalmaqalları ilə Amerikada da fərqlənirdi. Mani Leybin (Yəhudi əsilli Amerika şairi) təşkil elədiyi gecədə Yesenin “Əclaflar ölkəsi”ni oxuyaraq əsərdəki “yəhudi” sözü yerinə “cuhud” kəlməsini işlədir. Bu da iştirakçıların qəzəblənməsinə səbəb olur. Aysedora Dunkanın insanları sakitləşdirmək cəhdlərinə baxmayaraq məsələ dava ilə bitir, Yesenini isə yenə də antisemitizmdə ittiham edirlər. Çox az adam başa düşürdü ki, Yesenin bu kobud ifadəni heç sevmədiyi Trotskiyə qarşı işlədir. “Rus xalqı bizə ancaq şax-şəvəl kimi dünya inqilabını alovlandırmağa lazımdır. Qoy yanır yansın, əvəzində gör necə yanğın olacaq!..” – Trotskinin bu sözlərinə görə şair onu sevmirdi.

Bu hadisədən sonra Yesenin dəfələrlə üzr istəsə də, necə deyərlər, həmin dava unudulmadı.

Şairin qalmaqalçı şöhrəti onu ölümündən sonra da tərk etmir. Onunla bağlı sonuncu qalmaqal “Yesenin” filminin ekranlara çıxması ilə bağlı idi. Filmdə şair davakar, əyyaş, dələduz kimi göstərilir, heç bilmirsən, o şeir yazmağa necə vaxt tapır. Bu da yeseninsevərlərin hiddətinə səbəb olmuşdu…

# 1880 dəfə oxunub

Müəllifin son yazıları

# # #