Kulis.az Ələsgər Əhmədin yeni şeirlərini təqdim edir.
Doğuluşun Sehri
Sən ey, təbəssümlə
anadangəlmə yanaqlarını dəyişdirən qız,
sən ey, mələksima
Təslima!
mavi boyunbağının dənizliyində üzür,
rəsminin təmizliyində gizlənən kağız
Bil ki,
Gözlədənlər dadılmayan səbr qırıntılarına,
gözləyənlərdə doydu
Yeni doğulan uşağın,
ana bətnindən olan saçına murdar tük deyənlər də,
Nəsiminin dərisini soydu.
Ömrü sənin daş-kəsəyində sürürəm, mənim deyil ki
Pəncərəm tellərindən,
qapım əllərindən uzaqdı, açmıram
getmə dediyim hər yerdə kimsə deyir; bu bir tuzaqdı
İşığına hamı gələr,
mən sənin qaranlığından da qaçmıram.
Qaysaqlamış yaraları göynədən,
göydələnlərə fəlakət öyrədən insan əli
çiyin-çiyinə halımızdan keçdi, qayçı məsəli
Hardasa, əkizdir ürək, beyinə
Hardasa,
bəzən maralı ayı kimi parçalayırıq,
bəzən ayıdan maral kimi qaçıb, meşəni haçalayırıq
Sənin gözyaşların
dəryaların ən betəri
ləpələrin özü belə axtarır saman
Alın təri - zəhmətin su ehsanı, xəcalətin tüpürcəyidir.
Zəhmətkeş tüpürcəyinsə sakini,
peyğəmbər hörümçəyidir, Ləman.
oysa ki, heyrətə çevrilənlər,
qulağımızdakı heyhat-minəz-zillətə övliya mismarlayır
ürəyindən dilinə misralayır həyatındakıları
Ayaqqabı təmizləyənlər ayağımızdakı,
tıxacda şüşə silənlər
gözümüzün önündəki günahları təmizlər
– Bəs, Allah qatındakıları?
Onları da xidmət göstərənlərin, çəkdirmədiyin ahları təmizlər
Qəlb mərhəmətli əsarətdir sözlərində
əsarət sözünə,
"c" hərfi ilə başlamaq cəsarətdir
zəncirlər qırılıbsa şahlıqdan,
ruhundakı fərahlıqdan xəsarətdir gözlərində
Kor gözlü bədənin ruhu,
keçmiş bədənindən gördüyü həyata kor-koranə baxardı
Sənin də yoxluğun,
ağlımın küncündəki asılqanıydı boş çoxluğun
şlyapasını alicənab görkəmində taxardı
Məzarıma qərənfil,
qəfil, qafil qulaq ardımda yatdığımı gördümsə, 
gözləyişə çevrildiyinin sahilisən
Bildiyinin cahilisən təcili yardımda
tələskən yaratdığımı hördümsə, saçlarından
Məni qulağından asırlar, yellənirəm dar ağaclarından
Nəcibsən,
sevdana kobudluğum maneədi
Vacibsən!
çünki zaman saatdan,
saat dəqiqədən, dəqiqələr saniyələrdən ibarətdir.
Əsas zaman saniyədi.
bədbəxtliyin qar topasıyıq
insan şaquli xətdir,
yuxarıdan aşağı çəkildikcə özünə qayıdar
Ayrılmayaq, yenə bir-birini tapasıyıq
Buxarlar pərişan halda yer üzünə qayıdar
Bir fəhlə əlcəyi,
otaqdan utanan şüşələrin pərdələrindən təmiz
İbrətamiz olur əfsanələrin geri dönüşü
Anlayış güldükdə 2×2
kədərin vərəqlərində itaətdən yorulduqda düstur
qəlb aynasından görünüşü çirkin,
zülm şirkin şəriki olduqda, məni yenə də dodaqlarımdan susdur
göz rəngi
insanın sonrakı halından işarədi,
əvvəlcədən görkəmini görüb gəlmiş
Limanın yelkənindən
yel kəndirindən gəmini sürüb gəlmiş, öldürücü vuruşlar
Sənin vurmağın da, öldürməyin də gözəlmiş.
ƏL
Bir sinif şagird qucaqlamasıdı, 
ruhunun meditasiyası
Mənim üçün sənin əllərindir, Ləman 
Həqiqət zaman-zaman incidər, 
Bağlı gözlərindən gələn dodaqlarındı ağlımın mutasiyası 
Halı-sərgərdan dolaşıram, 
sənə həsrətlə baxmağa həsrət qalmamaq üçün alışıram 
Bütün qismətlərə 
Məmnunam, 
çünki ovuclar bir göz yaşı tutumudu 
Balıqların dərin sularda yeyildiyi kimi 
Gözləmək sevdanın onurğa sütunudu, "Ovod"da deyildiyi kimi 
Mən üsyanam, 
bir balaca uğrumda vuruş. 
Doğulmamış övladından
vaz keçən ananın dərdində, səni tanımamağımın adı, ayrılıqdı? 
adi ayrılıqdı
Ayrılıq bir nəfərin verəcəyi qərar deyil,
içindəki özündən də soruş 
Xatırlanmazsan hansısa qadından 
Nə gözlərindən oxşar, 
nə də yoxluğunda yaşar varoluşumdakı təlqin 
Qulaqlarında duyular, 
quyular, baxışlarının dərinliyidi 
Səninlə sağalaram yəqin,
yəqinlik Allahın bəndədən əminliyidir. 
Qaçışın ən tez nəfəsimə çatırdı 
qayıqları kifayətlərdə batırdı qarmaqlar 
barmaqlar qucaqladı əlimi
aşiq olduğum gözlərinlə baxıb dedin, ədəbiyyat müəllimi 
Bulvarın ortasında kəfənlənmiş kaktuslar
37-ci kalonda güllələnmiş məhbuslar 
Gəmi görkəmində mayak, 
yolu göstərib, gözləyən liman 
güman yerim 
Gəl sənə bir sirr verim:
Yolun
ikinci addımında beş qaça bilirsənsə, ixlas, xilas
içindəki "düşmən" intiqamına
atəş aça bilirsənsə, islah, silahdı 
Sənin təsəvvüfündən hədiyyə, 
nəqş-bəndiyyə 
ilahi səfərdə yanlış addımlarımızın,
səf-arası onun rəsulu.
Dirsəyimdəki su, ruhumun qüsulu 
əriməklə yanğısına ağlayan şam
danmır qamətini,
qiyamətinə çevirəcək təkanı 
onun gözündən fitil,
mənim atəşimdən dabanımı közərdir
pəncəmə dolaşsa da 
Sönməyə çalışsa da,
qəbulu xatırlanır.
Axı, damlalar enməzdən öncə hazırlanır gölməçə məkanı. 
Göyərçinin ayağına yox,
qulağına pıçıldayıb ağlına bağlamışdım məktuba yazılanları 
Süleymanca tənbehləmişdim;
varlığının zikrini təsbehləmişdim 
Xarabatı təşbehləmişdim ki, bağçadı 
Dolaşıq düşünmə, inam fikrini 
kiçik-kiçik tapşırıqlar mühafizə
Quran ərəbcədən çox, Allahcadır. 
Eşq – saçlarının qoxusunu unutmayan hafizə
Sənə göz yummaq istəyərəm, ölüm qabağı 
Axı, 
Təklik –
çılpaqkən özünü izləyib zövq almaqla, utancın qətlidi 
Həqiqət çılpaqlığı
O, güzgüdə görünməyəcək qədər sürətlidi 
Damar da ömrünün illiyi
İstərsən, axar 
Qoxusunu çəkdiyim telləri 
geri qaytarır çəpər əyriliyi 
Canın anı canandırsa,
dərin sularda üzdür söz oyunlarını 
Anomaliyayla doğulan təpəgözlər,
ailəvi təcridlə yaşayardı nağıllarda
Qüsur uşaq yaşlarından başlayardı, böyük ağıllarda 
göz səni görəcəksə, nizəyə qırpınmadan baxar
Qəlbin qan ağlayanda
o, gülərsə, halın da sevgilisidi 
Ağıllı saydığın,
sən saydığın barmaqların dəlisidi. 
İflic qorxusudur 
dəniz heyvanlarının şüşə qəfəslərində qorxu, sudur. 
Başın 
bir işıq yuxusunu beşikdə çalxalandırar 
Azad dənizlərin düşməni akvariumlar, 
şüşə qəfəsli balaca dənizlər
Balıqların bir-birinə həsrətini dalğalandırar 
Keçmişin qəmlidi?
Keçmiş!
Mənim istəmsizliyimdən önəmlidir,
məni istəyənin istəyi 
ömrün naqillərindən alo deyir,
nömrəsi çevrilməmiş telefon dəstəyi 
Baxır, həyat tərəfə
Jhonpardian
məsafələrin qapısında əzmkarlıqla üzünü turşutmuş qardiyan 
Dodaqaltı kinayələyir,
"satqındır qvardiyan" şübhələr içində – cəbhələr firqəsində
dırnağından ütülür göyərçin də, etibar dəbilqəsində 
Bu ərəfə
bənövşəni
dərmədən sığallamış bağbanların ən rövşəni 
Kor olduğum səslərə karsan
Həyatınızda biri olsun,
deyin: Mən səninlə xoşbəxt deyiləm, xoşbəxtliyin özüyəm
Məcnun səhrada divanə olmuşdu
Mən Bakıda, nə yaxşı ki, sən varsan. 
Yüklərinə tərəziyəm.
Nə hansısa mətbəxdən pizza 
Nə də hansısa rəssamdan Mona Liza 
Başımın üstündə Məşədikazımın şəkli 
darçınlı çay dolu armudu stəkan, 
daş nəlbəkili. 
Və sən.
Mən ömrünün qarğasıyam
Başladığın cümlənin arxasıyam 
sən mənim üçün nəfəs ehtiyacısan,
ruhun oksigen ağacısan. 
Səni arada elə gizlədirəm,
oğurlandığını sanıram.
Sevmək inanmaqdır, inanıram.
 
 
                 
             
                                                     
                                                     
                             
                             
                             
                             
                            