Azər - Səmral Həsənov

Səmral Həsənov

Səmral Həsənov

13 dekabr 2022
# 15:40

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Səmral Həsənovun "Azər" hekayəsini təqdim edir.

Qış fəsli idi. Güllə səsləri insanın qulağını iynə kimi deşirdi. Müdhiş gecənin qurbanı olan insanlar çarəsizcə meşənin dərinliklərinə qaçırdı. Qaçhaqaçda nimdaş paltolu ayağı yalın gənc oğlan hara gedəcəyini bilmədən sağa-sola baxırdı. Öz kəndindən dostlarının, böyüklərinin cansız bədənlərini görən Azər donub qalmış yaxınlaşan güllə səslərinin vahiməsi ilə rəngi ağarmışdı. Səslər getdikcə daha da yaxınlaşırdı. Azər tez nəsə eləməsə,sonunun tanıdıqları kimi olacağını çox gözəl bilirdi. Çox düşünmədi, yerdəki qandan öz paltarına sürtdü, üzüstü şəkildə digərlərinin yanına uzandı.Erməni əsgərlərinin ayaq səslərini eşidən uşaq, üzünü torpağa sıxır, əsgərlərin bir an əvvəl uzaqlaşması üçün Allaha yalvarırdı.


Əsgərlər cansız bədənlərə yaxınlaşdılar. Saçı ağarmış üzü qırış-qırış olan qoca erməni əsgəri gənc əsgərlərə tərəf çevrildi, gülə-gülə dedi:

- Ara, görün bu türklər nə qəşəng başı kəsilmiş toyuq kimi sırayla uzanıb.

Gənc ermənilər gülüşməyə başladılar. Uzaqdan gur bir səs gəldi:

- Ara, Karlen köpək oğlu, rədd olun gedin qaçan türkləri də qırın, bunlardan biri də sağ qalsa, onda başı kəsik toyuğu görəssən.

Yekəpər erməni zabitinin vahiməli səsi Karlen və digər ermənilərə sillə kimi dəydi. Bütün əsgərlər digər insanları tapmaq üçün meşənin dərinliklərinə doğru getməyə başladı. Yekəpər erməni zabiti yavaş-yavaş əsgərlərinin arxasınca getməyə başladı, dodağındakı siqareti də ölülərin üzərinə tulladı. Siqaret gəlib düz Azərin əlinin üstünə düşdü. Azərin gözü yaşardı, amma səs çıxarmadı. Üzünü torpağa sıxdı, ağlamadı.


Əsgərlərin tam uzaqlaşdığından əmin olduqdan sonra yavaşca ayağa qalxdı. Qolu ilə burnunu sildi, sağına-soluna baxdı. Meşəni əlinin içi kimi bilirdi. Nə vaxt nadinclik eləsə, ya da zəif qiymət alsa tez meşəyə gələr gizlənərdi, atası onu tapana qədər axşam olar özü də ağacların birinin başınında yatıb qalardı sonra isə gecənin bir qərib çağında atası onu tapar sakitcə evə gətirərdi. Azər buna görə də meşədə heç vaxt itməzdi. Əsgərlərin getdiyi yolun tam əksinə doğru var sürətilə qaçmağa başladı. Gecənin bir qərib çağı evlərinin pəncərəsindən gələn güllənin anasına dəyməsi, meşəyə tərəf qaçarkən atasının güllə ilə vurulması onun gözləri önünə gəlirdi. Gözlərindən yaş axa-axa yaşadıqlarının bir yuxu olması üçün Allaha yalvarır, hər an atasının onu yuxudan oyandırıb, – “Azər, dur gedək evə” –deyəcəyini düşünürdü.


Azər var gücü ilə qaçırdı. Birdən getdiyi tərəfdən də güllə səsləri eşitməyə başladı. Duruxdu, nə edəcəyini bilmədi. Yolunu dəyişdi. Fərqli bir istiqamətə doğru qaçmağa başladı. Güllə səsləri daha da yüksəlməyə başladı. Birdən sanki nəsə oldu, güllə səslərindən başı qarışan uşaq ayağının yeri tutmadığını hiss etdi. “Ana”, - deyə qışqırdı. Yıxılıb, başını daşa vurdu və huşunu itirdi.

Azər gözlərini xəstəxanada açdı.Əvvəlcə qorxdu,ermənilər tərəfindən tutulduğunu düşündü.Sonra divardakı Azərbaycan bayrağını görüb sevindi. Öz-özünə

- “Çox şükür” - dedi.

- Ooo...axır ki, oyandın, balaca.

Azər yavaşca başını çevirib ona tərəf baxan əsgərə baxdı. Əsgər Azərin təəccüblə ona baxdığını görüb güldü:

- Ədə, qorxma.Əsirlikdə deyilsən e, xəstəxanadasan.

Azər hələ də heç nə danışmırdı. Sanki, nələr baş verdiyini hələ də dərk eləmirdi. Müdhiş gecənin zülmətində baş verən faciə hələ də, onun ürəyinə dağ bassa da, oğlan sanki fəryad etməyə çəkinirdi. Əsgər tibb bacısını çağırdı. Otağa üzü nurlu orta yaşlı bir tibb bacısı girdi.

- İndicə oyandı, Şəfiqə xala. Əsgər Azəri göstərdi. Şəfiqə xala yavaşca Azərə yaxınlaşdı.

- Şükür sənə, ay Allah, bu balanı da bizə bağışladın.

“...bu balanı da bizə bağışladın” - tibb bacısı nə demək istəyirdi? Nə qədər uşaq itirmişik ki? Azər öz-özünə düşündü. Uşaqların öldürülməsi hələ də ona çatmırdı. Axı əli silah tutmayan günahsız bir varlıq niyə durduq yerə öldürülür ki? Birdən erməni zabitinin sözü yadına düşdü - “ ...bunlardan biri də sağ qalsa, onda başı kəsik toyuğu görəssən”. Yəni sırf onlara qarşı özümüzü qorumayaq deyə, gələcəyimizi belə məhv etməyə çalışırdılar? Axı bu canicə deyil?

Suallar getdikcə artırdı,amma gənc oğlanın ağlı bu suallara cavab vermə qüdrətinə hələ ki sahib deyildi.

Tibb bacısı həkimi çağırdı. Həkim lazımi tədqiqatları apardı. Həkim yanındakı tibb bacısına tərəf çevrildi:

- Hələ də şokdadır, bir müddət sonra düzələcək.Dediyim dərmanları verin...Birdə ki, de görüm uşağın qohumundan, əqrəbadan kimi var?

Tibb bacısı başını aşağı əydi. Həkim hər şeyi başa düşüb artıq sual vermədi. Yavaşca otaqdan çıxdı. Əsgər yavaşca Azərə tərəf boylandı:

- Balaca,yaxşısan?Bura bax mənim adım Mehdidir...

Azər gözünü otağın bir küncünə zilləyib durmuşdu.Mehdi Azəri ayıltmaq üçün bildiyi tüm məzəli əhvalatları danışır,amma Azərdən bir kərə belə olsun reaksiya gəlmirdi.


Həkimin dediyi reseptdən iynə saatı gəldi. Tibb bacısı otağa gəldi:

- Nə oldu, ay Mehdi, heç ağzını açmadı?

- Yox, Şəfiqə xala, elə bil dilini udub.

- Yazıq uşaq, elə şeylər görüb ki, bu məzlum çağında. Onun dili tutulmasın kimin ki, tutulsun?

Şəfiqə xala ehtiyatla iynəni çıxardı. Ehmalca iynədəki havanı çıxardı, sonra yavaşca Azərin qoluna iynəni vurdu. İynə sanki Azərin damarına yox qəlbinə toxundu. Səhərdən ağzına su alıb oturan uşaq bir anda hönkürüb ağlamağa başladı. Mehdi və Şəfiqə xala bir-birlərinə baxdılar.Heç bilmədilər ki, nə baş verir. Azər hələ də hönkürüb ağlayırdı,ancaq bu sözləri təkrarlayırdı:

- Ana,birdə nadinclik eləmiyəcəm.Ata,birdə zəif qiymət almıyacam.Yalvarıram qaydın...

Uşağın naləsi bütün xəstəxanaya yayılmışdı.Şəfiqə xala ağlamağa başladı,Mehdi başını aşağı əydi.Yan otaqda uşağın naləsin eşidən Həkim divardakı bayrağa baxıb öz-özünə dilləndi:

- Görəsən bizi kimin ahı tutdu? Keçmişinmi, yoxsa gələcəyinmi?

O gün axşama qədər Azər hıçqıra-hıçqıra ağladı. Sonunda ağlamaqdan yorulan uşaq yerindəcə yatıb qaldı.

***

Ağlamaqdan yuxuya keçmiş Azər səhər oyandı.Sanki,ağlamaq məzlum ürəyini çox az da olsa, rahatlatmışdı.

- Sabahın xeyir, balaca- deyə dilləndi Mehdi.Azər ona qarşılıq verdi.Otağa Şəfiqə xala da gəldi.

- Sabahınız xeyir - deyib Azərin çarpayısına yaxınlaşdı. Əlini onun alnına qoydu, sonra dərman verdi.

- Bura bax dünən şokda idin deyə tanış olammadıq, mənim adım Mehdidir, bəs sən?

- Azər - deyə yavaşca dilləndi oğlan.

- Lap yaxşı, tanışlığımıza şad oldum, Azər. Bu sənə iynə vuran xala da Şəfiqə xaladır.

Şəfiqə xala Azərə baxıb güldü və başını salladı. Şəfiqə xala Mehdinin də dərmanlarını verib otaqdan getdi. Azər başını qaldırıb Mehdiyə tərəf baxdı. Onun çarpayısının baş ucunda əsgər geyiminə bənzəyən paltar var idi. Deməli, əsgərdir? Azər birazda diqqətlə baxdı, gözü Mehdinin yaralı ayağına sataşdı. Mehdi Azərin onun yarasına baxdığını görüb dilləndi:

- Ömründə yaralı əsgər görməmisən, balaca?

Azər biranlıq duruxdu. Həqiqətən əsgərə niyə belə diqqətlə baxırdı? Ağlı kəsəndən bəri əsgər olmaq istədiyi üçün? Yoxsa bu mərhəmətsiz dövrdə bizi qoruyanların çəkdiyi əzablar onda bu marağı oyatmışdı?

- Yox görməmişəm - deyə dilləndi Azər. Mehdi oturaq vəziyyət aldı. Azərə tərəf baxıb güldü və dedi:

- Lap yaxşı, ümid edirəm bundan sonrakı ömrün boyu görəcəyin tək yaralı əsgər mən olaraq qalaram.

Mehdinin sözündəki məna Azərə toxundu. Azər Mehdinin gözlərinin içinə baxdı və Mehdinin gözlərindəki kədəri hiss etdi. O, da başa düşdü ki, Mehdinin bu sözü tanrıya ismarlanmış ümidsiz bir yalvarışdan başqa bir şey deyildi. Çünki, zəmanədə məzlumların ahını alan zalimlər varsa, həmin məzlumları qorumaq üçün canını sipər edən qəhrəmanlar da mütləq olmalıdır. Bu acı reallıqla barışmaq Azər üçün çox ağır idi. Axı niyə insan olaraq dünyaya gələn biri,başqa bir insanın zülmətinə yol açar ki? Azər hələ də dərk edə bilmirdi.

***

Günorta idi.Şəfiqə xala sevincək halda otağa girdi.

- Azər balam,sənin arxanca gələn biri var?- deyə dilləndi Şəfiqə xala.

Azərin gözləri güldü,özündən asılı olmadan sevincək qışqırdı:

- Anam,yoxsa atam?

Şəfiqə xala duruxdu. Düzdür, Azər valideynlərini öz gözü qabağında itirmişdi, amma yenə də qəlbindəki son ümid damlası ona belə bir sual verdirtmişdi. Şəfiqə xala Azərin gözlərindəki sevinci nə qədər yox eləmək istəməsə də, yenə də əsl cavabı verməyə məcbur idi.

- Dayın gəlib,-deyə dilləndi Şəfiqə xala. Azər duruxdu, nə deyəcəyini bilmədi. Dayısının kim olduğunu belə bilmirdi. Haqqında bildiyi tək şey Bakıda yaşadığı idi.


Nə atası, nə də anası ona dayısı haqqında nəsə deməmişdi. Öz-özünə - “illərlə xəbər almadığı bacısı oğlunun arxasınca gəlibsə, yəqin ki yaxşı adamdır” -deyə düşündü. Azərin dayısı həkimi ilə birlikdə otağa gəldi.Həkim Azərə yaxınlaşdı və dilləndi;

- Bugün necəsən, Azər?

- Yaxşıyam- deyə dilləndi Azər.Həkim əli ilə yanındakı ağ saçlı, üzündən zəhrimar tökülən qoca kişini göstərdi və dedi:

- Bu kişi sənin dayındır, adı Ayazdır. Sənin üçün gəlib.

Kişi Azərin ağzını açmağa icazə vermədi, xırıltılı səslə dilləndi:

- Yazıq balam, nə günahın vardı axı. Durduq yerdə yetim qaldın.

Ayaz yalançı bir nəvazişlə Azərin başını sığalladı.Həkim və Şəfiqə xala bir-birlərinə baxdılar. Axı anasını və atasını itirmiş məsum bir uşağa belə xitab eləmək nə qədər düzgündür. Bu söz Azərə ağır təsir etsə də, dolan gözlərindən yaş axmasına icazə vermədi. Sanki, son göz yaşını keçən gün axıtdığını və artıq böyüdüyünü isbat eləməyə çalışırdı.Balaca uşaq kişi olmuşdu, çünki artıq yaraları üçün ağlamaq əvəzinə onları sinəyə çəkməyə başlamışdı. Azərin bunu etməyə çalışdığını otaqdakılardan yalnız həkim başa düşmüşdü.

Günorta Azər dayısı ilə bir yerdə xəstaxanadan ayrılmaq üçün hazırlaşdı.Həkimə Azərin dayısına onu tez-tez yoxlanma üçün xəstəxanaya gətirməsini tənbehlədi. Azər dayısı ilə birgə gedərkən həkim Azərin dərdini öz dərdiymiş kimi çəkir,bu bədbəxt uşağın taleyi onu durmadan düşündürürdü.

****

Azərin xəstəxanadan ayrılmasından iki həftə keçmişdi. Dayı həkimə söz verdiyi kimi Azəri tez-tez yoxlanışa aparmaq bir kənara qalsın,sanki düşmən övladıymış kimi ona əzab verirdi. Hər gün sərxoş olan bu adam,öz içkisinin pulunu bu yazıq uşağı işlətməklə çıxarırdı. Orda-burda fəhləlik, ofisiantlıq və.s digər işlər görən yazıq uşağın görmədiyi zülüm qalmamışdı. Gün ağarmamış işləməyə gedər, hər işdən qayıdanda da qazandığı pulla dayısı üçün içki, siqaret və.s ziyanlı məhsullar alardı. Məhlədə onu hər görən başına bir sillə vurardı.Hələ bunlar azmış kimi məhlənin mollasının gözü bu uşağı götürmürdü. Səbəb isə Azərin anasının vaxtı ilə mollaya yox, Azərin atası ilə evlənməyi idi. Ona görə də, hirsini bu yazıq uşaqdan çıxarır, gördüyü yerdə ya söyür, ya da üzünə tüpürürdü. Hətta məhlədə uşağın adına “zinadan olma vələd” deyə söz çıxarmışdı. Yazıq uşaq bunlar azmış kimi, birdə xəstə canı ilə dayısından şiddət görür, gündə bir yeri göyərirdi. Hər gecə çarpayısına girəndə bu günlərin bir gün bitəcəyini düşünür, anası və atasının xatirəsi üçün yaşacağına and içirdi.

****

Azər yenə həmişəki kimi səhər günəş çıxmamış evdən çıxdı. İşə getmək üçün yola düzəldi,amma nəsə halı yox idi. Yerindən durandan bəri öksürürdü. Əvvəlcə fikir vermədi, amma yolda qan öksürməyə başladı. Həkimə getmək istəsə də, dayısının qorxusundan işə getdi. Azər Heydər adlı bir ustanın yanında fəhləlik edirdi. Həydər üzü nurlu, əli qabarlı bir usta baba idi. İşlədiyi hər yerdə yaxşı ad qoymuşdu. Azərlə də divarını düzəltdiyi kafenin həyətində tanış olmuşdu. Həmin kafedə ofisiant işləyən Azər öz fəhləsi xəstələnmiş Heydərə çox kömək eləmişdi. Heydər də bu od parçası uşaqdakı işığı görmüş və ona öz yanında işləməyi təklif etmişdi, Azər də elədiyi işə sevgiylə yanaşan bu ağsaqqalla işləməyə razı olmuşdu.

Yenə həmişəki qayda ilə Heydərin yanına çatdı. Heydər işə ilk dəfə belə gec gəldiyi üçün Azərdən yaxşı olub-olmadığın soruşdu. Azər yalandan da olsa, yaxşı olduğun deyib işə atıldı. Amma Heydər Azərin yaxşı olmadığını hiss edirdi. Divarı tikərkən Heydər Azərə palçıq vedrələrini gətirməsini dedi. Azər öksürə-öksürə vedrələri palçıqla doldurub, Heydərə apararkən ayaqları dolaşdı.Halsız olan uşaq özünü saxlaya bilmədi, qəfildən yerə yıxıldı. Heydər Azərin yerə yıxıldığını görüb onun üstünə qaçdı. Uşağı qolları arasına aldı, əlini alnına qoydu. Azər qızdırmadan yanırdı. Tez işi yarımçıq saxlayıb, Azəri xəstəxanaya apardı.

Heydər yeriməyə belə halı olmayan Azəri taksidən düşürüb qucağına aldı. Azər on üç yaşında olsa da, bədəncə yaşıdlarından çox cılız idi, ona görə də onu qucağına almaq Heydər üçün çətin olmadı. Heydər qucağında Azərlə bir yerdə xəstəxanaya girdi, həkimlərin göstərişi ilə onu çarpayıya uzatdı. Həkimlər Azərə bir neçə dərman və sistemlər etdikdən sonra uşaq yuxuya getdi. Heydər başında gözləməyə başladı. Azərin öz həkimi də bu xəstəxana da işləyirdi, daha doğrusu Heydər Azəri ilk vaxtlar yatdığı xəstəxanaya gətirmişdi. Həkim Azərin çarpayıda uzandığını görüb yaxınlaşdı. Birinci elə bildi ki, dayısı Azəri yoxlanışa gətirib, sonra isə Heydəri görüb məsələnin başqa olduğunu anladı. Onlara yaxınlaşdı. Heydər həkimi görəndə ayağa qalxdı.

- Uşağa baxmağa gəldin, həkim?-deyə soruşdu Heydər. Həkim dedi:

- Salam,narahat olmayın, həkimlərimiz lazımi tədbirləri görüblər. Mən Azərin öz həkimiyəm, amma səhv etmirəmsə siz dayısı deyilsiniz, nələr baş verdiyini izah edə bilərsiz?

Heydər çönüb Azərin solmuş üzünə baxdı,sonra həkimə çevrildi:

- Mən özüm ustayam, Azər də şagirdimdi. Bugün iş vaxtı halı pisləşdi, mən də bura gətirdim.

- Bəs dayısına xəbər eləmisiniz?- deyə soruşdu həkim.

- Dayı? Dayı var orda, a qadan alım? Şərəfsiz beş qram araqdan ötrü bu yazıq uşağı küçələrə salıb. Hələ sən bir bu yazıq uşağın qollarına, ayaqlarına bax. Gömgöydür... Neçə dəfə getdim dayısıyla danışdım ki, “bəs belə olmaz, eyibdir, bu fağır baladan nə istiyirsən?” Hər səfərində min cür söz qoşdu ki, “bəs atası yoxdu atalıq edirəm. Elə edirəm ki, tərbiyəli olsun”. Axrıncı dəfə də üstünə gedəndə, birdə işinə qarışsam uşağı yanımdan alacağıyla hədələdi. Mən də dedim ki, bu zalım hərif bu uşağı götürəcək verəcək özü kimisinin yanına. Gündə təpəqapazlı olacaq. Mən də dedim ki, barı mənim yanımda qalsın həm sənəti olsun, həm də bir az yaşa dolandan sonra da dayısından canını qutarar,-dedi Heydər.


Həkim donub qalmışdı. Nə deyəcəyini bilmirdi. Heç insan da belə murdar iş tutardı. Heç belə bir məsumun qanına girmək olardı? Həkim Azəri əlləri ilə dayısına verdiyi üçün özünü günahlandırırdı.

Aradan 1 saat keçdi ya keçmədi Azər oyandı.Gözünü açanda Heydəri və həkimini gördü. Həkimini görəndə sevinmişdi. Həkim Azərin çarpayısına yaxınlaşdı:

- Özünü necə hiss eləyirsən?

- Yaxşıyam,- Azər dedi. Həkim Azərlə bağlı nəsə etməli olduğunu dərk edirdi. Ona görə də sözə girdi:

- Azər,həkimlər səni müalicə edərkən bədənində göyərmiş yara yerləri görüb. Bunu kim edib?

- Nə...göyərmə...nə olacaq işdə ora bura dəyirəm, həkim əmi.Mən fəhləlik edirəm axı yəqin ona görədir. Daş-qaya arasında işləyəndə elə olur.

Azər yalançı bir gülümsəmə ilə həyatındakı bütün pis şeyləri gizlədə biləcəyini düşünürdü. Həkim dedi:

-Azər, dayını qorumağın üçün bir səbəb yoxdur. Əgər bizə hər şeyi olduğu kimi danışsan səni xilas edə bilərik.

-Yox, dayım heç nə eləməyib mənə. Siz səhv başa düşürsünüz. O, mənim böyüyümdür, o, nə deyir, o da olmalıdır. Həkim Azərin sözlərindəki qorxunu hiss eləmişdi. Ona görə də uşağa gerçəkləri dedirtməzdən əvvəl ona qoruna biləcəyi bir liman verməliydi.

Həkim Heydərlə danışdı, Azər həkimlə qaldı. Həkim Azərin uşaqlığının paramparça olduğunu bilirdi. Ona görə də, işdən sonra onu özü ilə bərabər bulvara apardı. Azər ömründə ilk dəfə belə bir yer görürdü. Həm yaşıdları ətrafda əylənirdi, hamısının üzü gülürdü. Azərin gözləri gülürdü. Həkim Azərin gözlərinə baxanda, gözlərin sevincində boğulmaq istədi. Azər və həkim bulvarı başdan sona gəzdi, bulvardakı bütün maraqlı atraksiyonları sınadılar. Günün sonunda həkim Azərə dondurma aldı. Azər həyatında ən son atası və anası ilə birgə olanda belə sevincli idi. Onları itirdikdən sonra birdə belə bir xoşbəxtlik hissini yaşaya bilməyəcəyini düşünürdü. Eynilə, həkim də Azərlə bərabər öz uşaqlıq illərinə qayıtmışdı. Bu gecə onların hər ikisi üçün də çox özəl idi. Amma gecənin sehri içi kin dolu bir qışqırıq səsi ilə bir anda puç oldu.

- Azər,-deyə qışqırdı Ayaz.Azərin rəngi dayısının səsini eşidən kimi qaçdı. Həkim və Azər arxalarına çevrildi. Ayazın iki polislə bərabər onlara tərəf gəldiyini gördülər. Ayaz qaça-qaça onların yanına gəldi. Azərin əlindən tutdu və onu sıxdı. Həkim Ayazı dayandırmaq istəsə də, polislər ona imkan vermədi.

- Bəli,budur mənim balamı qaçırdan, əclaf,- deyə bağırdı Ayaz.

- Səhv edirsiz, o adam Azərə xətər yetirir. Məni yox onu tutmalısınız,-deyə çırpınırdı həkim. Azər polislərə qarşı çıxmaq istəsə də, dayısı onu dayandırdı və qulağına tərəf əyildi:

- Əgər, həkimin tutulmağın istəmirsənsə, kəs səsini!

Azərin dili tutuldu. Həkim Azərin qorxusunu duydu. Üzünü polislərə tutdu:

- Baxın, bu adam bu uşağa xəsarət yetirir. Məni yox onu tutmalısınız.

Amma sözlər polislərə kar etmirdi.

- Cənab Rəsul Məmmədov, siz bizimlə bölməyə qədər gəlməlisiniz. Xahiş edirik, müqavimət göstərməyin.

- Balamı qaçırmağı bəs eləmir, hələ mənim kimi bir adama da şər atır. Gəl, oğul, gedək,-dedi Ayaz. Azərin əlindən tutub evə apardı. Həkim onların arxasından baxmaqdan başqa heç nə edə bilmədi.

****

Azər Ayazla evə gəldi. Həmin gecə Ayaz Azəri öldürməkdən betər etdi. Bununla qalmayıb onu Heydərin yanından alıb, bir kafeyə işçi qoydu. Həkimsə bölmədən çıxandan sonra Azəri xilas etmək üçün aidiyyatı olan bütün qurumlara müraciət etməyə başladı. Həkim hər gün Azəri xilas etmək üçün yollar axtarırdı. Amma Ayazın yuxarı qurumlarda işləyən çox “qohum-əqrəbası” olduğu üçün, bəxti heç gətirmirdi.

****

Bir gün Azər həmişəki kimi işdən evə gəlirdi. Pulu az idi, ona görə də yemək üçün heç nə ala bilməyəcəkdi. Əslində istəsə alardı, amma alsa içki və siqaretə pul qalmaz bu da dayısının xoşuna gəlməzdi. Məcbur bu gecə aclığa dözməliydi. Azər döngə də molla ilə qarşılaşdı. Molla bu fağır uşağı görəndə cin görmüş kimi oldu. Uşağın üzünə tüpürdü və onu itələdi.

- İtil murdar, itin oğlu,- deyə molla qışqırdı.

Azər tutuldu, gözləri mollanın gözlərinə tutuldu.”itin oğlu?”düzdü Azər çox döyülmüşdü, hətta adına çoxlu pis söz də çıxarılmışdı, amma heç kim indiyə qədər onun gözünün içinə baxıb atasına söyməmişdi. Molla Azərin bu hissiz baxışlarından çəkindi, çünki indiyə qədər döyüb söydüyü uşaq əvvəlki kimi qorxuyla baxmırdı, əksinə bu səfər molla bir az qorxdu. Amma yenə də bunu bildirmək istəmədiyi üçün qışqırdı:

- Gözünü gözümə nə dirəmisən, ə tərbiyəsizdən doğulma?

Azər heç nə eşitmircəsinə gözünü hələ də mollaya dirəmişdi.

- Geri al...sözünü geri al, - Azər asta səslə dilləndi və yumruğunu sıxdı. Molla Azərin üstünə yeridi. Azərin uzun müddətdir hamıdan gizlətdiyi emosiyalar biranda partladı. Özünü ələ ala bilmədi, yerdəki daşı götürüb mollanın başına çırpdı. Nə olduğunu anlamadı.B irdə gördü ki, əlləri qanlar içindədir, başını qaldırıb məhlədə kiminsə olub olmadığını yoxladı. Əlindəki daşı yerə atdı və evə tərəf qaçmaq istədi amma evə getsə dayısı tərəfindən döyüləcəyini bilirdi ona görə də evə qayıtmadı.

****

Həkimin bəxti sonunda gətirməyi bacarmışdı, Azər üçün elədiyi müraciətlər nəticə verməyə başlayırdı. Həm bu şad xəbəri vermək, həm də Azərə baş çəkmək üçün onun yanına getməyi qərara aldı. Axşamüstü işdən çıxıb Azərin yaşadığı məhləyə getdi. Məhləyə girər-girməz bir neçə nəfərin uzaqda toplaşdığını gördü. Toplaşanların içində Azərin dayısını da görüb oraya yaxınlaşdı. Ayaz həkimi görəndə aradan çıxmaq istəsə də, həkim onu saxladı.

- Salam, Ayaz bəy, - deyə Ayazı tutdu. Həkim sözə başlamamış yerdə yatan mollanın bədənini gördü. Tez həkim olduğunu bildirib mollanın yanına keçdi, molla ölməmişdi.

- O bərk-bərk mənə tapşırdığın, köpək oğlu, gül kimi kişini az qala öldürəcəkdi,- Ayaz günahkarmışcasına həkimi acıladı.

Həkim eşitdiklərinə inana bilmədi. Ayağa qalxdı düz Ayazın qarşısında dayanıb,gözlərini Ayazın gözlərinə zillədi.Qəfildən Ayaza bir sillə vurdu.Ayaz çaş-baş qaldı. Həkim qışqırdı:

- Sənə bacından qalan əmanəti qorumaq əvəzinə ona günahlandırırsan? Heç utanmırsan? Hardadır,Azər?

Ayaz xırıltılı səslə dilləndi:

- Bilmirik,qorxub qaçıb...

- Qorxub? O uşaq qorxduğu üçün yox, yaşadığı bədbəxt həyatdan qurtulmaq üçün qaçıb. O balaca uşaq səndən daha kişidir,-həkim Ayazın sözünü kəsdi.
Həkim getdikcə narahat olurdu.Axı bu uşaq hara gedərdi ki?İstədi ki,camaatla bir yerdə onu axtarsın.Amma buna ehtiyac olmadan bir uşaq gəldi.Qaça-qaça gəlib Ayazın qabağında durdu.

- Ayaz əmi,Azəri tapıblar,-dedi.

Həkim Ayazdan əvvəl reaksiya verdi. Uşaqdan Azərin harda olduğunu soruşdu. Uşaq onları Azərin yanına apardı.Həkim Azəri yenidən görəcəyi üçün çox sevincli idi. Bu dəfə vətənin xalqa əmanət elədiyi bu məsum varlığı qoruma vəzifəsini öz üzərinə götürəcəkdi.Həkim gəlib çatdı, amma gördükləri qarşısında donub qaldı. Bir yük maşını küçənin ortasında saxlamış, yanında da iki-üç nəfər dayanmışdı. Sürücü dayanmadan“mən eləmədim, qəfildən yoluma çıxdı” çıxdı deyə-deyə ağlayırdı. Həkimin gözləri Azərin yerdə yatan bədəninə zillənmişdi. Həkim yavaşca Azərin bədəninə yaxınlaşdı. Onu qolları arasına aldı. Onun nəbzini yoxladı.Həkimin gözündən yaş süzüldü.Həkim hıçqıra-hıçqıra ağlamağa başladı. Səhərisi gün Azəri dəfn elədilər. Dəfndə həkim Rəsul və usta Heydərdən başqa heç kim yox idi.

Allah bu dünyanın murdarlığından günahsız Azəri azad etmiş və onu çox sevdiyi ailəsinin yanına aparmışdı. Azər sonunda bu bədbəxt həyatdan xilas olmuşdu.


# 2101 dəfə oxunub

Oxşar xəbərlər

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

16:00 9 aprel 2024
Brus Li zərbəsi - Qafar Rüstəmovun hekayəsi

Brus Li zərbəsi - Qafar Rüstəmovun hekayəsi

12:00 9 aprel 2024
# # #