Sevimli sevgili dostum - Mahir Mədətov

Mahir Mədətov

Mahir Mədətov

11 dekabr 2021
# 13:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Mahir Mədətovun “Sevimli sevgili dostum” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.


Soyuq Mart günü idi. Baharın ilk addımlarına az qalsa da, əsən güclü xəzri hələ də qılınc kimi kəsirdi.

İsti ofisdə çoxlu işləri olan Kazıma birdən iş qrupunda mesaj gəlir.

Müdir: Əziz həmkarlar pandemiyanın ölkəmizdə başlamasına görə, hamımız özünütəcrid rejiminə keçirik. Buna görə də evdən işləyəcəyik sabahdan!

Bunu oxuyar-oxumaz Kazımın əhvalı korlanır və iş gününün sonunda əşyalarını bikef toplayıb evə yola düşür.

Bu zaman şöbələrinə bir dəfə qonaq gəlmiş, digər şirkətlərində çalışan xanımın İnstagramda hekayələrini görür. Avtobusda gedərək yolboyu onun hekayələrini vərəqləyir.

Evdən işləmək ona böyük bir dərd kimi göründüyündən istəyir onu uzaq həmkarı ilə bölüşsün və başlayır xanıma yazmağa.

- Aynur, Salam. Necəsən? Bu fotoda çox gözəl görünürsən. Sizi də evə göndərdilər işləməyə? Məllim qrupa yazdı ki, gedin evdən işləyin korona təhlükəsi bizim binaya da yaxındır. Ola bilər 1 ay evdən işləyək. Elə kefim pozulub. Uşaqlardan uzaq düşəcəm, sən də arada qonağımız olursan söhbətləşərdik. Eh..

- Salam, Kazım! Çox sağ ol, xoş sözlərin üçün Hə demə e, bizə də müdirimiz yazdı bayaq ki, götürün iş noutbuklarınızı evdə işləyin. Mənim də evdə işləməklə aram yoxdur, amma nə edək?! Əsas canımız sağlam olsun.

- Hə, Aynur. Düzdü əsas cansağlığıdır. Özünü qoru! Şad oldum səni tanımağıma. Ürəyin nə vaxt istəsə yaz mənə. Danışarıq yenə.

Kazım vəziyyətlə barışmaq istəmir. Ailənin tək övladı olduğundan valideynlərindən başqa ailəsində heç kəs yoxdur. Düşünür ki, evdən işləyib heç yerə çıxa bilməsə tənhalıqdan birtəhər olacaq.

Onun sevgidə 2 dəfə bəxti gətirməyib. Bu mövzuda onun qəlbi yaralıdır, başı da bəlalı.

2-3 dostu da var ki, onlarla da hər gün görüşmür.

Sosial şəbəkələrdə dostluğunda çoxlu insanlar var. Tanışları elə bilir buna görə o hamını, hamı da onu tanıyır. Kazımı xoşbəxt insan sanırlar. O, üzdə gülsə də, çox vaxt ciddi olur. Üzünü güldürmək çox vaxt asan olsa da, qəlbində və beynində nələr yaşadığını heç kim hiss etmir.

Novruz bayramıdır. Kazım Aynurun bayramını təbrik edir və söhbətləşir. Bu ərəfədə xəbər çıxır ki, ölkə ərazisində qapanmalar olacaq və küçəyə yalnız qısa müddətli çıxmaq mümkün olacaq xüsusi icazə ilə. Kazımın bayram əhval-ruhiyyəsi yerlə bir olur.

Başlayır Aynurun hesabındakı fotolarına baxmağa.

Hər fotosunu vərəqlədikcə Aynura ilk baxışdan vurulmağa başlayır.

Artıq Aynur da ona yazmağa başlayır, hal-əhval tutur.

Kazım Aynura hər dəfə yazanda qəribə həyacan keçirməyə başlayır. Ürəyi əvvəlki kimi döyünmür və sanki hiss edir ki, artıq ona bağlanır.

Aynuru yaxından tanıdıqca onunla xüsusiyyət və xarakterlərinin ortaq cəhətlərinin olduğunu anlayır. Bu, Kazımda daha da bağlılıq yaradır.

Aynur da öz növbəsində dost kimi göstərməyə çalışsa da, sevgili kimi Kazımın şəxsi həyatına müdaxilə etməyə başlayır.

Aprel ayıdır. Kazım işlə bağlı gecə saatlarına kimi oyaq qalıb çalışmağa davam edir.

Gecə, sükut ev qaranlıq Kazım smartfon və noutbukun başında.

Fonda Orxan Zeynallının “40-cı paralel” mahnısı gedir.

Birdən Votsapp listinə baxır, görür Aynur oyaqdır.

- Aynur, gecən xeyir. Niyə yatmamısan?

- Salam, Kazım. Nəsə yuxum qaçıb yata bilmirəm. Bu gün çox işləmişəm, biraz da ev işləri var idi yəqin yorğunluqdan yuxum gəlmir. Sən niyə yatmırsan?

- Mən də indiyənə kimi işləyirəm, sabaha təcili təhvil verməli olduğum iş var. Hələ uşaqlarnan işi müzakirə etməyi indi bitirmişik. Fonda qəşəng mahnı gedir, dinləyərək işləyirəm.

- Hansı mahnıdır ki elə?

- Orxan Zeynallının 40-cı paralel.

- AA!! Mənim sevimli mahnımdır o. Hər dinləyəndə qəribə xatirələrim oyanır. Nə gözəl sən də onu sevirsən.

- Aha. Daha bir ortaq oxşarlığımız var. Bu məni çox sevindirir.

- Niyə?

- Heç, elə-belə. Dostların ortaq sevdiyi şeylər olmalıdır da.

Bir müddət Kazım və Aynurun söhbətləri davam edir. Aynur artıq onu yaxın dost kimi hesab etdiyindən sirlərini belə onunla bölüşür.

Artıq yay aylarıdır. İyul ayı olardı Kazım Aynura hisslərini etiraf etməyə qərara gəlir.

- Aynur, bəlkə bir fincan qəhvə içək? Həm də bu qədər müddətdir elə virtual danışırıq. Sənə canlı deyiləcək sözlərim var.

- Kazım, üzrlü say amma mən oğlan tanışlarımla görüşməyi qəribə hesab edirəm. Ancaq rəfiqələrimlə görüşürəm. Sözünü elə burdan da deyə bilərsən və ya işdə gəlsəm sizin şöbəyə danışa bilərik.


- Hmmm... Çox heyif. Səninlə canlı söhbət etmək istərdim amma. Bilmirəm necə deyim, nədən başlayım.. Mən səndə özümü görürəm. Səninlə danışmayanda darıxıram və hisslərimlə bacarmıram. Səni real həyatda yaxından tanımağıma şans verməyini istəyirəm. Söz verirəm qəlbini incitməyəcəm. Şans verməsən sən məni incitmiş olacaqsan..

- Mmm, Kazım. Bu gözlənilməz oldu.. Bilirsən necədir? Mənim ciddi münasibətim bu yaxınlara bitib və mən artıq heç kəslə münasibət haqqında uzun müddət düşünmək istəmirəm. Sən əla dostsan və belə də qalaq, incimə..

- Bir şans.. Bir şans nə olardı ki, ay Aynur..

- .... Sükut.

Kazım Aynurla yenə danışmağa davam edir, amma aralarında məna kəsb etməyən səbəblərdən mübahisələr olur. Öncə Aynur onu dostluqdan çıxarır bütün sosial şəbəkələrdə, 1 ay sonra heç nə olmamış kimi qayıdıb Kazıma yazır.


Kazım kiçik şok yaşayır və anlamır nə baş verdiyini. Onu bağışlamaq ona çətin olsa da, ürəyi sözünə baxmır və sevgi hissləri üstələyir.


Yenidən barışırlar və danışırlar.


Bir il keçir və Kazımın Aynurla danışmağa başlamasının ildönümü yaxınlaşır. Kazım yaxın dizayner dostundan Aynur üçün təbrik açıqça - posteri hazırlamasını xahiş edir.


İldönümü günü Kazım ildönümü haqqında yazır, təbrik edir və kiçik hədiyyəsini göndərir. Bu hədiyyə Aynurun çox xoşuna gəlir.


Kazım Aynura “Səni sevirəm, Aynur! Sənsiz dünyanı təsəvvür etmək çətindir mənə! Nə olar bu dəfə şans ver mənə!” Bu məqamda Kazımın səsi həyəcandan titrəyir...

Aynur görür Kazımın yazışmada göndərdiyi səsi kədərlidir, narahat olur. Deyir, bir həftə vaxt ver mən düşünüm.

Bir həftə keçir və Kazımın səbirsizliklə gözlədiyi an yetişir.

- Kazım, Salam. Söz verdiyim kimi 1 həftənin tamamında sənən fikrimi deyəcəm.

Sən çox gözəl insan, sirdaş və yaxın dostumsan. Mənim həyata baxışım fərqlidir, biz fərqli mühitdə böyümüşük deyə mən səninlə sevgili ola bilmərəm.. Səni dostum kimi çox istəyirəm!

- Aynur... Niyə axı? Sən məni real həyatda tanımırsan mən də səni, necə belə qərara gəldin? 1 şansla nə olacaq?

- Yox, Kazım... Sən yaxşı insansan amma istəmirəm münasibətimiz yarıda qalsın bir-birimizə ziyan vuraq...

- Aynur, sən mənim həyatıma girdin, ürəyimi oğurladın, özünə qarşı belə hisslər oyatdın indi isə heç nə olmamış kimi rahat yox deyə bilirsən?
Bağışlamaq çətin olacaq. Mən bütün varlığımla səni istədim amma sən...

Bundan sonra Kazım Aynuru heç yerdə görmək istəmədiyindən onu 2 sosial şəbəkə hesabından başqa hər yerdən silir...

Aynur Kazımın ad günündə onun lövhəsinə təbrik yazır. Kazım təəccüblənir və istəməsə də hörmət əlaməti olaraq təşəkkür edir.

4 ay sonra Aynurun ad günü olur. Kazım hesabında ad gününü görüb sadəcə borclu qalmamaq xatirinə Aynura təbrik yazır və votsapda da ürəyi dözməyib yazır:

- Təbrik edirəm, Aynur səni. Sənə möhkəm cansağlığı və mənsiz yaşaya biləcəyin xoşbəxtliyi arzu edirəm. Deyəsən unutmusan məni...

- Çox sağ ol, Kazım diqqətin üçün! Yox, sən deyəsən son söhbətdən sonra unutmusan məni!

Beləcə söhbət davam edir və onlar arasında isti münasibət yenidən yaranır. İndi Aynur Kazımı qəhvə içməyə dəvət edir. Kazım bu görüşə görə ümidlənir, amma yenə də Aynur onun ümidlərini “Yox” cavabını verərək qırır.


Bunlara rəğmən Aynur yenə Kazımla görüşür, qəhvə içir, söhbətləşir -dərdləşir. Amma Kazım artıq ona qarşı əvvəlki tək hissləri yaşaya bilmir. Hətta ilk görüşdəki həyəcanı belə yoxdur. Çox qəribə hiss edir özünü və tənhalıq hissi onu bürüyür.


Kazım ürəyində özünə deyir:

Allahım nədir axı mənim günahım? Mənim qarşıma çıxardın bu insanı. Mənim sevməyimə səbəb yaratdın. Mən onu unudarkən yenə qarşıma çıxardın. O, mələkdir ya şeytan? Ya sevgili dostumdur, ya sevgilim?!

# 1981 dəfə oxunub

Oxşar xəbərlər

Hamiləlik testi - Çinarə Ömrayın hekayəsi

Hamiləlik testi - Çinarə Ömrayın hekayəsi

15:00 2 may 2024
Orta böyüklükdə adi bir milçək - Knut Hamsunun hekayəsi

Orta böyüklükdə adi bir milçək - Knut Hamsunun hekayəsi

14:30 2 may 2024
Potaş - Furqanın yeni hekayəsi

Potaş - Furqanın yeni hekayəsi

09:00 1 may 2024
Sevgi şərhi - Fərhad Amurun hekayəsi

Sevgi şərhi - Fərhad Amurun hekayəsi

17:00 30 aprel 2024
Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
# # #