7600 manatlıq Həccə gedən nə qədər müsəlmandır?

7600 manatlıq Həccə gedən nə qədər müsəlmandır?
27 yanvar 2017
# 12:45

Mirmehdi Ağaoğlu

Bu il Həcc ziyarəti 7600 manata başa gələcək. Dəhşətli rəqəmdir, oxuyanda adamın gözləri bərəlir. İlk baxışdan ağla gələn budur; Ay aman, bizim Allah nə bahalı Allah imiş. Bu qiymətə də ziyarətinə getmək olarmı?

Buna rəğmən o pulu verib bu il də Həcc ziyarətinə gedənlər tapılacaq. “Həci” olmuşların çoxuna fikir verəndə bu qərara gəlirsən: Hər şeyi pulla almağa öyrəşmişlər mənəvi təmizlik “zəvvarlığına” çıxmaqdan qorxanlar, özlərini ovundurmaq üçünmü, ya ətrafdakılara nə qədər marka bir dindar olduqlarını sübut etmək üçünmü o pulu verib gedib “Həci” adını alacaqlar. Heç nəyə baxmadan. Yaşadıqları ölkəyə, camaata, qonşularına, qapını təpikləyən böhrana...

Qabaqlar Həcc ziyarətinə getmək ölümə bərabər səfər idi. Yol uzaq, nəqliyyat vasitəsi at-eşşək-dəvə-dən o yana deyil. Yolda oğru-quldura rast gəlmək qorxusu. Ağır, məşəqqətli neçə aylıq yol. Buna görə zəvvarların bir qismi səfər zamanı vəfat edirdilər. Abbasqulu Ağa Bakıxanov kimi...

Buna görə Həcc könüllü ölümə getmək kimi bir şey olub. Elə ona görə də Həccə getməyin şərtləri hər zaman çətin idi. Təkcə özünün maddi imkanın yox, hətta qonşularının da imkanını nəzərə almalısan. Sən səfərə gedib-gələnə kimi ailən aclıq, yoxsullluq çəkməməlidir. Qısacası ölümə gedər kimi getməlisən bu səfərə.

Dinlərin əsas prinsiplərindən biri qardaşlıqdır. Qardaşlığı təlqin etməyən din uzun müddət yaşaya bilməz. Qarşılıqlı dayanışma olmalıdır ki, dinin üzvləri birlikdə yaşaya bilsinlər, dağılıb məhv olmasınlar. Bu yerdə Məhəmməd peyğəmbərin məşhur hədisi yada düşür: “Qonşusu ac, özü tox yatan bizdən deyil.”

Gəl gör ki, bu hədisi bəlkə yüz dəfə oxuyub-eşitmiş adamlar 7600 verib Həccə getmək istəyəcəklər. Elə ilk addımından peyğəmbərin dediyi qaydanı pozub “bizdən” olmaq şansını itirirsənsə hansı üzlə bundan sonra ziyarətə gedib dinin vacib əməlini yerinə yetirməyə çalışırsan?!

Minimum əmək haqqının 116 manat olduğu ölkədə kiminsə 7600 manat ödəyib Həccə getməyi elə qonşusunu ac qoyub özünün tox yatması deməkdir, mənə görə.

Qonşun acdırsa, bu gündən sabaha ümidi yoxdursa, işsizdirsə sən hansı üzlə 7600 verib Allahın ziyarətinə gedirsən? O Allah qəbul edərmi səni sanırsan?

Hərdən düşünürəm. Görəsən Məhəmməd peyğəmbər bizim zəmanədə yaşasaydı nə edərdi? Qonşuları ac qala-qala, yoxsulluq çəkə - çəkə 7600 verib Həccə gedərdimi?

Mənim cavabım: Yox.

Bəs sizin cavabınız?

# 2184 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #