O, yaşadığı kimi yazır... - Seymur Baycan haqqında fikirlər

O, yaşadığı kimi yazır... - Seymur Baycan haqqında fikirlər
22 aprel 2023
# 11:50

Bu gün yazıçı Seymur Baycanın doğum günüdür. Kulis.az bu münasibətlə Vüqar Vanın “Klassikin fabulası ətrafında” adlı yazısını təqdim edir.

Bu gün Seymur Baycanın ad günüdür. Ayağımı qaza basıb deyə bilərəm ki, bu gün mənim bayramımdır. El-aləmə məlumdur ki, onu nə qədər istəyirəm.
Əvvəlcə, fikirləşdim haqqında səmimi bir yazı yazım. Sonra yadıma düşdü ki, yazmışam, Feysbukda tez-tez yazıram, hər kəsə ondan danışıram. Camaatı bezdirmişəm. Qərara gəldim ki, başqa adamların onun haqqında yazdığı və ləzzətlə oxuduğum yazıları bir yerə yığım. Bu yazılar həm də mənim ürəyimdəki sözlərdir. Yazıda bir az şıltaqlıq da etmişəm. Köhnə yazıları indi ortaya çıxarmaqda məqsədim odur ki, yazı müəlliflərinin Seymurla münasibətini onların və Seymur müəllimin yadına salım. Nə vaxtsa belə yazılar yazılıb... Beləliklə.

Cavanşir Yusifli:

Seymur həm də onu göstərdi ki, ədəbiyyatın içində yaşayıb, özünü nələrdənsə məhrum edib çox önəmli şeylərə çatmaq, toxunmaq olar. Bəli, toxunmaq. Ədəbiyyatda bu toxunmaq məsələsi çox önəmlidi, boşluqlara toxunmaq. Bəziləri o boşluqları doldurmaqla, üstünə gips çəkməklə məşğuldu (“Briliant əl” filmi))))). Elə-belə mümkün deyil. Seymurun başına çox pis şeylər gələ də bilər, gəlməyə də bilər, amma təkcə ədəbiyyatla dürüst qalmağı çox şeyin göstəricisidir. Bizim çoxumuz onu bacarmadıq. İnsanların çoxu onu bacarmırlar, süni quraşdırmalara gedirlər.
Onun illər ərzində bu sadəliyə, dərinliyə çatması adamın təəccübünə səbəb olur. Ki, Seymur bunu bacardı. Kimsə ona Füzuli alınanda soruşmuşdu ki, “nə hislər keçirmisən?” Çox axmaq sual idi. Füzulidən, Cəbrayıldan olana belə suallar verməzlər. O da cavab verir ki, heç bir hiss keçirmədim. Heç kəs onu o vaxt anlamadı. Amma indi görürsən özü şərh verəndə nələr deyir. İnsan nə boyda kədərli ola bilərmiş. İnsan nələr dərk edə bilərmiş və onu necə yaşaya bilərmiş. Görürsən bizim əslində sevinməyə, oxumağa, yazmağa çox böyük səbəblərimiz var. Bunun da bir neçəsini həqiqətən də Seymur göstərib. Halal olsun həm sənə.



Seyfəddin Hüseynli:

Mən Seymuru xatırlayıram:
Onun hadisələrə, insanlara həm real simsar, həm də potensial düşmən kimi yanaşması, sadəlövh qorxularının sonradan davamlı sarsıntılara çevrilməsi, gülüşünün uşaq qəhqəhəsindən bu yana keçməməsi, dünyaya hər addımda heyrətdən geniş açılan gözlərlə baxması yadımdan çıxmır.
Elə ilk söhbətlərimizdə o danışırdı ki, adamlar onu bezdirirlər, cürbəcür suallarla divara dirəməyə çalışırlar, hədyanlarla təzyiq edirlər, qınayıb ruhdan salırlar, ağıl öyrətmək istəyirlər…

Əli Novruzov:

Hər bazar günü səhər tezdən yuxudan oyanıb Əhmədli metrosuna düşürdüm. Reytinq qəzetində Seymur Baycanın köşə yazısı dərc olunurdu. Bəzən isə dərc olunmurdu. Qəzeti vərəqləyirdin, Seymurun yazısı yoxdur – deməli, həmin bazar günü yuxudan əbəs yerə tezdən oyanmısan.

Əli Əkbər:

Seymur Baycanın qələmindən çıxanlardan savayı, Azərbaycanda yaradılan heç bir nəsr nümunəsi mənə maraqlı deyil. Həyəcanlandırmır. Seymur qədər mütaliəli, çağdaş ədəbiyyatın nəbzini tuta bilən (baxmayaraq ki, klassikanı üstün sayır) ikinci yazar tanımıram. Seymur hər zaman, mütləq nəsə oxuyur. Oxumaqdan yazmağa vaxtı qalmır. Bəlkə də, yazıçıdan çox oxucudur. Onunla “qoz-qoz” oynamaq istəyənlərin çırpıldıqları qalın, hündür, keçilməz divar da, həmin bu mütaliə divarıdır. Adamlar başa düşmür ki, oxuyanla oxumayan əsla bir ola bilməz .
Seymuru anlamaq çox çətindir. Mürəkkəb adamdır. Apatiyaları bezdirici, yorucudur. Mız-mızalığı da var. Tənbəldir. Vasvasıdır. Günaşırı arvadlara sataşır. İfrat mədənidir. İctimai yerdə, yanında yüksək səslə danışanlardan qaçaraq uzaqlaşır. Daima, kimlərisə narahat etməkdən qorxur. Yaşa dolduqca, paranoyyaları çoxalır. Səxavətli adamdır, həm də israfçıdır, bədxərcdir.
Sonda qeyd edim ki, Seymur “Düşünəndə ki, bunlardan törəyənlər də elə özləri kimi eşşək olacaq...” deyən Axundov sindromu yaşayan milli sərvətimizdir. Qorunmalıdır.

.

Sevda Sultanova:

Seymur dəyərli adamdır, yazdığı kimi yaşayan çox az yazıçıdan biridir, prinsiplərinə sadiqdir, sözünü birbaşa deyəndir. Və digər mühüm fakt ondan ibarətdir ki, Seymurun dünyagörüşünə, fikirlərinə təsir göstərdiyi, maariflənməsində əhəmiyyətli rol oynadığı bir nəsil var. Mən Seymuru həm də ona görə çox istəyirəm ki, onda zərrə qədər falş olmayıb, yoxdu.
Biz yazsaq da, yazmasaq da Seymur heç vaxt dəyişməyəcək. Elə dəyişmədiyinə, dürüstlüyünə və yeri gələndə özü haqda açıq danışmağı bacardığına (“Ürəyim istəyən qədər boşboğazlıq eləmək istəyirəm. Heç bir məna ifadə etməyən mətnlər yazmaq ovqatındayam”) görə Seymuru sevmək, dəyərləndirmək lazımdır. Özünü tanımaqda çətinlik çəkən Seymuru rahat buraxmaq lazımdır.

Nərmin Kamal:

Seymur azad yaşayır. Yaşadığı kimi yazır. Yazdığı, təbliğ elədiyi həyatı yaşayır. Hamımız sabahımızı ölçüb biçdik, on addımda necə on iki addım irəli düşə biləcəyimizi dəqiqliklə hesabladıq. Seymur öz gələcəyini bizim qədər ciddiyə almadı.
O, bir çox hekayələrdə əlini maşından çölə çıxarmış susan uşaqdır, ondan əlini içəri salmasını tələb edirlər. Ərinməyib bu mövzuda olmuş əhvalatları danışırlar. Kimsə harasa gedəndə əlini pəncərədən bayıra çıxarıbmış, qarşıdan gələn maşın əlini qoparıb aparıb. Hər bir görüntü, hər bir hərəkət adamlara danışmaq üçün mövzu verir. Mövzudan mövzuya keçirlər. Ucundan tutub ucuzluğa gedirlər. Seymur da onlar kimi mövzudan mövzu, müşahidədən müşahidəyə, xatirədən xatirəyə keçir. Personaj olub öz hekayətini danışır.

Zamin Hacı:

Seymur bəy ölkəmizdə ədəbiyyatı, sözü təbliğ etmək üçün çox xidmətlər göstərmiş, əziyyətlər çəkmiş adamdır, az qala sovet vaxtının “Bilik” cəmiyyəti, “Ədəbiyyatı təbliğ fondu” kimi fəaliyyətdədir.
Seymur bəy ölkəmizdə olsa şərəfinə qonaqlıq verərdim. Onun xətrini dünyalar qədər istəyirəm.

Qismət:

Seymur hekayələrində bər-bəzəksiz, təmtəraqsız, sadə təsvirlər və dialoqlara üstünlük verir. Publisistikasında da, bədii mətnlərində də xalq deyimlərindən, atalar sözlərindən gen-bol istifadə etməyi sevən müəllifin əsas məqsədi oxucu ilə birbaşa təmas qurmaq, onu ədəbi oyunlarla yox, söhbət havasında mətnə çəkməkdir. Müəllif “Puqaçov üsyanı”, “Fərqanə” kimi hekayələrində bu məqsədinə nail olub.”
Onun Elçibəy haqqında yazdığı “Don Kixot” essesi müstəqillik dövründə yazılmış ən gözəl yazılardan biridir; o, şən, zarafatcıl, rəngli simadır, yorulmaz kitabsevər, xirtdəyəcən kompleksli adamdır.
Mən onu çox istəyirəm, arzu edirəm ki, tezliklə onu sevənlərə qürbət yox, vətən daşları atsın.

Sərdar Amin:

Seymur Baycanın romanları, hekayələri Azərbaycanda ən çox oxunan çağdaş bədii əsərlərdən idi və eyni zamanda ən çox tənqid olunan, ağız büzülən, bəyənilməyən də yenə bu mətnlər olurdu. Onun kitabı çıxanda gələn reaksiyalara baxsan, düşünərdin ki, bu qədər yerə vurulan, tənqid olunan əsərin müəllifi artıq növbəti əsəri yazmaz, yazsa belə, kimsə o kitaba yaxın durmaz. Seymur isə yenə də, yenə də, yenə də... yazırdı hər kitabı bir az da artıq oxucu toplayırdı...
Seymur Baycan həqiqətlə üz-üzə duranda heç vaxt ədəbi qeyrətini əldən vermədi. Bəzən prinsipiallıq, bəzən radikallıq müstəvisində olsa belə o çırağı – sənət məşəlini sönməyə qoymadı.
Seymur Baycan əsl ədəbiyyatın nə olduğunu anormal həddə hiss edirdi, onun faş etdiyi olduqca sadə situasiyalarda gizlənən dağ boyda ədəbiyyatın, sənətin şahidi olanda insan Allahı min kilometrlərlə uzaqda, ərşdə, ağır mətnlərdə, filosofların fikirlərində axtarmağı bihudə sayır, düşünür ki, o böyük həqiqət də çox sadə bir yerdə qərar tutub, o qədər sadə ki, insanın özü üçün köpdürdüyü şardan görünmür. Seymurun bədii mətnlərindəki qüsurlar, ona qarşı edilən tənqidlər təkcə “Qab qacaq səsi”ndə eşidilməz olar...

# 2548 dəfə oxunub

Oxşar xəbərlər

Qustav Floberin novellası - dilimizdə ilk dəfə

Qustav Floberin novellası - dilimizdə ilk dəfə

09:00 19 iyul 2024
Qatil - Ruslan Mollayevin hekayəsi

Qatil - Ruslan Mollayevin hekayəsi

15:00 18 iyul 2024
Kibrit evlər - Tural Cəfərlinin hekayəsi

Kibrit evlər - Tural Cəfərlinin hekayəsi

11:30 16 iyul 2024
Milan Kunderanın yeni əsəri çap olunub:  "Girov götürülən Qərb"

Milan Kunderanın yeni əsəri çap olunub: "Girov götürülən Qərb"

10:51 16 iyul 2024
Əvvəl qadınlar kölə olmaq üçün ərə getmirdilər- Loğman

Əvvəl qadınlar kölə olmaq üçün ərə getmirdilər- Loğman

09:00 15 iyul 2024
Günəş topla mənim üçün - Etimad Başkeçidin hekayəsi

Günəş topla mənim üçün - Etimad Başkeçidin hekayəsi

16:00 14 iyul 2024
# # #