Qara kəpənəyin itməsi

Orxan Həsəni, yazıçı

Orxan Həsəni, yazıçı

5 mart 2022
# 09:00

Kulis.az Orxan Həsəninin "Qara kəpənəyin itməsi" essesini təqdim edir.

“Gördüyüm onlarla bahar bu diyarı bir pencək kimi çiynimə keçirdi!”

unutduğum bir romandan

Şəhərin mərkəzində “Flora Hostel Baku” adlı ürək döyünür.

Bura Bakıda yerin səmadan qiymətli olduğu nadir məkanlardandır.

Nizami küçəsinin addım yeyinliyindən, adam sərinliyindən usanıb ara küçələrə buruldunsa,

Florada əylənməyi unutma. Təbriz Xəlilbəyli küçəsinin işığı parladımı Floranın yaşılı görünəcək. Sağ solunu kip tutan pablardan, pabların önündə siqaret sümürən cavanlardan, əsnəyib adamları udan qırmızı qapılı, naxışlı binalardan, təkəmseyrək görünən marketlərdən, dərzilərdən, yeməkxanalardan yan keç.

Sol səkinin nazik cığırı səni ora bağışlayacaq!

Bir azdan “Flora Hostel Baku”-da olacam.

Şəhər məkanlar və adamlar kombinasiyasıdır. Hər şəhər öz quru daşında-divarında, adamında nəfəs alır. Adamlar müxtəlif olduğu kimi məkanlar da müxtəlifdir. Hər insan öz məkanını tapmağı bacarmalıdır. Bu özünü tapmaq kimi ümumi və vacib məsələdir!

İnsan şəhəri hissə-hissə, addım-addım tikdiyi kimi zamanla şəhər də insanı inşa edir.

Yaşadığımız məkanlara bənzəyirik. Vəssalam.

Hər halda fərqlərin döyünən ürəyi inanclarda gizlənib. Məsələn, ata-anası müsəlman olan uşaq müsəlman böyüyür. Yəni? İnanc sistemi təfəkkürün bünövrəsidir. Doğulduğumuz, boya-başa çatdığımız şəhər, məhəllə, evin yaratdığı dil, həyat tərzi, insan münasibətləri, düşüncə tərzi və s. xarici amillər bizi leqo daşları kimi parça-parça ucaldır.

Bu fenomen canlıdır, həyatın ta axırınacan axan prosesdir.

Ol səbəbdən insan aktual varlıqdır. Ruhunda arxayın-arxayın daşıdığı təcrübələr ona maddi aləmdə hərəkətə keçirir, enerji verir. Xarici təsirlər zehnimizdə psixi dünyanın proyeksiyası kimi gülümsəyir. Buna görə, insan və şəhər oxşar varlıqlardır və bir-birindən müstəqil hesab edilməz!

Hər dünya öz içində alternativ, qapalı dünyalar saxlayır. Şəhərlər də belədir. Bu gün dünya əhalisinin 54 faizi şəhərlərdə yaşayır. Bu fiziki mənada kiçik ərazidə böyük anlayışların uçuşmasıdır. Onun bətnindən qidalanan müxtəlif mühitlər var. Flora Bakının ən maraqlı mühitlərindən biridir.

Bakıya yolum tez-tez düşmür.

Ruhumu bürüyən əyalət sarmaşıqları sevgili-dost atəşinə düşüb yumşayınca gözümü şəhərdə açıram. Yuxulu adam kimi məkandan-məkana yol ölçüb həyatı öyrənmək yox, xatırlamaq istəyirəm.

Bakı xatirələrimin paytaxtıdır. Bu şəhərdə bütün üzlər məni eyni istəklə salamlayır. Əl havasına qaranlıqda kibrit axtaran kimi şəhəri gəzir, məhəllələrin, tinlərin, dalanların, kafelərin, hostellərin əlini sıxıb binaların divarını oxşayıram.

Bir də görürsən, uzaqdan bir əl peyda olur və düşmən cəbhəsində yellənən ağ bayraq kimi intizarla əsir. Mən o əli intizarından tanıyıram. Yanlaşırıq. Köhnə tanışlığın, ilğım doğmalığın simi göynəyir. Çoxdan görüşmədiyim, yaddaş zəmimdən şumlanıb örtülü qalan adam görəndə elə bilirəm, onunla harada vidalaşmışamsa, elə orada da qalıb. Heykələ dönüb, sonrakı görüşün vədinə inanıb. Və beləcə aradan sızlaya-sızlaya, tozlana-tozlana keçən zaman yox, havadır. Söhbətlər də zənnimə müntəzir axır, harada qalıbsa, oradan. Məsələn, durub-durub deyir: “Mən indi dərsə tələsirəm. Axşam evdə görüşərik”.

Niyə mən Nizami küçəsinə gəldim? Axı fevral ayının son günü İslam Səfərli küçəsindəki kiçik kafedə çaxır içməliydim. Orada adını unutduğum ofisiant ovcumu oxşayıb mənə uzun yol və gözlənilməz xoşbəxtlik vəd edir. Həmin gün bir qız barmağındakı üzüyün kəpənəyini itirmişdi. Mən hər bahar yerdə ölmüş kəpənək görəndə onun nazik barmağını xatırlayıram!

Əlbəttə, həyat təkcə gündüzlük yox, həm də gecəlik məsələdir və vasil olduğum məna quyusu mənin hər dəfə bir məkana atır. Flora!

Floranı yenicə tanımışam. Təbriz Xəlilbəyli küçəsini burulub içəri keçincə dəhlizin o üzündə masalar düzülü həyət görünür. Bura kafedir. Yarımca metr yuxarıda səhnə. Flora “eventsiz” keçinmir. Hər həftə konsertlərin, yığıncaqların səsi kafeni başına alır. Daimi müştərilər nazik barmaqlarını uzadıb qaynar çayın buxarında isinirlər. Çaxır içənlərin istisi sevgili çiyinlərinə yığılıb. Rənglər bir-birinə qarışır. Bakının mulikultural boğçası çoxdan açılıb. Siqaret siqaret oduna yanır, söhbət söhbəti doğur, məkanın gur, rəngli işıqları yuxulu xatirələrin gözündən öpür. Süfrəçilər təlaşla o tərəf bu tərəfə qaçır. Adamları sayıb bitirdilərsə, çayniklər üzük kimi keçər barmağa.

Burada hər şey mənə zamanı xatırladır! Müxtəlif mövzulu söhbətlərdən, qeybətlərdən, zarafatlardan, məhəbbət vəd edən toxunuşlardan yığılan uğultulu səs-küy bizə içimizdəki unudulmuş səslərin təsəvvürünü qaytarır. Kəpənəklər uçuşur. Onun üzüyündən qopan kəpənəklər.

Mənsə, sadəcə yuxuluyam!

“Flora Hostel Baku”ya həyatımdan bir gecə bağışlasam, heç kim inciməz!

Məkanın sahibi Türkay Bayramlı adlı gəncdir. Türkay dolu kafenin boş səhnəsində məşğuldur. Uzun elektrik naqilini əlində çiçək kimi dəstələyib. Dünyanı bədii rənglərin əlinə versəm, elə biləcəm, naqili kiminsə boynuna keçirib ona kavaler deyəcək. Adamlar əl çalacaq və hamı buna sevinəcək. Elə mən də, ancaq yorulmuşam, səsim içimdə azıb. Bir əlimdə ağır çanta, çantada kitablar, kitablarda özgə dünyalar. Bəli, tək əldən səs çıxmır.

Türkayı çağırmaq, hosteldən çarpayı götürmək üçün içim-içimi yeyir. Qolumu təkdən bir qaldırıb havada gəzdirirəm. Görmür. Səsimi bilirsiniz, çoxdan yatıb. Bir az da adamlardan çəkinirəm. Mən həmişə görünməz olmağı arzulamışam. Alınmayıb. Yəqin, görünməz olsaydım, dəxlisiz məqamlarda utanmaz, xəcalət çəkməz, yerin dibinə girməzdim. Axı bunların mənası nədir?! Heç nə!

Nəhayət səmimi görüşürük.

– Mənə bir çarpayı.

– Elə indi?

– İt kimi yorulmuşam.

– Gəlirəm. Sən içəri keç. – əlində dəstələdiyi naqili elə bildim boynuma keçirəcək.

İçəri – dəhlizə buruluram və ayaqqabılarımı çıxarıb diqqətimi salonda gəzdirirəm. Cındırımdan cin ürkür. Rəngli əşyalarla yığılan salon nağıllar aləmini xatırladır. Bu da min ikinci gecənin nağılı. Yerdə yüngül qırışla sərilən qotazlı xalı, sağda uzun güzgü, solda rəf, rəfdə kitablar və ayaqqabılar, qarşıda iki qırmızı qapı. Hər şey təbii intizamla öz yerini tutub. Mənə elə gəlir, burada hər şey azaddır. Elə əşyalar da. Məsələn, salonun dizaynını belə yığıblar:

“Əziz əşyalar, ürəyiniz haradan istəyir, orada dayanın”.

Türkay bəy içəri keçir və naşı baxışlarımı qabaqlayıb birinci otağa daxil olur. Ləhcəsindən pakistanlı olduğunu sezdiyim adam yataqxananın düz ortasında süfrə salıb kartof püresi yeyir. Yatanlar yatıb, oyaqlar uzanıb telefonun gur işığına qərq olublar. Sahibin gəlişindən qonağın çənəsi dayanır. Türkayın qayğısız üzünə cin dəyir.

“You can't eat here! There is a dining room! You have to eat there!” – sağ qolunu çevirib salonu göstərir.

Türkayın əsəbi ingiliscəsindən eləcə bu üç cümləni tuturam: “Burada yemək olmaz. Yemək otağı var. Orada yemək lazımdır”.

Pakistanlı qonaq kor-peşman boşqabını da götürüb salona keçir. Masanın başından əyləşib qara dərili qonaqların bəyaz baxışları altında yeməyini arxayın-arxayın nuş edir. Çənənin çörəyə bulanan kartof püresini səssiz-sakit çeynəməsində mistik bir rahatlıq sezirəm.

Burada çox adam var, sənə başqa otaqdan yer verəcəm.

Mən dünəndən razı. Əsası çiynimi çəkəcəyim, başımı yastığa göməcəyim yumşaq çarpayıdır. Özümü yalnız çarpayıda müdafiə olunmuş tapıram. Öncələri belə yorulmazdım. Dilçəyim dilimə çatmazdı. Yaş sözünü deyir. Bədənim ağırlaşır, əzələlərim yumşalır, qarnımda xırda təpəcik gülümsəyir və nəhayət adını bilmədiyim xəstəliklər vücudumla zarafatlaşır. Günün bütün detalları gücünü qomlayıb məni yormaq üçün planlar qurur. Hələki hamısı uğurludur.

Üçüncü dünya müharibəsi başlayacaq. Vaxtınımız varkən, rahat yatmağın qədrini bilməliyik.

– Şirin yuxular – Türkay bəy deyir.

– Daha həyatda məni heç nə təəccübləndirə bilməz – inamsız söyləyirəm.

Çiynimi çarpayıya çəkib bir qədər yuxulamışdım ki, telefonuma zəng gəldi.

– Alo!

– Bəli!

– Hardasan?

– Uzaqdayam.

– Kimləsən?

– Təkəm. Kimdir danışan?

– Mənəm X. Y. ilə birlikdəyəm. Floradayam. Gəl görüşək.

– Mən də Floradayam.

– Bizi tale görüşdürüb.

Eləcə ağır-ağır çarpayıdan dikəlib qalxıram. Narazı üzüm günün yorğunluq rənginə bürünüb. Yataq otağından çıxınca hündür boy, qaraşın bir qadın Türkay bəyə dərdini dağıdır.

– Otağın açarını itirmişəm. Zəhmət olmasa, yenisini verin.

– Açar itirməyin cəriməsi var.

– Nə qədər?

– İki manat.

Bu iki sözdən yeməyini nuş edib eləcə divanda uzanan pakistanlı qonağın gözləri oyanır.

Səhnəni çürütmədən dışarı çıxıram. Həyətdəki masaların hamısı doludur. Yad adamların üzündən doğmalığın deyil, uzaq tanışlığın küləyi əsir. İlan kimi masaların başına dolanıb X.-in, Y.-in üzünü gəzirəm. Birdən-birə bu çoxluğun arasında tanış üz gəzmək mənə əsgərlik günlərimdən bir səhnəni xatırladır. Xidmətin ilk günlərində hələ təlim tədris mərkəzində ikən biz – yüz əlli nəfər müdavim çəkmələrimizi soyunub kazarmalara doluşar bədən yoxlanışına düzülüb şirin-şəkər yuxuya dalardıq. Səhər altı tamamda qalx komandasına oyanıb axşamdan soyunduğumuz çəkmələri axtarmaq isə gerçək iztirabdı. Eni-uzunu üç metri keçməyən qurutma otağının ayaq iyi ilə burun tutan ağır havasında üst-üstə, alt-alta, yan-yana yığılan yüz əlli çəkmənin arasından öz çəkməni tapmaq lotereyadan uduşlu bilet tapmaq kimi şans işiydi.

X. ilə Y.-i tapmaq lotereyadan uduşlu bilet tapmaq deyildi. Bizi təsadüf yox, tale görüşdürmüşdü.

Bax, yuxarı mərtəbədə, tör-töküntü masada ikisi də gözləyir. X. deyəsən, şeir oxuyur. Telefonu gözünə tutub.

X. həmişə şeir oxuyur.

Pilləkənləri cüt-cüt qalxıram. Əl verib, üz verib görüşürük.

– Çay məndən tez çatıb – məmnun-məmnun gülümsəyirəm – stəkanım haradadır?

– O da sənin kimi gecikib – X. deyir.

Məhəccərdən əyilib səsimi qumbara kimi süfrəçinin yoluna atıram. İçəridəki uğultu dalğaları qarışdırır. Dözməyib aşağı düşürəm. Tanış üzlərin hamısı ulduz olub parlayır. Lakin yorğunam, yanaşmağa nə həvəs var, nə ixtiyar. Stəkanı qapıb yuxarı qalxıram və çayın ilk qurtumu ilə gözlərimə işıq gəlir. Çayı çox sevirəm. Elə dostlarımı da. Qaranlıq göydən alma kimi düşür və həyətin rəngli işıqları yanır.

– Qalstukda yazmaq çətin deyil ki? – Y. deyir.

– Yazmaq çətin deyil. Baxır, sən qalstuk deyəndə nəyi nəzərdə tutursan? – cavab bu cür olur.

– Yazıçı azad olmalıdır.

– Azadlıq daxili, mənəvi məsələdir.

– Yox. Ümumi anlayışdır.

– Simulyasiyalar dünyasında azad olmaq mümkün iş deyil.

– O qədər ümumi yox.

– Yaxşı, yabalaşmayın – X. qanımızın arasına girir. – deyin görüm necəsiniz? Bu, deyəsən, birinci görüşünüzdür

– Əvvəl bir görüşümüz olub – Y. deyir – yer altı pablardan birində.

Mən asta-asta soyuyan çayımdan bir qurtum içib düşüncələrə dalıram. Nə qədər cəhd etsəm də, həmin günü xatırlamıram. Şəhərin üstü də, altı da yiyəsiz xatirələrlə doludur. Yalnız səni xatırlayıram, əzizim.

Bir vaxt biz muzeyə tələsirdik. Axı sən savadlı adamsan. Amma zavallı mən! Yalnız barmağındakı qara üzüyə dekor kimi taxılı kəpənəyin gözəlliyini duyurdum. Həqiqət o kəpənəyin ya uçub getməsi idi, ya da düşüb itməsi. Mən heç birinə inanmıram, lakin bu iki ehtimalda göylə yerin bərabərləşdiyini bilirəm.

– Şəhər adamların və məkanların kombinasiyadır – Y. deyir – məncə, insanlar yaşadığı yerlərə çox bənzərdilər.

– İnsan yaşadığı yerə yox, yaşamaq istədiyi yerə bənzəyir – X. onun ağzından vurur.

– O yer heç yoxsa? – mən.

– Məkan yoxsa, təsəvvürlər var. – X.

– Təsəvvürləri həmişə sabit saxlamaq olmur. – mən.

– Həmişə eyni yerdə yaşamaq ürək sıxar. – X.

– Yeganə həqiqət, bəlkə də, vərdişdir – mən.

– Stəkanı ağzıma aparıb çayın soyuduğunu duydum.

– Buranın çayı əladır. Birini də deyək. – mən dedim.

– Məncə də – hər iki dostum birdən təsdiqlədilər.

Məhəccərdən əyilib səsimi süfrəçinin yoluna qumbara kimi atıram. İçəridəki uğultu dalğaları qarışdırır. Dözməyib aşağı düşürəm. Birdən “Flora Hostel Baku”-un geniş həyətinə, adam çoxluğuna, masaların rənginə, tərzlərin fərqinə diqqət kəsilirəm. Dünyanın tən ortasında xoşbəxt olduğumu duyuram. Nə mədə ağrısı, nə kəpənəyin itməsi, nə yorğun çiyinlər bu gözəl nəğməni kəsmir. Və süfərçi zalın ortasında ayaq üstə məni görüb hövlnak söyləyir.

Bir çay daha?!

Bura Bakıda yerin səmadan qiymətli olduğu nadir məkanlardandır.

# 2928 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #