Qurani-Kərim zəlzələdən qoruyarmı? – Zəlzələ və insanın qədəri

Qurani-Kərim zəlzələdən qoruyarmı? – Zəlzələ və insanın qədəri
28 fevral 2023
# 12:00

Kulis.az AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Siracəddin Hacının “Zəlzələ və insanın qədəri – Qurani-Kərim zəlzələdən qoruyarmı?” adlı yazısını təqdim edir.

Türkiyədə dağıdıcı zəlzələ baş verdi. Bu zəlzələni qiyamət əlaməti sayanlar, tektonik silahlara, dış güclərə, qədərə bağlayanlar oldu, var, zəlzələ ilə bağlı o qədər siyasi, dini, ədəbi miflər ortaya çıxdı ki! Uydurmalara bir-bir münasibət bildirək:

Birincisi, qiyamət günü yanlış anlaşılır, onu dağılış, çöküş, kainatın sonu kimi dəyərləndirirlər. Qiyamət Qurani-Kərimə – ilahi kitablara bağlı termindir, dağılmanı deyil, çöküşdən sonrakı halı – yenidən dirilişi, qiyam etməyi, ayaqüstə qalxmağı ifadə edir. Qurani-Kərim kainatın yox olmasını son saat anlayışına yükləyir, buyurur ki, son saat birdən, gözlənilmədən, qəflətən gələcək.

Sual budur: gözlənilmədən gələcək bir şeyin əlaməti olarmı, qiyamətin əlamətləri ilə bağlı hədislər uydurma deyilmi? Allah Rəsulu Allahın ölçülərinə zidd sözlər söyləməz.

İkincisi, deyirlər ki, zəlzələni dış güclər tektonik silahlarla törətdilər. Bu da ağ yalandır, bir suallıq canı var: bəs əlli, yüz, iki yüz, beş yüz, min il ... öncə, tektonik silahların olmadığı bir dövrdə 7.7-dən daha dağıdıcı zəlzələləri kim törətdi? XI-XII yüzilliklərdə Təbrizdə, Gəncədə baş verən zəlzələləri Qətran Təbrizi, gəncəli şairlər elə təsvir ediblər ki, ağlamadan oxumaq olmur. Dış güclərin tektonik silahlarla bir ölkəni xaraba qoymaq imkanı varsa, orduya, silahlara niyə bu qədər pul ayırır, siyasi, ideoloji, iqtisadi, diplomatik oyunlar qururlar?

Üçüncüsü, qədər anlayışını yanlış izah edir, ona insandan heç bir şey asılı deyil mənası yükləyir, bu yolla da məsuliyyətdən qaçırlar. “Qədər” sözü də, “zəlzələ” sözü də ərəbcədir. “Qədər” sözünün əsas mənaları bunlardır: “qanun”, “ölçü”, “sistem”, “nizam”, “güc yetirmək”, “sahib olmaq”, “qiymət”, “plan”... anlamları da var – Qurani-Kərimdə “qədər” kökündən törəmiş sözlər yüz otuz iki dəfə işlədilmişdir. İlahi mətndə “zəlzələ” sözü də var, bu sözə son saat bağlamında yer verilmişdir, “titrəyiş”, “sarsıntı” mənalarını daşıyır – Qurani-Kərimin yüz on dörd surəsindən birinin adı Zəlzələdir.

Dördüncüsü, cahiliyyə ərəbləri qədərə insandan bir şey asılı deyil, hər şey öncədən yazılmışdır mənası verirdilər. Qurani-Kərim nazil oldu, qədər anlayışına əsl mənasını yüklədi. Əməvilərin hakimiyyəti dövründə qədər termini semantik terrora məruz qaldı, içi boşaldıldı, Allahın verdiyi mənadan imtina olundu, siyasi məqsədlərə uyğun yanlış anlam yükləndi.

Səbəb də bu idi: Əməvilərin hakimiyyətinin hüquqi əsası yox idi, onlar iqtidarı hiylələrlə, savaşlarla, zülmlərlə ələ keçirmişdilər. Siyasi iqtidara ideoloji əsas yaratmaq üçün dedilər ki, hakimiyyət bizim qədərimizdir, Allah istəməsə idi, hakimiyyət bizim olmazdı – o, öncədən hakimiyyət haqqını bizə yazıb. Nəticədə, Qurani-Kərimin inşa etdiyi qədər anlayışının içi boşaldıldı, o, gerçək mənasını itirdi, alın yazısı oldu, cinayətləri gizləmək, məsuliyyətdən qaçış vasitəsinə çevrildi, sonrakı dönəmlərdə insanın qədəri öncədən yazılmışdır tezisini müdafiə edən məzhəblər ortaya çıxdı.

Beşincisi, Allah buyurur ki, O, hər şeyi bir qədər, ölçü, qanunla yaratmışdır (54/49), yəni Allahın standartı var, Onun təsadüf adlı qanunu yoxdur, təsadüf olsa, elm, araşdırma, inkişaf olmaz, hər varlıq bir elmə, qanuna, ölçüyə, qədərə bağlıdır, onu öyrənmək də alimin işidir.

Altıncısı, dedik ki, yaradılan hər varlığın bir ilahi qanunu var, Günəşin, Ayın hərəkəti, suyun axması, küləyin əsməsi, çiçəyin açması, ürəyin, qaraciyərin, böyrəyin işləməsi bir qanunla gerçəkləşir, ürəyin işləmə qədəri, ölçüsü, qanunu pozulanda xəstələnir, müalicə ürəyi qədərinə – fitrətinə uyğunlaşdırmaqdır, sağlamlıqla bağlı qədər pozulanda xəstəliklə bağlı qədər, ölçü ortaya çıxır, sağlamlığın qanunu olduğu kimi xəstəliyin də qanunu olduğu kimi, qədəri var, ölçü olduğuna görə elm, əmək, arayış, təhsil, öyrənmək, alim də var.

Yeddincisi, zəlzələ də bir qanun, ölçü, qədərlə baş verir, onun da elmi, alimi var. Allah buyurur ki, zəlzələ olacaq, o, ayədir, təbiət hadisəsidir. Zəlzələ nəticəsində torpaq özünü yeniləyir, bütün mineral, müalicəvi sular zəlzələnin nəticəsi, bərəkətidir, zəlzələ olmasa, dağ silsilələri olmaz – dağlar su xəzinələridir, ey insanlar, zəlzələ hər an ola bilər, işlərinizi bu qanuna – qədərə uyğunlaşdırın, binalarınızı onun tələblərinə uyğun tikin, zəlzələni öyrənən alimlər yetişdirin, onların elminə inanın, bu elmə görə hərəkət edin, zəlzələ şüuruna yiyələnin, tədbirli olun, tədbirsiz, əməksiz təvəkkül yoxdur.

Səkkizincisi, Allahın qədər qanunu insanı məsuliyyətdən azad etməz, əksinə, ona məsuliyyət yükləyər, belə olmasa idi, insana ağıl, iradə, vicdan verilməsinin, Kitablar, Rəsullar göndərilməsinin, əməyin, mükafatın, cəzanın, cənnətin, cəhənnəmin, hər kəsə yalnız əməyinin qarşılığı var (53/39), iman edənlər və saleh əməli olanlar qurtulmuşdur (113/3), Biz insanın qədərini öz əməyinə bağlı qıldıq (17/33), Məndən istəyin ki, verim (40/60), istəyən iman etsin, istəyən küfür etsin (18/29), bir toplumun fərdləri öz iç dünyalarını dəyişdirmədikcə Allah da o toplumun gedişatını dəyişdirməz (13/11)... ayələrinin anlamı qalmazdı.

Doqquzuncusu, qədər anlayışını sadə misallarla belə izah edə bilərəm: futbol oyununun qanunları var, bu ölçülər əsasında necə oynamaq, qələbə qazanmaq, məğlub olmaq futbolçulardan asılıdır – çalışmırsansa, məğlub olursansa, bunun məsuliyyətini Allahın üzərinə atmaq haqqın yoxdur. Qoşma, qəzəl, bayatı janrlarının qanunları var, ancaq bu ölçülərə uyğun şeir yazmaq şairin ağlından, istedadından, qabiliyyətindən asılıdır – gözəl şeir yaza bilmirsənsə, məsuliyyyət sənə aiddir. Şahmatın qaydaları bəllidir, hər fiqurun hərəkət yolu var, ancaq necə oynamaq şahmatçıdan asılıdır, qələbənin, ya da məğlubiyyətin məsuliyyətini şahmatçı daşıyır. Teatr tamaşasının, filmin senarisi var, ancaq obraz seçmək, onu necə oynamaq aktyorun işidir. Sizə verilən imkanı xeyrə də, şərə də çevirə bilərsiniz, belə ki, iradəli varlıqsınız, savab da, günah da buna uyğundur, seçim də, seçimin məsuliyyəti də sizə aiddir.

Onuncusu, 7.7 ölçüsündə zəlzələnin olması qədərdir – bir qanunla baş vermişdir, ancaq zəlzələdə qırx beş min insanın ölməsi qədər deyildir, qədərin-qanunun pozulmasının nəticəsidir, bir qədərə əməl etməyəndə onun tərsi olan o biri qədər işə düşür. Ölçüyə, qanuna, qədərə əməl etmək nemətin, onu pozmaq fəlakətin yolunu açır. Qırx beş min insanın ölməsi haramın, rüşvətin, elmsizliyin, məsuliyyətsizliyin, zəlzələ şüurundan məhrumluğun, qanunsuzluğun nəticəsidir, məsuliyyətini insanlar daşıyırlar.

On birincisi, Türkiyə zəifdir, Türkiyə güclüdür, ona görə zəifdir ki, zəlzələdən öncə binanın zəlzələyə davamlı olmasını tələb etməz, yoxlatmaz, zəlzələni doğru tanımaz, saxta qədər anlayışı var, qədərçidir, Allah kərimdir, boş ver deyər, borc-xərc ev alar, sıxıntılardan qurtardığını zənn edər. Türkiyə güclüdür, zəlzələdən sonra mərhəmət duyğusu hərəkətə keçər, birləşər, varını-yoxunu toplayar, yardımlaşar, paylaşar. Çıxarılan dərs, nəticə budur: Türkiyədə duyğu ağılın, qədərçilik məsuliyyətin, cəhalət elmin önündədir, Türkiyə faciədən qurtulmaq üçün ağılla duyğu arasında tarazlıq qurmalı, duyğunu ağıla tabe etməli, zəlzələni dış güclərə, tektonik silahlara, saxta qədər anlayışına bağlamamalı, elmə yönəlməli, tədbir almalı, cəhalətdən qurtulmalıdır. Qədərçiliyi – insandan bir şey asılı deyil anlayışını türk millətinin ağlına, qəlbinə, vicdanına, davranışına, əxlaqına yerləşdirən, bu yolla onu tənbəlliyə, məsuliyyətsizliyə alışdıran, sorğu-sualdan, etirazdan məhrum edən siyasətçilər, din tacirləri, saxta din satanlar utansın.

On ikincisi, xurafəçi, ağlını təriqətinə kirayə vermiş, iki daşın arasında təriqətinin saxta din anlayışını xilas etməyə çalışan din taciri deyir ki, dağıntıdan sağ çıxan bəbəkləri uçqunun altında qaldıqları günlərdə mələklər yedirtmişdir – elədirsə, mələklər uçqunun altında can verən, acından ölən o biri körpələrin qarnını niyə doyurmadı? Xurafəçi deyir ki, evinizin qapısına mülkün gerçək sahibi Allahdır ayəsini yazsanız, zəlzələ sizə bir şey etməz – Türkiyənin zəlzələ olan ərazisi dindar bölgədir, demək olar ki, hər evdə içində bu ayənin də yazıldığı QURANİ-KƏRİM var – o halda, içində QURANİ-KƏRİM olan evlər niyə qorunmadı, içində namaz qılınan, QURANİ-KƏRİMLƏR olan, minarələrindən azanlar oxunan məscidlər niyə dağıldı? Deyirəm ki, QURANİ-KƏRİM zəlzələdən qoruyar: QURANİ-KƏRİMİN hökmlərinə əməl etsəniz, işi - əmanəti əhlinə versəniz, binaları sağlam tiksəniz, məsuliyyətli olsanız, zəlzələ şüuruna yiyələnsəniz, qorunarsınız, itkiləriniz az olar. QURANİ-KƏRİM zəlzələdən qoruyan KİTAB deyil, zəlzələyə davamlı binalar tikilməlidir anlayışına sahib, məsuliyyətli, əxlaqlı, vicdanlı insanlar inşa edən KİTABDIR.

On üçüncüsü, Zəlzələyə dayanıqlı binalar tikmək üçün öncə harama qarşı dayanıqlı, ağıllı, elmli, əxlaqlı, məsuliyyətli insanlar – mütəxəssislər yetişdirməliyik, insan düzəlməsə, bina düzəlməz – ən dağıdıcı zəlzələ ağılın, əxlaqın, vicdanın, məsuliyyətin çökməsidir. Dayanıqlı insanlar ailədə, məktəbdə, universitetdə, cəmiyyətdə yetişir, ailənin, məktəbin, universitetin, cəmiyyətin harama, yalana, saxtakarlığa, oğurluğa, rüşvətə dayanıqlı insanlar yetişdirmək imkanı az, zəif, yetərsizdirsə, təhsilə, tərbiyəyə maya qoymuruqsa, uçqunlara maya qoyacağıq. Zəlzələni unutmayaq, biz onu unutsaq da, o bizi unutmaz, zəlzələ qanundur, gələr, tədbirli olaq, buna inanaq ki, Allah çarəsizliyin deyil, çarənin adıdır, hərəkət bizdən, bərəkət Allahdandır.

Siracəddin Hacı yazır...

# 2879 dəfə oxunub

Oxşar xəbərlər

Kibrit evlər - Tural Cəfərlinin hekayəsi

Kibrit evlər - Tural Cəfərlinin hekayəsi

11:30 16 iyul 2024
Milan Kunderanın yeni əsəri çap olunub:  "Girov götürülən Qərb"

Milan Kunderanın yeni əsəri çap olunub: "Girov götürülən Qərb"

10:51 16 iyul 2024
Əvvəl qadınlar kölə olmaq üçün ərə getmirdilər- Loğman

Əvvəl qadınlar kölə olmaq üçün ərə getmirdilər- Loğman

09:00 15 iyul 2024
Günəş topla mənim üçün - Etimad Başkeçidin hekayəsi

Günəş topla mənim üçün - Etimad Başkeçidin hekayəsi

16:00 14 iyul 2024
"Bitməyən berqmanomaniya" - Alpay Azər

"Bitməyən berqmanomaniya" - Alpay Azər

15:00 14 iyul 2024
"Qar tanrısı" - Mübariz Örənin hekayəsi

"Qar tanrısı" - Mübariz Örənin hekayəsi

12:00 13 iyul 2024
# # #