Bayat oxşaması - Sara Oğuzun hekayəsi

Sara Oğuz Nəzirova, yazıçı

Sara Oğuz Nəzirova, yazıçı

29 dekabr 2021
# 21:00

Bu gün Sara Oğuz Nəzirovanın doğum günüdür. Kulis.az bu münasibətlə yazıçının “Bayat oxşaması” hekayəsini təqdim edir.

Qanlı, qanına boyanasan. Şərif balam qaçaq düşdü. Qanlı, qanına bələnəsən, evimin dirəyi, oğul nəvəm didərgin düşdü. Qanın qaysaqlanmasın müddəayı, damımın tiri, tirboyun Şərif evindən ayrı düşdü. Yasaq, yasavul əlində qaldıq, qanlı… Divan adamının biri gedir, biri gəlir ki… Şərif üzə çıxsın. Şərif halal-xoşnan goburnatın hüzuruna gəlsin. Şərif özbaşınalıq eliyib adam öldürüb. Gərək şikayətə gələydi. Biz cəzasını verərdik. A yerin-göyün sahibi, harda görünüb kişi şikayətə getsin? Qardaşının qanını yerdə qoyub divandan, qazıdan imdad istəsin. Allah buyurub, bəndə qoruyub. Adəmdən Hatəmə qan tökənin qanını axıdarlar. Şərifin qardaşının qanını kim alacaqmış? Şərif bəyəm ölüb ki, qardaşının qanlısı əmiuşağına, dayınəvəsinə miras qala? Yox bir, hələ şikayətə gedəydi. Qabağınızda ağlayıb-sıtqayaydı ki, madar qardaşımı heçcə yerdən öldürdülər. Tək balasını yetim qoydular. Gəlin divan qurun. Çubuq çəkərsiz, falaqqaya salarsız, özünüz bilərsiz. Mən ölmüşəm, yoxam, qardaşımın qanının bahasını siz bilərsiz. Mən arımı atıb, namusumu yemişəm, siz qardaşımın mirasına yiyə durun. Qanını bildiyiniz kiıni alın. Allah göstərməsin adamın taxtı dönə, əjdaha olsan qalxızammazsan. Yetim yetim üstə qalır. Azdı Şərifın öz yetimi, bir yetim də qardaş balası. Bu yandan da bacısı. Üfürə-üfürə böyütdük qızı. Əmələ-ərsəyə yetirdik öksüzü. Yaxşı deyiblər, dövlətdə dəvə, övladda nəvə. Bir şirin uşağıydı. Ömrümə-günümə çırağıydı. Güzgüdən əl çəkməzdi... Güzgü sənə qurbandı, sənə verəcəm güzgünü, bəxt aynamdı, demişdim. Bəxtin açıq olsun, bəxtimnən razıyam. Sənə verəcəm bəxt aynamı. Mənim təki oğullu-uşaqlı qarıyasan. Oğuldan, qızdan yarıyasan. Uruğumuzun ən göyçək qızına miras düşür bu ayna. Sənə cehiz verəcəm, qaymaq balam. Qızıl təxtin olunca, qızıl bəxtin olsun. Bəxt ayna kimi şeydi. Qoru bəxtini. Bəxt aynanı qoru. Görürəm, boyun çatmır güzgüyə, mütəkkəyə çıxıb baxırsan. Mütəkkə yumalanır, güzgüdən tutub sallanırsan. Dartışıb əyirsən. Aman, salıb sındırarsan, Bəxtini qırarsan. Çırağımı söndürərsən. Dedim, Şərifə deyim güzgünü sallama assın. Sən güzgüyə baxammırsan, güzgü sənə baxsın. Şərifə dedim, güzgünü əy, as, balam özünə baxsın. Boyu güzgüyə çatınca güzgü əyili qalsın. Şərif güzgünü ipdən asıb salladı. Altından mismar vurub qadaxladı. Güzgü sallama qaldı. Qız anrı ötüb baxdı, bəri ötüb baxdı, güzgünün ortasında balaca toppuş bir qız gördü. Qıza dilini çıxardı. Aynadakı da dilini çıxaranda ürəklənib “xox” gəldi. Güzgünün qırağında çəkilmiş qanovuz gülləri qopartmaq istədi. İki yandan dimdik-dimdiyə vermiş sarıköynəkləri uçurmaq istədi. Kəllədəki xonça gülü qoparıb çalmasına taxmaq istədi. Xırda çiçili öpülü buta, küsülü buta hansına əli çatdı, götürüb sinəsindən asmaq istədi. Qılınc sıyırıb dörd küncdən güzgüyə dayaq duran qoşa qaplanlara göz bərəltdi. Eləcə oyun çıxardı, həşir saldı. Özü ayna qabağında, surəti aynada çiçili buta hərləməsində, qönçəli xonça dövrələməsində, dörd qoşa qaplan həndəvərində böyüdülər. Qaymaq balam bir cuvanəzən oldu ki, güzgüyə görünəmmir. Göründüyüynən qaplanların bir cütü sağ çiyninə, o biri cütü sol çiyninə qonmaq həsrəti çəkir. Sarıköynəklər bir-birinin dimdiyindən su içib, ona öcəşir. Qanovuz güllər qönçə təninə baxıb qızarır. Çiyin-çiyinə vermiş çiçili butalar qıvrım tellərinə küsənir. Ayaq yandan qızıl qaplanlar saçının sünbülünə baxıb saralır. Başı güzgünün şah xonçasına çatır, ayaqlarını qoşa buta öpür.

Boy-buxunu güzgüyə yerləşməyir. Dala çəkilir ki, üzü bər-bəzəyə qarışmasın, yük yerinə dirənir. Daha yer yoxdu. Şərifə deyim, yerini eləsin qızın. Biz arxayın görərmirəm ki, sözümü açım. Evimin dərdi-sərin danışım. Gecə qaranlığı öz yurduna yaşına-yaşına gəlir. Bir içim su arası evinə dəyib qayıdır. Gün işığına həsrət qalasan, yağı!.. Yurduna, yuvana tamarzı qalasan, qanlı!..

Yerləşdirmək lazımdı bacını, dedi qarı nənə.

Yerini eləmək lazımdı qızın, dedi Şərif.

Bəxti ağ olsun, üz ağardan qızdı, dedi nənə.

Başı aşağı, başarıqlı qızdı, dedi Şərif.

Əsirgə saxlamışıq, əsil yerə verilsin gərək...

Üstündə əsmişik, əsil yerə ismarlansın gərək...

Qəza əhlinə səs düşdü ki, Şərifın bacısı var, çənəsində anadangəlmə xalı... Xalıdan, gəbədən karvan yükü malı...

Qəza elinə xəbər yayıldı ki, Şərifin bacısı... alnıaçıq ayna kimi, yanaqları işıq saçır şəfəq kimi...

Qəza camaatına soraq çatdı: Şərif bacı saxlayıb, bacı saxlayıb ki, əsən yellər əsməsin, əssə də bacıma dəyməsin.

Qız dilə-dişə düşdü: Qoca nənəsinin əlində-ətəyində böyüyüb.

Qazmağı dörd barmaq qalınlığında bişirən qarınınmı?

Sən deyəndi, tərifli aş dəmləyən qocanın.

Gül yağında qənd tutan qarınınmı?

Həmən... qəndi gül dadan, şərbəti abi-zəmzəm olan ağbirçəyin.

Qozu balda bişirən qarınınmı?

Özüdü, biş-düşü ölünü dirildən nənəsinin tökdüklərini yığa-yığa əmələ-ərsəyə çatıb.

Qız, nə qız... Görəni yandırıb-yaxır, sözündən-söhbətindən bal damır. Cehizinin başında güllü-bülbüllü aynası... qədirbilən, sayılan qohum-əqrabası...

Aman, qız yiyəsi, görəcəkli günlərin var, dedi ağsaqqallar.

İraq bacısı gözəl qaçağın qismətindən, dedi dünyagörmüşlər.

Qarı nənə əlini dizinə çırpdı. Qanlı, qanına çiməsən, göyçək nəvəm yol üstə qaldı. Qanına qəltan olasan, qan yiyəsi, əsmər balam köç üstə qaldı. Divan adamı yenə gəlib getdi. Şərif öz xoşuyla gəlsin. Divan qabağında bağır bassın. Yoxsa yerin dibindən də olsa, tapıb aparacağıq. Ay, apardınız, ha!.. Şərif sizə oyun-oyuncaqdı. Şərif sizə bostan uyuğudu. Ay.., ay qızım, dur bir səhəng su gətir, ayağım yer tutmur mənim. Get, qorxma. Şərifın həniri buralardadı. Özü görünməsə də gözü üstümüzdədi. Gələndə bir dəstə bənövşə də yığ. Bənövşə çıxan vaxtdı, bənövüş gözlüm. Bir dəstə tut, qoca nənənin umusu alınsın. Umsunuram hər il bənövşə iyləməsəm. Qara geyib, göy bağlamayasıyıq, ha. Olan olub, keçən keçib. İnşallah, qabağı yaxşı gələr. Qəm qəm gətirər, dəm dəm. Ümidsiz düşmənin olsun. Dur, tərpən, süsən qızım, əmbər qızım...

Şərifın bacısı yol üstə çıxdı, çiynində səhəng. Yol qızın qabağından qaçdı, yoxuşa qalxdı. Əyrim-üyrüm qabağınla yüyürüm. Gedək göy çəmənlərə. Gedək, enək göy ormanlaraa... Enək? Qorxdun, nədən qorxdun? Sən deyən olsun, enək sızqa bulağa? Sızqa bulaq yaxındı, sızqa bulaq sərindi. Sızqa bulaq qumlu-qumsallı sənindi.

Sızqa bulağın daşları yuyulub yumurlanırdı. Qara suyun dibində lal oyunu oynayırdı. Qarağac pöhrəsi tellərini töküb bulağın aynasında qarala-qarala güzgülənirdi. Qara suyun aynasına bir baş da əyildi. Özünə baxıb dodağı qaçdı. Səhəngi suyun aynasına çaldı. Suyun qarası diksinib qarışdı. Səhəng sudan qurt-qurt qurtladı. Tumur-tumur tərlədi. Sudan doyub sustaldı.

Qız yoxuşa qalxdı, çiynində səhəng. Yol yoxuşdan qaçdı, qıza öcəşdi. Qabağınca yüyürüm... əyrim-üyrüm. Uzaq ellərə, yad yerlərə... Əyrim-üyrüm, qabağınca yüyürüm, gedək uzaq ellərə, ellərə. Qoşaq yad yerlərə, yerlərə. Qorxdun, nədən qorxdun? Yaxşı, adlayaq fındıq bağına.

Ey, yazıq kimsə? Bənövşə çıxanda fındıq bağına girməmisən. Bənövşə bəndinə düşüb öynə ötürməmisən. Nə görmüsən, nə görmüsən? Bənövşə çırtladı, çiçəyiniz çırtlasın deyibən muştuluq almamısan. Bu topa yanında, o topa önündə qıçını sındırıb əylənməmisən. Belin sınsın, nə görmüsən? Tamarzı qalmısan!

Tamarzı qalmasın nənəm, deyibən qız bağa girdi. Nə gördü, nə gördü? Keçə təki bənövşə tökmüşdü fındıqlıq. Ayaq basmağa yer yoxdu. Qan bənövşə, qız bənövşə... Göz-gözə durmuşdu boynuburuq gözəllər. Qız bənövşələri bəndəmindən qırıb, qoynuna doldurdu. Dibindən qoparıb, kökünü sordu. Çinləyib dəstə tutdu. Bir üzdü, bir qoxuladı. Ruhu ərşə yönəldi. Aman, bihuş olar adam bu qədər bənövşənin ətrindən, hava da bənövşə qoxuyur? Yox. Hava elə havadı. Hər şeyi udur. Aman, bu qədər bənövşəlik bənövşə xalısı salar fındıqlığa, hanı? İki adamlıqda görünməz olur. Alaq, çəmən bilinir.

Qız bənövşədən yükünü tutub fındıqlıqdan çıxdı. Bir dəstə sinəsinə taxdı, birini çarqatından asdı, o birini səhəngin ağzına keçirib yola düzəldi. Yol qabağından qaçdı. Əyrim-üyrüm, qabağınca, qabağınca yüyürüm? Qurd zağasına, Şərif qağana bənövşə nübarı çatdıraq. Qorxdun, nədən qorxdun? Olsun sən deyən, qarı nənənin qulluğuna quyulanaq.

Səni görüm tamarzı qalmayasan, bənövüş gözlüm! Neçə-neçə belə bənövşələrə çıxasan. Oxxay... Bənövşə ətirli bəxtin olsun, bənövüş balam! Gəlsənə səni gəlin uçuraq? Bənövşə bəxtinə baxaq? Badyanı bəri gətir, suynan silələ. Bənövşə topunu bəndəmindən qırıb, suya səpələ. Bax, ortadakı qan bənövşə oldun sən. Üfür təpəsindən, görək hara yol göstərir?

Anrı getsə, Kərim bəyinsən, bəri gəlsə, hacılar ocağına düşəcəksən, o yana Bəxtiyar bərəsinə, bu tərəfə Teymurçin nəvəsinə qismət olacaqsan. De, üfür gəlsin.

Füü... Su titrədi. Bənövşəcik yerində əsdi.

Üfür, bir də üfür. Üç kərə koodu üfurmək.

Füüü... Su şırnadı. Bənövşəcik yerində çapaladı.

Üfür... Heyin yoxdumu? Möhkəm üfür təpəsindən.

Üffüüü... Su oyulub badyadan aşdı. Bənövşəcik oyuğa düşüb batdı.

Gözün niyə doldu, bənövüş gözlüm? Üzün niyə kölgələndi, şahbaz balam? Su aydınlıqdı. Suda batdın – muradına çatdın. Badyan daşdı – bəxtin daşır. Bir də fal vaxtı döylü. Ovsanata salıb vaxtında baxarıq, qismətin qabağına çıxar.

...İraq bacısı gözəl qaçağın qismətindən. Şərif atını şallaqladı. Əlimə qandal, dilimə qıfıl oldun, bacı. Ayağımı Qurd zağasından anrı qoyammıram. Atımı sürüb əlyetməz dağlara varammıram. Qanadı sınmış quş kimi damımın yan-yörəsindən aralanammıram. Zənən xeylağına qaravul qaldım, İlahi. Şərif atını şallaqla yandırıb-yaxdı. Aman, əsir qaldım əsirgə bacı yanında. İlan təki qayalara soxuldum, şəbpərətək qaranlığa qısıldım. İşıqlı dünya başıma dar oldu, ayağımın çidarı bacı!.. Pis vaxta düşdü duvaqlığın. Adını çəkib mənəm deyən oğlan dağlarda qurd-quşa yoldaş oldu. Qurdla qardaşa qız verəkmi? Yoxsa qumarbaz Hətəm bəyə qurban kəsək? O yana getsək, Umar xanın hərəminə qataq? Bu tərəfdən Molla ocağında çərlədək? Hansını tutaq, hansına yem eliyək? Rəncbər sənə yiyə durmaz, dursa da dənliyində saxlayammaz. Çalağan olub çalarlar, quzğun olub qaparlar. Qaçaq Şərif əlacı kəsilib xatun bacısını dilənçi payı elədi, söyləyərlər. Sabah üzə çıxıram deyib divana getsəm, qaçaqlığımı yerə qoyuram deyibən Qurana əl bassam, papağımı yerə soxallar, hulqumuma kəlik bacı, adına xələl gətirəllər. Ey boğazımın çatısı, bacı... Kürt toyuq elədin məni, fal yumurtamnan ayrılammıram. Çidarlı ata döndərdin məni, bağ-bostanımdan anrı kişnəyəmmirəm. Nooldu? Kişnərtin göy çatlatdı? Bayaqdan şallaq yeməmiş getmək istəmirdin. Məni hara aparırsan, a zalım? Allah göstərməsin atın ağciyərini. Hansı köpəkoğludu at kişi cinsidi deyən? At arvaddı. Arvaddı tərəkəyə qalmış. Əlini çəkirsən tumara, əsim-əsim əsir. Gərilib yay kimi titrəyir. Hər tükü qulaq kəsilir. Köntöy söz deyirsən, mısmırığını sallayır. Üzünə baxmırsan, sənnən yanı-yanı dolanır. Şallaq gördü, qudurub qızırqanır. Ayağının altından siçan çıxdı, qorxub bövüllənir. Havadan iy çəkir. Allah bilir nə gözünə göründü yenə? Kişnərtisi qulaq batırır. Ay arvad tayfası, hara apardın məni? Nooldu yenə?..

Tyut, tyut... Güllələr qulağının dibində oxudu, tyut... Qayanın dalına, a naznazım!.. Tyu, tyu... Qayanın dibinə, görən gözüm. Tyuu, sin, sin yerə, qaranquşum!..

Tyu-yu-tyut-tu... güllələr torağay olub oxudular. Tyyu-tyut- tut... – güllələr qayalara toy tutdular. Tyyuu-tu... güllələr daşa-kəsəyə gül əkdilər.

Tpuay, sinəm pardaxlandı. Ay, sinəm gülləndi. Ax, daş-kəsək qan qoxudu. Şərif, çıx aradan. Ay, Şərifın qanı bahadı. Şərif, çıx aradan, yasavula qan vermək haramdı. Şahbaz bacını, qoca nənəni başıaçıq qoymaq əyyamıdı?..

Hanı, naznazım? Nazbalışım, yorğa atım. Möhkəm saxla məni. Hey, atdı – muraddı, qadasın aldığım arvaddı. Vallah, arvaddı. Qoyub getməz, yolda yormaz, darda qoymaz. Öldün, yasın saxlar, qaldın yanından anrı durmaz. Qurbanı olduğum atdı. Qənirsiz mətahdı. Hey, dərdin aldığım, məni Qurd zağasına çatdır. Yox, Qurd zağası uzaqdı. Qurd zağasına qanımızın qalanı çatmaz...

Dalına düşmək havayıdı. Öküz kəsmisən elə bil, kəsəyi qanla suvarıb. Bir az getməmiş qanı qurtaracaq. At, Şərifin cəmdəyi belində durub gözləyəcək. İziylə gedib atı tutarıq, goburnata çatdırarıq. İndi getsək, düz yerdə görüb bizi dənləyəcək. Qan onu aparmamış o bizi düzün ortasında o dünyaya göndərəcək. Duraq gözləyək.

Nə duraq gözləyək, ay yasavul? Duraq gözləyək ki, əlimizdən çıxsın? Biz Şərifın başını goburnata aparmaq əvəzinə, Şərifın başı bizdən xəbər aparsın. Yaxşı deyiblər, yasavul ağıldan yasaq olar. Heç görmüsən, iki fərsəng aralıda at yiyəsinin meyidini yurduna çatdırmaya? Yazıda durub otun otlaya? Getdik Şərifın ehsanını yeməyə...

– Ehsanı kim verəcək? Goburnat? Ay verdi, ha. Verdiyi goburnatın çin olar. O da birimizə. Dəmir xaç olar. O da ikimizə. Qalanınız, deyəcək, sağ ol deyin ki, işdə saxlayıram. İtkiniz çoxdu, bir qaçağın başına dəyməz. Şükür Tanrınıza eləyin, ölənlər arasına düşməmisiz. Allah özü nəmərinizi verib Şərifın gülləsinə tən gəlməmisiz. Haydı işinizə!

– Ay yasavul, ay ağıl paylananda dala qalan, ehsanı kim verər? Olünün qohum-qardaşı. Harda verər? Yurdunda-yuvasında. Ay fərasət paylananda yatıb dala qalan! Ehsanı verəcək Şərifın qoca nənəsi, öz damında-daşında. Əlimizə su tökəcək Şərifın əziz-xələf bacısı. Ha-hah-ha...! Şərifin... hah-ha, şahbaz bacısı ləyənimizi gəzdirib, aftafamızı tutacaq. Biz damağı çağda at meyidi gətirəcək düz qarının üstə. Belə ki, kürreyi-ərzin bütün atları yiyəsini halsız görəndə ocağına çatdırır. Daa durub otun otlamır, a yasavul.

– A qarına qurd düşən dağlar, Şərifdən bir xəbər! Aaz, ürəyim niyə belə tələsir? Xəbər eşidəcəm, nədi? Allah, Şərifdən bir xəbər... Hay, darvazanı döyən var? Darvaza döyülür deyirsən? Ay uşaq, çağırana hay ver. Şərifdəndi gələn?.. Ay uşaq, darvazanın lingini aşır. Şərifdəndi xəbər?..

- Qarı, qonaq istəməzsən?

- Qonaq Tanrıdandı, xoş gəlmisiz.

- Qarı, qonağı qapıda saxlarlar?

- Evin sahibi buralardadı, gələr, pişvazınıza çıxar...

- Gəldi, gəlmədi. Aşını yeməmiş gedən döylük, sən düyünü dəmlə.

- “Allah, başıma xeyir, bədniyyətə oxşadılar. Bunların yükü nədi? Atlarına bələdiklərindən qan damır. Ovçudular... Qoşqar, maral vurublar, deyən”.

- Bir aş nədi, gələr lap toy qazanı asaram.

– Sən qazanı as, qarı. Aşını yeməmiş ayağımızı anrı basan döylük.

“Allah, nə yaman yerdə axşamladıq, divan adamı olmayalar? Divan adamıdılar kəndli əlbisəsində. Düm toz-torpaq içindədilər. Davadan çıxmış təki tökülüb-sökülürlər. Ovucu sıyrılanı, qolu qanıyanı... Allah, Şərifı saxla!”.

- Şərifın adını çəkib, qapısına gələnin yeri dör başdadı. Keçin oturun.

“A gədə, nimdər tök”, – gurladı qarı. “A gədə, çaparaq ol. Qurd zağasına çatdır özünü”, – pıçıldadı qarı.

“A gədə, mütəkkə döşə”, – gurladı qarı. “Ay gədə, yeyin ol, Şərifı yerin dibindən də olsa tap, gətir”, – pıçıldadı qarı.

- Könülsüz tərpənirsən, qarı. Arxayın ol, aşından dadmamış tərpənən döylük.

- Qocalmışam, əl-ayağım sözümə baxmır.

- Çağır tərlan-tüləyi, əl-ayaq versin.

- Korlaşmışam, dəni düyüdən seçəmmirəm.

- Çağır şəb çırağın, işıq saçsın.

- Xərifləmişəm, hili sarıkökdən ayırammıram.

- Çağır hil çiçəyin ayırıb arıtlasın.

“Aş suyu qaynadı, Şərif, nə yerdə qaldın?”

- Qarı, ayranı tök, həlimi bol elə. Həlimdən doymayan köpəkoğlunun əli çapalaq tutmaya. Həlimi bol elə.

“Aş bişir, Şərif, harda qaldın?”

- Qarı, qatığı tök, qazmağı qalın elə. Qazmaqdan doymayan köpəkoğlunun toyunda qar yağa. Qazmağı qalın elə.

“Aş dəm alır, Şərif, odda yandın?”

- Qarı, aşı ötürmə. İştahı küsən köpəkoğlunun bəxti dala qalar, hanı aftafa-ləyən, əlimizə su gəlsin.

“Aş yer dəmi alır, Şərif, cəhənnəmdə qaldın?”

- Qarı, aşı soyutma, qazmağı qurutma, haydı. Hanı aftafa-ləyən, Şərifın bacısı əlmizə su töksün.

“Aş çəkilir, Şərif, yerə batdın?”

- Qurd zağasında ins-cins yoxdu, sərdarım nənə. Şərif əmimdən xəbəri yoxdu dağların, nənə.

- Başıma kül, oğul nəticəm. Aş bişdi, şər düşdü.

- Aşı boyatdın, axşamı gətirdin, qarı. Şəb çırağını göndər, ləmpəmizi yandırsın. Əlimizə su töküb, qulluğumuzda dursun.

- Başıma kül, oğul nəticəm, Şərifın ilkini beşikdən aç. Sən də qız, otuzluq ləmpəyə nöyüt tök. Aftafanı doldur. Aftafa az elər, səhəngi silələ. Dediyimə möhkəm-möhkəm əməl elə. Bənövüş balam, dediyimi bərk-bərk yadında saxla...

- Qarı, aşı boyatdın, səbrimizi tükətdin. Hil çiçəyi gəlsin, ləyən gəzdirib, aftafa tutsun.

- Aşınızı qablamışam, suyunuzu rahlamışam. Şərif yoxdu, mən yurdundayam, layığınızı çatdıraram.

- Di, ver gəlsin, bənövüş balam!

***

- Nənə, əppəy istəyiləm.

- Nənən ölsün, qazamatda əppəkmi yapıram?

- Nənən kor qalsın, qalada nənni qurulurmu? Gəl dizimə, gəl qucağıma...

- Yox, bibimin qucuna istəyiləə-əm...

- Bibinə əlimiz çatmaz, evim-eşiyim. Bibin huri-mələk yanında.

- Bibimə, bibimə istəyiləə-əm...

- Bibinə ünümüz yetməz, təknəmin tək əppəyi, bibin cənnət yerində.

- Əppəy, əppəy istəyilə-əm-əm...

- Kəs, yekə kişisən, zar-zar zarıyırsan. Kişi əppəkdən ötrü ağlamaz. Odey, qalaya araba gəlir.

- Əppəy, əppəy...

- Oodey, araba gəlir, qalaya əppək gətirir.

- Hanı, doğrudan araba gəlir. Apar, bir az başını qat, oğul nəticəm.

- Ayabaya, ayabaya mindiy...

- Arabaya bizi yaxın qoymazlar. Görürsən, arabanı boşaldırlar.

- Ayabaya istəyilə-ə-əm...

- Burdan anrı tərpənməyə izin verməzlər. Bax, arabanı boşaldırlar, görürsən?

- Aabaya-a-a...

- Gördün, arabanı boşaltdılar. İndi öküzləri sürəcəklər, bax, öküzlərə bax. Buynuzuna bax.

- Ayabaya.., ı-hı-ıhı-ıı...

- Di get, xəlvət get. Bəlkə gözlərindən iraq düşdün, başları qarışıqdı.

Uşaq getdi. Öküzlərin ayağı altında dolaşdı. Təkərə dırmaşdı. Məhəccəri aşdı. “Əppəy” deyib, torbaları aradı. Tapmayanda yadından çıxıb “ciccu” oynadı. Boş torbaya girib yaşındı. Kimsə arabaya “hov” elədi. Araba tərpəndi. Uşaq qorxub içini çəkdi. Araba taraqqataraq getdi, getdi. Hovha səsinə dayandı. Uşaq başını torbadan çıxardı. Arabaçı arabadan düşüb, dükana girdi. Uşaq gözlədi, gözlədi. Ürəyi darıxdı. Torbadan çıxıb, yerə atıldı. Tökmə daşların üstüylə küçə aşağı sallandı.

Döngədə çay görüb, çaylağa endi. Suya daş atdı. Yorulub daşlıqda yatdı. Yuxuda bibisini gördü. Dizinə dırmaşdı. Bibisindən əppək istədi. Ürəyi sıyrıldı. Əppəy istəyiləəm, əppəy... Əppəy... Ayıldı. Durub ağladı. Suya enib, sudan içdi. Ürəyi sıyrıldı. Əppəy, əppəy... Çaylaqdan çıxdı, əppəy...

- Kimin oğlusan? Burnu bulaşıqsan. Niyə ağlayırsan? Sinən çatladı ki...

- Əppəy... bibimə istəyiləm. Əppəy, nənəmə-ə-ə...

- A gədə, uşaq hanı? Ovuda bildinmi? Başını alladıb, fıkrin azdıra bildinmi?

- Uşaq getdi, nənə. Uşaq asudəliyə çıxdı.

- Nə danışırsan, gədə? Nə asudəlik, hara getdi?

- Qaladan çıxıb getdi. Qaçaq Şərifin oğlu qaladan qaçdı.

- Uşağın başını əkdinmi, gədə? Hanı, vay-hara-a-aay!..

- Dinmə, nənə! Qazamatda böyüməkdənsə, asudə ölmək yaxşıdı. Qoy getsin başının çarəsin qılsın. Atası gəlib tapmır, qoy atasın tapsın.

- Gədə, ağlın azıbmı? Əlçalı körpə...

- Danışma, nənə! Qazamatda boya çatmaqdansa, çöldə gəbərmək yaxşıdı.

- Şərifın əmanətidi, gədə. Əmanətə belə xəyanətmi olar?

- Dillənmə, nənə! Qaçaq Şərifın cocuğudu, qaladan qaçdı.

- Anası doğuş üstə mənə tapşırıb getdi. Mən bu dünyalıq döyüləm, Şərifın əmanətindən muğayat ol, nənə, deyibən keçindi. Belə muğayat oldummu? Belə əmanət saxladımmı?

- Səs salma, nənə! Qaçaq Şərifın toxumudu, qaladan qaçdı. Qazamatda çürüməkdənsə, azadlıqda itib-batmaq yaxşıdı.

- Cocuq qazamatdan qaça, görülən işmidi?

- Cınqırını çıxarma, nənə! Qazamatda qab dibi yalamaqdansa, bayırda can vermək yaxşıdır.

- Bəlkə Tanrının məsləhəti beləymiş? Namxuda Xaliqin buyruğu olmasa, uşaq bu işi tuta bilərdimi?

- Səbrini bas, nənə! Şərif əmim gəlib çıxmasa, mən də qaçacam. Gəlib səni burdan qurtaracam. Ürəyini tox tut, nənə!

- Canavar küçüyü, qaladan qaçmısan? Qaladan qaçan cəzasına çatsın. Üç gün kürsüyə bağlanıb darvaza tirindən asılsın. Gün çıxandan gün batana kimi qaçdığı yollara baxsın.

- Kürsünü çevirib uşağı içinə qoydular. Əlinə-ayağına kündə vurdular. Uşağı dörd yandan kürsünün dörd ayağına kəndirlədilər. Qaldırıb baş tirdən asdılar. Üç gün gün doğandan, gün batanadək uşaq darvaza tirindən yollara baxdı. Yol ayağının altından qaçıb aralandı. Bu damın dalında, o bağın ardında gizləndi. Haçalanıb cığırlandı, dərə aşağı yüyürdü. Saxsı taxtapuşların qırmızısına, gudman bağların yaşılına qarışıb itdi. Düzə çıxıb dörd yana dağıldı. Yollar axdı, axdı. Tökmə daşı uşağın gözünü apardı. Üç gün, gün çıxandan günortaya qədər yollarda uşağın gözünə at, araba göründü. Gələn atlını atasına oxşatdı, yol keçən çarqatlı qızı bibisinə bənzətdi.

- Bibi, bibim əppəy gətiliy...

Üç gün, gün doğandan gün batanadək qarı nənənin qarğışları yeri-göyü qarsıdı. Uc-uca calanıb ərşə dirək kəsildi.

- İliyin qurusun, Şərif! İlkini darvazada görk asdılar, gəlib çıxmadın. Sümüyün sınsın, Şərif! Sonbeşiyini göz dağı asdılar, xəbərin çıxmadı. Ciyərin yansın, Şərif! Təknənin tək əppəyini dara çəkdilər, sorağın çıxmadı. Gün başına döyə-döyə qaldı uşağın, səmirin yoxdu, yox... Sağsansa sağın, ölüsənsə vayın gəlib çıxsın, körpəni kündəyə vurdular... Kündəyə vurdula-a-ar, kəndirə gərdilə-ə-ər... Görülən işdimi, Allah? Çocuq kündəyə vurula, kəndirə çəkilə... Hardadı daşın, Allah?.. Bəbəyin axsın, Şərif, bəbən kəndirə bələndi. Daşın yağsın, Xaliq, gün çağanın başına çaxdı. Ciyərin paralansın, Şərif, ufacığın ciyəri pörşələndi. Daşın ələnsin, Xaliq... Xaliq!..

Üç gün gün günortaya çatanda uşaq kürsüdə özündən getdi. Bayıqlığında bibisini gördü. Bibisi çörək uzatdı. Alıb yeyəmmədi.

- Əppəy istəyilə-ə-əm, əppəy...

Üç gün günortaya çatanda, uşaq kürsüdə bayıldı. Bayıqlığında bibisini gördü. Bibisi milçəklərini qovdu. Milçəklər duman olub daraşdılar.

- Dişədiləy!.., yediləy...

Üç gün günün günorta çağı barmaqlığa sarılıb qarğış tökən qarı bir sarıköynək gördü.

Gün şaxıyanda sarıköynək dimdiyində bal gətirib uşağın ağzına damızdırdı.

Gün qızanda sarıköynək uşağın başının üstə qanadını gərib gün vurmaqdan qorudu.

Gün od tökəndə sarıköynək uşağın at milçəklərini tutdu.

Qarı nənə barmaqlıq dalında köksünü ötürdü.

- Bənövüş balam!.. Bənövüş balam aynasındakı sarıköynəklərə döndü. Əsirgə balamın ruhu cənnət quşuna çöndü. Ey yeri-göyü yaradan, şükür birliyinə!

Barmaqlıq dalında oğlanın çiçəyi çırtladı.

- Qız bibimizdi, ay nənə! Bizi gəlib burada da tapdı.

- Bibinizdi, bala. Burda da bizə həyanlığı çatdı. Başı yellərdən uca olsun, bir belə qədirbilən candı.

Sarıköynək barmaqlığa çırpındı.

- Bənövüş balam, məndən inciməmisən? Nənəm məni güdaza verdi, deyibən zarımamısan? Təqsir məndə olmadı, şahbaz balam. Pis zamana düşdü ərgənliyin. Məndən olmadi, falın bəd gətirdi. Bönövşə falın. Onda demədim, yaman yerdə axşamladı bənövşə bəxtin. Qoca nənənə qızırqanma. Naqisə aftafa tutuban gün işığına baxammazdın. Başıaşağı işıqlı dünyada gəzməkdənsə, sarıköynək olub, yellərdən uca uçman yaxşıdı. Yaraların çox ağrıtdımı, yanıq balam?! Ruhun göylərə calanınca çox göynədinmi, yarımçıq balam?!

Sarıköynək barmaqlığa çırpındı.

Səndən çox razıyam, cüvanəzən balam. Bir sözümü iki eləmədin. Necə demişdim, necə öyrətmişdim, sərasər əməl elədin. Otuzluq ləmpəni yandırıb ortalığa qoydunmu? Qayıdıb aftafa-ləyəni içəri apardınmı? Aftafa az olar deyib, dolu səhəngi daşıdınmı? Mən qapının cəftəsini çaldım. Açar deşiyinə dəlirdim. Ələ suyu dör başdan başlamaq mahnasıyla yanar ləmpəni aşırdığın gördüm. Ortalıq alışıb allandı. Nakişilər gözlərini səndən çəkəmmədilər. Ayılıb əl-ətəkləriylə odu tapdaladılar. Naşı ceyran həyasından ləmpəyə dolaşdı deyibən qaqqıldaşdılar. Aftafanı ordaca qoyub səhəngi qapdınmı, su yerinə içindəki nöyütü başlarına səpdinmi? Aftafaya da bir təpik vurmağınla xıltındakı nöyütü qurthaqurtnan süzdümü? Aman, nə pərvərişdi? Başları dəyyusların yanar lopalara döndü. Pərdi tirinə atlandılar, pəncərə barmaqlığına təpindilər. Qapıya zərb gəldilər, bir-birinə qarışıb tonqal tutaşdılar. Onu gördüm, səni alov sardı. Ayağından başına vardı. Şaqqaşaq ocaq qalandı. Halına güzgüdə qaplanların böyrüşdülər, sarıköynəklərin çığırışdılar. Xonçabuta güllərin qan-yaş töküb əridilər. Çart eləyib çatladılar, part eləyib partladılar. Ciringiltiynən ayaqqatına qapandılar. Bənövüş gözlüm, səndən çox razıyam. Heç səni belə bilməzdim. “Cavandı, ağciyər olar”, dedim. Saçımı yolub, üzümü cırdım. “Gəncdi, donuq qalar”, dedim. Aman, başıma haranın külünü töküm? Yaman dadıma çatdın, əsirgə balam. Yaman başımızı ucaltdın, əsil balam. “Kişiyəm” deyib başına papaq qoyan bir düjün dananı yaman qabağına qatdın. Tanrı yanında da, bəndə yanında da əməlisaleh balam.

Sarıköynək zindanın millərinə dolaşdı.

Belim?.. Belim onda qırıldı. Səni alovda görüb qapını tayladım. Girib balağıma bükmək istədim. Sən nə gəzirdin? Yağı neynirdi? Dam dolusu od-alovdu. Məşəqqət, məşhərdi. Qapı od püskürən əjdaha ağzıydı. Dedim girim xak olum. Mən də sənin kimi odda pak olum. Allahın günahkar quluyammış. Suçum varmış Tanrının yanında. Odda yanıb qeyb olmaq nədi? Dirigözlü yana-yana qaldım, gözüm baxa-baxa, qovrula-qovrula qaldım. Ayağımı atıb əjdaha ənginə girim deyəndə belim cağğ elədi. Oğul nəticəm çığırda-çığırda məni oddan anrı sürüdü. Qoymadı külümsə də komamın yerində qala. Ax, yarıtmaz uşaq, dirigözlü məni yana-yana qoydu. Belim daha dikələrmi? Ayağım qan ayaqladı, gözüm gor gördü! Ağzım yerə dəyə-dəyə gətirdilər məni bura. Belim daha düzələrmi, kösöv olub yanan balam. Ruhu sarıköynək olub uçan, arzu balam, asiman balam!

Sarıköynək özünü barmaqlığa döydü.

Şərifdən xəbərin vardımı? Şərif gəlib çıxmadı. Şərifin başı qeylü-qaldadı. Yoxsa yağı qızırqanardımı? Şərifin məhləsinə ayaq basardımı? Sarıköynək balam, Şərifdən bir xəbər...

Qəza elində söz gəzdi: Qaçaq Şərif on iki kişini damında boğmaladı. Nöyüt vurub yağladı. Od vurub ocaqladı. Əlinin qandalı, ayağının çidarı bacısının boynuna daş bağlayıb, Türyançaya atdı. Evində daşı daş üstə qoymadı, yandırıb yaxdı ki, qaçağa yurd xaltadı.

Qəza əhli soraqladı: Qaçaq Şərifin qoca nənəsi on iki kişini evində odladı? Şərifın gözəl bacısının dalınca gəlmişdilər. Qızı da onlara qatdı. Lopanı otağa atıb, cəftəni çəkdi. Qapını sındırıb çıxan-çıxanı Şərifın tüfəngiylə dənlədi.

Qəza camaatı dil-boğaza qoymadı: Şərifin düşmənləri.., elə öz yoldaşlarıca... malını aparıb, evini odladılar. Şərifin şahbaz bacısı içində yandı.

Qazamat məmuru Şərifin öz adamıdı. Uşağı darvazadan asdı ki, Şərifə xəbər çatsın. Türkün sözü, əhli-əyalın burdadı. Gəl çıx...

Qaçağın evini odladılar, qaçağın bacısı..., qaçağın...

Qaçaq suluftək yasavulu dənlədi. Qaçaq goburnatın..., qaçaq...

Qəza qənşərinə çapar salındı: qaçaq Şərif, üç gündən sonra cümə axşamı ilkindi vaxtınadək divan qabağında bağır basmasan, qoca nənəni, qardaş yadigarını, oğul paranı Sibirə sürəcəyik? Goburnat sözünün üstündə dursa, yaxşıdı hələ. Şərifı alıb, külfətini buraxsa, yekə kişidi elə. Sağdısa gələr...

Meşədə bir atlı çoxdan yol gəlirdi. Mürgü onu aparır, yol qabağına qaçıb pıçıldayırdı.

...Əyrim-üyrüm, qabağına yüyürüm, mənə nə verərsən?

- Məndən alınası bir şey qaldımı?

...Mənə nə verərsən, nə verərsən?

- Üzümdə cığırlarını saldın, saqqalımı tozuna boyadın. Daha nəyim qaldı?

...Əyrim-üyrüm, qabağına yüyürüm, istək olub qarşına çıxsam... mənə nə verərsən?

- Gözümün şooxunu apardın...

...Əyrim-üyrüm, qabağına yüyürüm, imdad olub qarşına çıxsam, mənə nə verərsən?

- Sənə nə?.. Nəyim qaldı?

...Əyrim-üyrüm, əyrim-üyrüm, qabağına yüyürüm, qorxu olub dalına düşsəm, mənə nə verərsən?

- Sənə nə?.. Nəyim qaldı? Cırıq çuxamı, qalan çuxamı... Qabağıma çıxdı, çıxanı talayırsan.

...Əyrim-üyrüm... çidar olub ayağına dolaşsam, mənə nə... mənə..?

- Külfətim qurbanlıq oldu, daha nəyim qaldı verəsi sənə?

...Əyrim-üyrüm..., əyrim..?

- Qabağında öldüyüm, çidarım olub ayağıma dolaşammazsan. İstək olub murad quşunu uçurammazsan. Mən çatdım daha. Dünyanın yolları yoxa çıxdı mənimçün... Mən qaldım. Gedənlərə yoldaş, qayıdanlara qardaş döyüləm mən daha. Axır mənzilimdi qəza qalası.

...Əyrim-üyrüm, əyrim.., qabağına... Qarşına. Əyrim...

At fınxırıb dayandı. Pərələrini dartıb qobunu iylədi. Atlı mürgüdən ayıldı.

Suyu duymusan? Susamısan? Susamışam mən də. Yaman susamışam.

Sızqa bulağın üstə yorğun atlının kölgəsi uzandı.

- Bu su bizi çərlədər, ağrın alım. Bu suyu içsək, ağırlaşarıq, dərdin alım. Mənzil başına da yetib qanı su yerinə axıdammarıq. Külfəti qaladan qaçırammarıq.

Külfəti kəndinə qaytaracağıq... Ay dəyyus! Çaqqal kişi sözü verir. Qulağıma sırğa sırıyır. Külfəti kəndinə qaytaran qoduq külfətin başına o müsibəti açardı? Gədələri bir qıran, özü min kəsər. Sənin rəyini bilməsəydilər, təpərlənib yurduma ayaq basardılar? Ax, müzürlər!.. Nə biləsən?.. Nə biləsən naqisin ağlına nə gələr?.. Gedək, qumral gözlüm. Bir qaşıq qanımızı bu günçün saxlamışıq! Gedək, əvəzini alaq. Külfəti qaytaraq.

Di, tərpən... həh... Yenə tərsliyin tutdu, yeri dırnaqlayırsan. Sən ki ayağını dirədin ha... Allah göstərməsin atın tərsini, arvadın bədəslini. Ay nəfsinin qulu, həəh... həh, deyirəm, ay gödəni gödək qalmış...

Başıalovlu havanı elə sümürürsən, ürəyimin başına köz basırsan. Məni naçar qoyursan, a başı daşlı atım. Sən bu suyu içəsi olsan, qalaya kim çatacaq? Gecəynən yetməsək, gün işığınadək yasavul-yapalağı kim bir-birinə qatacaq? Məni naəlac qoyursan, a səllim qalmış. Sən ki bir içim sudan ötrü havanı elə sümürürsən, elə bil iliyimi içirsən. Bir udum suyu mənə çox görürsən, deyibən atama söyürsən, a miras qalmış.

...Günahdı, vallah. Yağı da axır ayaqda adama istədiyini verir. Bundan o yana nə mən səni görəsiyəm, nə də sən məni. Bəlkə mən öldüm, sən qaldın. İnciyərsən. Məndən incikli qalarsan, incə qardaşım. Qovğa yoldaşım, könül sirdaşım!..

Atdan düşmüş kişiylə kəhərin kölgəsi uzana-uzana bulağın başına yavıqlaşdı. Batan günəşin qürubundan sızqa bulağın gözünə qan damırdı. Dibindəki daşlar yumru-yumru allanırdı. Qarağac pöhrəsi qırmızı suya batıb tumarlanırdı.

Sızqa bulaq, sızıldayırsan? Qan ağlayırsan, yas saxlayırsan. Sızqa bulaq, yaşına isrif elə. Son damla yaşın son damla qanındı. Qurtardı, qurtardın sən də. Gözün qurudu, özün qurudun.

Sızqa bulaq, bəlkə gözü yaşaranım qalmadı. Ardımca damla da olsa atanım olmadı. Bir damla da mənimçün saxla. Dalımca gedər-gəlməzə yolla. Yola çıxanda arxamca su atanım olmasa...

Ay..., ay yasavul. Mən sənə neyləmişəm, a bədbəxt? Üstümə tək çıxanda əlimi tətiyə də atmamışam. Gülləbaran qopartmasanız, bərəmdən sürütək buraxmışam... Ay qansız, nahaq qan tökməmişəm. Mənə qaçaq deyirsiz, qanundan qayir... Əli tüfəng tutmayana tətik çəkməmişəm. Ay divan davarı, qaya dibindən, sıldırım dalından... Xəbərsiz-ətərsiz, suya gələn adamı vurarlar? Su üstündə də adama dəyərlər? Su başında da insana naqəfil güllə açarlar?.. Qardaş qanı alınanda divan qurulaydı, fərman veriləydi gərək, dediniz. Sən divan quyruğu, divansız-fərmansız məni güdaza verdin. Bir goburnat “sağ ol”una o boyda ev yıxdın. Bir çətən külfəti qazamatda başsız qoydun. Ay nanəcib!.. Belə buyruq quluydun, düşəydin üstümə, bacarıb əl-qolumu bağlayaydın, aparaydın böyüyünün üstünə. Belə çox qayda güdəndin, belə ürək-böyrək sahibiydin, qabağıma çıxaydın, əhdimi kəsib, atına yükləyəydin, divan dərgahına yönələydin. Qaya dalından?

...Ax, su!.. Su.., qanım tozu sıyıq elədi. Su, su... Hardasan atım, uçan qanadım? Su, kəhərim... Sızqa bulaq, sənə çatmağa təhərim yoxdu. Su, pörşələndi ciyərim. Sızqa bulaq, ikicə qarış qalıb ağzına çatmağa. Sızqa bulaq, bir udum su... hanı, hardasan, kəhər atım? Gözümdən itdin. Məni qoyub getdin, yel atım? Gecə düşdü. Yatmağa getdin? Yuxu aparır məni də. Aman, yox... Sən yatanda mən gərək oyaq qalım.

...Gecədi?.. Torandı?! Yoxsa səhər açılır? Günə noolub tərsinə çıxır? Kəhər atım, kişnəyirsən? Bəs səsin hanı? Səsin niyə batıb?.. Dünyanın səslərinə noolub, yoxa çıxıb? Ax, su... Bu nə yuxudu aləm qana batıb, lal kəsilib?.. Su. Su içimdə axır. Qulaqlarımdan guhaguh çay keçir. Bir içim su... Mən azarlamışam, nədi? Köhlən atım, təhərim yoxdu, məni çaya çatdır. Ayağını bəri ver. Həh.., di, tutmuşam, sürü məni.I-ıı-ıx... Bir də... Odur, görürəm, çaya. Iıı-ıx... Çaya dedim, arvad cinsi... Güzgü qabağına gətirdin. Çaya... su istəyirəm. Bu bizim güzgüdü. Görmürsən, bir-birinə həyan qaplanları, küsdüm-barış butaları... Ay el, ay oba, bizim at arvaddı. Könlünə güzgülənmək düşüb. Sudan dilim-dodağım paralandı, bunun meylinə güzgülənmək... Ay at, güzgüyə kəllə gələrlər? Güzgünü sındırdın... Güzgünü çatlatdın, sarıköynəkləri qanatdın. Ay arvad at, qanovuz gülləri hara atdın? Qaplanları bir-birinə budatdın. Qönçəli xonçaları qatış-qutuş qaraltdın. Bizim qızın cehizini... Bizim uruğun üz aynasını çilik-çilik etdin.

...Neçə gecə yatmışam? Səhəri açmışam. Günə noolub, günbatandan çırtlayır? Su... Pörtlədi ürəyim. Buradasan? Ürək-dirəyim... kəhər atım? Bu qan hardan sıçrayır? Bir sarıköynək qarağac pöhrəsində oturub qan ağlayır. Yox, su damır. Qan çilənir. Sarıköynək... qan-yaş... Yox, su...

Batan günəşin qürubunda iki kölgə – bir at, bir kişi ağzını bulağa dirəyib sümürdü. Kişinin başından bulağa qan süzdü. Sızqa bulaq eyməndi. Gözünə sıçrayan qandan qorxub suyu çəkildi. Küsdüm-barış buta elində, sarıköynək-qaplan yerində, qanovuz-qönçə məskənində gözü qurumuş bulaq qaldı. Qala içində çərləyən yeniyetmə, qazamat qoynunda böyüyən körpə, qala qəbiristanlığında da donqası düzəlməyən kötücə qarı yaddan çıxıb getdi. Bircə ruhu sarıköynək olub uçan gözəlin ahı kimin üstə düşsə, ətini ürpətdi. Canından üşütmə keçən tələsik “axirətim yadımdadı” deyib, göyə boylandı. Hardansa uçub keçən sarıköynəyi aradı.

# 2642 dəfə oxunub

Oxşar xəbərlər

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

16:00 9 aprel 2024
Brus Li zərbəsi - Qafar Rüstəmovun hekayəsi

Brus Li zərbəsi - Qafar Rüstəmovun hekayəsi

12:00 9 aprel 2024
# # #