Oturmaq və fırtınanı gözləmək

Orxan Həsəni, yazar

Orxan Həsəni, yazar

10 sentyabr 2022
# 09:00

Kulis.az Orxan Həsəninin “Orxan Cuvarlının ağ "Nivası”" adlı yazısını təqdim edir.

Orxan Cuvarlının hekayəsi ilin ən uğurlu hekayələrindən biridir. Havası, bədii atmosferi, zəngin detalları və ürək oxşayan texnikası ilə məni özünə asanca çəkdi. Haqqında uzun-uzun düşündüm və fikirlərimi qomlayıb bir nəticə hasil etmək üçün gözüqara bu yazıya başladım.
Hekayəsi dağılmış ailənin faciəsini danışır. Ana çoxdan vəfat edib, iplər qopub, ata isə ölüm ayağındadır. Bu iki ölümün arasında qalan iki qardaş isə bir-birindən fiziki mənada tamam uzaqlaşıb, hərəsi bir ölkədə ömür sürür.

Ölümün mahiyyətində dağıdıcılıq var. Onun öpüşü qonan hər bədən tezliklə çürüyüb dağılır, enerjisi parça-parça olub təbiətə yayılır, yerdə sür-sümükdən özgə heç nə qalmır. Eynən ölümün qonaq gəldiyi ailə də beləcə öz fərdlərini itirir, onun sərt qoxusu ilə həm münasibətlərdə aqressiya yaranır, həm də hərə öz taleyini başqa məkanlarda axtarmağa başlayır. Beləcə bütöv bir orqanizm olan ailə çürüyür, parçalanır.
Hekayə isə ölüm yox, çarəsizlik və nostalgiya haqqındadır.

Hekayənin türk həkimin nitqi ilə başlaması və ümidsiz dioloqla giriş sondan bir öncəki günün qüssəsini bizə sirayət etdirir. “Sondan bir öncəki gün” effekti bədii ədəbiyyatda çox işlənən texnikalardan biridir. Mən Qabriel Qarsiya Markezin çox sevdiyim “Gözlənilən qətlin tarixçəsi” romanını xatırlayıram. Hesab edirəm, Qabonun ən gözəl romanı məhz budur. Yeri gəlmişəkən dilimizə Əkrəm Əylislinin axar-baxarlı tərcüməsi ilə qazandırdığı əsəri oxucularımıza tövsiyyə edirəm. “Gözlənilən qətlin tarixçəsi” fatalistik süjetin üzərində qurulub. Əsərin baş qəhrəmanı Santiyaqo Nasar öldürüləcək. Müəllif roman boyu bu ölümün təsadüfliyini sübut etmək istəyir, eyni zamanda ondan qaçışın mümkün olmadığını anlatmağa çalışır. Baş verəcək faciənin qüssəsi və ona aparan səbəblərin məntiqi düzümü bizi heyrətləndirir. Doğrudan da, bəzən uçuruma aparan yollar dümdüz olur.
Ortada qollarını yelləyə-yelləyə lotuca gəzişən faciə var və ona mane olmaq daha mümkün deyil. Oturmalı və fırtınanı gözləməlisən.

– Peki, ne yapabiliriz?
– Sadece ağrılarını azaltabilecek ilaçlar yazabilirim.

Həkimin ümidsiz rəyi sondan bir öncə günün ilk səhnəsini açır. Faicə yaxınlaşır, yalnız barışmaq və boynunu Kafkanın Cozef Ka. sı kimi edam kötüyünə qoymalısan. Tale öz torunu çoxdan hörüb. Lakin insan isti qandan və döyünən ürəkdən ibarətdir, əziz oxucular. O, içinə mismar kimi mıxlanan çarəsizlik duyğunun qüssəsinə bulanınca heç nə əvvəlki kimi görünmür. Sondan bir öncəki günün effekti, eyni zamanda, oxucunu da tikan üstündə saxlayır. Dünyanın əşrəfi insan, binaların, kəndlərin, şəhərlərin memarı insan, qurğuların, maşınların, zavodların sahibi insan ölümün qarşısında acizdir. Ədəbiyyatın əsas funksiyalarından biri təsir edə bilməkdir. Toru məhz bu dramatik situasiyada qurmaq hekayənin təsir qüvvəsini xeyli artırır.
Hekayənin ikinci xətti evə dönüşdür.

Türkiyədə biznesini çətinliklə və bir az da təsadüfən böyüdən Eldar qardaşının məktubu ilə atasının xəstəliyindən xəbərdar olur. Nəticələri türk həkimə göstərir və tibb elimin acizliyinə üzülür. İndi onun qarşısında yalnız bir mənəvi vəzifə durub. Son anda atasını görmək, çətin məqamda qardaşının yanında olmaq, və atası ilə arasındakı bağları bir dəfəlik kəsmək. Beləliklə, biz obrazları tanımağa başlayırıq.

Müəllif burada çox uğurlu texnikadan istifadə edib. O, təyyarə ilə Azərbaycana gəlir və hekayənin ən maraqlı hissələri beləcə başlayır. Bakı Eldara yalnız xatirələri ilə bağlıdır. Bu xatirələrin düyünü yalnız şəhərin fonunda açıla bilər. Süjet davam edir, xarakterlərin xüsusiyyətləri, əsas obrazın məramı bizə məlum olmalıdır. O, takisdə şəhəri gördükcə fləşbəklər sıralanır. Eldar beləcə obraz kimi cana gəlir. Maşının şüşəsindən "Bahar" qəsəbəsi görünür. Bu qəsəbəyə aid hər şeyi unutmağa çalışırdı. Ancaq yaddaş bir dəfə işə düşdümü ona dur demək olmaz. Eldarın anası burda – qəbiristanlıqda dəfn olunub. Bəli, anası ölüb. Onun dəfn gününü qüssəylə xatırlaması daha bir faciənin yaxınlaşmasının xəbərçisidir.

Eldar keçmiş evinə yaxınlaşdıqca keçmiş həyatına da yaxınlaşırdı. Bu onun özü ilə üzləşməsi, həyətini yenidən ələkdən keçirməsi idi. Və dərin duyğular ona həyat haqqında yeni qənaətlər bəxş edirdi. Nə zamansa burdakı həyatın parçası olmuşdu. Burda yaşamışdı, demək, ruhunun hansısa bir tərəfi ilə bura bağlıydı. Əgər belə olmasaydı, Qaraçuxurun torpaq yoluna burulanda gördüyü bir dəstə uşaq ona keçmiş tanıdıqlarını xatırlatmazdı.

“Görəsən, kimlərin uşağıdır?”

Bəli. Eldar evlərinin lap yaxınındadır. Və müəllif bu qarşılaşmanı olduqca ustalıqla təsvir edir. Evə dönən adamın təkcə insanlarla deyil, əşyalarla da salamlaşması yazıçı ustalığının əlamətlərindən biridir. Bu situasiyanı iliyinəcən duymaq və çatdırmaqdır. Eldarı həyətdə tanış əşyalar qarşılayır və əşyaların təkriri başlayır. Dəyişən heç nə yoxdur. Hər şeyi necə qoyub getmişdisə, eləcə də qalıb. Bəlkə də, buna görə hər şey ona belə doğma gəlir və hər şeyi belə aydın xatırlayır. Yaşa dolduqca anlayıram ki, insan yalnız ona keçmişindən xəbər verən tanış əşyaların arasında həqiqi hüzuru tapa bilər. Gənclikdə gələcəyi, qocalıqda keçmişi axtarırıq. Bəlkə də, yanılıram.

Lakin bu məqamda Orxan Pamukun “Məsumiyyət muzeyi” romanını xatırlayıram. Romanın ən təsirli hissələrindən biri Kamalın uzun zaman sonra Füsunla görüşməsidir. Füsun dəyişib. Həm də çox. Kamal isə bunun mənəvi ağırlığından xilas olmaq üçün ev əhlindən icazə istəyib tualetə burulur. Kamalın həyacandan və kədərdən qarnı ağrıyır və güzgünün önündə durub özünə baxır, əşyalara diqqət kəsilir və bu həssas məqamda təsirli atmosferə vergüllü əşyalarla bəzək vurur (əslində, atmosferi yaradan vasitələrdən biri elə əşyalardır). Sanki güzgünün önündəki əşyalar haqqında danışmaqla Füsunu necə sevdiyindən, onun ruhundakı möhtəşəm və müqəddəs təsirindən xəbər verir. Tamamiylə əlaqəsiz bir şey haqqında danışarkən ümumi xətti doyurur.

Orxan Cuvarlının etdiyi də məhz budur:

...ad günlərində, bayramlarda hər üç otağa yayılan "Krasnaya Moskva" ətrinin tünd qoxusu, evin daimi sakininə çevrilən qonur pişik, "VEF" markalı qırıq radio, babasından qalma, kökdən düşmüş piano, qonşu həyətlərdən süzülüb gələn tərxun, nanə rahiyəsi, valideynlərinin tozlu albomları, tələbəlik şəkilləri, həyətin bir küncündəki əlüzyuyan, yanındakı qırıq güzgü, sabun qabı, bəyaz məhrəba, üzüm tənəkləri, su çəlləkləri, zivədəki paltarlardan gələn təmiz camaşır qoxusu, anasının şirniyyat, çörək bişirdiyi qırmızı soba, "Krım 218" markalı ağ-qara televizor, ipək kilim, rəngli bayram süfrələri, Rusiyadan pay gələn şokolad qutuları, taxt, dəmir çarpayılar, kitab-dəftərlərini yığdığı dolablar, solğun, vərəqləri saralmış kitablarla dolu rəf, qaz plitəsi, anasının cehizlik qab-qacaqları, yayın qızmar, bürkülü gündüzləri, xəfif mehli axşamları, qışın sərt ayazı, payızın durmadan dəmir damı döyəcləyən yağışları, navalçanın altına düzülən vedrələr, ağacların gövdəsini, evin çöl divarlarını, barını boyayandan sonra boşalan əhəng qabları və daha nələr, nələr dayanmışdı.

Müəllif evdəki gərginliyi, analığı ilə arasıda olan qəzəb-nifrət qarışıq münasibəti dolğun təsvir etmək üçün “Ağ Niva” detalından istifadə edir. Həyətdə dolaşarkən “Ağ Nivan” nı görür. Qardaşı ilə söhbətdə isə məlum ki, sən demə, analığı deyirmiş ki, Malik (Eldarın qardaşı) gözünü o ağ "Niva"ya dikib. Gözləyir ki, atası gözünü yumsun, o dəqiqə behlənəcək. Eldarın içindən qopub hekayənin bəzəyən ümumi fonla müqayisədə bu ifadə qıcıq doğurur. Atanın ölüm döşəyi, ortaqlıda dolaşan mal-mülk davaları, əslində, Eldarın o mühit ilə necə yad olduğunu bizə göstərir. Onu bu evə əşyalardan özgə heç nə bağlamır. Belə qıcıq doğuran münasibətlər isə onun üçün doğrudan da, yaddır. İnsanın əşyalardan özgə sığınacaq heç nəyinin olmaması gerçək kədərdir. Çünki insan yalnız o zaman heç nəyin əvvəlki olmayacağını ağrıyla anlayır.

“Ağ Niva” detalı məndə isti hislərin oyanmasına səbəb oldu. Köhnə həyətlərin, içi nimdaş əşyalarla dolu evlərin qapısında nədənsə, mənə elə gəlir həmişə köntöy bir ağ Niva dayanır. Bu ağ Nivanın bəzi hissələri pas tutur, təkərləri daim keçəl olur, içində Turbo saqqızların keçən əsrdən qalma yapışqanları yuxulayır. Maşının içindən daim yağ və benzin qarışıq qoxu gəlir. Çətin xoda düşür, elə buna görə sürücülər onu heç vaxt söndürmək istəmirlər. Ağ Niva detalı məni xeyli haşiyə çıxartdı və illər öncə dayımın ağ Nivası ilə Haramı üzündə keçən bir günü xatırladım. Sərin bir payız axşamüstüsü dayımoğlu ilə Haramıya, dayımın fermasına yola düşmüşdük.

Çatanda gecə idi. Ulduzlar göz vururdu. Fermanın həyətinə yığılan tonlarla taxıla bir gecə qoruq çəkməliydik ki, qonşu ferma yiyələri oğurlamasınlar. Taxılları ermənilərin oğurlaması haqqında da şayiələr az deyildi. Səhəri dayım alıcılarla, fəhlələrlə, yük maşınları ilə gəlib məhsulu daşıyacaqdı. Fermaya çatan kimi düşüb ayağımızın qırışını açdıq. Dərə-təpələri qalxıb düşüncə ürəyim bulanmışdı. Əhvalım isə əladan əlaydı. Qarşı dağların üstündə erməni kəndlərinin işıqları görünürdü. Əks tərəf isə ayın ziyasına bürünmüşdü.

İlk dəfə evdən uzaqda gecələyəcəkdim. Dayımoğlu çıxarıb bir “Kent8” yandırdı. Həssas burnum qoxunu havadaca tutdu. Ağ Nivanın faraları sarı taxıl yükünə zillənmişdi. Sarı işıqlar taxılı cilvələndirirdi.

– Al, birini də sən çək, – o dedi, – axşam uzun olacaq.

“Al, birini də sən çək” sözləri havaya yayılıb məsafədə itməmiş qalın “Kent8” barmağıma keçdi. Və həmin gün ilk dəfə siqaret çəkdim.

Gecə isə, doğrudan da, uzun olacaqdı. Səhərəcən maşınının içində gizlənib canavar ulartılarına qulaq asacaqdıq.

# 2218 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #