Kişilərin bitməyən maddi problemi - Rasim Sultanzadə

Kişilərin bitməyən maddi problemi - Rasim Sultanzadə
24 iyul 2023
# 14:44

Kulis.az Rasim Sultanzadənin "Kişilərin bitməyən maddi problemi" yazısını təqdim edir.

Əvvəlcə bütün borclu-xərcli həmcinslərimə təsəlli vermək istəyirəm: borc igidin qamçısıdır.

Kimsə inkar etməz ki, borcu yoxdur, yaxud olmayıb.

Bilmirəm, yaradılışın qaydasıdır ya dövrün tələbidir – vəzifəsindən, statusundan, maaşından, ailə vəziyyətindən asılı olmayaraq gecə başını yastığa rahatca qoyub yatan kişi xeylağı tapa bilmirəm.

Zəngi qorxa-qorxa açırsan, mesajı çəkinə-çəkinə oxuyursan.

Həm sən borclusan, həm səndən borc istəyə bilərlər...

Onda istəyirsən, bir aktiv vulkanın təpəsinə qalxasan, (hə, mənim də ağlıma Vezuvi gəldi) səbirlə növbəti zəngi gözləyəsən. Zəng gələ, açıb “ay can” deyəsən, sonra da telefonu vızıldadasan havaya, o da düşə lavaya: tçsssss.

Siqaret yandırmamış vatsap statusu yazaq: “Üzü dönsün görüm o ağuya dönmüş çörəyin...”

İndi qadınlar haqqında.

Gözümüz-könlümüz açılsın.

Allah artıq eləsin, istəməyənin gözü çıxsın – adam şəhərə çıxır, lap ürəyi dağa dönür.

İki rəfiqə. Şopinqdən sonra kofe içirlər.

Biri tətilə Monteneqroya, digəri isə yaxına - Gürcüstana getmək istəyir.

Dostunun zəngi diksindirir: Bro, başına dönərəm, alınsa, o 200 manatı bu gün ver, kreditin vaxtıdır.

İnamla “narahat olma, qardaşım, kartını göndər” - deyirsən və dərhal siqaret yandırırsan.

Ağlına telefonu Vezuvi vulkanına vızıldatmaq gəlsə də, yadına düşür ki, cibindəki pulla nəinki Vezuvi dağının yaxınlığında yerləşən Neapol şəhərinə getməyə, heç Neapol restoranında oturub çay içməyə də maddi qüdrətin yoxdur.

İstəyirsən, qızların masasındakı vayt çakılıt mokanı başına çəkəsən.

Yox əşi, imkan vermərəm deyəsiniz ki, kişilərin məsuliyyəti çoxdur, nə bilim, ev, ailə qayğısı... - Ona görə çətindir. Qızlarınsa elə bir qayğısı yoxdur, qazanıb özlərinə xərcləyirlər. Söhbətin məcrasını dəyişdirəcəm, həvəsiniz qalacaq qursağınızda...

Həə, qəhrəmanımız dostuna 200 manat verməlidir axı. Elə bilirsiniz, o 200 manatı hansısa ali təhsilli, dövlət işində, yaxud hansısa özəl şirkətdə işləyən dostundan istəyəcək? Yaxşı görək, siz Allah, tökülüb elə.. Elə onlardan biri də özüdür axı...

Bəli, 9-cu sinifdən məktəbi tərk edən, dörd-beş “Prius” alıb icarəyə verən, hər həftə sonu maşının baqajını doldurub, arvad-uşağıyla Qəçrəşə gedən məhəlləuşağına zəng edir, (fikir versəniz, həmişə o maşınların “bardaçokunda” bir-iki qutusu əksik ağ nazik sobranie bloku olur.)

Qərara gəldim ki, hamımızın tanıdığı, nə vaxtsa yolumuzun kəsişdiyi bu obrazın adı məhz məhəlləuşağı olsun. Ya da dar günün dostu, dünyanın ən ağıllı adamı, ustad, nə bilim, sensey.

Ağlınız şeyə getməsin haa, o təlim keçən gizli işsizlərə. Bu arada, şirvanın şirvan vaxtı, günə 20 şirvan qazanan heç kim uğur hekayəsi-zad danışmırdı. İndikilər beş-on manat qazanan kimi təlim keçirlər, sertifikat paylayırlar. Hə, bax, onları demirəm.

Əlqərəz, bu məhləuşağı açır telefonu, deyir, qaqaaa, mən evdəkiləri götürüb gəlmişəm Tufandağa, sən kartını denən, atım pul. Özün də ürəyini sıxma, boş şeydir, əlinə düşəndə qaytararsan.

Həmin an fərqi yoxdur, boyun neçə metrdir, neçə kiloqram çəkin var, neçə bal yığmısan, neçə diplomun var, işdə neçə nəfər sənə müəllim deyir, - fərqi yoxdur, balaca bir adama çevrilirsən, bapbalaca. Yanaqların qızarır.

İstəyirsən, bu dəfə telefonu yox, diplomunu qoltuğuna vurub özünü vızıldadasan Vezuvi vulkanına.

Danışanda Tarkovskidən girirsən, Berqmandan çıxırsan, nəzəriyyə “kaçatlayırsan”, diplomunun şəklini telefonun ekranına qoyursan, evdən çıxanda bəzənib-düzənib gedirsən işə, dünya görüşün də ürəyin istəyən qədər.

Anan qohum-qonşuda adını fəxrlə çəkir, deyir, mənim oğlum filan yeri oxuyub, filan yerdə işləyir, nəəə boyydaa hörməti var.

Day demir ki, oğlu on dəqiqə əvvəl Tufandağda istirahət eləyən, iki eşşəyin arpasını bölə bilməyən birindən 200 manat istəyib...

Bu təcrübələr, reallıq nə deyir?

Buraxaq hər şeyin başını, tüpürək haqq-saya, qələmi atıb tərki-silah olaq, Dostoyevskinin kitabının vərəqlərinə günəbaxan tumu dolduraq? Övladlarımıza necə ürəkdən deyək ki, oxu, ay oğul, oxu, pul qazan, sən də beş kişidən biri ol.

Reallıq başqa cürdür axı.

O oğul da böyüyüb məhəlləuşağından borc istəyəcək də...

Rəhmətlik Yusif Vəliyevin “Nəsimi” filmində canlandırdığı Teymurləng obrazının sözlərini xatırlayıram: “İndi neyləyək? Edam edək varislərimizin hamısını?”

# 2104 dəfə oxunub

Oxşar xəbərlər

"Bəxtiyar Vahabzadənin şeirləri ədəbiyyatdan uzaqdır" - Emil Rasimoğlu

"Bəxtiyar Vahabzadənin şeirləri ədəbiyyatdan uzaqdır" - Emil Rasimoğlu

21:00 11 iyul 2024
Onlar Kəramət Böyükçölün qələmini sındırmaq istəmədi - Seçkiləri "ifşa" edən yazıçımız

Onlar Kəramət Böyükçölün qələmini sındırmaq istəmədi - Seçkiləri "ifşa" edən yazıçımız

12:00 11 iyul 2024
Bu roman müasir Azərbaycan nəsrində mərhələ gücündədir  - İlham Əziz

Bu roman müasir Azərbaycan nəsrində mərhələ gücündədir - İlham Əziz

12:00 8 iyul 2024
Sizin o dəryada nə işiniz var idi, Varis cənabları?

Sizin o dəryada nə işiniz var idi, Varis cənabları?

14:11 6 iyul 2024
Atasına nifrət edən yazıçı - "Kişilərə dur deyin!"

Atasına nifrət edən yazıçı - "Kişilərə dur deyin!"

15:00 5 iyul 2024
Vəfanı Vəfadara çevirən üç nəslin romanı - Məti Osmanoğlu

Vəfanı Vəfadara çevirən üç nəslin romanı - Məti Osmanoğlu

17:29 4 iyul 2024
# # #