Magik realizm janrının nəhənglərindən olan Meksika yazıçısı Xuan Rulfonun doğum günüdür.
Kulis.az bu münasibətlə onun "ədəbiyyat tarixinin ən kədərli mətnlərindən biri" adlandırılan "Mənim atam" adlı hekayəsini təqdim edir.
Mənim atam yaxşı kişiydi. O yaşayanda bu dünyada yaxşı heç nə yoxuydu. Sabah neyləyəcəyini heç kəs bilmirdi, çünki sabaha etibar qalmamışdı, bu günsə hələ qurtarmamışdı. Hava da ki, pisiydi göz-gözü görmür, heç nə anlaşılmır: gün çıxıbmı, külək hardan əsir – quzeydənmi, güneydənmi.
Dünyada yaxşı heç nə yoxuydu. Atamsa yaxşı kişiydi, həyata da inanırdı.
Onu işıqlaşanda öldürdülər, ancaq o öldüyünü, həm də nədən ötrü, nəyin üstündə öldüyünü yenə də başa düşmədi. Onu öldürdülər, həyat ondan ötrü bitdi. Başqaları üçünsə o hələ də yaşayırdı və dünya yavaş-yavaş dincəlməyə, dəyişməyə başlamışdı, hətta yağış damcıları da seçilirdi; adamlar yağışa baxdıqca ümidləri yerinə qayıdırdı.
Mənim atam qatı qaranlıqda, dan işığından xəbərsiz keçindi. Onu dədə-baba qaydasıyla kəfənlədilər və elə dəfn elədilər ki, elə bil bu da adi adamlardan biriydi. Bizə dedilər: "Sizin atanız ölüb, özü də işıqlaşana yaxın, ilan vuranın da yatdığı, uşaqların doğulduğu, ölümə məhkum olunmuşların güllələndiyi vaxt ölüb. Gecənin bu üzgün vaxtında adamlar yarıyuxulu olurlar, boş-boş yuxular görürlər, ancaq belə yuxulara da ehtiyac var".
– Sizin atanız ölüb.
Yuxuda gördüm ki, bir maral balasını qucağıma almışam. Yuxulu, qanadsız quş kimi yupyumru, balaca, yatan adamın ürəyi kimi sakit, isti.
– Onun ömrü qırıldı.
Gecənin ən tutqun, ən bulanıq, ən qatı vaxtıydı, səhərə az qalırdı. Hər şey uzaqlardaydı. Başa düşürdüm ki, ağlamalıyam, heç olmasa bircə damla göz yaşı çıxarmaq üçün ürəyimi sıxırdım. Hönkürməyə çalışırdım. Qəlbimi ağrıtmaq üçün didirdim, yarıyuxulu ürəyimi çəkic kimi ağır dərdin altına qoyub əzirdim. Yalnız bir şey istəyirdim – ağlamaq. İstəyirdim dərdimin dili açılsın.
– Maral balası ölüb. Sənin qucağındakı heyvanın ölüsüdü.
Qoyun bu yuxunu görüm qurtarım. Qalan şeylər hamısı yalandı! Hələ ki, mən yatmışam, heç kəs ölə bilməz.
– Saat üçdü artıq, atanın meyitini gətirmişik. Onu bu gecə öldürüblər.
– Sən kimdən danışırsan? Mənim atamdan? O ölə bilməz. Heç kəs ona pislik eləyə bilməz. Yoxsa yer üzündə qiyamət qopar, dünya məhv olar. Adamların əlləri quruyar, həyat insanlar üçün mənasını itirər. Mənim atam bizə həyat verib, yalnız onun sayəsində işıqlığa göz açmışıq. O ölə bilməz.
– Onu öldürüblər.
– Haçan? Saat neçədə?
Mən heç qımıldanmadım, ancaq dünya yəqin nəsə hiss elədi.
– Gecə. Dur. Dur bax ona.
– Sən məni aldadırsan.
– Dəfn bu gündü.
– Heç bir dəfn zad olmayacaq. Mənim atam ölə bilməz. O bizdən çox yaşayacaq. O bizə bənzəməz, o, ömrü boyu yoxsulluq, ehtiyac nədi, bilməyib…
– Demək, sən ona baxmaq istəmirsən? Qalx, hələ ki, onu sevənlər, ya tanışları gəlməyiblər, yaxınlaş atana.
– Atam ölməyib. Sən mənə nifrət eləyirsən. Elə nifrət elədiyinə görə də məni qəsdən oyatmısan. Qoy bu yuxunu görüm qurtarım.
– Yaxşı, sən deyən olsun, ancaq yadında saxla, onu günortadan sonra dəfn eləyəcəklər.
– İşığı söndür. İşığı söndür, özün də çıx get. Əgər atam doğrudan da ölübsə, onda niyə gülürsən? Çıx get! Maral balası yatır. Oyatma onu. Mən bilirəm sən kimsən. Gecələr ancaq şeytan dəcəllik eləyib yatanları qorxudur. Atam ölməyib, sən, sadəcə, yalan danışırsan. Aldadırsan. Aldadırsan məni, vəssalam! Rədd ol!
Göz yaşlarım qan kimi selləndi. Uzaqdan anamın ağısını eşidəndə isə qanım suya döndü.
Tərcümə: Fəxri Uğurlu