Avtobusda yer üstündə ana-bacı söyüşü söyənlər

Avtobusda yer üstündə ana-bacı söyüşü söyənlər
20 may 2022
# 17:00

Kulis.az Allahverdi Həsənovun “İctimai nəqliyyatda təkamül nəzəriyyəsi” adlı yazısını təqdim edir.

Azərbaycanda ən ekzistensial, ən mistik, elmə, bəşəriyyətə məlum olmayan ən qeyri-adi hekayələr, söhbətlər birmənalı olaraq ictimai nəqliyyatda baş verir. İctimai nəqliyyatda baş verən prosesləri şərh etmək, orada gördüklərini analiz etmək, bəlkə də, bu dünyada ən çətin proseslərdən biridir. Hər gün metro və avtobuslarda sosial darvinizmə şahid oluruq.

Bu ali proses ilkin olaraq avtobus (və yaxud metro) dayanacağında başlayır. Avtobus dayanacağa çatdıqda isə əsl faciəvi komediya başlayır. Bu gərgin anlarda dayanacaqda olan insanlar avtobusu Nuhun gəmisi kimi görürlər. Hər kəs bir-birini itələyir, döyür, qışqır-bağır, ağız deyəni qulaq eşitmir, ara qarışır məzhəb itir, hər tərəf toz torpaq olur. Bu gərgin anlardan sonra 150 kiloluq, buxağı qarnına qədər sallanmış, çox əsəbi, hamını döyməyə hazır, qan-tər tər içində bir xala və yaxud dayı hamını itələdikdən sonra avtobusa daxil olur. Təbii ki, bu xala və yaxud dayı heç bir vaxt kartdan istifadə etmir, geri çönərək, kiminsə əlindən kartını alıb aparata sərt şəkildə vurur.

Sonra yüksək sürətlə avtobusda yer tutmaq uğrunda mübarizə başlayır. Burada əsl qiyamət gününü görə bilərik. Sözün əsl mənasında ana balanı bala ananı tanımır, məmə deyəndən pəpə yeyənə qədər hər kəs bu müqəddəs yer tutmaq uğrunda mübarizədə fəal şəkildə iştirak edir. Kişi xeylaxları xüsusən arxa yerlər üçün mübarizə aparır. Hətta bir dəfə arxa yerdə oturmaq üçün iki kişinin bir-birinə ana, bacı, var-yox söyüşü söydüyünü, bir-birlərinin ağzını burnunu al qana buladıqlarını görmüşəm.

İctimai nəqliyyatdan istifadə edən gənclər, xüsusən Z generasiyası üçün önəmli tövsiyərlim olacaq. İlk növbədə onu qeyd edim ki, əgər introvert xarakterə sahibsinizsə ictimai nəqliyyatdan, ümumiyyətlə, imtina etməyinizi, işə və yaxud məktəbə piyada və ya velosipedlə getməyiniz məsləhətdir. Əks təqdirdə metro və avtobuslarda qurulmuş ağsaqqal-ağbirçək diktaturasına hazır olun. Mən bu “underground” rejimə hətta totalitar sistem deyərdim.
Yox, əgər ictimai nəqliyyatdan istifadə etməyiniz zəruridirsə onda qırğınlara, qeybətlərə, itələnməyə, söyüşə, kinayə dolu baxışlara indidən özünüzü hazır edin. Ümumiyyətlə, sizi niyə hazır edirəm ki? Onsuz da, bunları hər səhər görür, eşidirsiniz.

Xüsusən də işdən və ya məktəbdən yorğun gəlib avtobusda-metroda özünüzə bir yer tapdıqdan sonra yaşlı bir xalanın baxışlarını öz üzərinizdə duyur, iliklərinizə qədər hiss edirsiniz. Bu an, bəlkə də, bir insan üçün ən çətin anlardan biridir, insanın həll edə bilmədiyi dilemmalarda ən ciddisidir. Bu anda gənc düşünür:

“Görəsən, yer verim? Verməsəm ayıb olar, çünki avtobusda böyüyə yer vermək bizim ən ciddi əxlaq kodeksimiz, milli-mənəvi dəyərimizdir. Yol verməsəm mənim və ailəm üçün pis olar, axı hər bir adam öz ailəsindən aldığı tərbiyəni nümayiş etdirir. Amma bir yandan da çox yorğunam, ikimiz də eyni pulu vermişik, onun uğuru və üstünlüyü sadəcə məndən 20 il əvvəl doğulmasıdır. Mən indi necə eləyim, başımı hansı daşa döyüm?”.

Bu anlarda isə artıq yaşlı xala hərəkətə keçərək, gəncin yanında əyləşən, dünyada gedən qlobal istiləşmənin təsiri ilə aram-aram tərləyən başqa bir yaşlı, ahıl qadın ilə dialoqa start verib:

“İndiki cavannarda heş tərbiyə qalmıyıb, adamı görür at kimi kişniyir, telfunla oynuyur, heş demir ki bu ağbirçəyə yol verim, buna bax, elə bil heç bu boyda adam danışmır burda. Mən sovet vaxtı əlimnən pampıx yığırdım, bunnar eləcə telfunla oynasın”.

Bu dialoq artıq faydasını verir, vicdan əzabından məhv olmuş gənc, nəhayət ki, öz mövqeyini bu xalaya verərək ayaq üstə dayanır. Amma məsələ bununla da bitmir, əziz oxucular. Əgər ictimai nəqliyyata çanta ilə daxil olsanız bu insanlar bütün döyüş fəndlərini sizə tətbiq edəcək, hələ, üstəlik, bir narazılıq da edəcək ki, bu niyə çanta ilə minib bura?

Qeyd edim ki avtobusda özündən 2-3 yaş belə olsa yer vermək, ona baş əymək illərdir arqument kimi avropalılar, yaponlar, koreyalılar, ərəblər önündə istifadə edilir. Ola bilər bu millətlər elm və texnologiya sahəsində uğur əldə edə bilər, mədəniyyət sahəsində şedevrlər yarada bilər, lakin biz dünyanın ən praqmatik, ən proqressiv xalqı olaraq böyüklərə yol veririk, inkişaf isə sonranın işidir.

Baxın, mən düşünürəm kimi bizim xalq, cəmiyyət təbiət etibarı ilə liberal, rəqabəti sevəndir. Bir boş yer uğrunda az qala canını fəda edecək insanlar, iqtisadi, elmi, mədəni sahədə sağlam rəqabət olarsa, nələr etməz, ümid edirəm ki, biz bu rəqabəti gələcəkdə digər sahələrdə də görüb, eşidib, şadlanarıq.

# 20104 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #