Təcrid, qaranlıq, dəmir barmaqlıqlar... - Həbsxanada yazılan əsərlər

Təcrid, qaranlıq, dəmir barmaqlıqlar... - Həbsxanada yazılan əsərlər
9 sentyabr 2025
# 09:00

Kulis.az araşdırmacı-hüquqşünas Yunis Xəlilovun "Azad ruhun qandallı qələmi: Həbsxanada yazılan əsərlər" yazısını təqdim edir.

İnsan azadlığının əlindən alındığı, dar divarlar və dəmir barmaqlıqlar arasında yaşanan həyat çox vaxt ruhun sınağa çəkildiyi bir məkan kimi təsəvvür olunur. Həbsxana bir çoxları üçün yalnız cəza və təcrid yeri olsa da, tarix boyu bir sıra böyük şəxsiyyətlər üçün düşüncə, yaradıcılıq və özünü ifadə meydanına çevrilmişdir. Azadlıqdan məhrum edilən bədən, bəzən azadlığı sözlərdə, cümlələrdə və əsərlərdə tapmışdır.

Ədəbiyyat tarixində elə əsərlər vardır ki, onlar yalnız yazıçının yaradıcılıq gücünün deyil, həm də ruhunun azadlıq üçün apardığı mübarizənin məhsulu kimi meydana çıxmışdır. Həbsxana divarları arasında yazılan bu əsərlər təkcə ədəbi nümunə deyil, həm də tarixin müxtəlif dönəmlərində siyasi təzyiqlərin, ideoloji qarşıdurmaların və fərdi faciələrin canlı şahidinə çevrilmişdir. Dostoyevskidən Oskar Uaylda, Qandiyə, Markiz de Sada qədər bir çox yazıçı, filosof və ictimai xadim barmaqlıqlar arxasında yaratdıqları ilə bəşər mədəniyyətinə əbədi iz qoymuşlar.

Sizə zindanın sükutunda doğulmuş, lakin dünya oxucularının qəlbinə yol tapmış ən məşhur əsərlərdən söhbət açmaq istəyirik. Məqsəd yalnız həmin əsərləri tanıtmaq deyil, həm də yaradıcılığın sərhəd tanımadığını, hətta ən qapalı məkanlarda belə ruhun azad qala biləcəyini göstərməkdir.

1. Daniel Defo – “Robinzon Kruzo”

Adam yaşamayan adaya düşən insanın təbiət qüvvələrinə qarşı mübarizə əzmi, iradə möhkəmliyi, dözümlülüyü, yaradıcı əməyi təsvir edən “Robinzon Kruzo” romanı ingilis yazıçı Daniel Defo tərəfindən Madriddə cəzaçəkmə müəssisəsində olarkən yazılıb.

2. Con Banyon Bedford – “Piliqrimin yolu”

İngilis yazıçısı Con Banyon Bedford məşhur olan bu əsərini dini ayinlərin keçirilməsini qadağan edən qaydaları pozduğuna görə həbsxanaya salındığı vaxtlarda qələmə alıb.

3. Migel de Servantes – “Don Kixot”

Dövlət xəzinəsinin yeyilməsi səbəbi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən Servantes dəmir barmaqlıqlar arxasında bu gün də sevilərək oxunan məşhur romanlardan biri olan “Don Kixot”u yazmışdır.

4. Martin Lüter Kinq – “Birmingem həbsxanasından məktub”

Həyatı boyunca 29 dəfə həbs edilmiş olan afroamerikan insan haqları hərəkatının ən üzdə olan liderlərindən biri, dini rəhbər və aktivist Martin Lüter Kinq məhbus həyatı yaşadığı bu həbslərin birində birlik, bərabərlik və kömək üçün din adamlarına müraciət formasında olan “Birmingem həbsxanasından məktub” adlı əsərini ərsəyə gətirmişdir.

5. Markiz de Sad – “Sadomun 120 günü”

Fransız yazıçı Markiz de Sad 1785-ci ildə Bastiliyada həbsdə olarkən “Sadomun 120 günü” adlı romanını yazmağa başlayıb. Nə qədər təəccübünzə gəlsə də, o, 12 metrlik tualet kağızına yazmış olduğu bu romanı 37 günə tamamlayıb.

6. Sabahattin Ali – “Aldırma Gönül”

Türkiyə şairi və yazıçısı Sabahattin Alinin 1932-1933-cü illər ərzində Sinop həbsxanasında olarkən yazdığı əsər hər kəs tərəfindən bəyənilib. Bu bəstələnmiş şeirin kədərli sözləri indi muzeyə çevrilən həbsxanaya gələnləri qarşılayır.

7. Vladimir Lenin — “Rusiyada kapitalizmin inkişafı”

SSRİ-in qurucusu Vladimir Lenin “Rusiyada kapitalizmin inkişafı” adlı monoqrafiyaya cəzaçəkmə müəssisəsinə düşdüyü vaxt, yəni 1896-cı ildə başlayıb. rus inqilabçısı bu kitabı nə az, nə çox, düz üç ilə tamamlayıb.

8. Yolter Reyli – “Dünya tarixi”

O bu kitabını həbsxanada cəza çəkərkən yazıb.

9. Adolf Hitler – “Mein Kampf” (“Mənim mübarizəm”)

İkinci Dünya müharibəsinin “baş memarı”, hərbi cani Adolf Hitlerin Landsberq həbsxanasında olarkən dostu Rudolf Hesslə birlikdə “Mein Kampf” (“Mənim mübarizəm”) adlı ikicildlik kitabını qələmə alınıb. Kitabda öz həyatından, siyasi baxışlarının dəyişilməsində rol oynayan təsirlərdən, yəhudilər haqqındakı görüşlərindən, müharibə xatirələrindən və digər mühüm məsələlərdən bəhs olunur.

10. Mahatma Qandi – “Mənim həyatım”

Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandinin dəmir barmaqlıqlar arasında qələmə aldığı “Mənim həyatım” əsəri təkcə avtobioqrafik səciyyə daşımır. O, bu kitabda həmçinin insan azadlığı, müstəqillik, dinc mübarizə yolları ilə bağlı düşüncələrini də dilə gətirir.

11. O Henri – “Hekayələr”

Əsl adı Uilyam Sidney Porter olan amerikan yazıçısı O. Henri Texas banklarının birində kassir işləyirdi. İşlədiyi bankdan pul mənimsəməkdə günahlandırıldığından o, polislərdən qaçıb gizlənsə də, bir gün onu tuturlar və üç il azadlıqdan məhrum etmə cəzasına məhkum edirlər. Bundan sonra cəzaçəkmə müəssisəsində dünya ədəbiyyatının peşəkar bir hekayə yazıçısı “doğulmuş” olur. Belə ki, Uilyam Sidney Porter O Henri adlı şəxsə çevrilir. İlk hekayəsini də məhz burada yazır: “Dika Svistunun doğum günü hədiyyəsi”.

12. Marko Polo – “Marco Polonun səyahətləri”

Həbsxanada olan 44 yaşlı tacir Marco Polo Çinə səyahətindən və Monqol hökmdarı Xubilay xanın xidmətində keçirdiyi illərdən danışaraq digər məhbusları əyləndirməyə başlayıb. Polonun hekayələri onun həbsxana yoldaşları olan yazıçı Pizalı Rustiçello və məhbus yoldaşının diqqətini çəkdi. Daha sonra Polo və dostları “Səyahətlər” kimi tanınan kitabı yazmağa qərar verdilər. Bu epik səyahətnamə Polonu dünyanın ən məşhur şəxsiyyətlərindən birinə çevirdi.

13. Nazim Hikmət – “Yatar Bursa qalasında”

Kommunist əqidəsinə görə vətənində mühakimə olunan böyük türk şairi Nazim Hikmət “Yatar Bursa qalasında” adlı şeirini ona yazığı gələn Cahit Sıtkı kimi şairlərə cavab olaraq yazıb. Sonralar isə həmin şeir şairin poetik toplularından birinin adına çevrilib.

14. Harri Qrey – “Quldurlar”

Amerika yazıçısı Harri Qreyin “Quldurlar” adlı əsərinin motivləri əsasında məşhur “Bir zamanlar Amerikada” filmi çəkilmişdi. O, bu avtobioqrafik romanda real quldurları qələmə aldığını etiraf edib.

15. Ezra Paund – “Pisan Cantos”

Amerikalı sürgün edilmiş şair, tənqidçi və ilk modernist hərəkatının böyük şəxsiyyətlərindən olan Ezra Paund Mussolini rejimini dəstəkləyirdi. Mussolinin qətlindən iki gün sonra o, amerikalı əsgərlərə təslim olmağa cəhd etsə də, italyalı partizanlar tərəfindən əsir götürülmüşdür. Daha sonra o, Vaşinqtona aparılmış və 1943-cü ildə isə dövlətə xəyanət itihamı ilə mühakimə edilərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhz cəzaçəkmə müəssisəsində olarkən o, “Pisan Cantos” adlı əsərini meydana gətirmişdir.

16. Qreqori Devid Roberts – “Şantaram”

Avstraliya yazıçısının bu avtobioqrafik romanı özünün Hindistandakı həyatından bəhs edir. Kitabın bir hissəsi müəllifin olduğu hind həbsxanasının geniş təsviridir. Məhz Roberts həmin həbsxanada olarkən bu əsəri qələmə almağa başlayıb. Romanın əsas hərəkəti 1980-ci illərdə Hindistanda, Bombeydə (Mumbay) baş verir. Maraqlıdır ki, bu kitab çap olunandan sonra milyon tirajla satılıb. Belə ki, əsər ilk dəfə 2003-cü ildə Avstraliyada nəşr olundu və bir sürətlə bir çox dillərə tərcümə edildi. 2022-ci ilin oktyabrında romanın televiziya adaptasiyasının premyerası oldu.

17. Jan Qenet – “Çiçəklərin Məryəm anası”

1910-cu ildə uşaqlar evinə qoyulan körpə Jan yeddi yaşında zərgər ailəsi tərəfindən övladlığa götürülür. 10 yaşından oğurluğa başlayan gələcəyin məşhur fransız filosofu, yazıçısı və siyasi fəalı olacaq Jan 1926-cı ildə həbs olunur. 3 ay davam edən ilk məhbusluğunu yaşayanda 15 yaşında idi. Bu məşhur romanını da məhz həbsxanada olanda yazdı. Qeyd edək ki, Jan Qenetin öz məhkum yoldaşlarından kağız-qələm ala-ala yazdığı cəmiyyət tərəfindən qəbul olunmayan fahişələrin və digər əxlaqsız adamların həyatından bəhs edən bu roman sonralar bütöv bir nəslə təsir göstərmişdir.

18. Boetius – “Fəlsəfənin təsəllisi”

Roma dövlət xadimi, xristian ilahiyyatçısı və müqəddəsi Boetius müxalif fikirlərinə görə mühakimə olunub və zindana salınıb. Ona məhkəmədə hətta özünü müdafiə etməsinə belə imkan verməyiblər. Filosof düşüncələrini həbsxana divarları arasında qələmə almağa məcbur olub. Yazdığı qeydlərin mükəmməl fəlsəfi əsər olduğu türmədə işgəncələrə məruz qalaraq öləndən sonra aydınlaşıb. “Fəlsəfənin təsəllisi” adlı əsərini o, zindanda, öz edamından bir qədər öncə yazmışdı.

Bu əsərdə qadın obrazını almış və simalaşdırılmış Fəlsəfə ilə Boetiusin arasında dialoq baş verir. Öz edamını gözləyən Boesi artıq ədalətə inamını itirib, özü üçün ölüm arzulayır. Bu anda onun qarşısına bir əzəmətli xanımın simasında Fəlsəfə gəlir və onunla dərin mənalı söhbətlər apararaq ona təsəlli verir. Fəlsəfə Boesiyə onun dünyanın ədalətsiz olması və hər yerdə şərin hökm sürdüyü haqqında fikirlərinin yanlış olduğunu bildirir. Məsələ bundadır ki, bu dünya ədalətli olan Tanrı tərəfindən yaradılıb, idarə edilir. Tanrı isə, insanı ölməzlik üçün yaradıb. Onun əsl vətəni yer deyil, göylərdir. Bu cür fikirlərlə təsəlli tapmış Boetius ölümünü laqeydliklə qarşılamağa hazır olduğunu bildirir. Əsərin ikinci, üçüncü və dördüncü hissələri vardır.

19. Oskar Uayld – “Dərindən gələn sözlər”

Görkəmli irland yazıçısı Oskar Uayld 1895-ci ildə yeniyetmə lord Alfred Duqlasla sevgi münasibətinə görə “Ridinq” həbsxanasına düşmüşdür. Onun həmin həbsxanadan Alfredə yazdığı məktub sahibinə çatmasa da, sonradan kitab şəklində çap olunmuşdu. “Dərindən gələn sözlər” adlı bu məktub, əslində, bədii əsərdir.

20. Erix von Daniken – “Ulduzlara qayıdış”

Özünü sivilizasiyadan kənar varlıqlara və astronomiyaya həsr etmiş,Tanrı adlandırdıqlarımızın, əslində, Ay adamları olduğu iddiası ilə tədqiqatlar aparmış isveçrəli yazar Erich von Däniken “Ulduzlara qayıdış” adlı ikinci kitabını dələduzluqda təqsirləndirilərək məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzası verilərək göndərildiyi cəzaçəkmə müəsisisəsində olarkən yazmışdır.

21. Fyodor Dostoyevski - “Ölü evindən qeydlər” əsəri

1849-cu ildə Dostoyevski çar Rusiyası tərəfindən inqilabi fikirlərə malik Petrashevski dərnəyinin üzvü olduğu üçün həbs olunur. İlk əvvəl güllələnmə hökmü verilsə də, edamın icrasına bir neçə dəqiqə qalmış hökm dəyişdirilir və o, Sibirə – Omsk həbs düşərgəsinə 4 illik ağır əmək cəzasına göndərilir.

Bu müddətdə Dostoyevski dəmir barmaqlıqlar arxasında dustaqların gündəlik həyatını, onların psixologiyasını, cəmiyyətin ən dərin qatlarını müşahidə edir. O, gördüklərini və yaşadıqlarını yazıya almasa da, yaddaşında qoruyur. Azadlığa çıxdıqdan sonra isə həmin təəssüratlarını “Ölü evindən qeydlər” ("Записки из Мёртвого дома", 1861-1862) adlı məşhur əsərində toplayır.

Bu kitab ədəbiyyat tarixində ilk realist həbsxana romanlarından biri hesab olunur. Burada o, cəzaçəkmə müəssisəsindəki məhbusların ağır həyatı, dövlətin sərt cəza sistemi və insan ruhunun azadlıq arzusu kimi mövzuları ustalıqla qələmə alır.

“Ölü evindən qeydlər” əsəri yalnız şəxsi təcrübələrinə əsaslanan bir bədii nümunə deyil, həm də XIX əsr Rusiyasının sosial-siyasi mənzərəsini açan tarixi sənəd kimi qiymətləndirilir.

22. Patrik Lumumba – “Həbsxanadan məktublar”

Konqo müstəqillik hərəkatının lideri və ölkənin ilk baş naziri olan Lumumba azadlıq mübarizəsinə görə həbs edilmişdi. Həbsdə olarkən yazdığı məktublar sonradan “Həbsxanadan məktublar” adı ilə çap edilərək tarixi sənədə çevrildi.

# 276 dəfə oxunub

Oxşar xəbərlər

"Bil ki, gorum çatlayar onda" - Səməd Vurğun Yusif Səmədoğluna nə vəsiyyət etmişdi?

"Bil ki, gorum çatlayar onda" - Səməd Vurğun Yusif Səmədoğluna nə vəsiyyət etmişdi?

15:00 9 sentyabr 2025
Moskvadan Bakıya uzanan yol - "Ögey ana"nın Dadaşının atası kim idi?

Moskvadan Bakıya uzanan yol - "Ögey ana"nın Dadaşının atası kim idi?

14:36 9 sentyabr 2025
Eyfel Qülləsinə 72 qadın alimin adı həkk olunacaq

Eyfel Qülləsinə 72 qadın alimin adı həkk olunacaq

14:30 9 sentyabr 2025
Azərbaycan 16-cı Yörük Türkmən Festivalında təmsil olunub

Azərbaycan 16-cı Yörük Türkmən Festivalında təmsil olunub

14:00 9 sentyabr 2025
Bu gün Xalq rəssamı Lətif Kərimovun anım günüdür

Bu gün Xalq rəssamı Lətif Kərimovun anım günüdür

13:35 9 sentyabr 2025
Ədəbsiz, aşağı səviyyəli əyləncə - Tolstoy Şekspirə niyə nifrət edirdi?

Ədəbsiz, aşağı səviyyəli əyləncə - Tolstoy Şekspirə niyə nifrət edirdi?

13:08 9 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər