Azərbaycanın gələcəyini yola verən müəllimlər

Allahverdi Həsənov

Allahverdi Həsənov

28 iyun 2022
# 11:20

Kulis.az Allahverdi Həsənovun “Azərbaycanda tələbə olmaq” adlı yazısını təqdim edir.

Hər bir ölkədə sosial aktivliyi, akademik azadlıqları, fəaliyyəti ilə birgə tələbə həyatı var. Azərbaycandakı tələbə həyatı da çox maraqlı, absurddur.

Əvvəlcə bu suala cavab vermək lazımdır. Azərbaycanda tələbə olmaq nə deməkdir, bu hadisə bir gənc üçün nələri ehtiva edir ? Mən 4 il Azərbaycanda tələbə olmuş gənc kimi deyə bilərəm ki, Azərbaycanda tələbə olmaq Azərbaycanda hərbi xidmətdə olarkən sürücülük vəsiqənin olması ilə eyni hadisədir. Hər ikisi cansıxıcı, boz bir prosesin başlanğıcıdır. Hər iki prosesin başlanğıcında çox sevincli olsanız da, tezliklə sizə təhkim edilən maşından, gördüyünüz ilk müəllimdən sonra həvəsiniz qursağınızda qalacaq.

Azərbaycanda tələbə olmaq istəyənlərə, olacaqlara bir şeyi əminliklə deyə bilərəm. Hər biriniz “Paris Sindromu” ilə üzləşəcəksiniz. İkinci dünya müharibəsindən sonra Yaponiya şovinizmdən imtina edir, demilitarizasiya edilir, yaponlar yavaş-yavaş sivil dünyaya açılır. Dünyaya açılan yaponların əsas arzusu isə Parisə səfər etmək idi. Bu şəhər onlar üçün möcüzəvi idi. Lakin Parisə səfər edən yaponlar tamam başqa bir mənzərə ilə rastlaşır. Hər tərəfi narkotik tacirləri, ölümcül xəstəliklərin dolaşdığı fahişəxanalar, küçələrdə terror əsdirən cibgirlər, oğrular ordusundan ibarət bir bataqlıq onları kifayət qədər ciddi şəkildə məyus edir. Bax budur Paris sindromu, hansı ki hər bir Azərbaycanlı tələbə bu məyusluğun nə olduğunu tezliklə çox gözəl biləcək.

Mən universitetə qəbul olduqdan sonra 16 yaşlı ağlımla düşünürdüm ki, universitetim meşəlikdə yerləşir, uzunsaçlı oğlanlar, qızlar (hippi tərzli) gitara ifa edib əylənirlər, çox geniş, böyük bazalı bir kitabxana var, orada bütün gün araşdırmalar edəcəm, tələbkar, eyni zamanda da tələbini başa düşən müəllimlərə rastlaşacam. Ora böyük bir cənnətdir…

Lakin rastlaşdığım mənzərə bu idi:

Həbsxana təsiri bağışlayan, hər tərəfi ağ mərmərlərdən ibarət olan, cümhuriyyət dönəmindən qalmış bir bina. Birinci kursda tanış olduğum müəllimlər heyəti də çox maraqlı, rəngarəng personajlar oldu. Daima qadın-kişi münasibətlərindən danışan bir qadın müəllim indiki kimi yadımdadır. O müəllim seksual münasibətləri barədə Ziqmund Freyddən də yaxşı mühazirələr deyirdi, lakin çox təəsüf ki, bu söhbətlərin onun fənni ilə uzaqdan yaxından əlaqəsi yox idi.

Bundan əlavə, əvvəllər restoran işlətmiş, lakin indi ali təhsil ocağında dərs deyən müəllimim də vardı. O çox miskin bir insan idi, xarici görünüş cəhətdən Lütfəli Abdullayevdən elə də fərqlənmirdi. Bu adam sanki sovet dönəmindən zaman maşını ilə birbaşa bizim sinifə teleportasiya olmuşdu. Bir dəfə mənimlə dərdləşəndə demişdi ki:

“Sən Allah, mənə elmi suallar vermiyün, mən kafe işdədən adam olmuşam, Sovet vaxtı bizə zambağ deyirdilər, peşəmiz budu də. İndi də stajım yazılsın deyə burdayam, siz Allah yola verin dənə”.

Mən tələbəlik illərinin verdiyi ultra etriazçı ruhla bu adamla həmişə öz aləmimdə məzələnir, burada necə yolaverdi işləməsindən şoka düşürdüm. İllər sonra anladım ki, Azərbaycanda bütün sahələrdə, hətta təhsil kimi strateji əhəmiyyəti olan sahədə də yolaverdi işləmək, necə deyərlər Azərbaycanın gələcəyini yola vermək də mümkündür, özü də bunu utanmadan, arlanmadan etmək olar, hələ özünü ziyalı kimi təqdim edib, 2-3 bayağı verlişə çıxa, hörmət qazana da bilərsən.

Restoran işlətmiş, sovet adamı olan müəllimim əslində aran rayonlarının birində məhz öz işində qalsa çox uğurlu bir adam olardı. Bu adam yaxşı arağı, pivəni, pitini, kababı dəqiqliklə seçirdi, zər qədrini bilən zərgərlərdən idi. Lakin cəmiyyətin təzyiqi ilə baş vermiş hansısa səbəbdən o günlərdə bizi orada bədbəxt edirdi.

Sosial həyata gəldikdə isə vəziyyət heç ürək açıcı deyildi. Bu işlərə tələbə gənclər təşkilatları baxırdı. Çox təəsüf ki bu təşkilatlar, gənclərin nə istədiyini bilməyən insanlar idi. Aralarında tələbələr də az idi bu analoqu olmayan təşkilatların. Bu təşkilatların keçirdiyi, bu günə kimi yadımda qalan yeganə tədbir universitetdə Səfa Mehdinin tədbiri olub, o tədbirdə seksual münasibətlər üzrə ekspert olan müəllimim ən ön sıralarda idi.

Ümumiyyətlə dörd tərəfi ağ mərmərlərdən ibarət olan, şəhərin boz, sıxıcı həyatı ilə vəhdət içində olan universitetdə tələbə həyatının sıfıra bərabər olması kifayət qədər təbiidir.

Azərbaycanlı tələbələrə tövsiyəm budur ki, 4 il ağsaqqal-ağbirçək məsləhəti eşitmək, ağ mərmərlərdən çıxan tozlardan boğulmaq istəmirlərsə xaricdə təhsil alsınlar.

# 2629 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #