"Anamdan əmdiyim süd geri qayıtdı" - Həmid Herisçi Anara şeir həsr etdi

"Anamdan əmdiyim süd geri qayıtdı" - Həmid Herisçi Anara şeir həsr etdi
9 sentyabr 2025
# 11:26

Kulis.az Həmid Herisçinin Xalq yazıçısı Anara həsr etdiyi "Demateriallaşma" şeirini təqdim edir.

Sən bədənsiz də varsan.
Qələmsiz də yazarsan.
Qanadsız da uçarsan.
Sən...
Sən demateriallaşıbsan
çoxdan.
Bilirsənmi nə vaxtdan?
Haçan ki sovet vaxtları bezib ictimai nəqliyyatdakı sıxlıqdan,
Sallanırdın "LAZ", İKARUS" avtobuslarının yarıaçıq qapılarından.
İlk dəfə o vaxt sürücü səni itələyəndə qapıdan
yapışdın havadan
və gördün necə yıxılmayırsan...
Yunan əfsanələrindəki qanadlı İkarsan!
Yerin cazibə qüvvəsini aldadırsan!
Ayaq pəncəni qorxa-qorxa geri çəkdikcə bütün dərgahların qapısından.
Anamdan əmdiyim süd geri qayıtdı, vallah, burnumun ucundan!
Sonra kinoteatr kassalarından
"Daş və çiçək" hind filmınə bilet alarkən,
Bir də gördün içəridə ön sıradasan.
Biletini alıbsan.
Əjdahanın ağzından.
Biletsiz birisi isə əl çəkmirdi yaxandan.
O bileti alammazdın
Demateriallaşmasan.
Uşaqlıqda gördüyün bir kimyəvi parçalanmadan
Beş qiymətini almasan.
Deyirlər, barəmdədir son yazdığın "Gözmuncuğu" adlı roman.
Neynək...bəzən casusları tanıyırlar ağızlarındakı diş plombundan.
Bədənsiz də varsan.
Kəfənsiz də basdırarsan öz fobiyalarını.
60-cıların yarıutopiyalarını.
Tüpür ağzından bütün diş plomblarını,
Burax getsin damarlarından bütün tromblarını...
Boğazının poetik şarfını.
Sən "İkarus" avtobusundan sallanan vaxtdan
İkarsan.
Dabanı havadasan.
Təbrizəcən axacaq
Damarlarımda qatılaşmayan,
Laxtalanmayan
Bir an.
Bu qan.

# 806 dəfə oxunub

Oxşar xəbərlər

Öpüşümlə dərərəm barmaqlarını bir-bir – Emin Pirinin şeirləri

Öpüşümlə dərərəm barmaqlarını bir-bir – Emin Pirinin şeirləri

13:22 7 sentyabr 2025
Ələ almağa çalışdığım, amma əlində qaldığım Hamartia... - Furqan Əliyevin şeirləri

Ələ almağa çalışdığım, amma əlində qaldığım Hamartia... - Furqan Əliyevin şeirləri

14:45 26 avqust 2025
Xərçəng preparatları uzaq keçmişin acı xatirəsi... - Günel Mehrinin şeirləri

Xərçəng preparatları uzaq keçmişin acı xatirəsi... - Günel Mehrinin şeirləri

13:25 25 avqust 2025
Yaddaşına yaxşı bax, unutduğun yerdәyәm... - Məmməd İsmayılın şeirləri

Yaddaşına yaxşı bax, unutduğun yerdәyәm... - Məmməd İsmayılın şeirləri

16:58 19 avqust 2025
Dilim Təbriz haraylar... - Gülbacı Nağdaliyevanın şeirləri

Dilim Təbriz haraylar... - Gülbacı Nağdaliyevanın şeirləri

11:30 15 avqust 2025
"Tutdum yıxılmağa qorxduğum yerdən..." - Salam Sarvanın şeirləri

"Tutdum yıxılmağa qorxduğum yerdən..." - Salam Sarvanın şeirləri

16:45 12 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər