“Faşizm qadın və kişi arasındakı münasibətdə başlayır…” - İngeborq Baxman

“Faşizm qadın və kişi arasındakı münasibətdə başlayır…” - İngeborq Baxman
17 oktyabr 2025
# 12:00

17 oktyabr tanınmış avstriyalı yazıçı İngeborq Baxmanın anım günüdür.

Kulis.az bu münasibətlə ədibin həyatı, yaradıcılığı haqqında maraqlı faktları və onun əsərlərindən fikirləri təqdim edir.

20-ci əsr Avstriya ədəbiyyatının ən önəmli qadın şair və yazıçılarından biri sayılan İngeboqrq Baxman (İngeborg Bachmann) yalnız poeziyası və nəsri ilə deyil, həm də fəlsəfi dərinliyi və şəxsi həyatı ilə oxucuların yaddaşında iz qoyub.

O, 1926-cı ildə Avstriyanın Klagenfurt şəhərində doğulub.

1945–1950-ci illərdə İnsbruk, Qrats və Vyana universitetlərində fəlsəfə, hüquq, psixologiya və alman filologiyası üzrə təhsil alan Baxman, Haydegger və Vittgenşteyn fəlsəfəsi üzərində ixtisaslaşır.

Onun “Martin Haydeggerin varoluş fəlsəfəsinin tənqidi araşdırması” adlı doktorluq işi ilə fəlsəfədə dərin elmi irs kimi qəbul edilir.

Baxmanın ilk şeirləri 1948–49-cu illərdə yayımlanır. 1953-cü ildə "Təxirə salınmış zaman" ("Die gestundete Zeit") 1956-cı ildə isə "Böyük ayıya çağırış" ("Anrufung des Großen Bären") adlı iki şeir kitabı çap olunur.

Şeirlərində müharibənin yaraları, insan münasibətləri və daxili dünyaların uçurumu öz əksini tapır.

İsveçrəli yazıçı Maks Friş ilə yaşadığı çətin və zədələyici münasibət Baxmanın həyatında dərin iz buraxır.

Bu dövr onun psixoloji vəziyyətinə və ədəbiyyatına birbaşa təsir edir.

1971-ci ildə yazdığı və yeganə romanı olan “Malina” bu çöküş dövrünün bədii inikasıdır.

Romanda insan münasibətlərindəki zorakılıq və görünməyən “faşizm” kəskin şəkildə tənqid olunur.

Roman “Bu, bir cinayət idi” ("Es war Mord") cümləsi ilə bitir - sanki müəllifin faciəli ölümünü qabaqcadan xəbər verir.

Yuxu dərmanlarından asılı vəziyyətə düşən Baxman, 1973-cü ildə Romadakı evində siqaret səbəbilə baş verən yanğında ağır yanır.

Bir ay sonra, 17 oktyabr 1973-cü ildə, aldığı yaralardan dünyasını dəyişir.

Onun bir şeirində dediyi kimi: “Mən isə təkbaşına yatırdım, yaralarımla, buzdan tikanların içində…”

Baxman təkcə şeir və romanla kifayətlənmir. Radio üçün yazdığı üç önəmli pyesi sevgi, qurban və insan tənhalığını dərin fəlsəfi çərçivədə araşdırır.

Bu əsərlər sonradan “Hörspiele” adı altında bir kitabda toplanır.

Baxmana görə, insan, sadəcə xəstəliklərdən deyil, “ona edilənlərdən” ölür. Bu yanaşma onun bütün yaradıcılığına nüfuz edir.

***

Kitablarındakı fikirlərindən seçmələr

“Faşizm qadın və kişi arasındakı münasibətdə başlayır…”

“Gerçək müharibə həmişə adı sülh olan müharibənin partlaması ilə başlayır…”

“Tarix öyrədir, amma onun tələbələri yoxdur...”

“Bir düşüncə qədər yaxın olmağıma icazə ver.”

“Vacib olan təkcə danışmaq deyil, mən sənin yanında səssiz qalmaq da istəyirdim...”

“İnsan ya heç oxumamalıdır, ya da həqiqətən oxumağı bacarmalıdır...”

“Sizə dəhşətli bir sirr açacağam: Dil - cəza deməkdir.”

“Baxışlarını qaldır, amma mənə baxma…”

“...Çünki bir-birimizə dediyimiz sözlərlə, əslində demək istədiklərim arasında bir hava boşluğu var...”

“Guya bu müasir dünyada, görünüşcə mədəni davranan insanlar arasında əslində daimi bir müharibənin hökm sürdüyündən şübhə edirsiniz? İnsanların bir-birini yavaş-yavaş öldürdüklərinə inanmırsınız?”

“…Çünki insan oğlu qaranlıq bir varlıqdır, yalnız qaranlıqda özü-özünün ağasıdır və gün işığında yenidən köləliyinə qayıdır.”

“Cəmiyyət düşünülə biləcək ən qanlı arenadır. Bu arenada, çoxdan bəri bu dünyanın məhkəmələrinə əbədi olaraq qapalı qalan, inanılmaz cinayətlərin toxumları ən asan şəkildə səpilmişdir.”

“…Amma içimdə bir şeyə qarşı yazdığım hissi vardı. Daim varlığını qoruyan terrora qarşı. Çünki insanın həqiqi ölümü xəstəliklərdən deyil, insanın insana etdiklərindəndir.”

“İvan gecə soruşur məndən: Niyə yalnızca "Ağlama divarı" var, niyə bu günə qədər heç kim ‘Sevinmə divarı’ inşa etməyib?”

“O qədər zəngin bir yanılqı içində yaşayırıq ki, heç kim başqasına və ya hakimiyyətə qarşı səsini qaldırmır. Xarici dünyada digər insanların bizi iflic etmələri də buna görədir; çünki onlara müəyyən hüquqlar verilir, ya da bu hüquqlar onlardan alınır və ya əsirgənir və çünki bu insanlar hüquqları olmadan bir-birlərindən daima bir şeylər tələb edirlər.”

“Bəzən məndən soruşdular ki, niyə içində hər şeyin yaxşı olacağı utopik bir ölkəni, utopik xarakterli bir dünyanı təsəvvür edirəm. Yaşadığımız gündəlik həyatın iyrəncliyi nəzərə alındıqda, bu sualı cavablandırmaq ziddiyyət yarada bilər, çünki bizlər, bu gün əslində heç nəyə sahib deyilik. İnsan, ancaq maddi şeylərin fövqündə bir şeylərə sahibdirsə, varlıdır. Və mən bu materializmə, bu istehlak cəmiyyətinə, bu kapitalizmə, burada baş verən bu dəhşətə, bizim boynumuzdan yaşamağa haqqı olmayan bu insanların zənginləşməsinə inanmıram. Həqiqətən inandığım bir şey var və mən buna “bir gün gələcək” deyirəm. Və həsrətini çəkdiyim şey – bir gün gələcək. Bəli, bəlkə də gəlməyəcək, amma mən yenə də gələcəyinə inanıram. Çünki əgər inanmırsamsa, artıq yaza bilmərəm.” (Baxman bu yazını ölümündən dörd ay əvvəl yazmışdı.)

# 192 dəfə oxunub

Oxşar xəbərlər

"Onların böyük mətnlər yaratmağına mütilikləri imkan vermədi!"   - Səksənincilər niyə kölgədə qaldılar?

"Onların böyük mətnlər yaratmağına mütilikləri imkan vermədi!" - Səksənincilər niyə kölgədə qaldılar?

14:00 17 oktyabr 2025
"Səksənincilər məişətə məğlub oldular..." - Bu yazıçılar niyə "itkin nəsil" sayılır?

"Səksənincilər məişətə məğlub oldular..." - Bu yazıçılar niyə "itkin nəsil" sayılır?

12:05 16 oktyabr 2025
“Gündəmlə bağlı nəşrlərin uçqunu altında əzilərkən..."  -  Beyin rahatlığını haradan tapaq?

“Gündəmlə bağlı nəşrlərin uçqunu altında əzilərkən..." - Beyin rahatlığını haradan tapaq?

10:30 15 oktyabr 2025
Ruhun ikili səcdəgahı: İman və Eşq

Ruhun ikili səcdəgahı: İman və Eşq

10:00 14 oktyabr 2025
"Müəllif qəhrəmanın travmatik əzablarını dərinləşdirsəydi..." - Elnarə Akimova

"Müəllif qəhrəmanın travmatik əzablarını dərinləşdirsəydi..." - Elnarə Akimova

15:00 12 oktyabr 2025
Macar yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

Macar yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

15:20 9 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər